Özünəqayıdışın rəmzi
Srağagün Azərbaycan Yazıçılar
Birliyinin Natəvan klubunda "Çingiz Aytmatov: Mən Manas oğluyam" ("Nurlan", 2009) kitabının
təqdimat mərasimi
keçirildi.
Mərasimi AYB-nin sədri, xalq yazıçısı
Anar açaraq dedi: "Bu gün ümumtürk köklərimiz baxımından
soydaşımız sayıla
biləcək böyük
sənətkar Çingiz
Aytmatovun xatirəsinə
həsr edilmiş maraqlı bir kitabın təqdimat mərasimidir. O, ədəbiyyatımızın,
eləcə də xalqımızın yaxın
dostu, Azərbaycana ürəkdən bağlı
insan idi. Təqdim olunan kitabda Çingiz Aytmatovun öz yazdıqlarından, Azərbaycanla
bağlı fikirlərindən
nümunələr dərc
olunub".
Xalq yazıçısı sonra
kitabı araya-ərsəyə gətirənlərə,
xüsusən tərtibçi
Südabə Sərviyə
dərin təşəkkürünü
bildirdi.
AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov mərasimdə
çıxış edərək
dedi: "Bu kitab həm bizim Çingiz Aytmatov şəxsiyyətinə,
yaradıcılığına olan sayğımızı,
münasibətimizi özündə
ehtiva edir, həm də gözəl bir elmi mənbədir. Onun yaradıcılığı
ilə şəxsiyyəti
vəhdət təşkil
edirdi. Çüngiz Aytmatovun adıyla bağlı ən adi bir məqam,
görüş böyük
təəssürat yaradır.
O, rus dilinin ünsiyyət imkanlarına
həmişə hörmətlə
yanaşırdı. Onu
da bilirdi ki, sadəcə olaraq əgər türk xalqlarının iyirmi beşi rus dilində danışmasa, rus dili beynəlxalq dil ola bilməz…"
Rusiya Federasiyasının ölkəmizdəki
səfiri Vladimir Doroxin böyük yazıçının həyat
və yaradıcılığından
ətraflı bəhs
etdi.
AYB-nin Moskva bölməsinin sədri, professor Tofiq Məlikli tədbirdə çıxış
edərək dedi: "Mənim yeni
nəşrlə bağlı
ilk təəssüratım
belədir ki, bu, gələcəkdə
Çingiz Aytmatov yaradıcılığını tədqiq edəcək alimlər üçün
gözəl mənbədir
və əslində
"Çingiz Aytmatov
və Azərbaycan"
adlı bir tədqiqat işinin əsası qoyulur".
Səbail rayon İcra Hakimiyyətinin başçısı Sahib
Ələkbərov yeni
nəşrin xalqımızın
Çingiz Aytmatov yaradıcılığına ehtiramını
ifadə etdiyini vurğuladı. Xalq artisti Tofiq İsmayılov
uzun illər ustad sənətkarla aralarında olan ünsiyyətdən söz
açdı. Yazıçı
Natiq Rəsulzadə dedi ki, Çingiz Aytmatov rus dilində yazsa da, ürəyi
qırğızca döyünürdü
və bu ritm onun əsərlərinin
özünəməxsusluğunu təmin edirdi. Türkiyədə çıxan
"Zaman" qəzetinin
Bakı təmsilçisi
İlyas bəy Çingiz Aytmatovun adıyla bağlı bir mərasimdə söz demək imkanından məmnun olduğunu bildirdi: "Mən dəfələrlə
Çingiz Aytmatovun Anarla, Nizami Cəfərovla söhbətlərinin
şahidi olmuşam, türk dünyası ağsaqqallarının Azərbaycana
xüsusi önəm verdiklərini çox müşahidə etmişəm…"
Xalq rəssamı,
nəşrin üz qabığında verilən
rəsmlərin müəllifi
Toğrul Nərimanbəyov
Lüksenburqda Ç.Aytmatovla
olan çoxsaylı görüşlərindən, aralarındakı
səmimi münasibətdən,
şair Azər Abdulla vaxtilə Türkiyədə ustadla olan ilk görüş
anından, ədəbiyyatşünas
alim Güllü Yoloğlu bu böyük
sənətkarın qibtə
doğuracaq eşq hekayətlərindən söz
açdılar. AYB-nin
katibi Arif Əmrahoğlu bu kitabın Birliyin sədri xalq yazıçısı Anarın
təşəbbüsüylə araya-ərsəyə gəldiyini qeyd etdi: "Biz Anar müəllimin təşəbbüsünü gerçəkləşdirmişik".
Xalq yazıçısı, AYB-nin
katibi Çingiz Abdullayev Ç.Aytmatovun yaradıcılığının dünyəvi əhəmiyyətindən,
bəşəri yaşantılarından
söz açdı.
"Manas"ın
Azərbaycanda ilk tədqiqatçısı və
tərcüməçisi şair
Adil Cəmil vurğuladı ki, bu kitabdakı yazılar əslində türk dünyasının
ümumi ruhunu özündə əks etdirir, eyni zamanda
"Manas"ın ruhunu: "Çingiz Aytmatov deyirdi ki, mən "Manas"ın oğluyam. Bunun həm mənəvi, həm də coğrafi mahiyyəti var. Ona görə ki, Çingiz Aytmatovun doğulduğu kənd Manasın doğulduğu Talas vilayətindədir. Mənə
bu qüdrətli sənətkarla iki-üç
dəfə görüşmək
xoşbəxtliyi nəsib
olub. Hesab edirəm ki, bu gün təqdim
olunan kitab özünəqayıdışın rəmzidir".
Tədqiqatçı Azər Turan isə öz fikirlərini belə ifadə etdi:
“Bu kitab Nobel
ödülünün miqyasına
sığmayan böyük
yazıçı ruhunun,
onun ərdəmli şəxsiyyətinin doğurduğu
rəmz kimi əbədilik tarixin yaddaşına köçən
dahi bir sənətkarın adına
bağlanıb. Elə
yazıçılar, sənətkarlar
var ki, onların
yaradıcılığı bir qrup insanın
düşüncəsini formalaşdırır.
Çingiz Aytmatov yaradıcılığı isə
bəşəriyyətin mənəvi
təkamülünə təkan
verdi...”
Kitabın tərtibçisi, ön və son sözün
müəllifi Südabə
Sərvi belə bir kitabın hazırlanmasının ona
həvalə edilməsini
böyük etimad adlandıraraq AYB rəhbərliyinə
minnətdarlığını bildirdi.
Xatırladaq ki, “Oğuz eli” qəzetinin ayrıca buraxılışı
olan “Yazıçı”nın son sayı
da görkəmli ədib Çingiz Aytmatova həsr edilmişdir.
S.Hüseynoğlu
Ədəbiyyat qəzeti.-2009.-26
iyun.-S.1.