Unuda bilmədiyim şair

 

Əli Kərimin vəfatından 40 il keçir

 

Dünya, səndən kimlər keçdi...

 

Altmışıncı illərin sonuydu. ADU-nun filologiya fakültəsində oxuyurdum. Kənddən gəldiyim üçün şəhər həyatına çox çətin uyuşurdum. Yataqxana - universitet - Axundov kitabxanası və yenə yataqxana. Şəhərdə bir kimsəm yox. Ancaq Axundov kitabxanası mənə yataqxanadan daha doğma idi. Bəzən elə olurdu ki, günümün çox hissəsi oxu zalında keçirdi. Qarşımda müxtəlif seminarlara hazırlaşmaq üçün lazım olan dərsliklər. Yorulanda isə şeir kitabları sifariş verirdim. Hələlik Azərbaycan şairlərini oxuyurdum. Günlərin birində o kitabxananın daimi "üzvü" olan Vaqif Cəbrayılzadə ilə tanış oldum, dostlaşmağa başladıq. O, elə onda da çox sərbəst və daxilən azad bir insan idi. Söhbətlərimizin birində Əli Kərimin adını çəkdi, onun ən müasir şair olduğunu söylədi və mənim - filologiya fakültəsi tələbəsinin Əli Kərimdən xəbərsiz olduğuna hədsiz dərəcədə təəccübləndi.

Və mən Əli Kərimi oxumağa başladım. Oxumağa nəyi vardı? "Həmişə səfərdə" və "Qızıl qanad" adında iki şeir kitabı. Onunla ədəbiyyata bir gələnlərin kitabları Əlininkindən çox idi, onların bəziləri hətta "populyarlıq dövrünə" qədəm basmışdı.

Əli Kərimi oxudum və sevdim. O, mənim poeziyada ilk sevgim oldu. Elə həmin illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin ötən illərki (1963-1964) səhifələrində Əli Kərimlə, onun poeziyası ilə bağlı qərəzli fikirlərlə qarşılaşdım. Hiss edirdim ki, bu cür fikirlər anlaşılmazlıqdan yox, anlamamaqdan doğur. Nə yaxşı ki, ustad şair Rəsul Rza var idi və Rəsul Rza bütün ciddiyyəti ilə Əli Kərimin yenilikçi poeziyasını müdafiə edirdi. Əli Kərim yazırdı ki:

 

Otuzdan çox yaşamışam...

…Sevgi toranında.

Mühazirə salonunda.

Sevgimlə bir-birimizə deyəcəyimiz

İki söz arasında.

Xəstə olarkən

Həkimin mənə etdiyi çarəsində.

Bəzən baş tutmayan şerimin

Dağılmış divarlarının xarabasında,

Bəzən söz yarışında

Bəzən ölüm sözünün polyar qışında.

 

Bax, belə bir poetik düşüncə tərzi 60-cı illərin poeziyasında novatorluq hadisəsi idi, amma Əli Kərim tipli şairləri "anlamamaq dərdi" var idi.

Əli Kərimin novatorluğu nədə idi? Mən bu məqamda böyük tənqidçi Belinskinin bir fikrinə üz tutmaq istəyirəm. O yazırdı ki, söz öz-özlüyündə boş səsdir: o ancaq fikir ifadə etmək üçündür. fikir isə öz-özlüyündə ağıllı və gözəl bir şerin kölgəsindən başqa bir şey deyildir. O, gerçəkliyin yalnız ideal mahiyyəti olmaq etibariylə əhəmiyyətlidir. Praktiki tətbiq ölçüsünə gəlməyən hər bir şey yalan və boşdur. Vaqif adamların dilində köhnə həqiqətlər belə sanki ilk dəfə söylənilir, müəllimlik iddiası edən adamların dilində isə bəzən yeni fikirlər təsir buraxmadan itib-batır, sanki bunlar adi söylənmiş şeylərmiş.

Bax, Əli Kərim bu mənada 60-cı illərdə Azərbaycan sözü üçün xüsusi poetik mühit yaratdı, onların çoxunu çeynənməkdən, sürtülməkdən xilas etdi, bədii təfəkkürü yeniləşdirdi.

