Ömər Seyfəddin – 125

 

Rüşvət (Hekayə)

 

Bazar meydanının böyük çinar ağacları, yerə düşən kölgələrini alacalandıraraq pıçıldayırdılar. Güclü külək əsirdi. Vəkil Hacı Namiq əfəndi kağızları uçmasın deyə, zümrüd köşkə bənzəyən kiçik dükanının pəncərələrini bağladı. Sonra getdi, açıq qapını itələyərkən heybəsi çiynində, yüyənli atının cilovu əlində, sarıqlı, qısa boylu, yumru bir kəndlinin yaxınlaşdığını gördü.

- Salam Əli müəllim, - dedi, - belə vaxtsız axtarırsan burada? Hələ bazara iki gün var

Kəndli iki qara nöqtəyə bənzəyən bapbalaca gözlərini daha çox qıyaraq:

- Əleykümsalam Namiq əfəndi! Bəlaya düşmüşəm. Bir dava üçün gəlmişəm, - deyə başını buladı.

- Ee, gəl, bir az söhbət edək.

- Edək.

- Dərdini danış baxaq görək.

- Səndən başqa kimə danışacam?

Atının cilovunu taxta skamyanın dirəyinə bağladı. Kiçik dükana girdi. Ceviz masasının sağındakı alçaq həsir kətildə oturdu. Heybəsini yanına qoydu. Namiq əfəndinin uzatdığı tütündən bükə-bükə davasını danışmağa başladı. Düşməni kəndin muxtarı Huysuzoğlu idi. Huysuzoğlunun torpağında Əli müəllim vaxtilə bir bina tikdirmişdi. İndi xeyli vaxt keçdikdən sonra muxtar bu binanı istəyirdi. Halbuki bina kimindisə, yer onundu demək

- Namiq əfəndi çal saqqalını qaşıdı. Gözlüyünün üstündən baxaraq:

- Sən haqsızsan, Əli müəllim, - dedi.

- Haqsızam?

- Bəli.

- Xeyr, mən haqlıyam. Niyə binanı tikərkən səsini çıxarmamışdı.

- Çıxarmasın.

- Mən haqlı olduğumu bilirəm, Namiq əfəndi. Davadan imtina etməyəcəm.

- Uduzacaqsan!

- Uduzum, zərər yoxdu. Amma davamdan geri durmayacam.

Namiq əfəndi haqsız davaları götürməzdi. Əli müəllim vəkalət təklifini rədd etmək istəyirdi. Lakin "Bozöyük" kəndinin xalqı otuz illik müştəriləri idi. Eşşək axurunu bəlləyən kimi onun dükanını bəlləmişdilər, hökumətdəki bütün işləri üçün ona müraciət edirdilər. Qışlığın bütün buğdası həmişə ordan gəlirdi. Nəhayət:

Yaxşı, - sənin bu işinə baxacam. Uduzsaq, məndən inciməyəcəksən, - dedi.

- İncimərəm, amma niyə uduzacaqsan?

- Çünki haqsızsan.

- Hakimə gözəl bir qoç göndərsəm?

- ?..

- O vaxt davanı uda bilmərəm?

- O vaxt, heç şübhəsiz, işi uduzarsan!

- üçün?

- Yeni hakim sən bilən adamlardan deyil.

Əli müəllim vəkilin həyəcanını anlaya bilmirdi. Uzun-uzadı yeni hakimin mədhini dinlədi. bu şəxs rüşvətin, hədiyyənin qorxunc düşməniymiş! Ən haqlı şikayətçi rüşvət verməyə təşşəbbüs etsə, o saat da haqsız çıxarırmış!

Əli müəllim:

- Allah belə düzgün insanları dünya üzündən əskik etməsin, - deyə dua etdi.

Namiq əfəndi:

- Amin, amin, - dedi.

Davadan, düzgünlükdən bir saata qədər danışdılar. Vəkalət üçün razılaşdılar. Vəkil ümidsizdi. Bu işi xətir üçün boynuna götürdü. Haqsızlıq o qədər açıq-aşkar idi ki

İki həftə sonra, eyni saatda Əli müəllim yaşıl boyalı dükanın qapısında göründü. Namiq əfəndi ərizə yazırdı. Gözlüyünün üstündən müştərisini görüncə güldü:

- Xoş gəldin! deyirsən davanı udduq, - dedi.

Bu qədər haqsız bir hökmü hakimin necə verdiyinə bir həftədir təəccüblənirdi. Əli müəllim soyuqqanlıqla:

- Mənim göndərdiyim qoç sayəsində udduq!

- ?! Sən hakimə qoç göndərdin?

- Bəli.

- Buna cəsarət etdin

- Bəli, amma sən mənə "Rüşvət düşməndir, kim hədiyyə versə, haqsız çıxar" demişdinmi?

- Bəli.

- Mən qoçu öz adımdan göndərmədim.

- Bəs etdin?

- Düşmənim muxtar Huysuzoğlunun adından göndərdim.

- !!!..

Qoca vəkilin qələm əlindən düşdü. Arxaya yayxandı. Qarşısında parlayan bapbalaca qara gözlərə baxa-baxa qaldı. Meydandakı böyük çinar ağaclarının dərin pıçıltıları, qapıda ayaqda dayanan Əli müəllimin yanından, təpəsindən, ayaqlarının arasından girir, divarlarına köhnə vilayət qəzetləri yapışdırılmış dükanın içini doldururdu

 

 

Azəri türkcəsinə uyğunlaşdıranı:

S.Sadıqlı

 

Ədəbiyyat qəzeti.-2009.-26 iyun.-S.5.