9 May - Qələbə günüdür

 

Səngər şeirləri: “Alanda canımı Vətənimdə al…”

 

 

İkinci Dünya savaşı böyük dövlətlərin mövqe çəkişməsinin nəticəsi olaraq başladı və milyonlarla sadə insanın həyatının qurban verilməsiylə sonuclandı. Təsvir edilməsi müşkül olan ağrı-acılar, itkilər yaşandı. Elə ev, elə ailə olmadı ki, bu dəhşətli müharibənin zərbəsini dadmamış olsun.

Mənim doğmaca dayım, öz dövründə Şirvan ellərində, xüsusilə Ucarda şair kimi yaxşı tanınan Səftər Həsənzadə (Şilyanlı) də İkinci Dünya savaşının od-alovunu kirpikləriylə daşıyanlardan biri oldu. Müharibənin elə ilk günlərindəcə qələmi süngüylə əvəz etdi.

O, Göyçayın Yuxarı Şilyan kəndində anadan olmuşdu. Bu kənd əvvəllər Ucar rayonuna daxil idi. Atasını vaxtsız itirən S.Həsənzadə anasının ağır zəhmətiylə böyümüşdü. 1932-ci ildə Göyçayda açılmış müəllimlik kursunu bitirdikdən sonra bir müddət Zərdabın Hüseynxanlı kəndindəki ibtidai məktəbdə direktor işləmişdi. Sonrakı illərdə fəaliyyətini Zərdab və Göyçayın ayrı-ayrı məktəblərində davam etdirmişdi. Müharibə başlayanda isə artıq o, Krımın Yevpatoriya şəhərində hərbi xidmətdə idi. Taleyin ağır yolları onu buradan Xarkova, oradan da Stalinqradın Mixaylovka şəhərinə aparıb çıxarmışdı. 1942-ci ildə isə artıq o, Voronejin Ostroqoz şəhərində döyüşürdü. Beləcə, onun döyüş yolları bütün cəbhə boyu dolanıb keçdi. 31-ci diviziyanın tərkibində Stalinqrad uğrunda döyüşdü, Voronej, Tambov, Kursk, Xarkov, Çerniqov və başqa şəhərlərdə gedən döyüşlərin od-alovundan keçdi. Bu döyüş yolu haqqında o, öz xatirələrini qələmə alıb. İndi onun yazdıqlarını oxumaq nə qədər ağır olsa da, od-alovun içindən şərəflə çıxmış bir döyüşçünün ömür yolunu izləmək baxımından çox maraqlıdı. Heyiflər olsun ki, onun əlyazmasının 152-ci səhifəsinin sonunda sonrakı hissə qırılır.

Buradan beləsini isə Səftər Həsənzadənin yarımçıq əlyazmalarını sandığında bu günə qədər hifz edən səksən altı yaşlı anam danışır: "Səftər 1945-ci ilin sonlarında axır ki, sağ-salamat Vətənə qayıtdı. Vətənə dönən kimi onu Müsuslü dəmiryolu məktəbinə (Ucar rayonunda) müəllim təyin etdilər. O da çox böyük əzmkarlıqla bütün bilik və bacarığını şagirdlərinə mənimsətməkdən həzz ala-ala, bədii yaradıcılıqla məşğul olurdu. Rayonda bacarıqlı müəllim olmasından, şairliyindən çox danışırdılar. Lakin fələk Səftər Həsənzadənin cavanlığına baxmadı, ona erkən qıydı. Müharibədən qayıdıb gələndən heç üç il keçmədi ki, o, haqq dünyasına köçdü, əbədiyyətə qovuşdu. Dünyadan köçməklə Səftər bizi yetim qoydu, ümidimizi Allahdan üzdü, sevinc, təbəssüm qapımızı birdəfəlik kilidlədi. Çünki Səftər bizim, anamgilin təkcə qardaşı yox, həm də ümid, güvənc yeri idi. Bu güvənc yerindən Allah bizlərin əlini yamanca qırdı".

Anam deyir ki, ataları rəhmətə gedəndən sonra Səftər onlara çörək gətirən, onları yaşadan, onların ruh verəni olmuşdu.

