Mehdi Hüseyni düşünərkən
İnsan yaşa dolmağını (qocaldığını demək istəmirəm) yalnız yaşadığı ömrə yeni illər əlavə olunanda hiss etmir. Bir də gördüyü, tanıdığı, ünsiyyətdə olduğu adamların böyük yubileyləri keçiriləndə duyur. Yeniyetməlik və gənclik çağımızda Mirzə Cəlilin, ya Sabirin 100 yaşları qeyd olunarkən biz uzaq illərdə ömür sürmüş sənətkarlarımızı təbii ki, tarix baxımından qavrayırdıq. Amma tək elə bu mart ayında akademik Həmid Araslının və xalq yazıçısı Mehdi Hüseynin yüzillikləri yetişəndə öz yaşımızın da nə qədər çox olduğunu bir daha dərk etdik. Axı bu adamları şəxsən tanıyırdıq, onlarla dəfələrlə görüşmüş, söhbətlər etmişdik. Nə etməli, vaxtın axarı durdurulmazdır və artıq bizim təmasda olduğumuz bu insanların da yaşı bir əsri aşır.
Hörmətli Prezidentimizin sərəncamı ilə Mehdi Hüseynin 100 illiyi ölkəmizdə dövlət səviyyəsində qeyd olunacaq. Bu görkəmli nasir, dramaturq, ssenarist, tənqidçi, yazıçılar təşkilatının rəhbərlərindən biri haqqında mətbuatda, o cümlədən Birliyimizin orqanlarında çox sayda məqalələr çıxacaq, radio və televiziya verilişləri hazırlanacaq. Yazıçılar Birliyinin təşəbbüsüylə Mehdi Hüseynə həsr olunmuş xüsusi qəzet buraxılışı artıq işıq üzü görüb. Mənim Mehdi Hüseyn haqqında bu düşüncələrim bir qədər başqa səpkidədir, onu bəlkə də yubiley yazısı adlandırmaq olmaz.
Məsələ ondadır ki, neçə ildir mən "Əsrim və nəslim" adlı iri bir anılar, düşüncələr romanı üzərində işləyirəm və onu hər yay bitirəcəyimə boyun oluram. Ümid edirəm ki, bu yay nəhayət, əhdimə xilaf çıxmaycam və sənədli yazımı tamamlayacam. Bu kitabın özəlliyi ondadır ki, o, sanki üç nəfərin - atamın, anamın və mənim özümün anılarımızı, düşüncələrimizi ehtiva edir. Rəsul Rzanın öz çağdaşları - Cəfər Cabbarlı, Nazim Hikmət, Səməd Vurğun, Mikayıl Müşfiq haqqında xatirə yazıları, Müşfiq və Sabit Rəhman haqqında poemaları var. Nigar Rəfibəyli də Müşfiq haqqında xatirələrini qələmə alıb. Amma bu yazılı mətnlərdən başqa valideynlərimin yazmadıqları, amma mənim yaddaşımda yaşayan söhbətləri də var və odur ki, onların məndən əvvəl yaşadıqları dövr haqqında, birgə ömür sürdüyümüz illər haqqında, mənim onlardan sonrakı həyatım haqqında anılarımı, düşüncələrimi bir araya gətirən bu kitab, dediyim kimi, müəyyən mənada üç müəllifin əsəridir. Odur ki, onların müasirləri olan insanlar haqqında yazanda mənim şəxsi xatirələrimdən daha çox, onlara isnad etməyim təbiidir.
"Əsrim və nəslim" sənədli romanının bir neçə səhifəsi Mehdi Hüseynə həsr olunub və böyük ədibin yubileyi günlərində onun xatirəsinə dərin hörmətimin əlaməti olaraq bu mətni oxuculara təqdim edirəm.
Rəsul Rzanın nakam taleli şairimiz Mikayıl Müşfiqin xatirəsinə həsr etdiyi "Qızılgül olmayaydı" poemasında çağdaşlarının cizgiləri cızılmış portretləri sırasında beləsi də var:
Biri də vardı
Qaşqabaqlı,
Aləm haqsız,
Bir o haqlı.
Yetənə yetər,
yetməyənə bir daş atardı.
Düşmən bildiyinə
Giri gəldikcə,
Dosta bir az yavaş atardı.
Amma atardı.
Həm dramnəvis,
həm romançı,
həm tənqidçi.
