Qılman İlkin - 95

 

“Peşəkarlıq sənətdə başlıca şərtdir…”

 

Müsahibimiz xalq yazıçısı Qılman İlkindir

 

- Qılman müəllim, mən həyatda ilk "beş"imi sizin "Yalquzaq" hekayənizi yaxşı öyrəndiyimə görə ədəbiyyat müəllimimdən almışam. Yadımdadı, müəllim gündəliyimə qırmızı qələmlə "beş" yazdı, sonra yazdığı rəqəmi qələmlə xeyli qalınlaşdırıb dedi ki, bu, "kök beş"di. İllər sonrası mən öz şagirdlərimə, tələbələrimə qiymət yazdıqca o "kök beş" gəlib gözlərim önündə dururdu, sizin o gözəl hekayənizin təəssüratını yenidən yaşayırdım, aldığım ilk "beş"in xoş duyğusu öz diktəsini edirdi. Maraqlıdır, ömrün doxsan beşinci baharını qeyd etməyə hazırlaşan bir sənətkar mənə "beş" yazdıran o hekayəni yazana qədər hansı duyğularla yaşayıb, hansı pillələrə qədəm basıb

- Hə, bu bir az uzağın söhbətidi. Gərək onda qayıdam Bakının Mərdəkan qəsəbəsində Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi orta məktəbdə ibtidai təhsil aldığım illərə. Dördüncü sinifdə oxuyurdum. Bir gün müəllim bizə Hüseyn Cavidin "Öksüz Ənvər" mənzum hekayəsini oxudu. Həmin hekayədə yetim Ənvərin ağır həyatı təsvir olunurdu. Özümü saxlaya bilməyib hönkür-hönkür ağlamağa başladım. Məni heç cür sakitləşdirə bilməyən müəllim əlacsız qalıb dedi ki, çıx bayırda ağla, ürəyin boşalanda qayıdarsan. Çıxdım bayıra. O ki var ağlayıb ürəyimi boşaltdım. Sinfə qayıdanda uşaqlar məni lağa qoyub gülüşdü. Ancaq onlar bilmirdilər ki, yetim Ənvərin taleyi ilə mənim taleyim əkiz qardaş kimi oxşardı. Atam vaxtsız dünyasını dəyişmişdi. Böyük bir ailə anamın ümidinə qalmışdı. Hüseyn Cavid o hekayətdə elə bil mənim taleyimi qələmə almışdı. Ağladığıma görə mənə gülüşən sinif yoldaşlarıma heç nə demədim. Ancaq hiss etdim ki, içərimdə yeni bir dünyanın oyanışı başlayır. Həmin gün göz yaşları içində boğula-boğula həyatı dərk etməyə başladım. Dinlədiyim o hekayət həmin gündən məni ədəbiyyata bağladı, mən sənətin, sözün cazibədar qüvvəsini dərk etdim. Elə bil sehrli aləmə düşmüşdüm. Hər şey gözlərimdə başqalaşmışdı. Həmin gündən meylimi saldım bədii kitablar oxumağa. O vaxtlar yazıçıların kiçik hekayələr kitabı nəşr olunurdu. Gedib alırdım. Satıcı deyirdi ki, a bala, sən bu qədər kitabı necə oxuyub başa çatdırırsan, bu qədər kitab oxumaq olarmı? Beləcə, içimdə bir ədəbiyyat sevdası baş qaldırdı. İllər keçdikcə bu sevdanın havası məni çəkib apardı. Onuncu sinfi başa vurub Pedaqoji Texnikuma qəbul olunanda da, təhsil illərində də bu sevda mənimlə oldu. Şəhər həyatı sənətə olan məhəbbətimi daha da qüvvətləndirdi. Texnikumda təhsil beş illik idi. Bizə Türkiyədən dəvət edilmiş müəllimlər dərs keçirdilər. Xətrimizi çox istəyir, "siz bizim yavrularımızsınız" - deyirdilər. Yerlərdə müəllim çatışmamazlığı olduğuna görə bizi bir il tez buraxdılar. Adımızı da "Zərbəçi müəllim" qoyub rayonlara bölüşdürdülər. Mən Xaçmaz rayonuna düşdüm. Buradan da göndərdilər Əhmədoba kəndinə. O zaman kollektivləşmə dövrü idi. Az-çox imkanı olanın səsi alınmış, mal-mülkü müsadirə edilmişdi. Varlıların çoxu dağa, meşəyə çəkilmişdi. Kəndin məktəbi bərbad halda idi. Qabaqlar tövlə imiş. Uşaq-zad da gəlmirdi. Qapı-qapı düşüb uşaq toplayası olduq. Kənd sovetinin sədri də mənə kömək edirdi. Məni öz evlərində saxlayırdı. Deyirdi ki, ehtiyatlı ol, məktəbə cəlb etdiyin uşaqların dağa-daşa çəkilmiş valideynləri səni hədələyiblər, heç nəyin güdazına gedə bilərsən. Bax, belə bir şəraitdə işləyəsi oldum. Arada məktəbə tədris ləvazimatı almaq üçün şəhərə gəlmişdim. Qayıdanda kəndi başdan-başa matəm içində gördüm. Öyrəndim ki, qaçaqlar gecə kəndə hücum edib kənd soveti sədrini qətlə yetiriblər. O güllə bəlkə də mənə atılıbmış. Mən bunu yaxşı dərk edirdim. Ancaq neynəyə bilərdim? Kənd soveti sədrinin anası xətrimi çox istəyirdi, məni başqa evə köçməyə qoymadı. Təhlükəsizliyi təmin etmək üçün rayon rəhbərliyi kəndə milis işçiləri təhkim etdi. Bir il işlədim. Sonra anamın təkidi ilə şəhərə qayıdası oldum.

