İsmayıl Şıxlı-90

 

Sənətkar əbədiyaşarlığı

 

Ədəbiyyatımızın görkəmli və unudulmaz simalarından biri olan xalq yazıçısı İsmayıl Şıxlı xarakterlər ustası idi. Bu ustalıq sənətkarın öz şəxsi keyfiyyətlərindən qaynaqlanırdı. Akademik Bəkir Nəbiyevin sözləriylə desək, "İsmayıl Şıxlının öz əsərlərində yaratdığı vüqar, əzəmət, kişilik timsalı olan obrazların ən yaxşılarında o böyük yazıçının, fədəkar insanın öz xasiyyət və xarakterindən, xəyyallarımızda artıq heykəlləşmiş boy-buxunundan, nurlu simasından səciyyəvi bir əlamət var idi".

 Elə mayın 5-də bu görkəmli yazıçının M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin birgə təşəbbüsü ilə keçirilən 90 illiyinə həsr olunmuş kitab sərgisi və oxucu konfransı da İsmayıl Şıxlının parlaq yaradıcılığını, unudulmaz şəxsiyyətini göz önünə gətirirdi.

 Milli Kitabxananın direktoru Kərim Tahirov, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov tədbirdə cıxış edərək bildirdilər ki, təbiiliyi, xarakteri, mərdliyi və özünəməxsusluğu ilə İsmayıl Şıxlı xalq arasında böyük nüfuz qazanmışdır. Xalqın ləyaqətli ziyalısı olan yazıçı elin ağsaqqalı, gəncliyin dayağı olmuşdur. Onun 1990-cı illərdə baş verən hadisələrlə bağlı dediyi “sapı özümüzdən olan baltalar” kəlamı millətə, xalqa olan sevgisindən yaranmışdı. Hələ sovet ideologiyasının kəskin dövrlərində yaratdığı Cahandar ağa kimi mərd, cəsur milli bəy obrazı geniş əks-səda doğurmuşdur. Təkcə “Dəli Kür” romanı kifayət idi ki, İ.Şıxlı XX əsr Azərbaycan ədəbiyyatının klassikləri sırasına düşsün. Görkəmli yazıçı bütün əsərlərində canlı obrazlar qalereyası yaratmış, orijinallığı, özünəməxsusluğu ilə daim seçilmiş, cəsarəti, qorxmazlığı ilə ümumxalq məhəbbəti qazanmışdır.

 İ.Şıxlının ilk dəfə yazdığı “Quşlar” şeri 1938-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuşdur. O, ədəbi yaradıcılığa 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə başlamış, sonra “Ayrılan yollar”, “Bizim qəribə taleyimiz”, “Dəli Kür” və milli düşüncəmizin inkişafına töhfə verən digər əsərləri ilə oxucuların ürəyində özünə əbədi heykəl ucaldaraq qəlblərdə yaşayacaqdır. 

Millət vəkili Nizami Cəfərov onu da nəzərə çatdırdı ki, etnoqrafik zənginlik və müəyyənlik İsmayıl Şıxlının şəxsiyyəti üçün elə bir kontekstdir, o, sonradan nə qazanıbsa, nələri qazanmağa "məcbur edilibsə" hamısı bu kontekstdə meydana çıxıb, ondan cilalanıb və onu cilalamışdır.

Tanınmış yazıçı Vidadi Babanlı mərasimdə ustad sənətkarla bağlı xatirələrini dilə gətirərək qeyd etdi ki, İsmayıl Şıxlı həm böyük yazıçı, həm də yüksək şəxsiyyət idi. 

Mərasimdə İ.Şıxlının müxtəlif illərdə işıq üzü görmüş kitabları və AYB-nin ədəbi orqanlarında yazıçı ilə aparılmış müsahibələr sərgiləndi, sənətkarın ömrünün sonunda yazdığı "Ölən dünyam" kitabı təqdim olundu.

Tədbirdə çıxış edən Jurnalistlər Birliyinin sədri, yazıçının oğlu Elçin Şıxlı atasının xatirəsinə ehtiram göstərdiklərinə görə tədbirin təşkilatçılarına və qonaqlara dərin minnətdarlığını bildirdi.

İ.Şıxlının yubileyi ilə bağlı başqa bir tədbir isə Dövlət Musiqili Komediya Teatrında gerçəkləşdi. Mərasimdə Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, millət vəkili Nizami Cəfərov yubilyar haqqında ətraflı danışdılar. Vurğuladılar ki, İsmayıl Şıxlı bir sənətkar olaraq sağlığında heykəlləşmişdi, millilik və bəşərilik, ziyalılıq və kübarlıq, əqidə və xarakter bütövlüyü sadəlik və müdriklik onun əsas xarakteri idi.

 Sonda Akademik Milli Dram Teatrı aktyorlarının ifasında İsmayıl Şıxlının "Ölüləri qəbiristanlıqda basdırın" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa göstərildi.

 

 

 S.Hüseynoğlu  

                                                                                          

Ədəbiyyat qəzeti.-2009.-8 may.-S.6.