Dili də -
demə,
görmədim, -
elə
mənim dilim kimi -
şəkərli bir badam içi.
Şerimizə ürəkdən yanardı.
Haq
desə də, deməsə də,
dediyinə ürəkdən inanardı.
Bu sətirlər Mehdi Hüseynin portret cizgiləridir. Əlbəttə,
tam, dolğun portreti deyil, amma hər halda
adsız-ünvansız belə tanınılacaq rəsmidir.
Məsələ yalnız konkret təyinlərdə deyil:
dramnəvis, romançı, tənqidçi… Məsələ
həm də xasiyyətin, xarakterin, davranışın səciyyələndirilməsindədir.
Hər halda, ən azı atamın gözündə Mehdi belə
idi - yetənə yetən, yetməyənə bir daş atan,
"düşmənə giri gəldikcə, dosta bir az
yavaş atan", amma, eyni zamanda, şerimizin, ədəbiyyatımızın
taleyinə ürəkdən yanan və dediklərinin, etdiklərinin
düzgün olduğuna səmim-qəlbdən inanan… O ki,
qaldı dilinin acılığına, atam onu da xüsusi
vurğulayır ki, "lap elə mənim dilim kimi - şəkərli
badam içi…"
Rəsul Rzayla Mehdi Hüseynin təbiətlərində
həqiqətən də oxşar cəhətlər vardı. Hər ikisi
doğma ədəbiyyatın taleyinə biganə olmayan,
özlərinin getdiyi yolun doğruluğuna qəti inanan, ədəbi
zövqlərində, mövqelərində barışmaz,
güzəştsiz, yeri gələndə (bəzən də
gəlməyəndə) sərt davranış sərgiləyən,
kəskin mülahizələr söyləyən, hikkəli ədəbi
Şəxsiyyətlər idi. Məhz böyük hərflə
Şəxsiyyətlər…
Bəlkə də elə bu oxşar cəhətləri
bir sıra hallarda onları qarşıdurmaya gətirib
çıxarırdı. "İki qoçun
başı bir qazanda qaynamaz" ifadəsində müəyyən
həqiqət var. Bəzən sözləri bir-birinin
boğazından keçmirdi. Mübahisə
edirdilər, deyişirdilər, dalaşırdılar, hətta
küsüşürdülər, lakin müəyyən vaxt
keçir, barışır, yaxınlaşır və həqiqi
milli və ədəbi dəyərlər uğrunda
çiyin-çiyinə döyüşürdülər.
Mehdi Hüseynin atama bağışladığı
kitablarından birinin üstündə belə
yazmışdı: "Köhnə dostum, təzə
düşmənim Rəsula". Əgər
"təzə düşmənim" ifadəsi ərkyana
zarafat idisə (düşmənə kitab
bağışlamazlar!), "köhnə dostum" sözləri
tamamilə doğru idi. Ədəbiyyata təxminən
eyni vaxtda - 30-cu illərin əvvəllərində gəlmişdilər.
Bu
"otuzuncular" nəsli haqqında düşünərkən
yada salıram ki, 1918-ci ildə Azərbaycanda ilk müstəqil
Cümhuriyyətimiz elan olunanda Səməd Vurğunla
Süleyman Rüstəmin on iki, Müşfiqin on, Mehdi
Hüseynin doqquz, Rəsul Rzanın səkkiz yaşı
vardı. 1920-ci ilin aprelində bu hökumət
devriləndə isə hərəsi ikicə yaş
böyük idi. 12-10 yaşlı
uşaqlar Cümhuriyyət hökumətinin amalını, onu
devirən sovet hakimiyyətinin niyyətini necə dərk edə
bilərdilər? Gözlərini
açıb yeni hakimiyyətin şirin vədlərinə -
xalqların azadlığı, sinfi bərabərlik, ədalət
və ləyaqət şuarlarına inanmışdılar.
