Klassik irs: mülahizələr

 

Cavid və Əttar

 

Orta əsr Şərq islam poeziyasına təsəvvüf fəlsəfəsinin böyük təsiri vardır. Sufizmin müxtəlif qolları, müxtəlif təriqətlər mövcud olduğu kimi, ümumən təsəvvüf mövqeyində duran şairlərin də öz yaradıcılığında məhz hansı ideyadan çıxış etməsi onların bu və ya digər konkret fəlsəfi təlimə, yaxud təriqətə bağlılıqlarını ifadə edir.

Nizami Gəncəvi sufizmdən daha çox məşşai fəlsəfəsindən təsirləndiyinə görə, onun poeziyasında maddi dünya, ictimai həyat geniş yer almışdır. Bütün poemaların Allaha və peyğəmbərə həsr olunmuş münacat hissəsində mistisizm özünü aydın şəkildə göstərsə də, əsərlərin təhkiyəsində konkret insani münasibətlərin cəmiyyət və mühitlə vasitələnməsi, insanların real iqtisadi, sosial və hətta instinktiv ehtiyacları, estetik duyğular geniş planda tərənnüm olunur. Yəni Nizamidə ilahi duyğular, dini təsəvvürlər insanın maddi-cismani həyatını istisna etmir. Məhəbbət də Nizamidə iki yerə ayrılır: ilahi eşq və insanlar arasında eşq. Bunların biri digərini əvəz etmir, çünki şəxsi həyatın din və iman müstəvisinə çıxarılması və burada əridilməsi təşəbbüsü yoxdur. Sufilərin əksəriyyəti isə eşqin ilahiləşdirilməsi sahəsində o dərəcədə irəli gedirlər ki, insanlararası münasibət tamamilə itir və ancaq Allah-insan münasibətləri saxlanılır. Və bu münasibətlər çox vaxt təbiət və cəmiyyətlə də vasitələnmir. Ayrı-ayrı hallarda konkret insanla münasibət təsvir olunsa da, son nəticədə bu münasibət də mistikləşir, ilahiləşir və Allaha yönəlmiş bir duyğunun keçici məqamı kimi arxa plana keçir. Məsələn, Fəridəddin Əttarın «Şeyx Sənan» əsərində mavi gözlü xristian qızı Şeyx Sənanın normativ dini ayinlərdən ayrılaraq ilahi sevginin yeni mərtəbəsinə qalxması üçün bir növ keçid pilləsidir. Lakin sual olunur ki, nəyə görə ilahi eşqin yolu bir qadına olan eşqdən keçməlidir? Nəyə görə ilahi gözəllik qadın gözəlliyinin libasında təzahür etməlidir? Axı “Qurani-Kərim”də Allahın qüdrəti daha çox başqa ayətlərlə nişan verilir. Bu yer, bu göy, ulduzlu səma, barlı-bərəkətli torpaqlar, bütün nəbatat və heyvanat aləmi və nəhayət insan, onun düşüncə və yaradıcılıq əzmi - bütün bunlar da məhz Allahın qüdrətinə və hikmətinə dəlalət etməklə yanaşı, ilahi sevginin vəsilələri ola bilər.

Konkret bir qadına olan məhəbbətin ilahi eşqə aparan yolda bir vəsilə kimi dəyərləndirilməsi isə sufi poeziyasının heç də bütün klassik formalarına aid olmayıb, «məhəbbət dini»nin tərənnümçülərinə xasdır ki, bunların da ən böyük nümayəndələri İbn Ərəbi və Mövlanadır. Belə ki, Rabiə əl-Ədəviyyə, Cüneyd Bağdadi, Mənsur Həllac kimi görkəmli sufilərin yaradıcılığında ilahi eşq hələ insani eşqlə qarışdırılmır. Yuxarıda qeyd etdiyimiz kimi, hər iki eşq formasını yüksək dərəcədə tərənnüm edən Nizami Gəncəvi də bunları qarışdırmır. Belə bir «kompleks yanaşma» - qadın gözəlliyinə aid olan metaforaların ilahi eşq kontekstində istifadə edilməsi və ya qadına olan eşqin böyüyüb ilahi eşqə çevrilməsi, ümumiyyətlə, müqəddəslik duyğusunun məhəbbət və mərhəmət duyğusu ilə, dini hissin eşqlə eyniləşdirilməsi özünün klassik formasında məhz «Məhəbbət mənim dinim və imanımdır» deyən İbn Ərəbi poeziyasında əksini tapır:

 

Mən məhəbbət dininə inanıram

O məni hansı səmtə çəkib aparsa da.