Mən bəzi sensasiya axtaran müəlliflərə demək istəyirəm ki, bəli, Əli Kərim kimi çox istedadlı bir şair də sizin "qəzəbinizə" tuş gələ bilər, çünki o da Leninə şeir həsr etmişdir, sovet dövrü həqiqətlərini əks etdirən bəzi şeirlərinin də adını çəkə bilərəm. Ancaq bu "fraqmental" hadisənin Əli Kərim poeziyasına heç bir dəxli yoxdur. O, bəzi mövzunun, "həyat həqiqətinin" yox, sözün aşiqi idi. Onun istənilən şerində Əli Kərim kəşfini, söz ustalığını görmək üçün gərək özün də daxilən Əli Kərim havasına köklənəsən. Bir şerində dediyi kimi:

 

Baxdım, bulağa baxdım

O, yox idi elə bil.

Görünmürdü hava tək

(Bəlkə elə su deyil)

O, duruydu, o, safdı,

Ən ülvi bir arzu tək.

Özü görünmürdü ki,

Dibindəki

rəngarəng

əfsanəni tez görək.

 

Əli Kərim poeziyası mənim üçün həmişə təzədir, çünki nə öz zamanının, nə də sonrakı illərin tozu o poeziyanın heç bir sətrinə qona bilmədi. Bax, indi bu sətirləri yazanda, Əli Kərim haqqında, ona sevgim barədə düşüncələrimi qələmə alanda həmin həqiqəti xatırladım - zaman çox şairi sındırdı, amma Əli Kərimə toxuna bilmədi.

Ustad Rəsul Rza Əli Kərim haqqında yazmışdı: "Şair var ki, yüksəliş pillələrini dayana-dayana, tövşüyə-tövşüyə, yazdığını təkrarlaya-təkrarlaya qalxır. Şair də var ki, öz-özü ilə yarışdadır, hər əsərində bir pillə qalxır, özünü, özgəni təkrarlamaq faciəsindən uzaq olur. Əli Kərim ikincilərdəndi.

O deyə bildiklərinin, demək istədiklərinin az, çox az bir hissəsini dedi. Bu az hissə də şair Əlinin çox böyük poetik imkanlarını aydın göstərir."

Bu gün, şerimizin bütün guşələrinə - qoşmalı, qəzəlli, sərbəstli, postmodern ruhlu növbənöv formalarına müraciət edəndə məhz Əli Kərimin yeri açıq-aydın görünür. Hansı bir gözəl şeirdəsə nəsə çatışmır, yaxud başqa bir şeirdə fikir təzədir, amma poetik ifadəsi zəifdir - bax, o məqamda fikirləşirsən ki, Əli Kərim bunu yaxşı bacarardı.

Gözəl dilçi, professor Tofiq Hacıyev yazır ki, Əli Kərimin işlədiyi mövzuların bir qismi yalnız onun özünə məxsusdur. Yəni demək istəyir ki, o, hansı mövzuda yazırdısa, o mövzunu "özününkü" edə bilirdi. Məsələn, Əli Kərim böyük sevginin - bir ünvanlı, yalnız bir ürəyə məxsus sevginin bənzərsiz hisslər tablosunu yaradır.

 

Gecə də, gündüz də fikrimdə

sənsən,

Mən kimin fikrində

yaşayım, söylə?

De, hansı bir ürək qəbul eləyər

Məni sən ünvanlı, dərdlə, gileylə.

Hansı bir ürəyə yan alsam əgər,

Dərdimin adından biləcək yadam.

 

Yaxud tənhalığa təşnəliyi, tənhalığın boşluq olmadığını Əli Kərim şeirdə belə mənalandırırdı:

 

Tənhalıq boşluq deyil-

Səni gözləyən varsa;

Doludur ümid günəşiylə,

Həsrət ayparasıyla…

Kövrək qəmin alatoranıyla…

Doludur Braziliya stadionu kimi

Şıltaq nazla,

Dəli ümidsizliklə,

Janna d.Ark kimi qəhrəman ümidlə.

Gözləyənin yoxdursa,-

Tənhalığın da yoxdur.

Harda dünya başlayır,

Hamısını sən

Bilmirsən.

Harda dünyayla birləşirsən,

Onu da bilmirsən.

Yaşayırsınız -

Bir-birinə bir ümid şüası

Verməyən

Pis qonşular kimi.