Yeni quruluşun şüurlarda, həyat tərzində
inqilab yaratması müəyyən dərəcədə hətta
qocaman sənətkar Hüseyn Cavidin "Azər"
poemasında da əks olunub. Cümhuriyyət
dövründə sırf milli ruhlu əsərlərini
yaratmış böyük dramaturq Cəfər Cabbarlı
"1905-ci ildə" pyesində inqilabı, "Sevil",
"Almas", "Yaşar" pyeslərində yeni həyatı
böyük istedadla tərənnüm edirdi. Zamanın
bu ümidlərini və aldanışlarını
doğru-dürüst dəyərləndirmədən o
dövrün yazıçılarına irad tutmaq ən
böyük insafsızlıqdır. Hələ
məlum deyil ki, o dövrü yaşamamış, bəxtlərinə
təqibsiz, təzyiqsiz, senzurasız, sürgünsüz,
edamsız bir vaxtda ömür sürmək nəsib olmuş
insanların bəziləri (hamısını demirəm) o illərdə
yaşamış olsaydılar, özlərini necə
aparardılar. Əminəm ki, indi bəzi
qəzet səhifələrində çağdaşlarına
böhtanlar, təhqirlər, yalanlar yağdıranlar 37-ci ildə
yaşasaydılar, indi açıq yazdıqlarını,
gizli danoslar şəklində təhlükəsizlik
orqanlarına çatdırardılar, məqamı çatanda
şər atdıqlarının üzlərinə də
durardılar.
"Otuzuncular"
və daha sonrakı nəslin nümayəndələrini sovet
rejiminin ən ağır illərində ideoloji baxımdan
loyal əsərlərin müəllifləri kimi
qınamaqdansa, onlara milli şüurumuzu
oyandırdıqlarına, şərəfli keçmişimizi
canlandırdıqlarına və beləliklə, - Azərbaycan
ruhunu, Azərbaycan dilini yaşatdıqlarına görə
minnətdar olmalıyıq. Mehdi Hüseyni də
yalnız inqilabi romanların müəllifi kimi yox,
"Nizami", "Cavanşir" kimi tariximizin qurur
doğuran səhifələrini əks etdirən pyeslərin
yaradıcısı kimi dəyərləndirməliyik. Sovet dövründə çar Rusiyasına
qarşı mübarizənin qəhrəmanı Şeyx
Şamil haqqında pyes yazmaq da hər
yazıçının hünəri deyildi. Mehdi
Hüseynin bu əsəri haqqında qocaman ədiblərimizdən
biri Azərbaycanın o vaxtkı partiya rəhbərinə:
“Yoldaş Bağırov, səhnədə urusun
başını kəsmək olar?” - deyə
sual vermiş və hiddətlənmiş Mir Cəfərə
"Şeyx Şamil” pyesini nişan vermişdi. Təbii ki, pyes dərhal yasaq edilmişdi. Bu fakt da atamın söhbətlərindən
yadımda qalıb.
Rəsul Rza ən köhnə ədəbi dostları
sırasında Sabit Rəhmanla, Müşfiqlə, Abdulla
faruqla bərabər Mehdi Hüseyni də
xatırlayırdı. S.Rəhmanın vəfatından sonra yazdığı
rekviemdə Sabitə müraciətlə belə misralar var:
İndi
sən yox,
Müşfiq
yox,
Rəfili
yox,
Faruq
yox,
Səməd
yox,
Əli
Nazim yox,
Mehdi yoxdur.
Təkcə
necə qayıdım o günlərə,
necə
keçim o yolu?
Sabit Rəhmanla dostluğu sona qədər davam etdi,
aralarında heç vaxt anlaşılmazlıq, soyuqluq,
inciklik olmadı. Müşfiqlə, faruqla, Mikayıl Rəfiliylə
Rəsul Rzanı ölüm ayırdı, Mehdi Hüseynlə
isə ara-sıra həyat ayırırdı. AZAP-ın aparıcı xadimləri kimi ilk dövrlərdə
birlikdə çalışmış, "ədəbi
döyüşlərdə" (ifadə Mehdi Hüseynindir) fəal
iştirak etmişdilər. Amma elə o
vaxtlarda - 30-cu illərdə Mehdi Hüseyn bir
çıxışında Səməd Vurğunun
"Ölüm kürsü"sünü Rəsul Rzanın
"Almaniya" poemasıyla müqayisə edir, Vurğunun əsərinə
üstünlük verirdi. Bu faktın özü hələ
heç nə demək deyil: ədəbi zövqlər
müxtəlif olur və nəyi bəyənib-bəyənməmək
də hər kəsin şəxsi işidir. Amma
bu faktın başqa bir tərəfi maraqlıdır. Məsələ
ondadır ki, Mehdi məqaləsini yazan vaxt atam
"Almaniya"nı nə bitirmiş, nə
də təbii ki, çap etdirmişdi. Ancaq əsər
