Yaddaş
Eşitdiklərim, gördüklərim...
Qədim adət-ənənələrimiz xalqımızın tarixi-mənəvi yaddaşı kimi olduqca dəyərlidir. Həmin ənənələr içərisində ziyarətdən qayıdanları təbrik etmək, müqəddəs yerlərdən qayıdanlara "Qəbuli-ziyarət" və ya "Ziyarətin qəbul" deyib evlərinə getmək adəti bu günün özündə də qorunub saxlanılır.
Bu sırada xaricdə təhsil almışları da, yuxarıda dediyim qaydada "mübarəkbadlıq" etmək ənənəsi yaşamaqdadır.
Bir neçə vaxt bundan öncə Əhməd Fərhad oğlu Muradlı müəyyən mərhələdən keçərək yeddi il İngiltərədə "Amerika qitələrarası" Universitetdə magistraturanı bitirb. Odur ki, Əhmədi qohum-əqrəbalarından əlavə, kəndin başqa ağsaqqalları da təbrikə getmişdik.
Söhbət zamanı məsələ qaldırdıq ki, adətimizi yaddan çıxarmamaq üçün onun evlənmək işində, müasir toyla bərabər "Bəy hamamı", "Tövlə toyu" adətimizi də həyata keçirək.
Sağ olsun Fərhad, bu təklifi bəyəndi. Və dedi ki, hazırda Qala kəndində yaradılmış "Açıq səma" altında muzeyin qarşısında gənclərin məclisini qurmaq yerinə düşər. Bu zaman Fərhad onu əlavə etdi ki: "Qala kəndi xarabazara dönmüşdü. Xeyirxah insanlar kimi, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın sayəsində Qala kəndi abadlaşıb, simasını dəyişib".
Beləliklə, aprel ayının 18-də Ümumxalq referendumu günü, şərtləşdiyimiz kimi, bu gəncə "Bəy hamamı", "Tövlə toyu" etdik.
Mən eşitdiklərimdən və gördüklərimdən söhbət açmaq istəyirəm.
Oktyabr inqilabına qədər Qala kəndində olan toy mərasimlərindən danışarkən deməliyəm ki, məlum olduğu kimi, hər millətin öz toy qaydaları var, övladlarını evləndirəndə həmin qaydalara riayət etməyə çalışır. O cümlədən azərbaycanlıların da toy mərasimləri müxtəlif olur.
Bakı və Bakıətrafı kəndlərin toyları muğam dəstgahları üzərində qurulurdu. Eyni zamanda, toylar hal-hazırda olduğu kimi 300-400-500-ə qədər qonaqlı-qaralı olmurdu.
Toy mərasimlərindən ən baxımlı və maraqlılarından biri də bəyin hamamdan çıxarılması idi. Elə ki, "çərəzurna" və ya qara zurnanın səsi kəndə yayılardı, uşaqlar hamamın qarşısına yığılardılar. Bəyin dostları, sağdış-soldışı, kəndin cavanları onun qoluna girib hamamdan çıxarardılar. Bir qayda olaraq bəyin dostları onun başına xırda dəmir pul səpərdilər. Bəyin başına pul atanda, "dən atılan ac toyuqlar kimi" uşaqlar başlardılar pul yığmağa. Uşaqlar öz aralarında "Kim çox pul yığdı" - deyə yarış keçirərdilər.
Bəyi yaşadığı həyətə gətirər, gənclər bəyin qarşısında rəqs edərdilər. Sonra gəncləri küçəyə çıxarıb qapını bağlardılar və bəyin bacıları, xalaları və sair cavan qızlar-gəlinlər rəqs edərdilər. Bununla da gündüz mərasimi başa çatırdı.
Axşam vəzifə bölgüsü olurdu. Hər kəsə bir iş tapşırılırdı. Bəyin atası 14-15 yaşlı oğlanları həvəsləndirmək məqsədilə "Ay sağ ol, afərin! Sənin toyunda mən xəlbir ilə su daşıyacağam" - deyərdi. Uşağın başı işə elə qarışırdı ki, sözün mənasını başa düşmədən yalnız gülümsəməklə cavab verirdi.
