Heydər Əliyev – 86

 

...1992-ci ilin əvvəllərində Naxçıvan Muxtar Cümhuriyyətinin Cümhurbaşqanı hörmətli Heydər Əliyevin Türkiyəyə gələcəyi xəbəri ilə əlaqədar Azərbaycanın Naxçıvanın tarixi Heydər Əliyevin həyatı haqqında incələmələrdə bulundum. Gördüm ki, həqiqətən bərabəri olmayan bir həyat yolu keçib.

 

Sadə bir ailənin övladı Heydər Əlirza oğlu Əliyev Naxçıvanda orta məktəbdə ikən Türk yazarlarının əsərlərini oxuyaraq bunlardan Namiq Kamal, Ziya Gökalp, Tofiq Fikrət və Yəhya Kamalın şerləri ilə Rəşad Güntəkinin romanlarının təsirində qalmışdır. Əliyev gənc yaşda Sovet Təhlükəsizlik Təşkilatında vəzifə almış, bu təşkilatda general rütbəsinə qədər yüksəlmişdir. 1969-1982-ci illər arasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq, Azərbaycan Respublikasının rəhbərliyində ən yüksək səviyyədə vəzifə alan Əliyev bu dönəmdə Azərbaycanda sənaye, istehsal, tikinti, texnika, kənd təsərrüfatı və mədəniyyət sahələrində fövqəladə xidmətlər göstərmiş və 41 kilometrlik Bakı metrosu boyu fabriklər, sənaye kompleksləri layihələrini gerçəkləşdirmişdir. Heydər Əliyev 1976-1982-ci illərdə eyni zamanda Sovet İttifaqında Siyasi Büro üzvlüyünə namizəd seçilmişdir. 1982-1987-ci illər arasında isə Siyasi Büronun üzvü və Sovet İttifaqı Baş nazirini birinci müavini vəzifəsində olmuşdur.

Sovet Dövlətinin zirvəsində bulunduğu vaxtlarda Qorbaçovun Qazaxıstan Kommunist Partiyasının Birinci Katibi Dinmühəmməd Kunayevi vəzifədən çıxararaq yerinə bir rusu — Gennadi Kolbini gətirməsi Əliyevin səbrini daşırmış, Qorbaçova qarşı olmuş, bu hadisədən sonra Siyasi Büroda mübarizəyə davam etmiş və nəhayət, 1987-ci ildə Siyasi Bürodan istefa vermişdir.

Heydər Əliyev 1990-cı ildə Sovet ordusunun Bakıya girərək törətdiyi 20 Yanvar qırğınından sonra, buna etiraz edib, Moskvada bir Mətbuat toplantısı keçirərək 19 iyul 1991-ci ildə Kommunist Partiyası üzvlüyündən istefa verdiyini bildirmişdir. Əliyev 1991-ci ildə Naxçıvan Muxtar Cümhuriyyətinin Cümhurbaşqanlığına və eyni zamanda Azərbaycan Ali Sovetinin üzvlüyünə seçilmişdir.

İndi belə bir fövqəladə şəxsiyyətin Türkiyəyə gəlməsi xəbəri məni həyəcanlandırmışdı. İstər İstanbulda, istərsə də Ankarada Bilkənd Universitetində və evimdə Türk Dünyasının nadir yetişdirdiyi bir liderlə tanış olaraq onun dostluğunu qazanmaq səadətinə yetişəcəkdim.

...Heydər Əliyev mənimlə ilk görüşüylə bağlı müşahidələrini neçə illər sonra Bilkənd Universitetində düzənlənən bir tədbirdə aşağıdakı iltifatlı sözlərlə dilə gətirdi:

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi Ankarada İhsan Doğramacının Bilkənd Universitetinə gəldim. Doğramacının Azərbaycan tarixi haqqındakı, Naxçıvan haqqındakı, Azərbaycanın başqa bölgələri haqqındakı dərin məlumatları məni heyran etdi. Sadəcə Azərbaycana deyil, bütün türkdilli xalqlara diqqət göstərmiş, xidmət etmişdir. İhsan Doğramacının böyük xüsusiyyətləri vardır; məsələn, Azərbaycanın Bakı ləhcəsini, Naxçıvan ləhcəsini, Qarabağ ləhcəsini və başqa tərəflərin ləhcələrini bilir. Bizim xalqımızın çoxu bunları bilməz. Bu ilk görüşmələrdən sonra İhsan Doğramacıyla aramızda böyük bir dostluq başladı. Sanki yüz illik bir dostluq”.

Həqiqətən, Heydər Əliyevlə bu səmimi görüşlərdən sonra Azərbaycanla daha çox maraqlandım. Onların universitetləri ilə daha sıx işbirliyi qurduq. Bilkənd Universitetinin müxtəlif bölmələrinə, xüsusilə Musiqi fakültəsinə Azəri təhsil nümayəndələri və sənətçilər təyin olundular. Əliyev mənim doğum günlərimdə məni daim xatırladı.

1995-ci ildə səksəninci doğum günüm, 2000-ci ildə də səksən beşinci doğum günüm Bakıda təntənəli qeyd olundu. Səksəninci doğum günümdəki tədbirlərə Azərbaycan və Türkiyə mətbuatında geniş yer verilir və Mahir Naqiboğlunun qələmindən çıxan yazıda xülasə şəklində belə deyilirdi:

“Azərbaycan Cümhurbaşqanı Heydər Əliyev İhsan Doğramacının anadan olmasının 80-ci ildönümünü Azərbaycanda bir el şənliyi, bir dövlət tədbiri olaraq keçirdi. Azərbaycandan xaricdə yaşayan məşhur bir şəxsiyyətin doğum ildönümü Bakıda ilk dəfə bu qədər təntənəli bir şəkildə bayram edilirdi. Tədbirdə son dərəcə səmimiyyət dolu sözlər deyən Əliyev, bütün protokol qaydalarını bir tərəfə qoyaraq, qardaşcasına davam etdirdiyi çıxışında Doğramacıya çox əlamətdar bir qiymət verdi. Doğramacı da bu qeyri-adi jestə cavab olaraq Azəri şivəsiylə və dərhal Əliyevə xitab etməyə başlayınca, ordakılar çox səmimi bir qaynaşma ilə tək bir vücud halına gəlmişdilər. Danışıqlar artıq qarşılıqlı müdrik hazırcavablıqla davam edirdi. Əliyev “Sizin 80 yaşınızı Azərbaycanda bayram etməyinizə çox şadıq; Siz gəncsiniz; daha neçə illər yaşayaraq Türk Dünyasına xidmət göstərəcəksiniz” — deyincə Doğramacı da “Düz deyirsiz, mən 40 yaşındayam, çünki gecələri ömrümdən saymıram” — deyə cavab verdi”.

 

 

İhsan Doğramacı

 

Ədəbiyyat qəzeti.-2009.-8 may.-S.1.