- Kədərli, ağrılı olsa da, yəqin ki, bu yaşantılar gələcək yazıçının həyat müşahidələrinin zənginləşməsi üçün xeyli material verdi

- Bəli… O illərdə mən kollektivləşmə dövrünün bütün yaşantılarını öz gözlərimlə gördüm, müşahidə etdim. Şübhəsiz ki, bu müşahidələr sonralar mənim yaradıcılıq materiallarım arasında əsaslı yer tutdu. O dövr çox ziddiyyətli bir dövr idi. Bir tərəfdə yeni, gənc sovet dövlətinin xoş gələcək vəd edən çağırışları adamları maqnit kimi özünə çəkirdi. Mən o adamları qınamıram, həyat çətin idi, insanların bir qismi yeni quruluşa xilaskar kimi baxırdı, bir qismi gözləmə mövqeyində idi, elələri də var idi ki, bayaq dediyim kimi, dağa-daşa çəkilib son gücləriylə gələn bəlaya qarşı təpki göstərirdilər. Bütün bu yaşananları müşahidə etmək, bu durumun nəfəsini hiss etmək sənət sevdalısı olan bir gənc üçün kifayət qədər zəngin həyat materialları verməyə bilməzdi. Və bu müşahidələrin əksər məqamları mənim ayrı-ayır əsərlərimdə öz ifadəsini tapmamış olmasın gərək. Ən çox yadımda qalan odur ki, o illərin gəncliyi həyata çox güclü bir inamla, əqidəylə atılmışdı. Bayaq haqqında danışdığın "Yalquzaq" hekayəsinin gənc qəhrəmanı olan həkim qız da həmin inamın, əqidənin daşıyıcısı idi. Həmin dövrün gəncliyi üçün işə vicdanlı münasibət, insan, qanun məfhumuna sarsılmaz məhəbbət ön planda idi. İnsanlıq, vətəndaşlıq yolunda tarana getmək o illər gəncliyinin başlıca məziyyəti idi. Ədəbiyyata, sənətə olan vurğunluğum, aludəçiliyim məni də bu ruhda böyüdürdü və get-gedə mən bunu daha çox hiss etməyə başlayırdım.

- Yəqin ki, elə bu duyğularla da ilk qələm təcrübələrinizi yazmağa başladınız?