Toy mərasimi zamanı "Xəlifə" və ya "Sərpayı" əlində bir dəstə "cib" dəsmalı tutub xüsusilə gənclərə paylayır. Deyilənə görə "cib" dəsmalı paylamaq ayrılıqdır.
Hazırda Qala və Şüvəlanda toy mərasimləri keçirilərkən bəyin hamama getməsi bir adət halını alıb.
Toy mərasimləri payız aylarında olarmış. Kəndli meyvənin yaşını yeyib, qalan qismini qurudaraq qışa tədarük etdikdən sonra xeyir işlərdə istifadə edərmiş.
Roma tarixçiləri səyahət zamanı Xəzəryanı xalqların mədəniyyəti ilə tanış olarkən qeyd etmişlər ki, Xəzəryanı xalqların söz sənətinin, süfrə mədəniyyətinin, ürək açan yanıqlı musiqisinin maraq dairəsi başqa xalqlardan yaxşı mənada seçilir.
İnsanlar tarix boyu sülh və əminamanlıq yaratmaq üçün müxtəlif yollar axtarmışdır. Kimisi başqa kənddən dost tapıb ticarət etmiş, kimisi də qohumluq əlaqələri yaratmışdır.
Keçmişdə - bildiyiniz kimi, indiki rahat nəqliyyat olmamışdır. Hər kənddən bir-iki nəfər yığışıb ziyarətə gedərmiş.
Təxminən 1865-1866-cı illərdə həcc ziyarətinə gedərkən yolda Buzovna qəsəbə sakini zərli-zərbəli Hacı Şıxəli babam Muradəli ilə həmsəfər olur. Misal var deyərlər: "Dostunu tanımaq istəsən, onunla yol yoldaşı ol". Necəsə bu iki nəfər bir-birini yaxından tanıyıb, ona görə də açıq söhbət ediblər.
Babam Muradəli ziyarətə gedərkən artıq həyat yoldaşı dünyasını dəyişibmiş. Eyni zamanda, Hacı Şıxəlinin üç qız övladı olan dul bacısı var imiş. Hacı Şıxəli babama deyib ki: "Gəl iki kənd arasında dostluq və qohumluq əlaqələri yaradaq. Yəni bacımı verim sənə, qızlarını da tanıdığın-bildiyin yaxşı adamlara ver". Ona görə də babam Qala kəndinə gəlib məsləhət etdikdən sonra iki kənd arasında qohumluq əlaqələri yaradılıb. Qızların birini Mərdəkana, ikincisini Əmircana, üçüncüsünü isə Qala kəndinə verib. Söylədiyim bu üç kəndin xeyir-şər işləri əksər hallarda bir yerdə olub. Bu mənada yuxarıda dediyim kimi, dostluq yaratmaq üçün qohumluq əlaqələri yaratmışıq.
Hal-hazırda Qala kəndi ətrafında olan Buzovna, Mərdəkan, Zirə, Türkan, eləcə də Bülbülə və Suraxanıda çoxlu sayda qohumluq əlaqələri yaradılmışdır.
Başqa kəndləri bilmirəm, Qala kəndində ən böyük tövlədə 20-25 nəfərlik toy məclisləri keçirilərdi. Həmin toya kəndin ən nüfuzlu adamları dəvət olunardı.
Atamın söylədiyinə görə (inqilabdan öncə) toy mərasimlərinin birinə Cabbar Qaryağdıoğlunu dəvət edirlər. Şübhəsiz ki, nəqliyyat indiki kimi olmayıb. Adamları şəhərdən kəndə 10-12 saata at arabası ilə, özü də yaysız (ressorsuz) gətirərlərmiş. Təsəvvür edin ki, Bakıdan Qalaya dərə-təpə yollarla gətirilən adam mənzil başına nə vəziyyətdə çatar.
