Atatürk Mərkəzində

 

Martıq 17-də Atatürk Mərkəzində tanınmış türk yazıçısı Vehbi Vakkasoğlunun "Çanaqqalada yüksələnlər" kitabının təqdimat mərasimi keçirildi.

Mərasimi AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov açaraq Çanaqqala savaşının bütöv türk dünyasının şərəfli tarixi, özünütəsdiq məqamı olduğunu vurğuladı. Bildirdi ki, türkiyəli yazar V.Vakkasoğlu "Çanaqqalada yüksələnlər - dastan yazan igidlər və analar" kitabında bu şərəfli tarixin müəyyən məqamlarını böyük duyğularla qələmə alıb: "İstedadlı şair-publisist Sərvaz Hüseynoğlu həmin kitabdan seçmələri Azərbaycan türkcəsinə uyğunlaşdırıb. Bu, dərin hörmətə layiq bir vətəndaşlıq işidi. Torpaqlarının 20 faizi düşmən tapdağı altında olan ölkəmizin əsgərlərinin, ümumən, vətəndaşlarımızın ruhi yüksəlişinə yardımçı olmağa yönəli əməldi. Mən hörmətli alimimiz Qəzənfər Paşayevə bu kitabın nəşr qayğısına qaldığına görə minnətdarlığımı bildirirəm. Millət vəkili Qənirə Paşayevaya da çox sağ olsun deyirəm ki, bu cür aktual, gərəkli bir kitabın işıq üzü görməsinə yardımçı olub. Onun məsləhəti və redaktorluğu ilə işıq üzü görən "Çanaqqalada yüksələnlər" kitabı həqiqətən şərəfli bir tarixi özündə əks etdirir. Biz bu tarixi unutmamalı, dönə-dönə öyrənməli və əməlimizdə, mübarizələrimizdə yaşatmalıyıq".

Əsərdən seçmələri Azərbaycan türkcəsinə uyğunlaşdıran Sərvaz Hüseynoğlu onun çoxdan bəri arzusunda olduğu yeni nəşrin işıq üzü görməsinə dəstək verdiklərinə görə professor Qəzənfər Paşayevə və millət vəkili Qənirə Paşayevaya dərin minnətdarlığını bildirdi.

Tədbirdə çıxış edən Q.Paşayev V.Vakkasoğlunun əsərini dilimizə uyğunlaşdıran S.Hüseynoğlunun qələminə hörmət bəslədiyini vurğulayaraq bildirdi ki, o, kitabla bağlı düşüncələrini açıqlayanda mövzunun aktuallığı məni çəkdi: "Son illərdə "Nostradamusun möcüzəli aləmi" "Mikayıl Azaflı" kitablarını çapa hazırlamışam. "Çanaqqalada yüksələnlər" kitabının nəşri mənə həmin kitabların nəşrindən duyduğum sevinc, qürur hissini yenidən bəxş etdi".

Millət vəkili Qənirə Paşayeva kitabın aktual bir mövzunu, şərəfli bir tarixi özündə əks etdirdiyini önə çəkərək bildirdi ki, belə kitabları nəşr etdirmək, yaymaq hər birimizin vətəndaşlıq borcu olmalıdır. "Kitab min tirajla nəşr edilib. Əsgərlərimiz şəhid analarına hədiyyə kimi çap olunmuş bu nəşrin gələcəkdə tirajının çoxaldılmasına yardımçı olmağa çalışacağam".

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç səfirliyin hərbi attaşesi fəhri Kır mərasimdə çıxış edərək Çanaqqala savaşının tarixi əhəmiyyəti, bu savaşın türkçülüyün yüksəlişindəki yeri haqqında ətraflı söz açdılar, təqdim olunan kitabda ehtiva olunan türk ruhundan qürurlanmağın təbii olduğunu vurğuladılar.

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı mərasimdə çıxış edərək dedi: "Təqdim edilən əsəri Azərbaycan türkcəsinə uyğunlaşdıran Sərvaz Hüseynoğlu vaxtilə mənim yaradıcılığım haqqında "Ruhla zaman arasında" adlı maraqlı bir kitab da yazmışdı. Müəllif həmin kitabda da türk ruhunun ümumi mənzərəsini, yenilməzliyini önə çəkmişdi. Mən onun dəyərli elm xadimimiz Qəzənfər Paşayev hörmətli millət vəkili Qənirə xanımın dəstəyi ilə "Çanaqqalada yüksələnlər" kitabını araya-ərsəyə gətirməsini təqdir edir, alqışlayıram. Çox istərdim ki, Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə türkiyəli yazarlar ölkəmizdə daha çox tanınsın, əsərlərinin nəşrinə kömək edilsin".

Azəri-türk Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı, əməkdar artist Azərin, jurnalistlərdən Sevil Nuriyeva, Vüsalə Mehdiqızı da təqdim olunan kitabın türk hərb savaşının fəlsəfəsini özündə əks etdirdiyini vurğulayaraq yeni nəşrin işıq üzü görməsində əməyi olanlara minnətdarlıqlarını bildirdilər.

Xalq şairi Zəlimxan Yaqub təqdimat mərasimində çıxış edərək vurğuladı ki, Çanaqqalada yüksələnlər əslində tək-tək şəxslər yox, bütövlükdə türk dünyasıdı. "Biz tarixi gəncliyə öyrətməliyik. Qələm dostum Sərvaz Hüseynoğlunun türkiyəli yazar Behbi bəyin kitabını dilimizə uyğunlaşdırmasını yüksək dəyərləndirirəm. Bu cür kitabların tirajını artırmaq, yayımlamaq çox vacibdir, şərəf, ləyaqət işidi. Hər bir əsgərimizin, hər bir soydaşımızın cibində gəzdiriləsi bir kitabın nəşrində əməyi olanlara dərin təşəkkürümü bildirirəm".

 

 

S.Əsgərli

 

Ədəbiyyat qəzeti.-2009.-20 mart.-S.7.