Babək Qurbanov – 70

 

Hər kim yüz il yaşamasa...

 

Qayğıkeşliyi və xeyirxahlığı ilə həmişə cavan görünən, yüksək mənəviyyatı və ziyalılığı ilə seçilən Babək Qurbanovun 70 yaşı haqladığını eşidəndə inana bilmədim. İllərdən bəri təmasda olduğum, dostluq etdiyim bu ləyaqətli insan və tanınmış alimin yaş həddinin fərqinə varmamışdım. Ötən günlərin xatirələrinə daldım. Mərhum ədəbiyyatşünas alim İsrail Mustafayev və Babəklə birgə keçirdiyimiz keşməkeşli gənclik illəri yaddaşımda canlandı. Babəkin ömür və yaradıcılıq yolunu göz önünə gətirəndə fərəhləndim. Bir daha qənaətə gəldim ki, Babək Qurbanov ləyaqəti, əxlaqı, elmi və ziyalılığı ilə valideynlərinə və xalqımıza başucalığı, üzağlığı gətirib. Ömrünü mənalı keçirib. Hər anın qədrini bilib. Ü.Hacıbəyov adına Konservatoriyanın Musiqi nəzəriyyəsi fakültəsində oxuyub və "Azərbaycan aşıq musiqi yaradıcılığı" mövzusunda diplom işini müdafiə edib. 1967-ci ildə Bakı Dövlət Universitetinin Müdafiə şurasında "Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi" adlı namizədlik dissertasiyasını, 1981-ci ildə 42 yaşında olanda isə Moskvada SSRİ EA-nın fəlsəfə İnstitutunda "Proqramlı musiqinin estetik prinsipləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və 1985-ci ildən professordur. Azərbaycan Bəstəkarlar və Jurnalistlər Birliyinin üzvüdür. Hətta 90-cı illərdə Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü olub. Babək Qurbanov 1981-1989-cu illər arası Azərbaycan EA-nın fəlsəfə və Hüquq İnstitutunda Estetika və etika sektorunun (bölüm) müdiri, sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda fəlsəfə və mədəniyyət tarixi kafedrasının müdiri (1989-1992), Türkiyədə Atatürk Universitetinin professoru, kafedra müdiri (1992-2008) olmuş, hazırda Qaziəntəp Türk Musiqisi Dövlət Konservatoriyasında işləyir. Professor Babək Qurbanov Azərbaycan və Türkiyədə Azərbaycan musiqisinə, ədəbiyyatına, incəsənətinə, folkloruna, fəlsəfə və estetika məsələlərinə, tanınmış elm adamlarına üç yüzdən artıq publisistik və elmi məqalələr həsr etmişdir. Yeri gəlmişkən, bu məqalələrdən qırx beşi "Ədəbiyyat və incəsənət"də (“Ədəbiyyat qəzeti”) yayımlanmışdır. Onlardan bəzisinə nəzər saldıqda alimin yaradıcılıq diapazonunun genişliyinə heyran olmamaq olmur: "Üzeyir Hacıbəyovun estetik baxışları", "Vaqif və xarici mətbuat", "Avesta”dan günümüzə kimi", "Bədii həqiqət axtarışında", "Nəriman Nərimanov və teatr", A.Bakıxanov haqqında və s.

Tədqiqatçının başqa mətbu orqanlarda - qəzet və dərgilərdə çıxan çoxsaylı məqalələri də yuxarıda deyilənlərə dayaq olur.

...Alimin 30-a yaxın kitabı çıxmışdır. Onun "Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqələri" ("Elm" - 1972), "Azərbaycan ədəbiyyatı və incəsənətinin ideya-estetik problemləri" ("Gənclik" - 1977), "Azərbaycan incəsənəti xaricdə" ("İşıq" - 1984), "Mənəvi saflıq dünyası" ("Azərnəşr" - 1989), "Nizami və musiqi" ("Elm", 1991, rusca, prof. A.İsazadə ilə şərikli. Kitab 2008-ci ildə Azərbaycan dilində çap olundu) və s. kitabları orijinallığı ilə seçilir. Professor Babək Qurbanovun Türkiyədə də kitabları çıxıb. Alimin 2005-ci ildə Ankarada "Aktiv yayın evi" tərəfindən nəşr edilən "Musiqi estetikasının bəzi problemləri" kitabının universitetlərin Gözəl sənətlər fakültələrində dərslik kimi qəbul olunması hər alimə qismət olmayan nailiyyətdir. Babək müəllim türk alimləri prof. Mehmet Takkaçla "Televiziya sənəti", "Ev tiyatrosu" kitablarını, prof. Bilgə Seyidoğlu, dosentlər M.Karabulut, Yavuz Şen və b. ilə müştərək məqalələr yazaraq çap etdirmişdir.