- Bilirsinizmi, mən hələ Pedaqoji Texnikumda oxuyarkən Əzizbəyov kitabxanası nəzdində Yazıçılar İttifaqının ədəbiyyat dərnəyində müntəzəm olaraq iştirak edirdim. Bu dərnəyə əvvəlcə Almas İldırım, sonralar isə Seyid Hüseyn rəhbərlik edirdi. Almas İldırımın rəhbərliyi dövründə hamımız dönüb şair olmuşduq. Elə mən özüm də şeir yazırdım. Elə ki, Seyid Hüseyn gəldi, az keçməmiş bizi öz cazibə qüvvəsinə necə saldısa, bir də baxıb gördük ki, hamımız hekayə yazmağa başlamışıq. Mənim ilk hekayəm o zaman Seyid Hüseynin köməkliyi ilə "Hücum" jurnalında dərc edilmişdi. Elə ki, mən anamın təkidiylə Bakıya qayıtdım, ondan sonra mətbuat sahəsində çalışmağa başladım. Köhnə dostlarımdan olan İsrafil Nəcəfovun köməkliyi ilə "Gənc işçi" qəzetində ədəbi işçi kimi çalışdım. Redaktorumuz ədəbiyyat adamı deyildi. Məni çox incidirdi. Bir il sonra mən qəzetin nəzdində çıxan uşaq jurnalında işləyəsi oldum. O zaman Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti Akademiyanın Rəyasət heyətinin yerləşdiyi binada fəaliyyət göstərirdi. Yazıçılar yığışırdılar oraya. Mən də gedirdim. Eyni zamanda, təhsilimi davam etdirmək fikri bir an da olsun məni tərk etmirdi. Nəhayət, 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat və tarix fakültəsinə daxil oldum. Eyni zamanda, ədəbi yaradıcılıqla daha çox məşğul olmağa başladım. Əli Vəliyevin, Zeynal Xəlilin, Mikayıl Müşfiqin əsərləri barədə ədəbi-tənqidi məqalələr yazdım. 1938-ci ildə institutda Müşfiqlə görüş zamanı şairin uşaq şeirləri barədə etdiyim məruzəyə görə az keçməmiş başım bəlalar çəkməyə başladı. Müşfiq həbs olunandan sonra məni tez-tez Milli Təhlükəsizlik Komitəsinə çağırır, sorğu-suala tuturdular. Soruşurdular ki, nə üçün Müşfiq məruzəni məhz sənə tapşırıb, onlara gedib-gəlirsənmi? Hədələyirdilər, Müşfiqin əleyhinə ifadə almaq istəyirdilər. Çox ağır illər idi. Hamı bir-birindən şübhələnirdi. Satqınçılıq baş alıb gedirdi. Yazıçılar İttifaqının içində də satqınlar tapılırdı. Müşfiqdən nə qədər donos yazırdılar… Od-alov kimi adam idi Müşfiq, şeir oxuyanda barmaqlarını düyünləyib azca yuxarı qaldırardı. Hamı onun yaddaşına, hafizəsinə heyran idi. Yadımdadı, poeziya axşamlarının birində Müşfiq "Küləklər" şerini oxudu. Qayıdıb yerində oturmaq istəyəndə Hüseyn Cavid onu yanına çağırıb qulağına nəsə dedi, hər ikisi gülümsündü. Sonra Müşfiqdən Hüseyn Cavidin ona nə pıçıldadığını soruşanda dedi: "Cavid əfəndi mənə pıçıltıyla dedi ki, sən "Küləklər"i oxuyanda mən yerimdə az qala soyuqdan dondum…" Müşfiqi "Gənc işçi"də işlədiyim vaxtdan tanıyırdım. Müşfiq o zaman "Gənc işçi"yə tez-tez gəlirdi. Onda Dilbər xanımın oxuduğu texnikum filarmoniyanın yanında yerləşirdi. Müşfiq də yolunu tez-tez o səmtdən salırdı. Heç yadımdan çıxmır, tələbə vaxtı biz Müşfiqin işlədiyi məktəbdə sınaq dərsi keçirdik. Bir dəfə Müşfiqin dərsində oturmuşduq. Külək sinif otağının pəncərəsini yellədir, cırıltı səsi diqqətimizi yayındırırdı. O, şagirdlərdən birinə dedi ki, dur o pəncərəni bağla, sovet hökumətinin pəncərəsi bundan artıq olmayacaq ha… Müşfiqdə qəbul etmədiyi cəmiyyətə qarşı barışmazlığını bu cür ifadə etmək tez-tez olurdu. Elə onu istəməyənlər də bu cür sözlərindən yapışırdılar…

Aradan nə qədər illər keçib, ancaq hər gün Müşfiq o atəşiylə, qaynarlığıyla gəlib gözlərim önündə durur. Təkcə o yox e… Elə Hüseyn Cavid də, Əbdülrəhim bəy Haqverdiyev də, Süleyman Sani Axundov, Abdulla Şaiq də… Abdulla Şaiqlə "Pioner" jurnalında bir yerdə işləmişik. İndi heç inana bilmirəm ki, mən Hacı Zeynalabdin Tağıyev kimi az qala əfsanəyə dönmüş bir insanı görmüşəm, onun dəfnində iştirak etmişəm. Səməd Vurğun, Mehdi Hüseyn, Mirzə İbrahimov, Rəsul Rza, Süleyman Rüstəm, Mir Cəlal… Mir Cəlalla bir yerdə dərs demişik. Çox insanpərvər, qayğıkeş bir insan idi. İndi xalqımızın ləyaqətli qızı Mehriban xanım Əliyevanı tədbirlərdə, televiziya ekranlarında görəndə xəyal məni çəkib ötən illərə aparır. Bax, bu evimdə qızlarımdan ayırmamışam Mehriban xanımı. Yaxın vaxtlarda Heydər Əliyev fondunda görüşən zaman mədəniyyətimizin inkişafına göstərdiyi diqqətə görə minnətdarlığımı bildirdim. Bilirsiniz, gərək hər şey nəsildən, soy-kökdən gələ. Mir Cəlal ocağının közündən od alan insanlar ayrı cür də ola bilməzlər. Mən bunu dünyanın çox üzünü görmüş ağsaqqal bir yazıçı kimi deyirəm.

