Qaspıralı dalğası

 

Kulikov döyüşündən bəri Toxtamışın boş və sahibsiz qalmış taxtına beş yüz ildən sonra bir İsmayıl bəy çıxdı.

Türküstan səhralarında türk balalarına cəhalət kərtənkələsi yedizdirən yalınğac dərvişlərin dövranı bitdi. Uluqbəyin viran qalmış ocağında maarif işıqları yenidən yandırıldı. XIX yüzil sanki rus çarı ilə krımlı mirzənin mənəvi dialoqu zəminində və ikincinin qələbəsi ilə başa çatdı.

***

İsmayıl bəy Qaspıralı Krım üfüqlərində görünəndə siyasi dəccalın - antitürk təpəgözün nəşəsi pozuldu. İsmayıl bəy Nuh əyyamından qalma Qart Şeytanı rüsvay etdi. Yazdı ki, İslam aləmindəki ədalət duyğusunu İblislər məclisində Qart Şeytanın uyğuladığı fitnə sistemi, “Qurani-Kərim”i xəlifənin nəfinə təfsir edən Mat Molla, zalıma adil, məğluba qalib, cahilə alim deyən məddah Şad Molla, bacısını hökmdarın yatağına pərçim edib, məmləkət işlərinə əl qoyan Çopur Vəzir zədələyib. Xaç yürüşlərinin, səlib müharibələrinin, moğol istilalarının yapa bilmədiklərini şeytanlar məclisinin gizli qərarı - Qart Şeytanın səpdiyi fəsad toxumları cücərdib…

Əhvalımızın pərişan halını İsmayıl bəy Qaspıralı hələ yüz otuz il əvvəl belə rəsm edirdi, giriftar olduğumuz mərəzin tarixi mənzərəsini baxçasaraylı dahi belə canlandırırdı…

***

Məfkurəvi istiqamətdə isə İsmayıl bəy yeniləşmə adı ilə təqdim olunan Avropa (və xristian) mədəniyyətinə köhnə komediyanın təzə pərdəsi, əski məişət üsulunun, qədim Yunan, Roma mədəni sisteminin axır şəkli, son nəfəsi kimi baxırdı və İsmayıl bəy Qaspıralıya görə gerçək bir mədəniyyəti-cədidənin (yeni mədəniyyətin) zühuru, bu qarmaqarışıq və siyasi tozanaqdan nəfəsi daralmış dünyada planetar ahəngin yaranması üçün vacib və gözlənilən amillərin ən başlıcasıydı…

Çağdaş Avropa mədəniyyətini naqis mədəniyyət adlandırmağı bacaran dahi İsmayıl bəy, bu mədəniyyətin əslində köhnə, yıpranmış əsaslardan uzaqlaşıb çağdaş və uyğar dəyərləri ehtiva edəcəyi təqdirdə gerçəkdən də yeni mədəniyyət anlamına gələcəyini iddia edirdi.

Yeniliklərə meyl edən bəzi müasirlərindən fərqli olaraq İslam dininin özünü böyük mədəniyyətlərin mənbəyi kimi dərk edən Qaspıralı müsəlman Şərqində yeni mədəniyyətlə (əslində xristianlığın öyrətdiyi həyat və düşüncə tərzi ilə) islami görüşlər sisteminin, kapitalizm, yaxud sosializmlə “Qurani-Kərim”in və türk milli ruhunun necə uzlaşa biləcəyinin qaranlıq və müşkül suallarına cavab axtarırdı…

Qaspıralıya görə, “müsəlmanlar yüksək Avropa mədəniyyətindən məhrum olsalar da öz dinlərində və ondan qaynaqlanan sosial həyatlarında milli kimliklərinə zərər verə biləcək yabançı təsirlərə qarşı çox sağlam, sarsılmaz dirəniş gücünə sahibdirlər”.

Dini inancını və türk kimliyini heçə sayaraq təqlid yolu ilə avropalaşanları İsmayıl bəy Afroditanın və Dionisin eşqanə və sərməst cazibəsinə giriftar olmuş gəncliyə bənzədirdi. Qaspıralının zənninə görə belə insanlar ixtiyar çağlarında da dəhşətli dərəcədə ikiüzlü olacaq və günahlarını etiraf edə bilmədiklərindən dolayı faydalı həyat üçün varlığını qeyb etmiş ünsürə çevriləcəkdilər…

***

İstanbulu ortadan qaldırmağa, osmanlını Avropadan çıxarmağa yönəlmiş “Şərq məsələsi”nin astar üzündə başqa, daha zalım bir siyasətin - “Böyük Şərq məsələsi”nin dayandığını öz açıq bəsirəti ilə fəhm edən Qaspıralı Avropanın - Qərbin ucqarlarından Asiyanın - Şərqin dərinliklərinə qədər (Çinə, Yaponacan) şaxələnən beynəlmiləl bir cəmiyyətin, ağ və sarı qövmlərin və mədəniyyətlərin tən ortasında, yarımkürənin mərkəzindəki yaşıl aləmin - İslam dünyasının pəjmürdə halına çarə axtarırdı.

