Türkdilli xəbər agentlikləri daha sıx əməkdaşlığa
hazırdır
“Şərq-Qərb” nəşriyyatında
“Türkdilli agentliklərin Bakı görüşü”
kitabı çapdan çıxmışdır. Nəşrin
ideya müəllifləri AzərTAc-ın və Anadolu
Agentliyinin baş direktorları Aslan Aslanov və Hilmi Bengidir. Birgə
layihənin nəticəsi olan bu kitabda Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 85 illiyi ilə əlaqədar Türkdilli
Ölkələrin Xəbər Agentlikləri Birliyi (TKA)
Baş Məclisinin “Türkdilli ölkələrin əlaqələrinin
inkişafında xəbər agentliklərinin əməkdaşlığının
rolu” mövzusunda VII iclasından bəhs edilir. İclasda
bütün türkdilli ölkələrin, eləcə də
Rusiyanın türkdilli respublikalarının və
Ukraynanın xəbər agentliklərinin rəhbərləri
iştirak etmişdir.
Bu maraqlı nəşrin
oxucusu ilk növbədə Birliyin yaranma tarixi ilə, onun əsas
məqsədi ilə tanış olmaq imkanı əldə
edir. Məqsəd isə türk dünyası haqqında məlumatların
ilk mənbədən bütün dünyaya qərəzsiz və
obyektiv çatdırılmasına kömək etməkdir. İclasdakı
çıxışlarda vurğulandığı kimi,
üçüncü minillik informasiya dövrüdür.
İnformasiya isə qlobal dünyada ölkələrin öz
yerini tapmasında çox mühüm rol oynayır.
Kitabda Azərbaycan
Respublikası Prezidentinin İcra Aparatının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənovun, Türkiyə
Mətbuat-Yayım və İnformasiya İdarəsinin baş
direktoru Salih Mələkin Bakı forumunda təbrik
çıxışları qardaş ölkənin dövlət
naziri, professor Mehmet Aydının AzərTAc-ın baş
direktoruna ünvanlanmış təbrik məktubu dərc
edilmişdir.
İclasda səslənən
bütün çıxışlar cəsarətli fikirlərlə,
maraqlı mülahizələrlə zəngin olmuşdur. Həmin
çıxışlara əsasən bu qənaətə gəlmək
olar ki, türkdilli agentliklərin jurnalistləri
qarşılıqlı informasiya mübadiləsinə, öz
təcrübələrini bir-biri ilə bölüşməyə
ciddi ehtiyac duyurlar.
Forum
iştirakçılarının bu kitabda toplanmış
çıxışları onların ölkələrini və
xalqlarını narahat edən problemlər barədədir. Məsələn,
Azərbaycan Dövlət Teleqraf Agentliyinə yeddi ildən bəri
uğurla rəhbərlik edən Aslan Aslanov Bakının
qonaqlarını hərarətlə salamlamış, agentliyin
dünya informasiya məkanına çıxmasına imkan verən
indiki səviyyəyə çatmasında ulu öndər Heydər
Əliyevin, son dövrdə isə Prezident İlham Əliyevin
rolunu vurğulamış, ölkəmizin ən
ağrılı problemi olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsindən
danışaraq demişdir ki, ermənilərin Türkiyəyə
və Azərbaycana qarşı yönəlmiş saxtakar və
riyakar təbliğatının ifşa edilməsində xəbər
agentlikləri də mühüm rol oynaya bilər. Anadolu
Agentliyinin baş direktoru və İdarə heyətinin sədri
Hilmi Bengi isə TKA-nın internet saytından, mötəbər
informasiyanın yayılmasını təmin edən
mühüm portaldan istifadə etməyin əhəmiyyətini
vurğulamışdır. O bildirmişdir ki, bu platforma
yalnız agentliklərimizin bir-biri ilə işbirliyinə zəmin
hazırlamaqla qalmayacaq, eyni zamanda, xalqlarımız arasında
ortaq bir körpü olacaq, agentliklərimizi bir-birinə daha da
yaxınlaşdıracaqdır.
“Türkdilli agentliklərin
Bakı görüşü” kitabında Kazinformun prezidenti
Dauren Diyarovun, Qırğızıstanın “Kabar” agentliyi
baş direktorunun birinci müavini Oleq Ryabovun, Kipr Türk
Agentliyinin baş direktoru Əmir Ərsoyun, “Krım xəbərləri”
agentliyinin baş direktoru Qayana Yüksəlin, “Tatar-inform”
agentliyinin baş direktoru Leonid Tolçinskinin, “Başinform”
agentliyi baş direktorunun birinci müavini Alik Şakirovun və
başqalarının çıxışlarından aşkar
görünür ki, informasiya agentliklərinin işində
dialoqa, ideya, informasiya və təcrübə mübadiləsinə
çox böyük və ciddi əhəmiyyət verilir,
agentliklərin istənilən həcmdə informasiyanı istənilən
vaxt, praktik olaraq qeyri-məhdud sayda istifadəçilərə
çatdıra biləcək operativ kütləvi kommunikasiya
vasitəsi rolu dərindən başa düşülür.
Oxucular Türkdilli Xəbər
Agentlikləri Birliyinin iclasında bu qurumun Nizamnaməsinə
edilmiş dəyişikliklər və iclasın yekun sənədi
ilə də tanış ola biləcəklər.
Kitabda forum
iştirakçılarının İçərişəhər
və Qobustanla tanışlığı Heydər Əliyev
fondunda və Milli Azərbaycan Tarixi Muzeyində olması barədə
də məlumatlar verilmişdir.
Çoxlu rəngli
fotoşəkillərin verildiyi kitab nəfis şəkildə
tərtib olunmuşdur.
Ədəbiyyat qəzeti.-2009.-20 mart.-S.2.