Xanəndəni məclisə aparırlar yorğun-arğın vəziyyətdə. Aydın məsələdir ki, o halda necə oxuya bilərdi. Ona görə yerdən atama: "Məşədi Bəyəli, sən başla" - deyə müraciət edirlər. Atam Xorasanda ziyarətdə olmayıb. Nədənsə atamı Məşədi deyə çağırırlarmış. Anası tərəfdən yaxşı səsi olan məşhur Mirzə Kamıyab Sidqi Ruhulla atamla xala oğlu imiş. Atam xanəndə olmayıb, amma səsi pis deyilmiş. Atam muğamın "Bərdaşt"ını oxuyanda, "Bərdaşt"ın ortasında hiss edir ki, Cabbar yerindən tərpənir. Tez qavalı ona verir. O deyərdi ki, xanəndəni oxuyan vəcdə, həvəsə gətirir.
Onu da deyim ki, 1930-1940-cı illərdə - demək olar ki, repressiya illərində gördüyünüz bu səpkidə toy olmamışdır. Həmin illərdə qız köçürəndə, oğul evləndirəndə kiçik bir yığıncaq (yaxın qohumlar, musiqisiz) olardı, gəlini at arabası ilə aparardılar.
Bakının ətraf kəndlərinin insanlarının xəmiri muğamla yoğrulmuşdur. Xüsusilə füzulini çox seviblər.
Qala kəndində görkəmli xanəndələr olub. Onlardan yadımda qalan Məmməd Hüseyn, Ağababa, Laləyusif ətraf kəndlərdə çox hörmətlə qarşılanardı. Görkəmli sənətkar, xalq artisti Tələt Qasımov deyir ki, Məmməd Hüseyni yaxşı tanıyırdım, çox məlahətli səsi var idi.
O, sözünü davam edib söylədi ki, Hövsan kəndində toy aparırdım. Birdən şıdırğı yağış başladı elə ki, tut ucundan göyə çıx. Məcbur olub toy mərasimini tövlədə keçirdik.
Hansı kəndə getsəydin, o kəndin tanınmış adamları qonşu kənd haqqında ətraflı danışardılar.
Saydığım kəndlər içində bu yeganə kənddir ki, köhnə memarlıq üsulu ilə XIX əsrdə tikilmiş hamamı olub. Vaxt-zaman keçdikcə baxımsızlıq ucbatından sökülüb dağılmışdı.
Lakin xeyirxah insanlar onu bərpa etmiş, əvvəlki hala salmışlar.
Keçmiş dəb ilə toy etmək istəyən valideynlər saydığım kəndlərdən "Bəy hamamı"nı Qala kəndində keçirirlər.
Bir-iki kəlmə də tarixi yaddaşımız barədə. Bununla əlaqədar paytaxtımızın merinə - Bakı şəhəri İcra Hakimiyyətinin başçısı cənab Hacıbala Abutalıbova belə bir məktubla müraciət etmək istəyirəm:
Hörmətli Hacıbala müəllim!
Respublikamızda aparılan abadlıq işləri barədə televiziya ekranlarında vaxtaşırı maraqlı verilişlər göstərilir.
Bakı şəhərinin səliqə-sahmanı, abadlıq işləri isə, necə deyərlər, göz qabağındadır.
Mən 50 ilə yaxın Nizami muzeyində elmi işçi vəzifəsində çalışmışam.
Xatirimdədir, o zaman Bakıda iki məşhur yer var idi ki, izahatsız tanınırdı. Biri "Beş mərtəbə", biri də Nizami muzeyinin binasındakı "Saat" idi. Bu saatın altı o zamankı gənclərin görüş yer idi.
O da yadımdadır ki, "Beş mərtəbə"dən sonra Bakıda Mərkəzi hesablama idarəsi ilə üzbəüz on altı mərtəbəli bir bina tikilsə də, o, heç nə ilə yadda qalmadı. Nizami muzeyinin binasına, oradakı saatın tarixinə gəlincə, bu özü-özlüyündə ayrıca bir tarixdir. Mən uzun müddət həmin "Saat" yerləşən otaqda işləmişəm. O kəfkirli "Saat" üç küçəyə açılırdı: indiki İstiqlaliyyət, Məhəmməd Əmin Rəsulzadə və Əziz Əliyev.