***

Yeni çağın Rusiya miqyasında yetişmiş ilk müsəlman siyasətçisi imperiyanın xarici işlər naziri İzvolskiyə öyüd verməyi, millət vəkili Kapustini danlamağı özünə mənəvi borc bilirdi. Çünki buna haqqı da çatırdı. Çünki Rusiyanın dövlət siyasətini müəyyənləşdirən diplomatlara Qaspıralının kübar və təvazökar bir üslubda verdiyi dərslər, əslində, Rusiyanın özünün də ümumdünya kataklizmindən xilası üçün təminat verməkdəydi. İsmayıl bəyin belə bir qəti fikri vardı ki, gələcəkdə, bəlkə də yaxın zamanda, Rusiyanın dünyada ən önəmli müsəlman ölkələrindən biri olması müqəddərdir, qaçılmazdır və bu tale onun böyük bir xristian dövləti olmasının əhəmiyyətini azaltmayacaq…

***

İsmayıl bəy assimlyasiya faciəsinin yaşanmaması, rəvac tapmaması üçün böyük türk millətini iş, fikir və əməl birliynə dəvət edirdi. Rus imperiyasının ən şişman, ən harın vaxtlarında iddia edirdi ki, nə qədər incə üsullarla tətbiq edilir edilsin, fərq etməz, milli haqları çəpərləyib ona sınır qoymaq, millətləri mənimsəyib həzm etmək, udmaq xarakter etibarı ilə fiziki, mənəvi zorlama, insan haqlarına təcavüz və türk millətini ruslaşdırmaqdan başqa bir şey deyil…

Bununla yanaşı, rusların başqa millətləri assimlə edə biləcək bir gücə sahib olmadığını vurğulayan Qaspıralı yazırdı ki, “… ruslaşmış yabançıları heç görmədik, əksinə rusların bir dərəcəyə qədər çevrələrindəki yabançıların təsiri altında qaldıqları… bilinməkdədir… Krımda rus köyləri ilə türk köyləri birində kilsə, digərində məscid olmasıyla fərqlənir…”

***

İsmayıl bəy rus millətinin işıqlı gələcəyini türklərlə qlobal siyasi təhdidlərə istinad etməyən məhrəm və səmimi münasibətlərin qurulmasında, hər iki qövmün ümumi səadətini Avropa müstəvisində deyil, bəlkə də daha çox Avrasiya dialoqunun yaradılmasında, Avrasiya mədəniyyət xəttinin uyğulanmasında görürdü. Mənfəətpərəst Qərbin şəxsi faydalardan yuxarı qalxa bilməyən kapitalist zehniyyəti onun işdə, dildə, əməldə birlik düsturuna söykənərək qurmaq istədiyi cəmiyyətə kökündən yabançı və qəbulolunmaz nəsnələr idi…

… Türk-tatar hakimiyyətinin rus xalqı üçün böyük müsibətlərə səbəb olduğunu söyləyənlər İsmayıl bəyin parlaq məntiqinin önündə bu gün də yalınfikir qalır: “… Rusiya üzərində bu qədər uzun sürə, bu güc və əzəmətlə başqa bir soyun hakimiyyəti olsaydı Rusiya bütövlükdə məhv olardı. Bunun örnəklərini biz slavyan dünyasının qərb uclarında görürük… Ancaq tatarlar (türklər) əfəndi olaraq xərac toplar, gözəl, şirin qızları qaçırar… ancaq rus məişətinə və dini həyatına heç qarışmazlardı…”

Beləliklə, Qaspıralıya görə türk hakimiyyəti əsrlər boyu rus ruhunu yabançı təsirlərdən qoruyub və rusların milli birlik şüuruna sahiblənməsi yolunda əngəl olmayıb…

***

İsmayıl bəy panxristianizm düşüncəsinə söykənmiş qərbləşmənin slavyan qövmünün ruhi yapısına uyğun gəlmədiyini israr edən rus milliyyətçilərinin görüşlərinə həssas yanaşırdı. Eyni səmavi kitaba tapınan (avropalı) qövmlərdən birinin - rusların milli özəlliklərini qorumaq uğrunda verdiyi mücadiləyə diqqəti xüsusən cəlb edirdi.