üzərində işlədiyi haqqında məlumat
vardı. Atam danışırdı ki,
tutdum Mehdinin yaxasından, "Sən mənim əsərimi
necə tənqid edə bilərsən ki, hələ heç
oxumamısan?” Nə desə yaxşıdır, dedi:
“Bilirəm də, nə yazacaqsan…"
Amma
indi gətirəcəyim sözləri də 1931-ci ildə
Mehdi Hüseyn yazıb:
"Bugünkü
şerimizin ən görkəmli nümayəndələri
olan Səməd Vurğunun, Süleyman Rüstəmin və Rəsul
Rzanın şeir yaradıcılığında daha sağlam
bir məfkurəvi təmayüllə
qarşılaşırıq… Rzanı yuxarıda bəhs
etdiyimiz şairlərdən fərqləndirən bir cəhət
var: gənc şair fikirlərindəki kəskinliyin bədii dəyərini
qüvvətləndirmək yolu ilə artırır. Gənc
proletar şairlərindən Rəsul Rzanın ən zərbəli
məsələlərimizə dair yazdığı bir
çox müvəffəqiyyətli şeirləri Azərbaycan
proletar ədəbiyyatının bu az zaman
içərisində nə qədər yüksək bir səviyyəyə
qalxdığını göstərməyə kafidir… Onu hər şeydən əvvəl gündəlik məsələlər
maraqlandırır. Rzanın sözləri
müəyyən fikirləri ifadə üçün
qollanılır. Onu xarakterizə edən
bu cəhəti proletar şerimizdə təbliğ etməliyik".
Otuzuncu
illərin qanlı olaylarından əvvəl xoşbəxtlikdən
Bakıdan uzaqlarda olublar, bəlkə elə bu da Səməd
Vurğunu, Rəsul Rzanı, Mehdi Hüseyni, Sabit Rəhmanı
37-ci illərin repressiyalarından xilas edib. Bu
gün bəziləri cəmiyyətə qərəzli şəkildə
belə bir fikri təlqin etmək istəyirlər ki, o illərdə
qurban gedənlərin hamısı dəyərli, qalanların
isə hamısı dəyərsiz insanlardır. Bu çox vicdansız qənaətdir. Bir dəfə yazdığım fikri burda da təkrar
etmək istəyirəm. 37-ci ilin repressiyaları
heç bir konkret məntiqə sığmayan lotoreya idi:
Böyük Cavidi də tutmuşdular, ona amansızcasına
hücumlar edən Əhməd Triniçi də, "Oxu
tar"ı yazan Müşfiqi də, tarı qadağan edən
komissarı da, Əhməd Cavadı da, ona qan udduran
bolşevik tənqidçiləri də. Güllələnənlər
içində qəddarlıqlarıyla ad
çıxarmış inqilabçılar, özəlliklə
Gəncənin yarısını qanına qəltan edən,
bütün bəy nəsillərini qıran ilk sovet
komissarları da vardı. Qalanların arasında dünənki
dostları, həmkarları haqqında ən iyrənc
föhşlər yazanlar da, abrına qısılıb susanlar
da… Total terror rejimində susmamaq heç nəyə nail olmadan
yalnız gedənlərin aqibətini, həm də ailələrilə
bir yerdə paylaşmaq demək idi…
Rəsul
Rza Müşfiqə həsr olunmuş poemasında
yazırdı:
Doğrudur,
ona namərd
şilləsi kimi vurulan
imzalar
içində
Mənim imzam olmadı.
Heç
kəs məndən iltizam almadı,
Lakin
necə sakit deyim ki,
səsim
gəldikcə bağırmadım,
Xalqı
ədalətsiz hökmü
pozmağa çağırmadım.
İndi
sakit deyirəm bu sözü,
Heç
bilmirəm düzü,
bağırmaq olardımı,
çığırmaq olardımı?
Bir
zaman ki, cinayətin qanlı ləpirlərini
cinayət süpürürdü
Bağırmaq
olardımı belə bir gündə
Bir
gündə ki,
Xorenlər
iş başındaydı,
Ruhullalar zirzəmidə, can üstündə?
Mehdi Hüseynlə atam Moskvada eyni Ali kino kurslarında təhsil
almış, orada da yaxın ünsiyyətdə olmuşdular. 40-cı illərdə
Rəsul Rza əvvəl kinostudiyamızın müdiri, sonra
kinematoqrafiya naziri təyin edilmişdi və nazir olanda öz
yerinə - kinostudiyanın müdiri vəzifəsinə Mehdi
Hüseyni gətirmişdi. 45-46-cı illərdə
İranda ərəb əlifbasıyla çıxan "Azərbaycan"
jurnalının baş redaktoru Rəsul Rza, onun müavini Mehdi
Hüseyn idi.
