Elşad Qoca-50
Hörmətli Elşad Qoca!
Sizi - istedadlı yazıçı-publisisti 50 yaşınızın tamam olması münasibətilə təbrik edirik.
Dövri mətbuatda hekayə, tərcümə və publisistik yazılarla çıxış etmisiniz. "Oğlum mənim, arxam mənim" adlı ilk kitabınız 1998-ci ildə çap edilib. Kitaba müxtəlif illərdə qələmə aldığınız uşaq nağılları, hekayələri və dünyanın tanınmış uşaq yazıçılarının yaradıcılığından dilimizə çevirdiyiniz əsərlər toplanıb. "Cəllad etirafı" (1999) və "Sibir dərsi" (2000) adlı kitablarınız 1920-1950-ci illərdə qırmızı bolşevik terrorunun qurbanı olmuş onlarla milli ruhlu ziyalımızın, o cümlədən tanınmış nəsillərdən Şahtaxtinskilər, Topçubaşovlar, Şamxorskilər, Aşurbəyovlar, Makinskilər, Usubbəyovlar və digərlərinin acı taleyindən bəhs edir. "Gizli xidmətin sirləri" (2000) tərcümə kitablarınızda gözə görünməyən cəbhədə - kəşfiyyat, əks-kəşfiyyat və xüsusi təyinatlı dəstələrdə çalışmış peşəkar insanların xatirələri oxucularımıza çatdırılmışdır. Vətəndaş yanğısıyla qələmə alıb ardıcıl nəşr etdirdiyiniz irihəcmli "Azərbaycan təhlükəsizlik və xüsusi xidmət orqanları" (2000), "Tariximiz və taleyimiz" (2001) kitablarında və nəhayət, "Azərbaycan xüsusi xidmətləri" (2004) miniatür kitabınızda 1918-1920-ci illərdə öz milli dövlətçiliyini bərpa etmiş Azərbaycan Xalq Cümhuriyyətinin kəşfiyyat və əks-kəşfiyyat orqanlarında çalışmış leytenant Ağalarovun, yesaul Yusupovun, polkovnik İrza bəy Hacıbəylinskinin, Məmmədbağır və Nağı bəy Şeyxzamanov qardaşlarının, Ələkbər xan Şahsuvarovun, Məmmədtağı Dadaşovun, Əli Razi Şamçızadənin və eləcə də Azərbaycandan kənarda fəaliyyət göstərən ilk kəşfiyyatçılarımız polkovnik Məmməd bəy Əliyev və Şahzadə Məmmədin fəaliyyəti çoxsaylı arxiv materiallarına əsasən işıqlandırılır. Hazırda "Körpülü və körpülülər" tarixi-publisistik kitabınız tamamlanmaq üzrədir. Kitabda indi "Ermənistan" adlandırılan ərazidə qalmış qədim Körpülü kəndinin və onun sakinlərinin keşməkeşli taleyindən bəhs olunur.
Siz Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmisiniz. "Kənd həyatı",
"Günəş", keçmiş
"Pioner" jurnalı
və "Səhər"
qəzetində işləmisiniz.
"Sərhəd" qəzetinin hərbi müxbiri olmusunuz. Döyüş bölgələrindən yazdığınız reportajlara
görə Respublika Həmkarlar İttifaqının
təsis etdiyi mükafata layiq görülmüsünüz. Azərbaycan Vətən müharibəsi
iştirakçısısınız.
Hörmətli Elşad müəllim!
Sizi bir daha yarıməsrlik
yubileyiniz münasibətilə
təbrik edir, sizə uzun ömür, cansağlığı,
yeni-yeni yaradıcılıq
uğurları arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.-2009.-1
may.-S.8.