 

İbn Ərəbi belə bir mövqedən çıxış edir ki, ümuminin dərk olunması və mənimsənilməsi fərdi-konkret olanın mənimsənilməsi sayəsində mümkündür. Görünür, İbn Ərəbiyə görə, ilahi gözəlliyin vəsfi üçün onun konkret təzahürlərindən biri olan qadın gözəlliyini vəsf etmək də məqbul sayıla bilərmiş (İbn Ərəbinin məhəbbət mövzusunda yazdığı şeirlərin əslində onun sevgilisi Konyalı Nizam adlı gözələ həsr olunduğu güman edilir. A.D.Knışın yazdığı kimi, 1215-ci ildə İbn Ərəbi qadına həsr olunmuş şeirlərdə həddən artıq açıq-saçıqlığa yol verdiyinə görə tənələrə məruz qalmış və o, bəraət üçün bu məhəbbət obrazlarının əslində simvolik xarakter daşıdığına inandırmağa çalışmış, bu məqsədlə geniş şərhlər yazmışdır).

Məhz bu xəttin nümayəndəsi olan F.Əttar isə «Şeyx Sənan» əsərində belə deyir: «Həqiqi aşiq heç bir dini tanıya bilməz, belə ki, onun imanı məhəbbət özüdür. Onu cəmiyyətdə tutduğu mövqe də maraqlandırmır, çünki aşiqlikdən daha yüksək mövqe yoxdur».

Bu ideya neçə əsrlər boyu Şərq poeziyasının aparıcı motivlərindən biri olmuşdur. Onun ən gözəl ifadə formalarından birinə biz H.Cavid poeziyasında rast gəlirik:

 

Mənim Tanrım gözəllikdir, sevgidir.

 

Yaxud:

 

Məhəbbətdir ən böyük din.

 

Düzdür, Hüseyn Cavid də Nizami kimi ilahi eşqi insani eşqdən ayırır. Bir sıra şeirlərində, «Afət»də adi insani duyğuları, qadın gözəlliyini, hətta erotik komponenti də əhatə etməklə eşqin bütün spektrini tərənnüm edən Cavid başqa əsərlərində, xüsusən «Peyğəmbər»də ilahi eşqin parlaq nümunəsini yaradır. Peyğəmbərin füsunkar Şəmsanın məhəbbətinə biganəliyinin səbəbi də qızın Tanrı sevgisindən məhrum olması, bütlərə tapınmasıdır.

 

Xayır, istəməm gözəl qız,

Sevgilim Tanrıdır yalnız..

 

Burada gözəl qızdan imtina edilməsinin səbəbi onun Tanrıya qarşı qoyulmasıdır. Cavid də, onun qəhrəmanları da qadın gözəlliyini ümumiyyətlə inkar etmir, lakin bu gözəlliyin Tanrıya alternativ olmasını qəbul edə bilmir. Təsadüfi deyil ki, islam dini kafirlərlə evlənməyi qadağan edir.

Belə çıxır ki, ancaq Tanrıya doğru can atan, əqidəsi uyğun olan, eyni yolun yolçusu olanlar həqiqi mənada sevgiyə layiqdirlər. Başqa sözlə insani məhəbbət də ilahi məhəbbət kontekstində nəzərdən keçirilir, lakin qarışıq salınmır. Cavid yaradıcılığında ancaq «Şeyx Sənan» pyesi bu mənada istisnadır. Görünür, pyesin təhkiyəsi sufi mənbələrindən götürüldüyünə görə, burada qadına olan eşqlə ilahi eşq sinkretik şəkildə götürülmüşdür.

Fəridəddin Əttarın versiyasında Şeyxin ilahiyə doğru yüksəliş yolu mənəvi böhran və geriyə qayıdış məqamlarını da əhatə edir. Bu, əslində dialektik bir yanaşmadır. Yəni dinlərin fövqündə duran ilahi vəhdət ideyasına yüksəlmək və Allahı bilavasitə duymaq üçün konkret dinlərin təfərrüatından, mərasimçilikdən, ayinçilikdən imtina etmək tələb olunurmuş. Başqa sözlə, mühüm olan islamın, yaxud xristianlığın ehkamları yox, hissi dünyanın bütün cazibələrindən yaxa qurtararaq birbaşa Allaha yüksəlməkdir. Lakin F.Əttar bütün cazibələrdən xilas olmağın ən gözəl yolu kimi bu cazibələrin ən güclüsünü vasitə kimi seçir. Yemək-içmək, var-dövlət, rəyasət, ictimai nüfuz, şöhrət və s.-dən ancaq eşq qanadlarında uzaqlaşmaq mümkündür. Lakin qadına olan eşq son məqam deyil, əksinə, ali mərtəbəyə aparan yolda bir pillə, vəsilədir.

Hüseyn Cavid sufi poeziyasında yaxşı məlum olan bu mövzunu öz fəlsəfi konsepsiyasının tələblərinə uyğun olaraq yenidən işləmiş, məlum rəvayətə bəzi əlavələr etmiş, fərqli tərəflərin mövqeyini daha aydın ifadə edə bilmək üçün yeni obrazlar daxil etmişdir.