Sonralar Mehdi Hüseynlə atamın münasibətləri
gərginləşdi, bu gərginlik mətbuat səhifələrində
də əks olunub, mənim də xatirimdədir. Əllinci illərdə
Mehdi Hüseyn atama kəskin hücumlar edirdi və atam da, təbii
ki, bunları cavabsız qoymurdu. Əlbəttə, bu
mürəkkəb münasibətlərdə kimin təqsirinin
nə qədər çox, ya az olması
barədə mübahisə etmək olar, amma hər halda məhz
mənim bu barədə qəti rəy bildirməyim
qeyri-obyektiv görünə bilər. Odur ki, bu
məsələni (özəlliklə yubiley günlərində)
qabartmağın yeri deyil.
Amma
bu da həqiqətdir ki, gəncliyimdə Mirzə
İbrahimovun "Gələcək gün"ü və
Mehdi Hüseynin "Abşeron"u milli ədəbiyyatımızda
ən böyük maraqla oxuduğum romanlar idi. Mehdi Hüseyni,
əlbəttə, uşaqlıqdan tanıyırdım, amma
uşaqla ədəbi söhbətlər etməzlər ki!..
Onu nisbətən yaxından tanıdığım,
az-çox ünsiyyətdə olduğum illər, xüsusilə
də 1962 ya 63-cü ildə bir dəfə Moskvada
mehmanxanadakı otağında ikilikdə etdiyim çox
maraqlı söhbət isə məndə belə qənaət
oyatmışdı ki, son vaxtlar, özəlliklə də
Sovet Parlament heyəti tərkibində Türkiyəyə səfəri
yazıçının dünyagörüşündə
ciddi təbəddülat yaradıb. O, başqa üslublarla yazanlara,
başqa ədəbi yollarla gedənlərə daha
dözümlü münasibət bəsləməyə
başlamışdı. Məsələn, bir vaxtlar Qara
Qarayev kimi sənətkarı qəbul etməyən Mehdi
Hüseyn atama: "Sənin və Cəfər Cəfərovun
Qaranı müdafiə etməniz də təsadüfi
deyil" - demişdi. Böyük bəstəkarla Moskvada Ali
Sovetin sessiyalarında yaxın təmasda olduqdan sonra,
ümumiyyətlə, baxışlarında, dediyim kimi, müəyyən
götür-qoy edəndən sonra "Yeddi gözəl"
baletinin müəllifinə münasibəti də
büsbütün dəyişmiş, onu layiqincə qiymətləndirmişdi.
Onu həqiqətən xalq musiqi ruhuna yaxın olan bəstəkar
kimi təqdir etdi və hətta Qara Qarayevi ən yüksək
sözlərlə dəyərləndirən məqalə də
yazdı. 60-cı illərdə atamla münasibətləri də
daha mehriban, mülayim, dostcasına idi (əgər bu iki sərt
xasiyyətli adamların münasibətlərinə
"mehriban, mülayim" sözlərini şamil etmək
caizsə). Hər halda bu illərdə Rəsul
Rzaya müxtəlif zamanlarda olduğu kimi yenə növbənöv
hücumlar olanda Mehdi Hüseyn daha çox atamın tərəfini
saxlayırdı. Xruşşov
abstraktsionist-mücərrədçi rəssamlara qarşı
kampaniya başlayanda Azərbaycanda bunun təmayülü kimi
Rəsul Rzanın "Rənglər"ini hədəf
seçmişdilər. Qəzetlərdə
bu silsiləyə qarşı dabanbasma yazılar verilirdi.
Hətta M.Hüseynin köhnə dostlarından biri onu da tənbeh
edirdi ki, Mehdi bu kampaniyaya qoşulmur, "vacib deyil ki, Moskvada
gedən hər bir cərəyanın analoqunu bizdə
axtaraq" - deyən Mehdiyə irad tutaraq yazırdı:
"Axtarmaq lazım deyil, Rəsul Rzanın "Rənglər"i
göz qabağındadır".