- Qılman müəllim, yaxın günlərdə xalq şairi Balaş Azəroğlu qəzetimizə verdiyi müsahibədə Təbrizdə nəşr edilən "Vətən yolunda" qəzeti redaksiyasında Qulam Məmmədlinin vasitəsiylə sizinlə tanış olmasından söz açdı

- Allah ömür versin Balaşa, onun da başı az çəkməyib. Bayaq deyirdim axı, Müşfiq həbs ediləndən sonra məni çox çək-çevirə saldılar, bədbinləşmişdim. İkinci Dünya müharibəsi insanlara fəlakət gətirsə də, belə demək mümkünsə, məni bu düşgün əhval-ruhiyyədən xilas etdi. Xəstəliyimə görə hərbi xidmətdən azad olsam da elə müharibənin başlanğıcındaca partiyanın Mərkəzi Komitəsi tərəfindən cənub cəbhəsinə hərbi xidmətə göndərildim. Xarkov altında - cənub cəbhəsində "Za rodina" adlı qəzet çıxırdı. Üç dildə. Mən Azərbaycan dilində çıxan qəzetdə işləyəsi oldum. Ağır döyüşlər gedirdi. Döyüş səngiyəndə gedib əsgərlərlə söhbət edir, material hazırlayırdıq. Cəfər Xəndana mayor dərəcəsi vermişdilər. Birlikdə çox çətinliklər çəkdik, dəfələrlə ölümdən xilas olduq. Bir dəfə cəbhə xəttindən geri dönəndə şərq tərəfdən üç təyyarə qalxdı. Cəfər Xəndan təcrübəli idi, mənə dedi günəbaxanlıqda gizlənmək lazımdı, ancaq ayaqqabıları çıxarıb kənara tulla, qara rəng diqqəti çəkir. Elə də etdik. Təyyarələr yaylım atəşi açıb ötdü. İnanırsınızmı, güllələr ayaqqabılarımızı aşsüzənə döndərmişdi… Cəfər Xəndan olmasaydı, çətin ki, xilas ola biləydim. Nəsə, bir gün teleqram aldıq. Cəfər Xəndanı və məni təcili Bakıya çağırırdılar. Gəldik Bakıya. Bizi yüz nəfərlə birlikdə Mir Cəfər Bağırov qəbul etdi. Dedi ki, Təbrizdə qan qardaşlarımız ağır vəziyyətdədirlər, sizi Təbrizə ezam edirik, gedin, qan qardaşlarımıza kömək edin. Bizi Təbrizə yola saldılar. Bu oldu 1941-ci ilin sentyabrında. Təbrizdə "Vətən yolunda" qəzeti nəşr olunurdu. Mirzə İbrahimov qəzetin baş redaktoru təyin olunmuşdu. Məmməd Rahim, Əvəz Sadıq, Cabbar Məcnunbəyov, Ənvər Məmmədxanlı, mən, Qulam Məmmədli redaksiya heyətində təmsil olunmuşduq. Təbrizə göndərilən yüz nəfərin ümumi rəhbəri isə o zaman Mərkəzi Komitənin katiblərindən biri olan Əziz Əliyev idi. Bütövlükdə bizi "Əziz Əliyevin qruppası" adlandırırdılar. Burada hər kəsə bir sahədə fəaliyyət göstərməyi tapşırmışdılar. Qulam Məmmədli fars dilini mükəmməl bildiyindən arxivlərə gedir, ayrı-ayrı adamların evlərindəki kitab və qədim əlyazmaları ilə tanış olurdu. Qısa vaxt ərzində güneyli şair Mirzə Əli Möcüzün, Heyran xanımın əlyazmalarını üzə çıxartdı. Bax, Balaş Azəroğluyla məni o zaman "Vətən yolunda" qəzeti redaksiyasında da Qulam Məmmədli tanış etmişdi. Həmin vaxtdan bəri dostluğumuz davam edir. O zaman redaksiya kollektivimiz Cənubi Azərbaycanda milli azadlıq hərəkatına yaxından köməklik edirdi. Bir gün yerli hökumətin başçısı Seyid Cəfər Pişəvəri Əziz Əliyevlə birgə Qulam Məmmədliylə məni çağırıb güneydəki milli azadlıq hərəkatı haqqındakı materialları toplayıb kitab halında nəşrə hazırlamağı tapşırdılar. Bir ay gecəli-gündüzlü çalışıb "Qızıl səhifələr" adlı kitabı hazırladıq. İlk nüsxələrdən biri Pişəvəriyə göndərildi. Onun məsləhətiylə tərtibçilərin adı çıxarıldı. İstəmirdilər ki, belə bir kitabın sovet zabitləri tərəfindən hazırlandığı açıqlana. Amma tirajın bir hissəsi artıq çap edilmişdi. Bu işə görə Pişəvəri Qulamı da, məni də milli hökumətin ali - "21 Azər" medalı ilə təltif etdi. Biz müharibənin sonuna kimi Təbrizdə qaldıq. Qayıdandan sonra uzun müddət "Azərnəşr"in baş redaktoru vəzifəsində çalışdım.

