Yazıçılar Birliyində
Aprelin 24-də AYB-nin Natəvan klubunda tanınmış şair Mətləb Misirin 70 illiyi qeyd edildi. Tədbiri xalq şairi Musa Yaqub açaraq Mətləb Misirin həyat və yaradıcılığı haqqında danışdı. "Çadır və çadır rəngləri" silsilə şeirlərindəki kimi, şair ayrılıq, qaçqınlıq dərdi kimi səciyyəvi problemlərə toxundu. Daha sonra Ramiz Məmmədzadə şairlə bağlı fikirlərini bildirdi. Qarabağ müharibəsinin Mətləb Misir poeziyasını sındırmağını vurğuladı.
"Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə yubilyarı 70 illiyi münasibətilə təbrik etdi və bildirdi ki, Mətləb Misir qaynayan bulaqdı, onun ağrısı, acısı və deməyə sözü var, şairin bəxtinə vətən həsrəti, torpaq itkisi mövzulu nisgilli şeirlər qələmə almaq yazılıb.
Şair Vaqif Bəhmənli çıxışında indiyə kimi iki məktəb gördüyünü, onlardan birinin məhz Mətləb Misir məktəbi olduğunu qeyd etdi və bildirdi ki, Mətləb Misir həyata, torpağa, yurduna bağlı şairdir. V.Bəhmənli onu da qeyd etdi ki, M.Misir Qarabağ dərdinə ağlamır, həm də dərdi, ağrını şair peşəkarlığı ilə mənalandırmağı bacarır.
Tədbirdə Adil Cəmil, Oqtay Rza, Fərqanə, E.Bayramlı, Musa Ələkbərli, T.Əliyev, İlyas Tapdıq, A.Quliyev və başqaları çıxış etdilər. Baş nazirin müavini, xalq yazıçısı Elçinin təbriki oxundu.
Sonda "Mən öləndə məni şəhid kimi basdırın" deyən şair çıxış etdi,
tədbir iştirakçılarına
minnətdarlığını bildirərək yeni şeirlərini oxudu.
S.Sadıqlı
Ədəbiyyat qəzeti.-2009.-1
may.-S.6.