Heydər ömrü

 

Bu şeir 2004-cü ildə Gədəbəy rayonunda ulu öndər Heydər Əliyevin heykəlinin açılışı münasibətilə yazılmış və təntənəli mərasimdə oxunmuşdur.

 

 

 Müəllif

 

Ulu torpaq,

Bu ulu xalq

Unudarmı xilaskarlığını?!

Yoxluğuna inanmırıq,

Var bilirik varlığını!

 

Ana Vətən, ata Heydər

Birləşibdir bir can kimi.

Əbədidir Heydər ata

Doğma Azərbaycan kimi!

 

Hansı yana yolu düşsə -

Kitab idi hər görüşü.

         Yaddaşlara yazılmışdı

Səsi, sözü

Zarafatı,

Həm gülüşü.

 

Çıxışları

Ən möhtəşəm 

Salonlara yaraşıqdı!

Səfərləri - səmalara

Ümmanlara yaraşıqdı!

 

O əbədi bir ulduzdu

Heydər adlı

Ərzin əngin səmasında!

Azərbaycan dünyalaşdı

Tapdı yeni taleyini

O dahinin simasında!

 

Ən ümidli sabahların

Nuru vardı sözlərində,

         Zirvələrə gedən yola

         Yaşıl işıq yandırmışdı

         Gözlərində!

 

Yada salaq bir anlığa

90-cı illəri :

Bizi nələr gözləyirdi

O zamanlar irəlidə?!

Gəlib, daşa dirənmişdik

Biz sapmışdıq yolumuzdan!

Uçrumlardan düşhadüşdə

De, kim tutdu qolumuzdan?!

Yüz min insan axıb gəldi

Bir gecədə çağrışına!

Hansı rəhbər onun kimi

Layiq olub öz xalqının

Coşub-daşan alqışına?!

 

Ömür yolu bir örnəkdir

Biz öyrənək sətir-sətir, -

Sözündədir hər qüdrəti!

Gecə-gündüz Vətən üçün 

Millət üçün

Yanmasıdır

İlhamına

Əmanəti!

"İpək yolu", "Bakı-Ceyhan"

Ona heyran olan cahan

Əsəridir

Tufanlardan 

Çıxartdığı

Azərbaycan!

Bu gün yolu - bir kəhkaşan,

Nur işıqdır!

Hər diləyi, hər arzusu

Dünyamıza yaraşıqdır!

 

Ürəyinin genişliyi

Seçilmirdi asimandan

Dəryalar da nurlanırdı

"Heydər-gəmi" azimandan!

 

Bu nur, işıq əbədidir!

Heydər adlı müdrik ata,

Ona layiq hər abidə

Hər bağça-bağ əbədidir! 

 

Hər şəlalə,

Kövsər bulaq əbədidir!

 

Hər xiyaban,

Şeir, dastan,

Hər yaraşıq

Əbədidir!!

 

Böyük öndər Heydər adı

Heydər bağı,

Heydər düzü,

Heydər dağı,

Əbədidir!

Heydər adlı şanlı ömrün

Hər ürəkdə şölə çəkən

Çilçırağı

Əbədidir!..

 

Ana yurdun hər qarışı

Gəlişini alqışladı!

Qədəminə dəstə-dəstə

Gül-çiçəklər bağışladı!

Ulu Heydər gəlişindən

Bu Vətənin hər qarışı

Yeni ömür,

Yeni xoşbəxt gün başladı!.. 

 

Əbədiyyət yollarında

Ömrü xalqa mayak oldu.

Həyatının hər zərrəsi

Ömrümüzə dayaq oldu!

 

Qaçqınlara, köçkünlərə

İnam, dözüm, həm həzin

Bir layladı Heydər ömrü!

Əbədiyyət timsalıdır

Ucalardan ucadadı

Əməli tək uca adı,

Heydər ömrü! 

 

Bir ümmandır, bir dəryadır

Heydər ömrü!

Ruhumuza nicat verən,

Könlümüzə qanad verən,

Dünyamıza həyat verən

Bir dünyadır Heydər ömrü!..

 

 

İlyas Tapdıq

 

Ədəbiyyat qəzeti.-2009.-8 may.-S.3.