- Şübhəsiz ki, bu illərdə şair və yazıçılarla, ədəbi həyatla daha çox təmasda olmusunuz

- Həmin illərdə "Azərnəşr" yazıçıların mərkəzinə dönmüşdü. Rəhmətlik Mehdi Hüseyn tez-tez yanıma gəlir, mənə yaxşı məsləhətlər verirdi. Deyirdi ki, istedadlıları qoru, onlara kömək et. Mən də imkanım daxilində kömək edirdim. Səməd Vurğun o zaman mənə qayğıkeşliklə yanaşır, əsərlərimdən xoşu gəldiyini yazıb məktubla göndərirdi. O məktublardan birini Şəmistan Nəzirli kitabında çap etmişdi. Unudulmaz, əziz xatirələr o qədərdi ki…

- Sonra da "Azərbaycan" jurnalına baş redaktor göndərildiniz.

- Hə. Bu oldu 1963-cü ilin beş mayında. "Azərbaycan"a baş redaktor getməyim o zaman Azərbaycana rəhbərlik edən Vəli Axundovun tövsiyəsi ilə oldu. Əvvəlcə redaksiya portfeli ilə tanış oldum. İlyas Əfəndiyevin "Dağlar arxasında üç dost" əsəri xeyli vaxt idi ki, burada yatıb qalırdı. Oxudum, xoşuma gəldi. O zaman baş redaktor müavini işləyən Əliağa Kürçaylıyla məsləhətləşib növbəti nömrə üçün çapa göndərdim. Bir gün rəhmətlik İlyas Əfəndiyev gəldi ki, mən xeyli vaxtdı jurnala əsər təqdim etmişəm, ancaq bir səs-soraq yoxdu. Dedim göndərmişəm çapa, növbəti nömrədə oxuyarsan. İnanmadı. Çağırdım Əliağanı ki, İlyas müəllimin jurnala təqdim etdiyi əsəri hanı? Dedi: "Qılman müəllim, bəs onu çapa göndərmədin?" Dedim: "Göndərmişik, yaxşı əsərləri vaxtında çap etmək lazımdı". İlyas Əfəndiyev böyük sənətkar, yaxşı insan idi. "Ədəbiyyat qəzeti"nin ötən ilki saylarından birində Elçinin "İlyas Əfəndiyev ilə Əsgər bəyin hekayəti"ni oxudum, kövrəldim. O qədər Şuşada bir yerdə olmuşuq ki… O zaman ermənilər maşınla gəlib Şuşaya sarı uzun-uzadı dayanıb baxardılar. Nə biləydik ki, məkrli niyyətlərindən nələr keçirmiş… Ağır itkilərimiz oldu. Çox ağır…

- Qılman müəllim, bəs necə oldu ki, siz yenidən "Azərnəşr"ə qayıtdınız?