Babək müəllimin çapa hazır vəziyyətdə olan nəzəri və tərcümə kitabları da vardır: "Sənət fəlsəfəsinin problemləri", "Çoxsəsli musiqinin korifeyləri", "Azərbaycan musiqisi", kalmık xalq qəhrəmanlıq dastanı "Canqar" (ruscadan türkcəyə tərcümə), Stepanova və Kozlovun "Musiqi formalarının təhlili" (ruscadan azərbaycancaya tərcümə) və s.

Göründüyü kimi prof. Babək Qurbanov müəllimliklə bərabər, elmlə ciddi məşğul olan alimlərdəndir. Onun rəhbərliyi ilə Azərbaycan, Rusiya, Gürcüstan və Türkiyədə on üç nəfər sənətşünaslıq və ya fəlsəfə üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. O, eyni zamanda, Azərbaycan və Türkiyədə 24 doktorluq və bir çox namizədlik dissertasiya işinin opponenti, eləcə də doktorluq işlərinə elmi məsləhətçi olmuşdur. Bütün bunları nəzərə alan Ali Attestasiya Komissiyası alimi Azərbaycan EA-nın fəlsəfə və Hüquq İnstitutunda Müdafiə şurasının üzvü, Memarlıq və İncəsənət İnstitutunda isə sədr müavini təyin etmişdi. Bu, bir alim kimi Babək Qurbanovun elm aləmində nüfuzundan xəbər verir. Professor B.Qurbanov nəinki Azərbaycanda və keçmiş Sovetlər Birliyində, eləcə də Türkiyədə tanınmış musiqişünas alimlərimizdəndir. O, dünyanın bir çox ölkələrində beynəlxalq konqres, simpozium və konfranslarda estetika və musiqişünaslığa dair milli dəyərlər baxımından maraqlı məruzələrlə çıxış edib. O, 1992-ci ildən Türkiyənin Atatürk Universitetində üç fakültədə "Etika", "Estetika", "Fəlsəfə", "Ümumi və xüsusi təhsil metodları", "Türk düşüncə tarixi", "Musiqi nəzəriyyəsinə giriş", "Musiqi nəzəriyyəsi", "Musiqi əsərlərinin təhlili", "Musiqi estetikası", "Sənət fəlsəfəsi", "Musiqi formaları", "Harmoniya" fənlərindən dərs demiş, bu fənlər üzrə magistr və aspirantlarla da məşğul olmuşdur. Alim ümummilli liderimiz Heydər Əliyevin "Bir millət, iki dövlət" adlandırdığı Türkiyə və Azərbaycanın ədəbi, mədəni, elmi əlaqələrinin möhkəmlənməsi yolunda səmərəli xidmətlər göstərir. Azərbaycan, rus və türk dillərini mükəmməl bilən Babək müəllim tərcümə sahəsində də qələmini sınamışdır. O, Qalina Puqaçenkovanın "Orta Asiyanın şah əsərləri: Rəsm və miniatür", N.A.Berdyayevin "Rus kommunizminin qaynaqları və Manas" əsərlərini rus dilindən doğma dilimizə çevirmişdir. Alimin ruscadan dilimizə çevirdiyi A.Zisin "Çeşidli estetik düşüncələr", (Azərnəşr, 1989) kitabı da oxucular və tədqiqatçılar tərəfindən maraqla qarşılanmışdır. R.Əfəndiyev və T.Əfəndiyevanın "XIX və XX əsrin başlarında Azərbaycan sənəti", Möhbəddin Səmədin "Dünya dahilərsiz yaşayammaz (Lütfizadə haqqında)" əsərlərini dilimizdən tükcəyə uyğunlaşdırmışdır. İnsan vətənin hüdudlarından kənarda yaşayanda (fərq etməz müvəqqəti, ya daimi) vətənə olan məhəbbəti alovlanır, gecə-gündüz fikrini məşğul edir. Vətən duyğuları, vətən həsrəti Babək müəllimdən də yan keçməmişdir. Belə hallarda yaradıcı adamın harayına tədqiqatları çatır. Professor Babək Qurbanovun hay-küysüz gördüyü işlər xalqımıza olan məhəbbətinə dəlalət edir. Türkiyənin "Orkestro" dərgisində Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, eləcə də görkəmli