Ömrün,
günün anları
O, ədəbiyyata səksəninci illərin ortalarında gəlib. İlk kitabı işıq üzü görəndə isə yaşı otuzu keçmişdi. Amma şeir yazmağa çoxdan başlamışdı, sadəcə hər şerinə, misrasına məsuliyyətlə yanaşırdı, ustadlardan öyrənirdi. "Günəş qatarı" onu poeziya qatarının dayandığı stansiyaya gətirdi. Elman Həbib adi bir sərnişin kimi o qatara əyləşdi və otuz ilə yaxındır ki, o qatarda yol gedir. Bu illər ərzində Elmanın iyirmidən artıq kitabı çıxıb. Şair, publisist, dramaturq… İstedadı nəyə yetibsə, o sahədə təzə söz deməyə can atıb. Yazmadığı, mətbuatda görünmədiyi günlər, aylar olub, elə günlər, aylar da olub ki, yazmaqdan yorulmayıb, bir ildə iki-üç kitabı nəşr edilib. Elman Həbibin ilk iş yeri Naxçıvan televiziyası olub. Ömrünün otuz bir ili burada keçib. Ədəbi işçidən Naxçıvan Radio və Televiziya Komitəsinin sədrliyinə qədər yüksəlib. Deyir ki, komitə sədri olanda televiziyanın səviyyəsinin qalxmasında əməyim çox olub. Televiziyada işlədiyi illər onun həyatında bir çox xoş hadisələr baş verib - evlənib, ailə həyatı qurub, Naxçıvan Respublikasının əməkdar incəsənət xadimi, sonra Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb. Sonra daha mühüm bir vəzifəyə - Naxçıvan Respublikası Həmkarlar Komitəsinin sədri təyin edilib və burada işlədiyi müddətdə də "Şöhrət" ordeni ilə təltif edilib. Ancaq harada işləyirsə-işləsin, nə poeziya onu tərk edib, nə də o, poeziyanı.
Onu çoxdan tanıyıram. İlk şeirlər kitabı olan "Günəş qatarı"na (1981) müsbət rəy yazmışam. Aradan keçən bu iyirmi səkkiz il ərzində onun yaradıcılığını diqqətlə izləmişəm, iki şeirlər kitabı haqqında resenziyalarım çap olunub. İndi o, ömrünün altmışıncı baharını qarşılayır. Özü də elə bu bahar ayında - mayda dünyaya gəlib.
Elman Həbib Ordubad rayonunun Tivi kəndində dünyaya göz açıb. Tivi Naxçıvanın ən koloritli, bir dəfə görsən hes vaxt unutmayacağın, uca dağlar qoynunda qərar tutan kəndlərindən biridir. Elman deyir ki, bizim kəndin Naxçıvan diyarının digər kəndlərinə bənzəməyən özünəməxsus xüsusiyyətləri var. Bu özünəməxsusluq ən çox qədim adət-ənənələrin bir tutya kimi qorunub saxlanılmasında özünü göstərir. Bu kənddən indiyə kimi on nəfər Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Elman
Tiviyə çoxlu şeirlər həsr edib. Tivi məşhur
Gəmiqayanın ətəyindədir.
Gəmi
dənizdə üzər,
Dərində,
üzdə üzər.
Mən
bir gəmi görmüşəm,
Qupquru
düzdə üzər.
Burda
car çəkir sükut,
Burda
canlıdır hər daş.
Söykənib
bir-birinə
Qayalar
olub qardaş.
Zirvələr
bir ox kimi
Tuşlanıb
azğın yada
"Gəmiqaya"da.
Elmanın
Tiviyə, Ordubada, Naxçıvana və bu qədim diyarın
keçmişinə, bu gününə həsr elədiyi
şeirləri çoxdu. Doğulduğu torpağa, yurda
bağlılıq onun şeirlərindən qırmızı
xətt kimi keçir və deyə bilərəm ki,
böyük Azərbaycana məhəbbəti də elə o
torpaqdan, yurd yerindən başlayır.
Elman
Həbibin şeirlərinin başlıca məziyyəti nədən
ibarətdir? Belə bir sual verməli olsaq, cavabını da
çox asanlıqla verə bilərik: O, təbii şairdir. Təbiilik
Elmanın şeirlərinə onun öz insani
varlığından süzülür, həyatda necədirsə,
şeirlərində də özü olmağa
çalışır. Bu təbii şair, həm də səmimi
şairdir. Bu səbəbdən də Elman öz oxucusu ilə
tez dil tapır. Əlbəttə, bu təbiiliyi və səmimiliyi
onun poetik istedadı cilalayır.
Yenə
mən yol aldım dərəyə, dağa,
Bahar
yolbəyi tək düşdü qabağa.
Çiçəklər
xoşgəldin dedi, ay qağa:
Lilparım,
nərgizim, süsənim dedim.
Çimizdirdi
məni şehi çəmənin,
Quruladı
məni mehi çəmənin,
Qulağıma
dəydi ahı çəmənin,
Sənə
çiçək qalsın, ah mənim dedim.
Bu
şeir Elmanın ilk şeirlərindəndir və o, bu
şeirdəki təbiilik və səmimiyyətə
bütün yaradıcılığı boyu sadiq qalıb.
Elmanın yaradıcılığından söz açan Məmməd
Araz, İsa Həbibbəyli, Hüseyn İbrahimov kimi
tanınmış söz adamları da bu cəhəti yüksək
qiymətləndirmişlər.
Elmanın
publisistik yazıları da var və bu yazılarda o, müstəqil
Azərbaycanın və onun ayrılmaz parçası olan
Naxçıvanın 1988-ci ildən bəri
yaşadığı ictimai-siyasi, iqtisadi və mənəvi
durumu əks etdirir. Onun "Heydərnamə", "Həqiqət
günəşi", "Türknamə" poemaları ilə
publisistik yazıları arasında bir ahəngdarlıq var.
Elmana
nə arzulayım? Yenə bu ilhamla yazıb-yaratmağı,
cansağlığı, könül xoşluğu..
Vaqif YUSİfLİ
Ədəbiyyat qəzeti.-2009.-1
may.-S.6.