- Redaksiyada işlər yenicə qaydasına düşürdü ki, məni "Azərnəşr"ə direktor təyin etdilər. Getdim. Burada da nəşriyyatın portfelindən başladım. Gördüm ki, Mehdi Hüseynin "Yeraltı çaylar dənizə axır" əsəri portfeldə yatıb qalır. Oxudum, çox xoşuma gəldi. Qərara gəldim ki, əsər mütləq nəşr olunmalıdı. Bu yandan da rəhmətlik Mehdi Hüseyn yanıma gəlib deyir ki, filan-filan istedadlı yazıçılara kömək et. Dedim ay Mehdi müəllim, siz onun-bunun xahişini edirsiniz, ancaq öz əsəriniz nəşriyyatda yatıb qalır, bəs onun xahişini kim edəcək?" Onun bir cür gülümsünüb "əh" eləməyi var idi, eləcə əlini yelləyib "əh" elədi. Dedim ki, bu kitabı mütləq çap edəcəyik. "Qorxmursan, - dedi, - orada elə şeylər var ki, başın ağrıyar".

Mən də geri çəkilmədim: "Çap edərik, sonra baxarıq görək nə olur".

Söhrab Tahirin bir şerini oxumuşdum, xoşuma gəlmişdi. Çağırıb dedim ki, get şeirlərini topla gətir, çap edək. İmkan var idi, diqqət, qayğıkeşlik bəs edirdi ki, istedadlılara yol açılsın. Mən həmişə zəhmətə qiymət verirdim, qiymətləndirirdim. Hərə ədəbiyyata bir cür gəlir. Yazmaq xatirinə yazanlar, şan-şöhrət üçün qələmə sarılanlar da var, ömrünü-gününü şam kimi ədəbiyyat yolunda əridənlər də. Ədəbiyyat adamı gərək pis niyyətli olmasın, insaniyyət duyğusunu itirməsin. "Ədəbiyyat qəzeti"nin yaxın saylarında İsa Muğannanın, Balaş Azəroğlunun müsahibələrini oxudum. Bu adamlar böyük ömür, böyük yaradıcılıq yolu keçiblər. Ancaq yenə də ustadlarının adı çəkiləndə nanə yarpağı kimi titrəyirlər. Bu, sevgi, sayğı titrəyişidi. Sənətkar içində bu titrəyiş varsa - o, tükənmir, bitmir. Asif Əfəndiyev "xəbislərin, bədxahların dünyası yoxdu" fikrində yanılmırdı. Bu rəfdə gördüyün kitablar var ha, bunların hamısından mən xeyirxahlıq dərsi almışam, belə olmasa heç bu əsərlər yazılmazdı da. Ən bəşəri kitabların mayasında xeyirxahlıq, munislik duyğusu dayanır. Hərdən düşünürəm ki, indi qəzetlər çoxalıb, söz azadlığıdı, adam ürəyinin sözünü boşalda bilir, hərdən də bu bolluğun xofu basır məni. Ona görə ki, səhifəni doldurmaq, gündəmdə qalmaq üçün min cür oyundan çıxanlar var. Ağızlarına gələni yazırlar. Daha düşünmürlər ki, dilimizi korlayırlar, milli dəyərlərimizi gözdən salırlar. Mətbuat bolluğunun bu tərəfi məni bərk əndişələndirir. Gəncliyində hamı az-çox nəsə yazır. Lap istedadla yazanlar da olur. Ancaq gəlin baxıb görək hamı bu istedadı illərin sınağından çıxarıb sonacan apara bilirmi? Allahın verdiyi istedadı gərək ucuz şeylərə xərcləməyəsən. Yetkinlik çağına qədər bütün uşaqlarda səs olur, gözəl avaz, şaqraq zəngulələr… Ancaq bu nəfəsi hər oxuyan, hər yerindən qalxan ömrün otuzuna, qırxına, əlli-altmışına, ordan da o yana çatdıra bilirmi? Təbii ki, yox. İndi bizdə bir ənənə yaranıb. Gəncliyində beş-üç babat şeir, hekayə yazıb kimlərinsə qayğıkeşliyi nəticəsində ədəbiyyata vəsiqə alan kəslər get-gedə yaza bilmədiklərini ört-basdır etmək üçün başlayırlar qəzetlərə müsahibə verməyə ki, ədəbiyyat əldən gedir, Yazıçılar Birliyinin ədəbi orqanları zəif çıxır, nə bilim, daha nə. Soruşub-eləyən də yoxdur ki, axı sən hansı bir dəyərli əsəri qoltuğuna vurub həmin ədəbi orqanların qapısını açmısan ki, sənə də yox deyələr. İndi elə qələm adamları var ki, özünü Şoloxovdan, Markesdən də üstün tuturlar, ya özlərini onlara bənzətmək istəyirlər ki, naşirlər, qəzet redaktorları niyə onların ayağına getmir. İşlərini-güclərini buraxıb dedi-qodu ilə məşğul olurlar - o belə dedi, bu elə dedi… Çox vaxt mən o cür danışanları heç qınamıram