Səftər Həsənzadə xəstə olarkən bacıları başının üstündə ağlayarkən o, onlara dəfələrlə təskinlik verib demişdir: "Ağlamayın, mən bunu əhd etmişdim. Demişdim ki, ya Allah, sən məni düşmən gülləsindən qoru, Vətənimə gedim, orada el adətimizlə mənə ölüm qismət elə. İndi o gözəgörünməz də mənim səsimi, yalvarışımı eşidib, canımı Vətənimdə alır. Bu, mənimçün şərəfli ölümdür. Mən bu mübarək ölüm günümü çoxdan gözləyirdim. Ağlamayın".

Anam deyir ki, sonra biz Səftərin əlyazmasında həqiqətən də onun belə istəyinin olduğunu şeirlərindən, xüsusən "Sən mənə" şerindən oxuduq:

 

Ana vətənimdə alasan canım,

Qala el-obama bəlkə nişanım.

Oxuna üstümdə "Yasin-Quran"ım,

Qismət eylə bu xəyalı sən mənə.

 

Elə beləcə də oldu. Ana vətəni Azərbaycana yetişdi. Cismi Şilyanda torpağa tapşırılarkən üstündə Yasin oxundu. Bununla da cəsədi ana Vətənində uyudu, rahatlıq tapdı. Yeri cənnətlik oldu…

Səftər Həsənzadənin səngərdə qələmə aldığı bütün şeirlərində, qəzəllərində Vətən eşqi, ana məhəbbəti xüsusi şəkildə əks olunur. Bu istər "Sən mənə", "Mənim", "Qafqaz dağları", "Yurdum", "Qafqaz dağlarında", "Ax, ay quş", "A tutbit", "Vətən", "İndən belə", "Kağız səni", "Nədəndi" kimi şairin burnunun ucunu göynədən, özünü əlindən alan ümumi mövzulu şeirlərdə olsun, istərsə də, konkret ünvana müraciətlə yazılmış şeirlərdə - onların hamısında şairin hiss və duyğularını dilləndirən, emosiyalarını nostalji motivlərlə zənginləşdirən yenə də doğma Vətənə, elə, obaya, kəndə, yaxınlara həsr edilmiş şeirlərin mayasında Vətən həsrəti, yurd sevgisi dayanmışdır. Biz bunu Səftər Həsənzadənin "Unutmusan daha məni, Xəlilim", "Mənim Tavadım", "Mənim tağım", "Ana", "A Qafur", "Mənim ailəm" və s. şeirlərində apaydın görə bilirik.

Səngərlərdə vuruşa-vuruşa şairin əli tətikdə, gözü düşməndədisə, hissləri, duyğuları, fikir-zikri vətənlədi, el-oba ilədi. Məsələn, "Xəbər ver" şerində hisslər daha qabarıq, daha relyeflidir:

 

Başına mən dönüm sahibi Şilyan,

Doğmaca vətəndən mənə xəbər ver.

Nə namə yazan var, nə bir hal soran,

Bu dərdli könlümə dərman, xəbər ver.

 

Xəbər ver, könlümü elə bir halı,

Söylə görüm necə Şilyan mahalı.

And verirəm sənə böyük Allahı,

Qoca anam, Sərdarımdan xəbər ver.

 

Qınayır-qınasın qoyun el məni,

Qəmli sözlər şair edib sinəmi.

Arzularam ana, bacı, həmdəmi,

Utanıram xəcalətdən, xəbər ver.

 

Şair uzun müddət eldən, obadan ayrı düşməsinə baxmayaraq, doğmalarından, əzizlərindən məktub almır. Dərd içini oyum-oyum oyur, heç kim də ona bir təsəlli məktubunu ünvanlamır. Elə ona görə də tez-tez yuxuda Vətəni, kəndi, eli-obanı, qohum-əqrəbanı, balasını, yaxınlarını görür, hətta bəzilərinin dünyalarını dəyişdiyini də bilir, bu, ona sanki əyan olur. Elə "Bəkir Bəşiroğlu və Cəbrayıl Doluxan oğlunun ölümünə heyifsilənmə" də bu münasibətlə qələmə alınmışdır:

 

Yatmışdım yuxuda gördüm vətəni,

Nədənsə titrəmə tutdu bədəni.

Ayılıaban durdum bir dəm yuxudan,

Vətəndən kağız var - deyə qışqıran

Bir nəfər yoldaşın səsin eşitdim,

Alıb kağızları birbəbir öpdüm.

Doğrudur, vətəndən gəlmişdi kağız,

Mənimlə söhbətə başladı cansız.

