Şair Qulamrza Səbri Təbriziyə açıq məktub

 

Əziz qardaşım, sənin mənə göndərdiyin çapdan təzə çıxmış "Səssiz haray" kitabını aldım, sevindim. Neçə illərdən bəri kitablarınla qəlbimdə oyatdığın sevincə biri də əlavə oldu, bu da sənin adı çəkilən kitabınla səni sevə-sevə oxuyan oxucularına bəxş etdiyin səssiz harayın oldu.

Qardaşım Səbri, mən səni tanıyandan (düzünü deyim, bu tanışlığımızın tarixi, ili, günü yadımda deyil. Mənə elə gəlir ki, biz bu dünyaya bir anadan eyni gündə gəlmişik) mənim qəlbimdəki bir ocağı daha da alovlandırdın, o da Vətən həsrətidir. Əvvəllər bu ocaq xısın-xısın yanırdı, sən bu yanğıya birini də əlavə etdin, qoşalaşdı. Böyük Türk şairi Nazim Hikmət demişdir: "Sən yanmasan, o yanmasa, mən yanmasam necə çıxar qaranlıqlar aydınlığa". Sən yaxşı bilirsən, tarixdə azadlıq üçün, Vətən üçün, millət üçün yananlar, həyatını qurban verənlər az olmamışdır. Bu, bizim taleyimiz, tariximizdir.

Əzizim Səbri, yəqin yadındadır biz ilk dəfə Bakıda Azərbaycan Yazıçılar Birliyində hörmətli Anarın iş otağında görüşdük. Sən o görüşdə Londondan, gəlişindən, məqsədindən danışarkən dedin: "Mən çoxdan idi Bakını, Azərbaycanın bu gözəl şəhərini görmək arzusunda idim. Şükürlər olsun ki, arzuma çatdım, həm Bakını, həm də doğma qardaşlarımı gördüm".

Sonra görüşün axırında ana dilində yazdığın bir neçə şerini də oxudun. Bu, sənin Bakı ilə ilk tanışlığın idi. Bu görüşdən sonra Bakı sənə Təbriz kimi doğma və əziz oldu, bu doğmalıq səni Avropnın soyuq dünyasından Bakıya gətirdi.

Şair dostum Səbri, səninlə bu ilk görüşümüz mənə, əvvəl əsərlərindən tanıdığım cənublu şair qardaşlarımızdan ikisini xatırlatdı. Onlardan biri böyük yazıçı Sadiq Hidayətdir. Bu dahi insan vətəndə gördüyü dözülməz həyat tərzini "Avara itlər" adlı əsərində ifşa və tənqid etdiyinə görə vətəndən getməyə məcbur olmuş, ömrünün axırına qədər vətən həsrəti ilə Parisdə ehtiyac içində yaşamışdır. Mən o böyük sənətkarın ölümünə həsr etdiyim şerimdə yazmışdım:

 

Yazıq Sadıq Hidayət,

Halına yandığın millət

Vətəndə qədrini bilmədi,

Həyat üzünə gülmədi.

Başına bəla oldu

"Avara itlər" hekayətin.

Niyə bilmədin,

Avamı qandırmaq çətindir, çətin!

Getdin qürbətə - bəlkə səni duyan ola,

Dərdini qanan ola.

Parisdə "qayğı" göstərdilər,

"Hörmət" də, "məhəbbət" də.

Ancaq bilmədim nədən

Yaşaya bilmədin qürbətdə…

 

İkinci şəxs əvvəllər Tehranda, sonra ömrünün sonuna kimi Avropada yaşayan böyük şair təbrizli Həmid Nitqi idi. Onunla əvvəl "Varlıq" jurnalında çap etdirdiyi şeir və ədəbi məqalələri ilə, sonra Bakıda dahi şairimiz füzulinin 400 illik yubileyi zamanı tanış oldum. Yubileyə hələ bir neçə gün qalmış Bakıya dünyadan qonaqlar gəlirdi. Mən o zaman Yazıçılar Birliyində işləyirdim. Bir gün katibə qonaqlardan məni görmək istəyən bir nəfəri otağıma gətirdi. Ağsaçlı, gözü eynəkli, alçaq boylu nurani şəxs ilk baxışda məndə çox yaxşı təsir oyatdı. Bu, əslən təbrizli, əvvəllər Tehranda, indi Londonda yaşayan Azərbaycanın böyük oğlu şair-alim Həmid Nitqi idi. Qiyabi tanışlığımız Bakıda əyani olanda buna hər ikimiz sevindik. O, mənə dedi: "Sizi şeirlərinizdən tanıyırdım, özünüzü görmək arzum bu gün mənə qismət olduğu üçün çox xoşbəxtəm". Mən də onu Bakıda görməyimdən şad olduğumu söylədim.

Həmid Nitqi Füzuliyə həsr olunmuş bayrmada böyük bir alim kimi dərin mənalı, gözəl bir çıxış etdi. Mən onu təyyarə meydanında Londona yola salanda əlimi əlində saxlayıb dedi: "Mən bu tezliklə Bakıdan və səndən ayrılmaq istəməzdim, indi bu ayrılıq zamanı bir xahişim var, istəyirəm gələn il Novruz bayramından sonra baharın güllü-çiçəkli günlərində Təbrizdə görüşək. Lilabaya, Yanar dağdakı çəmənliyə gedək, kürəyimizi Vətən torpağına söykəyib Vətən günəşinin mehriban şüaları altında canımızdan dumanlı Avropanın ruhumuzu donduran soyuqları çıxsın, bir neçə gün özümüz-özümüzə qayıdaq". Qərarlaşdıq… ayrılanda hər ikimiz "Vətəndə - Təbrizdə görüşənə qədər" dedik.