da, elə qəzetlər var ki, ucuz dedi-qodu yaratmaq yoluyla çap xərcini çıxarmaq istəyirlər. Yazıçı-şair olan kəslər də daha çox əhval-ruhiyyə adamlarıdı. Olur ki, ovqatlarının hansı vaxtındasa orijinallıq etmək xatirinə nəsə deyirlər. Başlayır həngamə… Bir-iki ay həmin şairin, yazıçının şəkli, deyib-demədiyi sözlər qəzetin görümlü yerində verilir. Gəncləri yenə də başa düşmək olar, ancaq elə ki, ədəbi imzasını təsdiq etmiş, kifayət qədər istedadlı qələm adamları bu şouya dəstək olurlar, bax, onda dözmək olmur. Məsələn, qələminə çox hörmət bəslədiym Seyran Səxavətin "Şərq" qəzetinin əməkdaşına verdiyi müsahibədə "Ədəbiyyat qəzeti" ölü rəngində çıxır" - deyə hökm verməsini şəxsən mən sinirə bilmirəm. Qəzetdə dərc edilən hər hansı yazıya irad tutmaq, tənqid etmək olar. Ancaq ədəbi dəyərlərimizin keşiyində ləyaqətlə duran, ucuz reytinq dalınca qaçmayan, köklü ənənələrə malik bir qəzetin fəaliyyətinə bu cür qiymət vermək insafsızlıqdı. Onun qəzetin özünün gördüyü rəngdə çıxmasını özü üçün böyük ərazi itkisi hesab etməsi qeyri-təbii səslənir. Əgər qəzet həqiqətən də onun iddia etdiyi kimi zəif çıxırsa, bu vəziyyətdən çıxış yolu yalnız onun özünün nəzərdə tutduğu yaxşı əsərlərlə aradan qaldırıla bilirsə, onda Seyran müəllim nə üçün həmin yaxşı əsəri redaksiyaya təqdim edib, özü üçün itki hesab etdiyi ərazini geri almır? Məntiqcə təəssübkeşlik hissi olan adam, özü də sənətkar - qələm əhli bu yolu məqbul hesab etməlidi. Təsəvvür edək ki, valideyn suda boğulur, çay onu aparır, ancaq övlad sahildə etinasız şəkildə dayanıb valideyninin boğulmasını gözləyir, hər şey bitəndən sonra valideynini günahlandırır ki, bəs valideyni yaxşı üzə bilmirdi. Valideyn öz yerində, bəs övladlıq borcu? Seyran deyir ki, elə bil bu qəzet otuzuncu illərdə çıxır. Balaş Azəroğlu müsahibəsində yaxşı deyir ki, otuzuncu illərdə "Ədəbiyyat qəzeti" Səməd Vurğunu, Hüseyn Cavidi, Mikayıl Müşfiqi, Əhməd Cavadı, Süleyman Rüstəmi, Rəsul Rzanı və başqalarını çap edib. Qəzet yenə də o müəlliflərə sadiqdi. Ancaq otuzuncu illərdə həmin bu qəzetdə böhtanlar, iftiralar, donoslar da dərc edilib, təhqirlər yazılıb. "Ədəbiyyat qəzeti" bu gün o tipli yazılara "yox!" deyir və bu səbəbdən də qeyri-ciddi yazılarını qəzetdə çap etdirə bilməyənlərin qınağına tuş gəlir. "Ədəbiyyat qəzeti"nə sonuncu dəfə 15-20 il bundan əvvəl yazı verən, son illər burada nəyin çap olunub, nəyin olunmadığından xəbərsiz olan bir adam öz dediklərində necə səmimi ola bilər? "Ədəbiyyat qəzeti"nin zəif çıxmasına görə guya utandığını deyən bir yazar bu qəzetin güclü çıxması üçün hansı əsəri təqdim edib, hansı layihəni verib bu uzun illərdə? Düz 15-20 il əməkdaşlıq etmədiyin bir qəzetdə birdən-birə hansısa kadr dəyişikliyinin aparılmasına necə iddialı olmaq olar? Öz müsahibəsində daha çox parnoqrafik əsərlər çap edən jurnalı örnək kimi qələmə verən qələm dostum "Kənddə evlər sanki ilahi bir nizamla bir-birindən aralıdır" səmimiyyətinə sadiqdimi? Seyran deyir ki, Qarabağ haqqında yaxşı əsərlər yazılmır, ancaq o, qolunu çırmayıb Qarabağ haqqında roman, özü də yaxşı roman yaza bilər. Əgər yaza bilərsə bəs onda nəyi gözləyir, niyə qolunu çırmayıb yazmır? Başqa bir oxucu da deyə bilər ki, Qarabağ mövzusu haqqında son illərdə Elçin "Qarabağ şikəstəsi"ni, "Bayraqdar"ı yazıb, Fikrət Qoca, Ələkbər Salahzadə poema çap etdirib, Qabilin silsilə şeirləri, Mövlud Süleymanlının "Erməni adındakı hərflər…" romanı işıq üzü görüb və bu əsərlər kifayət qədər yaxşı yazılmış əsərlərdi.