Dedi: "Nə yatmısan qəflətən ayıl,

Ölüb Bəkir dayın, əmin Cəbrayıl"…

Oxudum bunları nə isə qandım,

Biləsiz hirsimdən alışdım-yandım.

Artıq bilirəm ki, yox daha onlar,

İki söz ustası o, iki dülyar.

Gedibdi dövranım, gedibdi dəmim,

Yox olub gedibdi iki sənətkar,

Mahir söz sərrafı, iki bənnalar.

 

Bax, şair səngərdən yuxuda doğma elinə, obasına beləcə baş çəkir, onları yad edir, həyatda, insanlar arasında onların söz sərrafı olduqlarını özünəməxsus poetik cizgilərlə təsvir edir. Yeri gəlmişkən qeyd edək ki, Səftər Həsənzadə dayısı Bəkirin və əmisi Cəbrayılın ölümündən yalnız iki il sonra xəbər tuta bilmişdir. Bu xəbər onu çox göynətmiş və Kursk vilayətinin Voqopayev kəndində bu şeri səngərdə 25 iyul 1943-cü ildə qələmə almışdır.

Ustad sələflərinin yoluyla gedərək o da 1943-cü ilin 17 iyununda durnaları özünəməxsus şəkildə vəsf etməyə çalışmışdır:

 

Deyin görüm, səfəriniz hayana,

Şamaxıya, ya Bakıya, Salyana.

Aparın naməmi atın Şilyana,

Qoy bilsinlər hələ sağam, durnalar.

 

Başlayıb əjdaha bizimlə cəngi,

Yeridir döyüşə şiri, pələngi.

Toplayır gətirir fini, firəngi,

Həbəşi, ispanı, rumu, durnalar.

 

Coşub qəmli könlüm - nə eyləyir xun,

Didəmdən tökülən göz yaşım ceyhun.

Bilmirəm fərhadam, yainki Məcnun?!

Oxuya, söyləyə, yaza, durnalar.

 

Səftər Həsənzadə yaradıcılığında ənənvi mövzulardan biri də "Ana" mövzusudu. Ananı şairlərdən hər biri öz bildiyi kimi, qələminin gücünə söyləməklə təsvir, ona məhəbbət və sevgisini ifadə ediblər.

Biz Səftər Həsənzadənin doğmalarına ünvanladığı bütün məktublarında daim anasını sormasını, ondan muğayat olmalarını ismarladığını görürük. Məsələn, ömür-gün yoldaşı Tavad xanıma ünvanladığı məktublarında Tavadı şeirlə vəsf etdikdən sonra o, aşağıdakıları qeyd edir: "İstəkli Tavadım, mənim bu aşiqanə sözlərimdən, əlbəttə, bir mətləb anlayacaqsan. Mən hələ həmd olsun Allaha ki, salamatam. Ancaq mənim anama mənim əvəzimdən qulluq etməyini səndən xahiş edirəm. Mənim anamdan muğayat ol. Sərdəri isə (Səftər Həsənzadənin yeganə oğlu idi - N.T.) tapşırmaq istəmirəm. Çünki sənin özünündür". İndi "Ana" şerindən bir parçaya diqqət yetirək:

 

Salam sənə məndən mehriban ana!

Xeyli zamanlardı həsrətəm sana.

Görməyirəm neçə ildir ki səni,

Qocaldıb biləsən dərdin ha məni.

Dərdini çəkməkdən ağarıb başım,

Sərasər tökülür elə göz yaşım.

Yoxdu bir xəbərim heç ana səndən,

Beşinci ildir ki, bilmirəm nədən.

Ayrılalı səndən ana! Nə zaman,

Həsrətin çəkirəm bilsən haman…

 

Şair Səftər Həsənzadənin şeirləri daim nəinki doğma Ucarın, həm də qonşu rayonlardan olan aşıqların, xanəndələrin dillər əzbəri olmuşdur. Qələmə aldığı nümunələrin ölçüsü, strukturu, kompozisiyası, ideya-məzmun mahiyyəti rəngarəng olan bir şairin yaradıcılıq palitrası son dərəcə özəl, özünəməxsus, şifahi xalq yaradıcılığından, klassik ədəbiyyatımızdan qaynaqlanandır.

Yəqin həyatdan vaxtsız getməsəydi, Səftər Həsənzadə Azərbaycan oxucularına daha mükəmməl əsərlər bəxş edəcəkdi.

 

 

Nizami Tağısoy

 

Ədəbiyyat qəzeti.-2009.-8 may.-S.8.