Redaksiyaya məktub

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anara

surəti

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Ayaz Vəfalıya

 

Çox hörmətli Anar müəllim!

Sizə - Azərbaycan xalqının sevimli övladına, xalq yazıçısı və ictimai xadiminə hörmət və məhəbbətimiz təbiidir. Siz həmişə - bütün anlarda fəal həyat mövqeyində dayanmış, ən çətin məqamlarda belə öz sağlam fikir və istəklərinizi demiş, həyat mövqeyinizi bildirmisiniz. Buna bariz nümunələrdən biri də bu yaxınlarda nankor erməni qəsbkarlarının alçaq niyyətinə - Türkiyə ilə sərhədlərin açılması ilə bağlı canfəşanlığının ifşasına dair sizin bilavasitə, təşəbbüskarlığınızla mətbuatda dərc olunmuş Azərbaycan Yazıçılar Birliyinin bəyanatıdır. Bəyanatda oxuyuruq:

"Azərbaycan Yazıçılar Birliyi olaraq bəyan edirik ki, öz işğalçı mövqeyindən və qondarma "soyqırımı" iddiasından əl çəkməyən, zəbt etdiyi Azərbaycan torpaqlarını boşaltmaqdan boyun qaçıran Ermənistanla sərhədlərin açılmasına dair ən xırda ehtimal belə bizi dərindən qayğılandırır. Azərbaycan Yazıçılar Birliyi belə bir ehtimalın gerçəkləşməsini türk xalqının milli maraqlarına və ümumən Türk dünyasının mənafeyinə kökündən zidd bir hal kimi dəyrələndirir.

Hesab edirik ki, on minlərlə türkün qanını axıtması ilə öyünən erməni rejiminə münasibətdə birtərəfli qaydada güzəştli davranış türk millətinin tarixi ənənələrinə və mənəvi dəyərlərinə sayğısızlıq olar…"

Əziz və hörmətli Vətən övladı Anar!

Bəri başdan deyək ki, sizin böyük ürək ağrısı ilə yazdığınız və geniş kütlənin nəzərinə çatdırdığınız yazıçı və sənətkar mövqeyiniz Azərbaycanın bütün bölgələrində olduğu kimi, dahi söz sərrafı Nizami Gəncəvinin vətənində də yaradıcı ziyalılar, alimlər və eyni zamanda, geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış, çox böyük əks-səda doğurmuşdur. Bu da təsadüfi deyildir. Çünki hələ səksəninci illərin sonlarından başlanan və qısa müddətdə bütün Azərbaycanı bürüyən xalq azadlıq hərəkatının öncül dəstələrindən biri olan Azərbaycan ziyalıları erməni faşistlərinin Azərbaycan xalqının başına gətirdikləri müsibətlərin canlı şahidi olmuş, bu insan qanına susayan erməni faşistlərinin Çaykənddə, Gədəbəydə, Xocalıda, Qarabağın müxtəlif bölgələrində axıdılan qanları öz gözləri ilə görmüşlər.

Bunun da nəticəsidir ki, hörmətli Anar müəllim, sizin Yazıçılar Birliyi adından ümumxalqın nəzər-diqqətinə çatdırdığınız həmin bəyanatı Gəncənin hər bir övladı öz ürək sözü kimi qəbul edir, sizin yazıçı, vətəndaş mövqeyinizi ürəkdən bəyənir.

Gəncənin çoxmilli ziyalıları, xüsusən də min beş yüzdən artıq alimi, həmçinin qələm əhli - yazıçı və şairləri sizin imzaladığınız bəyanatı ürəkdən bəyənir, aşağıdakı müdrik nəticəyə imza atır:

"Biz Azərbaycan yazıçıları hesab edirik ki, indiki şəraitdə Ermənistanla sərhədlərin açılması Türkiyə ilə qardaşlıq münasibətlərimizə ciddi zərbə vura bilər.

Bütün bunları nəzərə alaraq Türkiyə hökumətinin daha həssas və diqqətli olacağına, sonra Türk dünyasının ümumi mənafeyinə və maraqlarına uyğun addım atacağına ümidvar olduğumuzu bəyan edirik!"

Çox hörmətli və əziz Anar müəllim!

Bu yüz dəfə ölçülüb-biçilmiş müdrik nəticə hər bir azərbaycanlının, o cümlədən gəncəlilərin, onun qabaqcıl dəstəsi olan qələm əhlinin, alimlərin ürək sözləridir, ən ülvi arzuları istəkləridir.

Həmin ürək sözlərimizin "Ədəbiyyat qəzeti" vasitəsilə geniş oxucu kütləsinə çatdırılması hər birimizin arzusudur.

Sizə xüsusi hörmətlə,

 

 

Bağır BAĞIROV

 

Ələddin ƏSGƏROV

 

Ədəbiyyat qəzeti.-2009.-1 may.-S.2.