- Qılman müəllim, siz söhbətiniz boyunca yazıçı səmimiyyətindən, milli dəyərləri qorumağın gərəkliyindən söz açdınız. Yaşadığınız illərdə bu dəyərlərə sadiqliyi daha çox kimdə görübsünüz?

- Ənvər Məmmədxanlıda… O, mənim yaxın dostum idi. Bir yerdə işləmişdik. Təmiz, ideal adam, çox istedadlı bir yazıçı idi. Uşaq kimi kövrəkliyi vardı. Həmişə onun taleyi üçün heyifsilənmişəm. Mən ədəbiyyata peşə kimi baxıram, yazıçı peşəkarlığı sənətdə başlıca şərtdi. Yazıçı həyat hadisələrinin fövqündə durmağı bacarmalıdı, o, hər hansı qrup mənafeyinə xidmət etməməlidir, əxlaqi baxımdan öz xalqının dilmancı olduğunu unutmamalıdı. Ənvər Məmmədxanlı belə yazıçılarımızdan idi. Mən istəyirəm ki, gənclik bizim tariximizi bilsin. "Bakı və bakılılar" kitabımı bu düşüncəylə yazmışam, "Şimal küləyi"ni, "Həyat yollarında"nı da, elə o birilərini də…

Həyatda həmişə istəmişəm ki, iki şeyi tez unudum - bir mənə edilən pislikləri, bir də kiməsə etdiyim yaxşılığı. Mənə edilən pisliyi ona görə unutmaq istəmişəm ki, birdən intiqam almaq, əvəz çıxmaq mərəzinə düçar olaram, etdiyim yaxşılığı ona görə unutmaq istəmişəm ki, ola bilər, haçansa yaxşılıq etdiyim adamdan pislik görərəm, o vaxt etdiyim yaxşılığı üzə vurmaqdan özümü saxlaya bilmərəm. Bunun ikisi də çox qorxulu bir vərdişdi. Mən ömrümdə heç kəslə küsülü qalmamışam, küsülü qalmağı bacarmamışam…

- Ancaq bilirik ki, arada pul itirməyiniz olur, özü də az-azacıq yox

- O da olub. Xeyli vaxtın söhbətidi. Universitetdə işləyirdim, radiodan, televiziyadan qonorarlarım olurdu, nəşriyyatdan maaşımı almışdım. Hamısı bir yerdə bir ətək pul idi. Ehtiyac da ki, xirtdəkdən. Necə olubsa bükülü halda tramvayda qoyub getmişəm. Daha noolacaqdı ki… Lap yaxın günlərdə Axundov kitabxanasında işləyən bir dostum zəng edib deyir ki, bəs o zaman itirdiyin pulu tapan adamın kimliyini öyrənmişəm. Özü söhbət edirdi ki, cibimdə bir qəpik pulum yox idi, evdə də külfət ac-yalavac. Elə fikirli-fikirli tramvaya minmişdim ki, gördüm oturacaqda qəzetə bükülü nəsə var. Açıb görüb puldu, özü də nə az, nə çox - düz iki min manat. Cavab verdim ki, yenə itən yerə getməyib, kasıbın, imkansızın birinə qismət olub, ailəsini sevindirib, halal xoşu olsun. Mən həmişə halallığı sevmişəm, paklığa sığınmışam. Dövlət əməyimi yetərincə dəyərləndirib, fəxri adlara, orden və medallara layiq görülmüşəm. Onların hər biri mənə əzizdi. Ancaq Qafqaz Müsəlmanları İdarəsinin məni təltif etdiyi "Paklıq" diplomu mənim üçün xüsusi önəm daşıyır.

Ölkəmizdə bu diplomun yeganə sahibi olmağımdan xüsusi qürur duyuram.

 

 

Sərvaz HÜSEYNOĞLU

 

Ədəbiyyat qəzeti.-2009.-1 may.-S.1, 3.