Deyilənə görə 1918-ci il mart qırğınında bir yəhudi saatsaz şəhərdə olan qarışıqlığa baxmayaraq, hər gün səhər tezdən o saatı qurur və sarlayırmış.
Mən həmin ustanı görmüşdüm. Muzeyin həyətində, balaca bir otaqda yaşayırdı.
Usta dünyasını dəyişəndən sonra bu "Saat"la Bakı Sovetinin işçiləri məşğul olurdular.
İli yadımdan çıxıb, Sənan Əlizadə (Allah ona rəhmət eləsin) Bakı Sovetinin sədri olan müddətdə muzeyin binasının xaricini Bakı Soveti, daxilini isə Akademiya təmir etdirərdi.
Təəssüfləndim ki, rus təlim-tərbiyəsi almış o zamankı muzey rəhbəri "Saat" olan otaqda işləyirdi və otağına girməsinlər deyə heç bir akt tərtib etmədən həmin saatın otağından və beləliklə də, binadan çıxarılmasına "nail" oldu.
Beləliklə, asari-ətiqə olan bu "Saat"ın taleyi beləcə "həll" olundu.
Hörmətli Hacıbala müəllim! Siz o saatı yəqin ki, görmüşdünüz. Bəlkə də tələbəlik illərinizdə həmin saatın altında görüş təyin edən gənclərdən biri də siz olmusunuz.
Əgər həmin saatın yerinə heç olmasa elektron (43 siferblatlı) saat qoyularsa, onun əvvəlki ünvanındakı həyatı davam edər.
Odur ki, xatirələrin bərpasına, şəhərimizin tarixinə ehtiram olaraq, belə bir saatın yenidən həmin yerə qoyulması məsələsinə baxmağı sizdən xahiş edirəm.
Bu xahişimin cavabsız qalmayacağına ümidvaram.
Cümşüd
MURADOV
Redaksiyadan: Cümşüd müəllimin bu istəyi ilə bağlı Salman Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurla əlaqə saxladıq. O, müəyyən
araşdırma apardıqdan sonra oxuculara
aşağıdakı məlumatı yetirməyimizi xahiş
etdi: “Əməkdar incəsənət xadimi Olqa Aleksandrovna Cəlalbəyovanın
şəxsi fondu mühafizə olunur. Olqa Cəlalbəyova
1920-ci ildən 1937-ci ilə qədər Azərbaycan SSR Xalq
Maarif Komissarlığında çalışıb. Həmin
illərdə o, Azərbaycan ədəbiyyatı və incəsənəti
tarixinə dair 60-dan çox sərgi hazırlayıb. Bu sərgiləri
Londonda, Parisdə, Ankarada, Praqada, Leypsiqdə və başqa
yerlərdə nümayiş etdirib. O, 1939-1958-ci illərdə
Nizami adına Ədəbiyyat Muzeyində
çalışıb və o muzeyin binasının
fasadlarını, daxili ornamentlərini, ekspozisiyalarını
tərtib eləyib, hazırlayıb. Onun arxivində
özünün tərtib etdiyi Nizami adına Ədəbiyyat
Tarixi Muzeyi albomunda binanın fotosu ilə yanaşı
zalların, fasadların, mərtəbələrin də şəkilləri
var. Albomun 6-cı səhifəsində "Nizami adına
Muzeyin baş fasadı" şəkilaltı söz var, lakin
təəssüf ki, şəkil yoxdur, qoparılıb. "Saat" çox güman ki, həmin baş
fasadda yerləşdirilibmiş. 9-cu səhifədə isə
binaya girişin yuxarı hissəsində karandaşla çəkilmiş
dairəvi cizgi var, bu da güman etməyə əsas verir ki,
haqqında söhbət gedən "Saat" həmin dairədə
yerləşdirilibmiş.”
Bu maraqlı məlumatı oxucuların nəzərinə
çatdırmaqla bərabər ümid edirik ki, AMEA-nın
Memarlıq və İncəsənət İnstitutunun mütəxəssisləri
həmin faktın iziylə "Saat"ı tapacaq və
redaksiyamıza məlumat verəcəklər.
Əədəbiyyat qəzeti.-2009.-1
may.-S.5.