Mənə anam öyrədib…
Xatirə danışmaq mənim üçün hələ tez olsa da, bilmirəm necə olur ki, hər dəfə bahar gələndə məndə xatirəyə dalmaq həvəsi oyanır. O günləri xatırlayıram ki, bahar üçün əldən-ayaqdan gedərdim. Elə bilirdim ki, yazın gəlişinə böyüklər o qədər sevinmir, nə qədər ki, biz uşaqlar. Bahar gəlirdi - bayram gəlirdi. Anam həmişə qabaqcadan tədarük görərdi: səməni qoyar, həyətdə ocaq qalayacağını deyərdi.
Baharı mənə anam sevdirdi, mənim bahar çiçəyi kimi ağ saçlı anam.
Çillə
gecəsi qız-gəlin səsi yuxumu gözümdən didərgin salardı.
Uşaq vaxtı baharı mən elə çalıb-oynamaqdan ibarət bilərdim. Baharı mənə anam sevdirdi…
Əsl mənasını sonralar başa düşdüyüm
bahar məhəbbəti
anamın ürəyimə
saldığı sirli,
şirin və təmiz duyğulardan biridir. Niyə sevdim baharı
mən?
Bəlkə ona görə ki, bahar gələndə
təbiət ayılır? Torpağın
qış donu açılır. Yer buğlanır, insan kimi nəfəs alır, nəfəs verir. Hər tərəf yaşıl geyinir. Bu əsəbi
əsrimizdə ürəyə
bir rahatlıq, əsəbə bir sakitlik gəlir. Gül fəsli başlayır; son qarın içərisindən
baharın ilki - novruzgülü baş qaldırır:
Qar içində, aləm bilir,
Yaşıl örtdü novruzgülü;
Mənə dedi bahar gəlir -
Dedi, ötdü novruzgülü.
Quşlar ona salam verdi,
Ağır imiş
bahar dərdi;
Çöllər yaşıl
xalı sərdi -
Gözdən itdi novruzgülü.
Bilmədim ki bu nə işdi,
Özü yazdan ayrı düşdü;
Niyə belə
tez gəlmişdi -
Tez də getdi novruzgülü.
Tərk edəndə
dağı-daşı,
Ağ buludlar tökdü yaşı;
Az yaşadı…
amma qışı -
Bahar etdi novruzgülü…
Baharı sevdim - səməniyə baxıb
pıçıldayanda:
"Səməni,
Saxla məni;
İldə göyərdərəm səni".
Düşündüm: necə
yəni "saxla məni?" Səməni adamı necə
saxlaya bilər? Onun əlindən nə gəlir ki?.. Sonra inandım
ki, saxlayar. Bu hikmətə onda inandım ki, insana üzünü tutub: "Öldür məni, dirildim səni" deyən torpaq gördüm, insanı doğrudan da dirildir, yaşadır.
Elə isə ümman zəmilərin bir damlası olan səməni insanı niyə də yaşatmasın?..
Baharı sevdim - oduna, istisinə, hərarətinə
görə. Od
- insan üçün
həmişə əziz
olub. İldırım vurmuş meşələrdə
diri-diri bişən heyvanın əti qədim insanın ağzını dada gətirdi.
Odu - az
qala gözlərinin içində qoruyub saxladılar. Əfsanəvi
Prometey əbədilik
əziyyətə ona
görə düçar
oldu ki, səmadan torpağa od gətirdi.
Bayramqabağı qalanan ocaqlar,
mənə elə gəlir, bəşəriyyətin
Prometey kimi qəhrəmanlarına bir
yanar abidədir.
İnsanlar nəinki ocaqlarını,
hətta ürəklərini
belə odsuz görmək istəmirlər.
Od - demək
olar ki, hər şeyi, o cümlədən ürəyi
də paka çıxarmağa qadirdir.
Yaz gələndə
axşamüstü həyətdə ocaq qaladığımız,
od üstündən o tərəf-bu tərəfə
atıldığımız səsli-küylü oyunlar, kim
deyir ki, elə boş bir əyləncə olub:
Neçə-neçə
belə bahar -
Gəldi keçdi
ömürdən;
Aman ellər, nə sirri var -
Unutmadım onu mən?..
Deməyin ki, əylənmişik
-
Duymamışıq heç
nəyi;
Bəlkə onda öyrənmişik
-
Od içindən keçməyi?!.
Baharı mən
necə sevməyim ki, hər əlaməti mənə mənalı
görünür. O, bütün dünyanı gözəlləşdirir,
təmiz hava istəyən ciyərlərə ətirli hava gətirir.
Hamımız baharın
hörmətini saxlayırıq: bir-birindən inciyən varsa,
gərək bahar gələndə görüşüb hal-əhval
tutsun. Bahar - insanları küsülü
görmək istəmir. O, həm də, elə bil, bərabərlik
tərəfdarıdır:
"Onda ki,
fəsli-yaz olur, -
Gecə,
gündüz təraz olur".
Baharda səmanın
qucağı işıqla, günəşlə dolu olur. Qız-gəlinlərin
hava işıqlanana qədər çalıb-oxumaları, səhəri
həyat rəmzi, dirilik rəmzi olan axar su üstündə
qarşılamaları və yalnız bundan sonra evə
qayıtmaları təbii olduğu qədər də təsirlidir.
Onların sübhə kimi şirin-şirin oxuduğu
mahnıların nəqəratı indi də qulağımda səslənir:
"Ay bu gecə çilə
gecəsi -
Mən neynim;
Dönübdür ilə gecəsi
-
Mən neynim…"
Bahar
hamını işə, əməyə səsləyir. O, yağış
şırıltılı, sel haraylı, insan nəğməli
zəhmət simfoniyasıdır.
Niyə sevdim
baharı mən? Çiçək nəfəsinə
görə. Niyə sevdim baharı mən?
Həyat həvəsinə görə. Bahar məhəbbəti mənə anamdan
yadigardır. Baharı sevməyi mənə
anam öyrədib.
Ayaz VƏFALI
Ədəbiyyat qəzeti.-2009.-20 mart.-S.8.