Tənhalıq istəyirəm -

Böyük, dərin,

Dolu tənhalıq.

 

Əli Kərimdən söz açan tədqiqatçıların əksəriyyəti onu assosiativ poetik təfəkkürə malik şair kimi səciyyələndirirlər. Nə deməkdir şeirdə assosiativ məna? Fikrimizcə, assosiasiya şeirdə müxtəlif əşya və predmet arasında sanki gözə görünməyən əlaqə və bağlılıqları aşkara çıxarmaq üçün bir yoldur. Burada bədii təsvir vasitələri - təşbehlər, istiarələr, metaforalar qəfil və gözlənilməz mahiyyəti ilə seçilir. Obrazlılıq, sözün poetik incəliyi assosiativ şeirdə ən önəmli xüsusiyyətdir. Əli Kərimin 60-cı illərdə yazdığı əksər şeirlərdə assosiativ təfəkkür daha güclüdür. Uzun-uzadı misallar gətirməkdən sərf-nəzər edib yalnız Nəsimiyə həsr olunmuş "Şəhidliyin zirvəsi" şeri üzərində dayanaq.

 

Altı yüz ildir idrak

Çırpınır pələng kimi,

Nərə çəkir,

Ağlayır.

Tapa bilmir ki,

Bilmir -

O bir sirr-xudanı.

 

Sirr-Xuda Tanrıdır, gözəgörünməz İlahidir. Bunu həm adi mənada, həm də daha geniş mənada anladıqda insan idrakının sirr-xudaya, "yoxdan bu cahanı var edən pərvərdigara" (Xətai) - onun möcüzələrinə, sirlərinə gücü yetmədiyi, izah edə bilmədiyi anlamı yaradır. Yəni Allah insanı xəlq edir, yalnız hər insanın özü də bir sirdir, möcüzədir. Yaradılan onu Yaradana sirr-Xudaya oxşadır. Necə ola bilər ki:

 

Təpədən dırnağadək

Soyalar bir adamı;

Necə ola dinməsin,

Böyük əqidəsindən

Bir misralıq enməsin.

Gözündən bir nöqtə yaş

Sinəsinə düşməsin.

Qaşları çatılmasın

Bir xırda vergül qədər.

Diri-diri soyulsun,

Əqidədən keçməsin.

Altı yüz ildir bəşər

Ağrılardan inildər.

Altı yüz ildir bəşər

Düşünər.

Çatmaz yenə

Məşəqqətli ölümün

Nəsimi zirvəsinə.

 

Əli Kərim şerinin obrazlılığını təmin edən ümdə cəhətlərdən biri də tədqiqatçıların qeyd etdiyi kimi bənzərsiz, təkrarsız, poetik obrazlar yaratmasıdır. Burada şairin az sözlərlə konkret bir lövhə yaratması, şeirdə rəssamlıq işini uğurla başa çatdırmasıdır.

 

Külək qarı püskürür,

Yerdən göyə yağır qar.

Qışın öpüşü kimi,

Şaxta yapışır üzə.

 

Bu mənzərəni təsəvvür edin. Əsl rəssam fırçasından çıxıb elə bil.

Əli Kərim şeri Əli Kərimin ölümündən sonra özünə yaşarılıq, Azərbaycan poeziyasının mənzərəsində daha artıq görünmək və seçilmək imkanı əldə etdi. Əsl şerin, poetik nümunənin yaşarılığını, Füzuli demişkən, "tabü-təravətini" saxlayan, hifz edən də məhz onun müasirliyidir. Yəni şeir hansı dövrdə yazıldığından asılı olmayaraq bütün dövrlərdə öz bədii-estetik mükəmməlliyini qoruyub saxlamalıdır. Zaman, dövr, mühit dəyişə bilər, cəmiyyətdə yeni mənəvi, sosial münasibətlər törənə bilər, amma şeir öz varlığını qorumalıdır.

Elə bilirəm ki, Əli Kərim bu günlərdə yaşasaydı, şerimizin axarı, istiqaməti çox-çox yad səmtlərə, küləklərə tuş gəlməzdi. Şeir bu qədər ucuzlaşmaz, hər yetənin əlində xırdalanmazdı. Heyif…

 

 

Vaqif YUSİfLİ

 

Ədəbiyyat qəzeti.-2009.-26 iyun.-S.6.