Mehdi Hüseynin bu kampaniyaya ondan tələb olunan münasibəti göstərməməsi onün üçün ikiqat çətin idi, çünki o, yalnız yazıçı deyil, həm də Yazıçılar İttifaqının sədri kimi İttifaqın orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində gedən ifrat tənqidi yazıları dəstəkləməli idi. Amma dəstəkləmirdi.
Mehdi Hüseynin mənə xeyirxah münasibətini də minnətdarlıqla xatırlayıram. Mehdi müəllim doğma Azərbaycan ədəbiyyatından başqa dünya, rus klassik və müasir ədəbiyyatına, ədəbiyyat nəzəriyyəsinə yaxşı bələd idi. Kino təhsili onu dünya və sovet kinosuyla da tanış etmişdi. Amma dünya kinosunun son dövrlərində yaranan ən məşhur əsərləri sovet ekranlarına yol tapmırdı. Mən 62-64-cü illərdə Moskvada Ali ssenari kurslarında oxuyanda SSRİ-də göstərilməyən filmlərin çoxunu görmüşdüm və Mehdi müəllimlə "Moskva" mehmanxanasında söhbətimiz əsnasında onlardan bəziləri haqqında danışarkən onun canlı marağını duyurdum. Həm də bu nəzakət naminə, mənim gənclik həvəsimi söndürməmək, məni pərt etməmək naminə göstərilən maraq deyildi. Yazıçını doğrudan da dünya sənətinin axtarışları cəlb edirdi və o zaman sovet İttifaqında təzə-təzə tanınmağa başlayan Bekket, İonesko kimi dramaturqların eksperimentlərindən danışanda Mehdi müəllim bunu sovet ədəbiyyat nəzəriyyəsiylə tərbiyələnmiş, bu nəzəriyyələrin ehkamlarını uzun illər boyu qeydsiz-şərtsiz qəbul etmiş doqmatik kimi deyil, sənətin axtarış sonsuzluğunu dərk etmiş ziyalı kimi qiymətləndirirdi. Dünyagörüşündə bu yeniləşmə yalnız estetik dəyərlərlə hüdudlanmırdı, tarixi-ictimai məsələlərə yanaşmasında da öz əksini tapırdı. "Komissar" müəllifi məhz o illərdə "Yeraltı çaylar dənizə axır" kimi Stalin dövrünü damğalayan əsər yaratdı.
Yazıçılar İttifaqının üzvlüyünə də mən Mehdi Hüseynin sədr olduğu vaxt qəbul edildim. O vaxt bir kiçik kitabçam və Bakıda, Moskvada bir neçə hekayəm nəşr olunmuşdu. Bu hekayələrdən birini - "Taksi və vaxt"ı M.Hüseyn mətbuatda yumşaq şəkildə tənqid etmişdi və bu tənqidində tamamilə haqlı idi. Amma, görünür, başqa yazılarıma - bu barədə bir şey deməsə də, - münasibəti pis deyilmiş. Yusif Səmədoğlu mənə danışırdı ki, M.Hüseynin ölümündən sonra gündəliyindən bəzi parçalarla tanış olub. Özü üçün yazdığı bu səhifələrdə Mehdi müəllim Yusifin və mənim haqqımda xoş niyyətli fikirlərini də qeyd edib: "Bizim bu q.balası filankəs (adını bilirəm, çəkmirəm - A.) elə hey qulağımı Yusifin, Anarın əleyhinə sözlərlə doldurur".
Yusifin dilindən eşitdiyim bu ifadə dəqiq yadımdadır, onun dediyinə görə Mehdi Hüseyn gündəliyində "qulağını dolduranlarla" razılaşmadığını və bizə ümid bəslədiyini yazır.
Dünyanın qəribə işləri var. "Taksi və vaxt" haqqında tənqidi fikri istisna olunarsa, M.Hüseyn heç bir vaxt yazılarım haqqında nə özümə şifahi şəkildə bir şey deyib, nə yazılı şəkildə münasibətini bildirib. Amma bir neçə il bundan əvvəl arxivimi araşdırarkən unutduğum bir məktubu tapdım. Bolqarıstanın Razqrad sancağının Lübley kəndindən Nəcib Karabacaq adlı bit türkdən idi. Məktubda belə sözlər vardı: “Sayın Anar yoldaş! Sizləri 1962 illərdən tanıdım. Mərhum Mehdi Hüseyndən sizin kiçik bir hekayə kitabınızı qəbul etmişdim, oradan tanıdım və sevdim. Gənc yazıçı idiniz. Mehdi Hüseyn sizi çox sevirdi”.