***

İsmayıl bəyin müqəddəs ittihad idealında türklərin din və dil birliyi milləti millət edən amillərin başında gəlir. Elə buna görə də ortaq ədəbi türkcənin zəruriliyini böyük bir ciddiyyətlə irəli sürən Qaspıralının dil siyasəti əslində türklərin həm də fiziki birliyini təmin etməyə yönəlmiş məfkurəvi savaşın ana cizgisiydi: “Əlli milyonluq yurdun, kəndi dili olduğuna və bunun da türk dilindən başqa bir dil olamayacağına inkar fayda verməz. İnkar edən bulunursa günəşi inkar etmiş olur”.

***

Dil birliyinə rəğmən, əlifba birliyi məsələsində Qaspıralının türkçülüyü daha böyük bir mənəvi amilə - İslam birliyinə güzəştə gedildi. Ərəb hərflərinin başqa əlifba işarətləriylə əvəz olunmasını təkid edənləri kəskin şəkildə qınayan Qaspıralı xatırladırdı ki, ağır xətli ərəblərin qadınları kitab yazdıqları, divan bağladıqları dövrdə yüngül, asan əlifbalı yazı sistemi olan avropalı hökmdarlar hətta öz adlarını belə yazmağı bacarmırdılar. İsmayıl bəy əlifba islahatına yönəlmiş qurnaz siyasətin alt qatındakı mənanı bilirdi. Bilirdi ki, əlifbanın yeniləşməsi təkcə türk birliyini deyil, ümumilikdə islam birliyini sarsıdacaq, yaşıl zolaqdakı idealın zədələnməsini, parçalanmasını gerçəkləşdirəcək…

İsmayıl bəy israr edirdi ki, millətin inkişafı, tərəqqisi, qalxınması əlifbanın asan, yaxud çətin olmasına deyil, əlifba da daxil olmaqla, elmlərin yüksək səviyyəli tədrisinə bağlı bir məsələdir.

O, həm də türk dilinin hər hansı bir sülalənin (və coğrafi ərazinin) adıyla tanınmasına etiraz edirdi. Osmanlıca deyilən türkcənin qövmi bir dil olmaq gücünü və xüsusiyyətini itirməsi Qaspıralını ağrıdırdı, ərəb, fars, türk, yunan, slavyan və bir az da fransız sözləri ilə qarmaqarışıq bir hala gətirilmiş dil, İsmayıl bəyin nəzərində “lisan şorbasıdır ki, mötəbər tutulan Osmanlı şivəsi” məhz bu üzdən “türklükdən çıxıb qövmi lisan surətini qeyb etmişdi”.

“Osmanlı lisanını sadələşdirmək əsli türki olan bu lisanı olduqca türkləşdirmək deməkdir”. Qaspıralı İsmayıl bəy Krımdan İstanbula belə səslənir və osmanlı ədəbi camiasını sadə, arınmış türkcəyə təşviq edirdi.

İsmayıl bəyin əməl kitabında türkcədə qarşılığı olan sözləri özgə dillərdən almaq milli dil sisteminin viran qoyulması, yaxud ədəbi cinayət hesab edilirdi. Krımlı mücahid dildə türk əsilli yeni sözlər icad etməklə - məsələn, osmanlıca dönəmindən başlayaraq təəssüf ki, indiyəcən Türkiyə türkcəsində işlədilən şimendiferə qarşılıq dəmir yolunu yaratmaqla - dildəki məfkurə mücadiləsinə təkcə nəzəri deyil, həm də təcrübi baxımdan rövnəq verirdi.

İsmayıl bəy əvvəlcə ərəb, fars tərkibləriylə milli ahəngini itirmiş, sonra da fransız, alman, ingilis sözləri ilə “sivilizə” olunaraq bayağılaşmış “lisan şorbası” tərəfdardlarına guya “gözəl bir şey söyləməyə yaramayan, kobud” - dedikləri “qaba” türkcədə:

 

Var gətir, var gətir,

Gəlməzsə - yalvar gətir.

Əllənməmiş budaqdan

Qoxlanmamış nar gətir -

 

bayatısını xatırladır və “qaba türkcənin” nə qədər ahəngdar, ifadə baxımından necə qapsamlı olduğunu şübhəgötürməz dəlillərlə isbatlayırdı.

***

Böyük bilgənin məfkurə düsturu sona qədər dəyişməz, sabit qaldı. O, özümüzə dönəndə böyük olacağımızı vəsiyyət edən Bilgə Xaqanın yolunu başqa yollarla, əqidələrlə qarşdırmadı. Qərb sənayesinin, çar idarə üsulunun qarşısına Kəlami-Qədim adlandırdığı ən böyük sərmayəmizlə - “Qurani-Kərim”lə çıxdı...