 

Beləcə ayrıldım…

Şair qardaşım,

Məsləkdaşım Həmid Nitqidən.

İl ötdü, bahar gəldi,

Ancaq Həmid gəlmədi…

Bir gün ölüm xəbəri gəldi Təbrizə,

Bu xəbər dağ çəkdi sinəmizə…

Təbrizdə bir görüş yerimiz qaldı,

Bir də əli əsalı, gözü eynəkli

Bir şairin məzarı,

Bir də qəbri üstünə qoyulacaq heykəli…

Bir də o məzara səpiləcək

Ətirli lalə, yasəmən, nərgiz.

O günü mən görməsəm də,

Görəcək Vətənimiz Təbriz…

 

Qardaşım Qulamrza Səbri, xalqımızın Vətən həsrətli şair oğlunun bu vaxtsız ölümü sinəmizə bir dağ çəkdi, Vətəni görmək ümidim yenidən gələcək illərə qaldı… İndi sənə demək istəyirəm: Gəl gedək Təbrizə, Lilabanın, Yanar dağın çəmənliklərində hələ baharın gülləri, çiçəkləri salmamış günəşin şəfəqləri altında buxarlanan torpaqdan cənnət ətiri gəlir. Gedək ruhumuz təzələnsin, Vətən torpağı, Vətən günəşi həsrətli illərin acısını, ağrısını canımızdan çıxartsın, uzun illərin ayrılığına son qoyaq.

Yadımdadır, deyərdin: "Şeir yazmaqda məqsədim heç də şair kimi tanınmaq olmayıb. Sadəcə qəlbimin ağrı və iztirablarını heç kimə izhar edə bilmədiyim hisslərimi şeirə köçürmək istəmişəm".

Əziz qardaşım, şairin ruhu və qələmi azad olmaq üçün onun başı üstündə azad Vətən göyləri, ayağı altında azad Vətən torpağı olmalıdır. İnsanın gücü də, qüdrəti də Vətən torpağındadır. Vətəndən uzaq düşən adam budağından qopmuş sarı yarpaq kimidir. Başsız küləklər onu qabağına qatıb hara istəsə apara bilər. "Mühacir nə qədər qürbət çörəyi yesə də, ancaq Vətən havası ilə yaşayır" - bunu da sən demisən, gözəl demisən. Mən ömrümün bu yorğun çağında, günəşimin üfüqdən aşacağı bu günlərdə Vətəni son dəfə bir də görmək ümidiylə yaşayıram. Sən yaxşı demisən: "Mən Vətəndən ayrıldım, amma Vətən məndən ayrılmadı". Bu ağrı bəşəri bir ağrıdır, ancaq bu ağrını yaşayanlar bilər. Sən bu ağrını yaşamısan, elə buna görə də sonuncu kitabının adını "Səssiz haray" qoymusan, gözəl addır. Zəmanə ilə üz-üzə duran, onun bütün dözülməz ağrı-acılarına sinə gərən bir şair qəlbinin harayıdır sənin bu kitabın.

"Səssiz haray" kitabını iki dəfə oxudum. Kitabda nəzərimi ilk cəlb edən şeirlərin ən böyüyü bir səhifədə qurtarır (hələ kitabda 4, 8, 10 misralı şeirlər də var). Dostum, səni düşündürən, yazmağa ilham verən, bəlkə daha çox kədərləndirən hadisəni öz oxucuna bu misralarda çatdırmaq istəmisən, buna da nail olmusan. Bu şeirlərdə deyilənlər sənin xalqına, Vətəninə demək istədiklərinin, fikirlərinin hələ hamısı deyil. Oxucuların səndən belə şeirləri çox gözləyir. Çünki sənin şeirlərin şair ürəyinin inikasıdır. Burada (şeirdə) fikrin yığcam, misralar aydın və təsirlidir.

Əziz qardaşım, mənim sənə göndərdiyim bu açıq məktubda məqsədim kitabındakı şeirlərini təhlil etmək deyil. İndi mən ömrümün elə günlərini yaşayıram ki, ömür günəşim artıq zirvədədir, nə vaxt o zirvədən aşacağını kimsə deyə bilməz. Qardaşım Səbri, sən yaxşı bilirsən ki, bu yaşda insan Vətəndən ayrı düşəndə, qürbətdə olanda tükənir səbri. Bir mərhəm, bir həmdəm istəyir qəlbini ona aça bilsin. Bir günəşli aləm istəyir əridə bilsin içinə hopmuş hicran buzunu. Qürbət yaman olur - insan tək olanda, hisslər kövrək olanda. Hər sözdə, hər baxışda məna axtarırsan. Nə etmək olar, başqadır insanın mayası, başqa bir aləmdir qürbət dünyası. Hərə bir kök üstə köklənib hamıdan mərhəmət, hörmət umma, bacarsan yaşa özün kimi inamla, ümidlə yaşa.

Qardaşım Səbri, nə yaxşı ki, həyatda gecələr var, yuxular var, yuxuda insan Vətənə dönə bilir. Ancaq bilirəm qürbətdə görülən yuxular bir gün həqiqət olacaq, qürbət xatirələr aləmində qalacaq. O zaman daha yuxu görməyəcəyik, Vətənə yuxularda dönəcəyik. O gün sən də, mən də əbədilik qalacağıq Vətəndə.

Əzizim, qardaşım, həmvətənim Qulamrza Səbri Təbrizi, nə qədər əlində qələm, qəlbində ilham var, yaz-yarat. Bunu bizdən qabaqkılar deyib: "Deyilən söz yadigardır".

Hörmətlə,

 

 

Balaş AZƏROĞLU

 

Ədəbiyyat qəzeti.-2009.-8 may.-S.7.