Bir Novruz yazısı, bir-iki söz

 

Bir əsrin dörddə üçünü - həmin zaman ərzində bir xalqın enişli-yoxuşlu ömür yolunu cansız aynada yox, canlı, sözlü-nəfəsli səhifələrdə yaşadan "Ədəbiyyat qəzeti" ədəbi-bədii-ictimai fikrimizin mötəbər salnaməsi kimi çox ciddi mövzuların tədqiqat mənbəyi olaraq qalır.

Ayrı-ayrı dövrlərin, siyasi şəraitin doğurduğu xalqa əziyyət verən bir sıra çətin məqamları vaxtilə yaradıcı ziyalıların, elm-sənət adamlarının necə sıxıntı üzüntülərlə keçirməsindən geniş oxucu kütləsi, təbii ki, xəbərsiz qalır. Ancaq həm ədalət, həm həqiqət borcu əsas verir ki, bizə məlum belə faktları ədəbi-ictimai-siyasi fikir tariximizin obyektiv mənzərəsini təhrifsiz təsəvvür naminə oxucularla bölüşək.

Bu gün - qəzetimizin 3658-ci sayında müstəqil Azərbaycanımızı - bütün xalqımızı həyat rəmzi olan qədim əziz Novruz bayramının ölkəmizə gəlişi münasibətilə Dövlətimizin başçısı özü təbrik edir.

Lakin aşağıda verdiyimiz - qırx iki il bundan əvvəl - qəzetimizin 1420-ci sayında (18.03.1967) dərc olunmuş məqalə çətin, mürəkkəb bir şəraitdə yazılmış nəşr edilmişdir.

Sovet rejiminin imperiya daxilindəki xalqların əbədiyaşar müqəddəs milli adət-ənənələrinə qadağalar qoyduğu məlum faktlar yaxın keçmişin acı həqiqətləridir.

Sözügedən saya Bahar bayramı münasibətilə hamımızın böyük hörmət bəslədiyimiz, 37-dən bəri ədəbi-mədəni həyatımızın düçar olduğu siyasi bəlaları görə-görə gəlmiş ən çətin məqamlarda müvazinətini saxlaya bilmiş bir müəllimimizə redaksiya adından ayrıca məqalə yazmağı təklif etmək o zaman müvafiq şöbənin müdiri kimi mənə həvalə olundu. Zəng edib redaksiyanın təklifini yetirdim. Etiraz etmədi. Bazar ertəsi əlaqə saxlamağımı dedi. Həmin gün telefon açdım. Onun böyük elmi auditoriyalardan mənə çox yaxşı tanış olan qayğılı-düşüncəli səsi hələ qulağımdadır: "Bilmək olmur sabah necə olacaq…" Səsində, eyni zamanda, redaksiyanın namünasib vəziyyətdə qalacağından, onu bəlkə lüzumsuz ehtiyatda qınayacaqlarından duyulan aşkar bir narahatlıq, təəssüf hissi var idi.

Mən onu, təbii ki, başa düşdüm, doğrusu, redaksiyada da eyni qənaəti gördüm. Onu da deyim ki, mənim bildiyimə görə, neçə illər ərzində ilk dəfə idi ki, o, redaksiya ilə münasibətində verdiyi vədə dəqiq ola bilmirdi. Ancaq baş redaktor belə bir materialın həmin sayda hökmən verilməsinin vacibliyini mənim özümün yazmalı olduğumu qəti bildirdi.

Beləliklə, deyilən material yazıldı. Sonralar elmi rəhbərim, folklorumuzun böyük tədqiqatçısı Məmmədhüseyn Təhmasibin mənə o zaman sirr kimi dediyi bir söhbət həm məqalənin hökmən yazılması tələbini, həm mötəbər müəllifimizin əvvəlcə yazmağa razılıq verib, ardınca tərəddüd etməsi səbəbini mənə aşkar etmiş oldu.

Məsələ bundadır ki, həmin qeyri-müəyyənlik şəraitində o zaman Respublika Mərkəzi Komitəsində ideoloji məsələlər üzrə katib işləyən Şıxəli Qurbanov görkəmli alimlərimizdən bir qrupunu - o cümlədən Təhmasib müəllimi dəvət edib Novruz bayramının xalqın adətinə uyğun keçirilməsi barədə düşünüldüyünü deyib. Eyni zamanda əlavə edib ki, “yuxarıda” (Sov.İKP MK-da) narazılıq yaranarsa, sizə töhmət verməklə kifayətləniləcək

Ancaq məlum olduğu kimi, hadisələrin sonrakı gedişi belə bir məcburi çıxış yoluna lüzum qoymadı.

Beləliklə, böyük milli-mənəvi dəyərlərimizə - onun əziz Novruz bayramına münasibətdə redaksiyanın mövqeyi, təbii olaraq, xalqın mövqeyi ilə üst-üstə düşdü.

 

 

Ayaz VƏFALI

 

Ədəbiyyat qəzeti.-2009.-20 mart.-S.8.