***

Dövrünə görə “ölçü və çəki” elminin - ədəbi tənqidin Rusiya müsəlmanları arasında yeganə bilicisi İsmayıl bəy türk ellərində epik mündəricəli əsərlərin, psixoloji romanların daha çox yazılmasını istəyirdi. İstəməklə də kifayətlənmirdi, üstəlik epik mahiyyətli mövzuları özü təklif edirdi: Ərtoğrolun zühuru, Ankara vaqeəsi, Çaldıran zamanı, Cem Sultan faciəsi, Yunan və Misir asiləri… Yaxud, əri Kritdə, böyük oğlu Qaradağda, sonbeşik övladı Plevnədə şəhid olmuş fatmanın əhvali-ruhiyyəsini qələmə almağı tövsiyə edir və inandırırdı ki, türk tarixinin və cəmiyyətinin ruhani (psixoloji) ovqatını olduğu kimi “kəşf və rəsm” etməyə “nail olsanız elə ibrətli, elə dəhşətli, elə təsirli şeylərin üstünü açmış olarsınız ki, oxuyanlar həqiqətən yararlanar, düşünməyə və vicdanı ilə mükaliməyə (danışmağa) məcbur olar”.

…Özü də romanlar yazırdı.

Qaspıralının az qala, müxtəlif izmlərin xəlitəsindən yoğurub yaratdığı romanlarının qəhrəmanı Molla Abbasın yer üzünün qeyb aləmində uğradığı Darürrahat ölkəsindəki böyük sirr - Həzrəti Seydi Musanın Əndəlüsdən (İspaniyadan) çıxarıb gizlədiyi qövmünün qırx imamına əmanət buraxdığı vəsiyyətnamə cazibədar intibalar doğurur… Miladi tarixlə 2075-ci iləcən qorunması bəlkə də qırx dərvişə həvalə olunmuş mistik vəsiyyətnamədə Həzrəti Seydi Musa nələrdən bəhs edib? Nə üçün bu vəsiyyətnamə məhz 2075-ci ildə açılıb oxunmalıdır? Nə üçün türküstanlı Molla Abbas fransada şəhid qırx əzizin itkin məzarlarını ziyarət etmək istəyir? “Tövrat”dakı Hz. Musaya bənzəyən mistik Həzrəti Seydi Musa kimdir? Qadınlar ölkəsində kişi potensiyasının və ərdəmliliyin uğradığı illəti və s. sərgiləməklə Qaspıralı nəyi murad edirdi?

İsmayıl bəyin hafizəsindəki böyük dünya tarixi, mədəniyyətlərin doğuluşu və qürubu haqqında izhar etdiyi bilgilər onun yazıçı və alim erudisiyasını şəkilləndirir - “Avropa mədəniyyətinə bir nəzəri müvazinə”, “Rusiya müsəlmanları”, “Şərq məsələsi”, “Fransa məktubları”, “Darürrahat müsəlmanları”, “Sudan məktubları”, “Qadınlar ölkəsi” əsərlərinin yaranmasını təmin edirdi…

***

…Hz. Musanın sehirli əsasına bənzəyən “Tərcüman”ı ilə küfran dənizini yaran bu böyük kəramət sahibi türk milli varlığının müqəddəs yazılarını Baxçasaraydan Bombeyə, Bakıdan Qahirəyə, Balkanlardan Çin səddinə qədər yaymağı bacardı.

1907-ci ildə Misirdə ilk ümumislam konqresini topladı, Beynəlxalq İslam Konfransı təşkilatının yaradılması ideyasını bəyan etdi, Peterburqda “Müsəlman İttifaqı” partiyasının təşəkkülünə, Rusiya Dövlət Dumasında müsəlman fraksiyasının təşkilinə nail oldu. 1905-ci ildə Nijni-Novqorodda Rusiya müsəlmanlarının ilk qurultayını çağırdı. Krımdan Hindistanacan yeni üsullu təhsil sisteminin - üsuli-cədid məktəblərinin ilhamvericisi oldu…

İstanbulda Osmanlı sultanından, Tehranda İran şahından ordenlər aldı.

Fransada Nobel mükafatına namizədliyi irəli sürüldü.

Nəsib bəy Yusifbəylinin evində nəvəsi Zəhra Göygöl doğuldu.

…Bakıda onu Krım üfüqlərində doğulmuş Günəşə (H.Cavid), İstanbulda isə məfkurələr fabrikinə (Cahan Çələbi) bənzətdilər…

…Peyğəmbəranə bir ömrü yaşadı.

63 yaşında dünyasını dəyişdi…

 

 

Azər Turan

 

Ədəbiyyat qəzeti.-2009.-26 iyun.-S.5.