“Azərbaycan
evi”ndə Bəxtiyar Vahabzadə yad edildi
Bu
günlərdə ölkəmizin Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş
Krallığındakı səfirliyindən göndərilən
məlumatda xəbər verildiyi kimi, martın 1-də Londonda
yerləşən "Azərbaycan evi"ndə unudulmaz
şairimiz Bəxtiyar Vahabzadənin xatirə gecəsi
keçirilmişdi. Səfirliyin dəstəyi ilə düzənlənən
tədbir çərçivəsində səfirlik tərəfindən
şairin seçilmiş əsərlərindən ibarət
külliyyat Mərkəzin kitabxanasına hədiyyə
edilmişdir.
Məclisi
giriş sözü ilə Mədəniyyət mərkəzinin
idarə heyətinin sədri Əli Təkin Atalar
açmış və sadəcə Azərbaycan
xalqının deyil, bütün türk dünyasının
tanınmış şairi, ictimai xadim Bəxtiyar Vahabzadənin
ədəbi fəaliyyətinin gənc nəsil tərəfindən
öyrənilməsinin önəminə diqqət çəkmişdir.
Daha
sonra çıxış edən səfir f.Qurbanov şairin
keçdiyi həyat yoluna və zəngin ədəbi
yaradıcılığına nəzər
salmışdır. O, vurğulamışdır ki, şairin
yaradıcılığı bütün ədəbi
janrları əhatə etmiş və yaratdığı əsərlərdə
qabartdığı obraz və əsas mövzular sadəcə
məhdud bir zaman çərçivəsində qalmır,
bütün dövrlər üçün aktuallıq kəsb
edir. Şairin ictimai xadim kimi fəaliyyətinə də nəzər
yetirən f.Qurbanov onun milli məfkurənin güclənməsində,
ana dilimizin saflığının qorunmasında rolunu
iştirakçıların nəzərinə
çatdırmış və hələ sovet dövründə
dilimizin işlənmə dairəsinin genişlənməsinə
çalışdığını, 80-ci illərin
sonlarında milli azadlıq hərəkatında özünə
məxsus rol oynadığını
vurğulamışdır. Səfir şairin ədəbi
irsinin harada yaşamalarından asılı olmayaraq, yeni
yetişən nəsil tərəfindən öyrənilməsinin
əhəmiyyətini diqqətə çatdırmış və
şairlə bağlı şəxsi xatirələrini
iştirakçılarla bölüşmüşdür.
Daha
sonra çıxış edən türkmən
icmasının nümayəndəsi Annakuli Nurməmmədov,
Londonda yaşayan həmyerlimiz şairə Nigar Həsənzadə,
eləcə də digər icma nümayəndələri
böyük şairlə bağlı şəxsi xatirələrini
bölüşmüşlər. Çıxışlarda
qeyd edilmişdir ki, şair sadəcə öz ölkəsində
deyil, onun hüdudlarından kənarda və xüsusən
türk ölkələrində hörmətlə
anılır və onun əsərləri sevilə-sevilə
oxunur. Onun əsərlərinin aparıcı xəttini ana
dilimizin saflığının qorunmasına
çağırış, milli adət və ənənələrə
sədaqət, fərdi və milli azadlığın əldə
edilməsi məqsədi təşkil edir.
Şairin
həm də ictimai xadim kimi fəaliyyəti yüksək qiymətləndirilmiş
və əsərlərinin xüsusilə yetişməkdə
olan gənc nəsil arasında geniş öyrənilməsi və
təbliğinin əhəmiyyətinə toxunulmuşdur.
Tədbir
zamanı şairin yaratdığı ölməz əsərlərdən
misralar səsləndirilmiş və geniş ekranda şairin həyat
və fəaliyyətini, müxtəlif müsahibələrini
əks etdirən kadrlar göstərilmişdir.
Ədəbiyyat qəzeti.-2009.-20
mart.-S.7.