Hörmətli Ayaz müəllim!

 

Müğənni Şəbnəm Tapdığın Respublikanın əməkdar artisti fəxri adını alması münasibətilə məni təbrik etdiyinizə görə təşəkkür edirəm. Görünür, bu sevincdən mənə pay düşür.

Şəbnəm müsahibələrinin birində deyibdi ki, məni oxumağa həvəsləndirən şair Nəriman Həsənzadə olub. Bu sözləri mənə siz xatırlatdınız.

Şəbnəm düz deyirdi. Qələm dostumuz şair İlyas Tapdıq ailəsilə bizə gəlmişdi. Dünyamın düz vaxtıydı, həyat yoldaşım Sara sağ idi. Şəbnəm qızımız bir mahnı oxudu. Mənim qızım Xatirə onu pianoda müşayiət edirdi. Çox xoşuma gəldi, gördüm bu səsdən heç kəsdə yoxdur. Elə o andaca yazıçı dostum Nahid Hacıyevə (onda Respublika Dövlət Televiziyasında ədəbi-dram verilişlərinin şöbə müdiriydi) zəng çaldım xahiş etdim ki, Şəhnəmə o da qulaq assın. Azərbaycan efirinə yeni, əvəzsiz bir səs gəlir. Bəyənsə, qoy ekrana da çıxartsın.

Sonra da Şəhnəmin özündən xahiş etdim ki, qızım, utanma, ekrana çıx. Millət sənin səsini eşitməlidi. O isə utanırdı. Bu da istedad əlamətiydi. İstedadsızın utandığını heç vaxt görməmişəm.

Nahid müəllim istedada kömək durdu. Şəhnəmin səsi ekrandan eşidildi. Onun səmimi ədaları, səsindəki yeni çalarlar, rənglər, təbii boyalar Tanrının bəxş etdiyi qaynar ilhamdan süzülüb gəlirdi.

İndi tam səmimiyyətlə deyirik ki, vokal sənətimizin gözəl nümayəndələrindən biri Respublikanın əməkdar artisti Şəbnəm Tapdıq İlyas qızıdır.

Şəbnəm - uşaq şeir yaradıcılığının öncülü, gözəl poetik əsərlər müəllifi şair İlyas Tapdığın ailəsində pərvəriş tapmış, onun repertuarı belə bir mühitdə formalaşıb, indi davam edir.

Şəbnəmin səsinə olan rəğbətimi bir neçə il qabaq yazdığım "Sabahınız xeyir, gədəbəylilər" şerində bildirmişəm.

 

Bulaqda çağlayan -

bülbül nəğməsi,

İlyasın şeridi Şəbnəmin səsi;

Bir az da Gədəbəy,

Qazax ləhcəsi,

dilçi lazımdı,

lüğət mənə.

 

 

Nəriman HƏSƏNZADƏ

 

Ədəbiyyat qəzeti.-2009.-20 mart.-S.4.