Yazmaya bilmədim...

 

Fikrət Əmirovun dünyamıza vida etdiyi gündən on beş ilə yaxın bir vaxt keçir. O özü Nazim Hikmətin: "Əmir Fikrət, - Mən sənə həsrət!.." - deyə yazdığı bir avtoqrafını tez-tez və təsirlənmiş halda xatırlardı. Tale elə gətirdi ki, biz hamımız ona əbədi həsrət qaldıq. Ancaq şəxsən mən xüsusən ürəyimlə baş-başa qaldığım və özümü bir növ az qala tənha hiss etdiyim məqamlarda (belə məqamlar isə şübhəsiz, hər birimizin həyatında olur) Fikrət müəllimin o doğma, nurlu, qayğılı siması gəlib gözlərim önündə dayanır. Onun özünü mən bir dəfə bəzilərinin haqsız münasibətləri səbəbindən çarəsiz vəziyyətdə ürəyi ilə əlbəyaxa gördüm. Bu çox gərgin və heç zaman unuda bilmədiyim, unuda bilməyəcəyim bir vəziyyət idi. Yaxından tanıyanların yaxşı bildiyi kimi, son dərəcə həssas Fikrət Əmirov haqsız münasibətləri olduqca çətin keçirirdi. Əlbəttə ki, ancaq ürəyində. Lakin bir gün, doğrusu, heç gözləmədiyim halda, fikrət müəllim daha dözə bilmədiyini, ömründə ilk dəfə respublika rəhbərinə - o zaman Mərkəzi Komitənin birinci katibi işləyən Heydər Əliyevə məktubla müraciət etdiyini dedi. O, həmin məktubu mənə oxudu. Bir məqamı dəqiq xatırlayıram, təqribən belə idi: haqsız münasibət məni o həddə çatdırıb ki, əsər yazmaq əvəzinə gecə-gündüz öz-özümlə danışıram…

Bu fikir ona görə, demək olar, kəlmə-kəlmə yadımda qalıb ki, Fikrət müəllimə bir növ təsəlli vermək üçün böyük özbək şairi Əlişir Nəvainin də vaxtilə belə gərgin psixoloji hallar keçirdiyini göstərən misralarını misal gətirmişdim:

 

Tilbələrtək sözləşirmən öz-özüm birlə müdam, -

Çün özümdən özgə yox aləmdə həmdərdim mənim…

 

(Dəlilər kimi daim özüm özümlə danışıram. Çünki dünyada özümdən özgə həmdərdim yoxdur).

O çox təsirləndi və vəziyyətin, hətta sözlərin təsadüfi oxşarlığına deyəsən bir az heyrətləndi də. Adətən dərdli bir adam özündən daha dərdlisini görəndə hardasa elə bil həmdərd tapıb nisbətən sakitləşir. Yəqin buna görədir ki, Füzuli yazır: "Öylə bədhaləm ki, əhvalım görəndə şad olur, - Hər kimin kim, dövr cövründən dili-naşadı var".

Həmin məktubundan sonrakı vaxtı Fikrət Əmirov yaradıcılığının ən parlaq və bəhrəli bir dövrü hesab etmək tamamilə düzgün olardı. Növbəti görüşlərimizdə Fikrət müəllimin necə böyük eşq ilə yazıb-yaratdığını onun özünün dilindən dəfələrlə eşitmək mənim üçün çox xoş idi.

"Min bir gecə", "Nizami" baletləri Fikrət Əmirovun qeyri-adi yaradıcılıq imkanlarına malik olduğunu təsdiq etdi. O, təəssüf ki, ömür vəfa qılmadığından səhnədə görə bilmədiyi "Nizami" baletində özünü ən dolğun - tam ürəyincə ifadə etdiyini, çox ağır bir işi uğurla başa çatdırmaq inamından gələn əminliklə deyirdi.

"Sevil" operasının yeni quruluşda qoyulmuş tamaşasına baxdıqdan sonra (15 noyabr 1998-ci il - red.) Azərbaycan Prezidenti Heydər Əliyevin dünya şöhrətli böyük bəstəkarımız fikrət Əmirov haqqında dediyi səmimi sözləri soyuqqanlı dinləmək çətindir: "Fikrət Əmirov dünyasını dəyişib. Allah ona rəhmət eləsin. Vaxt ötdükcə belə insanların xidmətləri daha aydın görünür. Yaşadığı dövrdə insanı bəzən o qədər də yaxşı anlamırlar, qiymətləndirmirlər. Ancaq mənim vicdanım təmizdir…

Mən ona çox mənəvi dayaq olurdum. Hətta bəzi fikirlərini, dərdlərini mənə danışırdı… Onun böyük istedadı, potensialı vardı. Ancaq bu potensialı reallaşdırmaq üçün ona kömək etmək lazım idi. Biz o vaxtlar ona bu köməyi, yardımı etdik. O, doğrudan da Azərbaycan incəsənətində, mədəniyyətində, musiqisində böyük iz qoyub getmişdir. Buna görə də mən bu gün onu xüsusi xatırlayıram".

Vaxtilə Fikrət Əmirovun keçirdiyi daxili sarsıntıların şahidlərindən biri kimi onun taleyinin həmin mərhələsi ilə bağlı təəssüratımı yazmaya bilmirəm. Fikrət müəllimi yaxından tanıyanlar onun şəxsi münasibətlərdə yaxşı mənada necə vasvası olduğunu bilməmiş deyillər. El şairinin dediyi məşhur "Dost-mehriban ya bir olar, ya iki" sözləri Fikrət müəllim üçün ən çox yaraşan qənaət idi. Ona görə şübhə etmirəm ki, bu sirrini, o, ən yaxın bir-iki nəfərə demiş olardı.

Bir də Fikrət müəllim xüsusilə yüksək mövqeli şəxslərə öz hörmət-ehtiramını açıb-ağartmağı xoşlamırdı. Yadımdadır ki, "Canım-Azərbaycanım" əsərini Səməd Vurğuna ithaf etdiyini böyük şairin sağlığında ona deməmişdi.

Ancaq təkcə maddi aləmdə deyil, mənəvi aləmdə də həqiqətən heç nə itmir. Ölməz bəstəkarın və əvəzsiz şəxsiyyətin ürəyində apardığı bir böyük döst duyğusunu özü sağlığında mövqe ilə əlaqədar dilə gətirməkdə çətinlik çəksə də, mən şahid olduğum üçün indi - yüksək mövqe sahibinin çox səmimi sözləri müqabilində söyləməyi özümə borc bildim.

 

 

Ayaz VƏfALI

 

Ədəbiyyat qəzeti.-2009.-8 may.-S.2.