Uzun illərin, əsrlərin başı üzərindən, sanki başqa bir dünyadan, başqa bir zamandan Mehdi müəllimdən gələn bu soraq məni hədsiz dərəcədə riqqətləndirdi. Axı özüm bu barədə heç nə bilmirdim.
Mehdi Hüseyn atam Moskvada olan zaman Yazıçılar məclisinin növbəti qanlı iclaslarından birində öldürüldü. Mən "öldürüldü" deyirəm, çünki insanı yalnız gülləylə, zəhərlə, fiziki işgəncələrlə öldürmürlər, sözlə, haqsız iradlarla, sancmalarla, hücumlarla da yaralayırlar, ömrünü qısaldırlar. M.Hüseynin "Söz yarası" adlı hekayəsi də var. Bizim günlərdə öz miskin ömürlərində başqa bir məqsəd tapmayanlar kimlərisə çərrədib öldürməyi utanıb-qızarmadan öz həyat məramları elan edirlər. Dama-dama göl olur və hər gün qeybətlə, tənəylə, böhtanla üzləşən adamın canına yeridilən zəhər damlaları bir gün səbir kasasını doldurur və ürək də tab gətirmir, partlayır. Mehdi Hüseynin də ürəyi belə iclasların birində haqsız iradlara, yersiz hücumlara tab gətirməyib dayandı. Bu iclasın təfərrüatlarını yalnız o iclasda iştirak edənlər və nə yazıq ki, bu gün həyatda olmayanlar deyil, onun bütün ayrıntılarını yerli-yataqlı eşidənlər də bilir. Bu hadisəni bir çox səbəbdən açıqlamaq istəmirəm. Bircə onu deyə bilərəm ki, o məşum iclasda Mehdi Hüseynə hücumların ən fəal iştirakçılarından üç nəfərin adları Rəyasət heyətinin bütün başqa üzvlərinin imzaladığı rəsmi nekroloqa düşməmişdi.
Yadımdadır, o vaxtın gənc yazıçıları - hələ də Moskvada aldıqları təhsilin barışmazlıq ovqatıyla yaşayanlar - fikrət Qoca, Əkrəm Əylisli, Eyvaz Borçalı və başqaları M.Hüseynin ölümünə bais olanlara qarşı qəzəbli bir məktub yazmışdılar. Mən o vaxt radioda işləyirdim, məktubu gətirdilər, mən də qol çəkdim. Sonra bizi ora-bura çəkməyə başladılar - Mərkəzi Komitədə, Komsomol rəhbərliyində bizimlə "tərbiyəvi" söhbətlər aparırdılar. Mənimlə danışan komsomol katibinin “Niyə bu adamları təqsirləndirisiniz?” - sualına: "Təqsirkar deyillərsə, niyə onların adları rəsmi nekroloqda yoxdur?" - sualıyla cavab verdim. Amma nə fayda, olan olmuşdu. Nə Mehdi Hüseyni qaytarmaq mümkündü, nə baş vermiş faciənin səbəbini və səbəbkarlarını danmaq, nə də bizi fikrimizdən daşındırmaq.
Moskvadan qayıdan atam, M.Hüseynin ölümünə çox acıdı: "Mən o iclasda olsaydım, qoymazdım Mehdini sıxma-boğmaya salsınlar, müdafiə edərdim" - dedi .
***
100 il bundan qabaq Qazağın kiçik bir kəndində, ziyalı ailəsində Mehdi adlı bir uşaq dünyaya gəldi. Boya-başa çatdı, ömrünü ədəbiyyata bağladı, Bakıda və Moskvada mükəmməl təhsil aldı, yorulmaz səyləriylə, zəhmətkeşliyiylə, davamlı mütaliəsiylə dərin savada, biliklərə sahib oldu, dəyərli əsərlər yaratdı, ədəbi döyüşlərdə doğru saydığı ideallar uğrunda inadla vuruşdu və iş yerində, masası başında - səngərdəymiş kimi, söz gülləsinə hədəf oldu.
Ömrü boyu elə yaşadı, elə yaratdı, dünyada elə iz qoydu ki, yenə də şairin dediyi kimi: "Gedəndə aydın göründü yerində qalan boşluq".
ANAR
Ədəbiyyat qəzeti.-2009.-20
mart.-S.3, 5.