bəstəkarlarımız Səid Rüstəmov, Süleyman Ələsgərov, Arif Məlikov, Tofiq Bakıxanov, Vasif Adıgözəlov, Azər Rzayev, Ramiz Mirişli, müğənni Lütfiyar İmanov, rəssam Mikayıl Abdullayev və başqaları haqqında dərc etdirdiyi yazıları təqdirəlayiqdir - desək, az olar. Babək Qurbanov Azərbaycan ədəbiyyatının, xüsusən də poeziyasının vurğunudur. Şəksiz ki, bu ata-babadan, qandan, gendən gələn istəyin nəticəsidir (o, xalq şairi Osman Sarıvəllinin oğludur). Onun Nizami Gəncəvi, Məhəmməd füzuli, Molla Pənah Vaqif, M.F.Axundov, Ü.Hacıbəyov, Səməd Vurğun və başqaları haqqında yazıları Türkiyədə böyük maraqla qarşılanıb. Alimin xeyirxahlıqla bir çox çağdaş Azərbaycan şairi haqqında məqalələr yazaraq Türkiyədə tanıtması şübhəsiz yuxarıda söz açdığımız istəklə bağlıdır. Vaxtilə görkəmli bəstəkar Cövdət Hacıyevdən dərs alan Babək müəllim həm də bəstəkardır. Bülbül adına Musiqi Məktəbində, Konservatoriyada skripkanın sirlərinə mükəmməl yiyələnən, musiqini həm praktik, həm də nəzəri cəhətdən dərindən bilən Babək Qurbanovun 40 əsərdən ibarət "Bəstələr məcmuəsi" bunu deməyə əsas verir. Burada "Vəfasız", "Buludlar", "İntizar", "Sevinc dolu", "Xəyal", "Sənsiz", "Xatirə", "Şərq romansı" və s. kimi maraqlı əsərlər toplanmışdır. Alimin sənətşünaslıq doktoru İlqar İmamverdiyevlə birgə çap etdirdiyi "fortepiano müşayiətli saz əsərləri" (Bakı, "Şirvannəşr", 2006). fortepiano müşayiətli tar əsərləri" ("Şirvannəşr", 2006) kitabları müəllim və tələbələr üçün gərəkli vəsaitdir. Alim çoxsaylı kitablara ön söz yazmış, onların redaktoru olmuşdur. Təkcə onu demək kifayətdir ki, o, sənətşünaslıq doktoru İlqar İmamverdiyevin 20-ə qədər kitabının redaktoru və ön söz müəllifidir. Professor Babək Qurbanovun fəaliyyəti elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanda və Türkiyədə akademiklərdən Firidun Köçərli, Aslan Aslanov, bəsətkar Fikrət Əmirov, Şükufə Mirzəyeva, professorlardan İmruz Əfəndiyeva, Vidadi Xəlilov, Nigar Cərulla qızı, Kamil Vəli Nərimanoğlu, İlqar İmamverdiyev, Əlisa Əhmədov, dosentlər Mübariz Süleymanov, Türkiyədə Əli Kafkasyalı, Cengiz Ayılmaz, Gürsoy Solmaz, Rusiyada A.Zis, Y.Yakovlev, V.Selivanov və başqaları professor Babək Qurbanovun yaradıcılığına məqalələr həsr edərək alimin elmi fəaliyyətini və şəxsiyyətini yüksək qiymətləndirmişlər. Türkiyənin Atatürk Universitetində onun yaradıcılığına iki diplom işi həsr olunmuşdur. Babək Qurbanov nəcabətli insan, nadir ziyalılardandır. Onun səmimi söhbətlərindən, müdrik kəlamlarından doymaq olmur. Tez-tez telefonla danışırıq. Hər dəfə telefon bağlantısından sonra məndə rahatlıq və işləmək arzusu baş qaldırır. Bu isə onun xeyirxahlığı ilə bərabər, müsbət enerjili insan olduğundan xəbər verir. Babək müəllimi 70 yaşa çatmağı münasibətilə təbrik edirəm. Alimin atası Osman Sarıvəlli yazırdı:

 

Hər kim yüz il yaşamasa,

Günah onun özündədir.

 

Osman qağa 85 il yaşadı. Yaradandan təmənna edirəm ki, şairin arzusu yüksək mənəviyyatlı, ləyaqətli oğlu Babəkin həyatında çin olsun.

 

 

Qəzənfər PAŞAYEV

 

Ədəbiyyat qəzeti.-2009.-26 iyun.-S.3.