Əvvəla, Cavidin Şeyx Sənanı qocalığında eşqə düşmür, yəni onun eşqi qarşılıqlı olmaq şansına malikdir. Burada romantizm realizmlə çulğalaşır. Gürcü qızı Xumarın da Şeyx Sənanı sevə bilməsi üçün yer qoyulur. F.Əttarda ancaq Şeyxin sevgisindən söhbət gedir, qız ona olsa-olsa pul, var-dövlət müqabilində qarşılıq verə biləcəyini deyir. Əttarın mavi gözlü gözəli hadisələrin başlanğıcında məbəddə çalışmasına baxmayaraq, mənəviyyat bataqlığından çıxmamışdır. O, böyük eşqdən xəbərsizdir. Onda var-dövlətdən və şəhvətdən yüksəkdə duran bu qeyri-adi duyğunun yaranması üçün hələ çox möcüzələr göstərilməli, eşqin gücünün isbat olunması üçün çox əzab-əziyyətlər çəkilməlidir. Və ancaq bu cür təmənnasız eşq ilahi eşqə aparan yolun başlanğıcına çevrilir. Şeyx Sənanın öz sevgisində göstərdiyi əzm, imtina qüdrəti, qəhrəmanlıq qızın qəlbinin lap dərinliklərində olan ilahi duyğuların üzə çıxarılmasına xidmət edir. Və nəhayət, onun Sənan vasitəsi ilə Haqq işığına can atması üçün yol açılır. F.Əttarda sevginin qüdrəti özünü ancaq Şeyx Sənanın öz dini ayinlərinə daha sərbəst yanaşması bahasına eşq yolunda əzm göstərməsi ilə deyil, daha çox dərəcədə əcnəbi qızın bu uca duyğunun təsiri ilə dəyişərək böyük eşq, ilahi sevgi və əslində Haqq yolunu tutması ilə təsbit olunur.

F.Əttarda tərsa qızı hələ ilahi eşq qığılcımı ilə işıqlanmadığı ilkin mərhələdə Şeyx Sənanın eşqinə qarşı çıxır, maneələr yaradır, şərtlər qoyur.

H.Caviddə isə müqavimət göstərən, Sənana qarşı ağır şərtlər qoyan, onun eşqini sınağa çəkən və eşqindən döndərməyə çalışan qız deyil, onun atası və hətta atasından daha çox keşişdir. Xumarın burada Sənana olan münasibəti islam dininə olan münasibətdən qaynaqlanır, bir xristian ehkamçısının islama qarşı kin-küdurətini ifadə edir. Cavid dini mərasimçilikdən, dinin mahiyyətindən deyil, formasından, görüntülərdən çıxış edənlərin düşmənçiliyi fövqündə həqiqi dindarlar üçün bütün dinlərin eyniyyət məqamını, vahid Allaha inamın hər şeydən uca tutulmasını, yəni Haqqa qovuşmaq idealını önə çəkir və dini vəhdət konsepsiyasını irəli sürür.

Bu baxımdan, H.Cavidin Şeyx Sənanı F.Əttarın eyni adlı obrazından fərqli olaraq qarşısına ancaq eşqin qüdrəti ilə tərsa qızına ilahi eşq təlqin etmək, bir vücudun zahiri gözəlliyini daxili işıqla tamamlamaq deyil, bütövlükdə eşq duyğusunu ilahi eşq səviyyəsində təqdim etmək və dini duyğuları da təfərrüatlardan, mərasimçilikdən, zahirilikdən təmizləyərək ilahi eşq məqamına yüksəltmək və bütün dinləri bu yüksək məqamda birləşdirmək məqsədi qoyur.

Lakin H.Cavidin irəli sürdüyü bu daha böyük missiyanın poetik təcəssümü ideya baxımından yenə təsəvvüf fəlsəfəsi ilə bağlıdır. Bu da F.Əttardan əvvəl mövcud olmuş, ondan azca sonra İbn Ərəbi tərəfindən sistem halına salınmış vəhdət əl-vücud, ilahi eşq və vahid din təlimidir.

Cavid yazır:

 

Birsə Həqq, cümlə din də bir… naçar,

Xəlqi yalnız ayırmış azğınlar.

 

İdeal sevgili kimi məhz başqa din nümayəndəsinin seçilməsi də, bir tərəfdən, eşqin daha böyük maneələri aşmaq qüdrətini göstərmək üçündürsə, digər tərəfdən, sevgi məqamında dinlər arasında fərqin aradan götürüldüyünü göstərmək üçündür.

 

 

Səlahəddin Xəlilov

 

Ədəbiyyat qəzeti.-2009.-1 may.-S.7.