Heydər Əliyev-86
Avropanın
demokratik mərkəzi və simvolik paytaxtı Strasburqda
yaşayıb-yaratmış soydaşımız, türkoloq
alim, onlarca kitabın müəllifi İren Melikofu
respublikamızda da yaxşı tanıyırlar.
Mən Sankt-Peterburqda anadan olmuşam. Bolşeviklərin repressiyasından ehtiyat edən atam ailəsini finlandiyaya aparmışdı. Həmin vaxt mənim iki yaşım var idi. Amma atam bu ölkədə də çox duruş gətirmədi və qısa bir vaftdan sonra fransaya köçdük. Elə həmin dövrdən fransa bizim üçün bir növ ikinci vətən oldu.
Özümü dərk etməyə başlayanda, atam mənə doğma vətəni Azərbaycan barədə dəfələrlə söhbət açardı. Beləcə, görmədiyim Azərbaycana vurulmuş və məndə sehrli bir aləmi xatırladan bu ölkəyə səfər etmək arzusu baş qaldırmışdı. Nəhayət, çox illər keçəndən sonra qəlbimdə gəzdirdiyim arzuma qovuşa bildim.
Ötən əsrdə, Sovetlər Birliyi dövründə Azərbaycanla əlaqələr yaratmışdım. Hətta onun fransa kimi bir ölkədə tanınmasına səy edir, Azərbaycan ədəbiyyatı və mədəniyyətini fransızlara çatdırmaq üçün əlimdən gələni əsirgəmirdim. Bu istiqamətdə aparılan işin nəticəsi kimi SSRİ xalq artisti Lütfiyar İmanovun və digər incəsənət ustalarının fransaya səfərini misal gətirə bilərəm. Onlarla görüşüm Azərbaycan barədə təsəvvürümü zənginləşdirdi. Elə həmin vaxtlar ilk dəfə Heydər Əliyev və onun güclü şəxsiyyət olması barədə eşitdim.
1990-cı illərin əvvəlində Azərbaycanın başına gətirilmiş bəlalar, ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi və ölkədə hökm sürən ağır vəziyyət məni çox narahat edirdi. Azərbaycanda baş verən hadisələri həyəcanla izləyirdim. Belə bir dövrdə Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi məni hədsiz dərəcədə sevindirdi. Sovetlər zamanı haqqında dəfələrlə eşitdiyim Heydər Əliyevin Azərbaycanı tezliklə bu ağır vəziyyətdən xilas edəcəyi, təbii sərvətlərlə zəngin ölkəni qısa vaxtda dünyanın qabaqcıl dövlətləri sırasına çıxaracağı barədə məndə böyük inam yaranmışdı. Hadisələrin sonrakı gedişi zənnimin məni aldatmadığını göstərdi.
Açığını deyim ki, Heydər Əliyevi çox sevirdim və bu gün də heyranlığımı gizlətmirəm. Tarixin yetişdirdiyi güclü şəxsiyyət və böyük siyasi xadim olan Heydər Əliyevlə bir neçə dəfə görüşmək mənə nəsib olmuşdur. Bu görüşlərdən biri məndə böyük təəssürat yaratdığından, onu heç vaxt unuda bilmirəm. İndinin özündə də həmin görüşün təsiri altındayam.
Xalqının zəngin keçmişini və milli dəyərlərini həmişə yüksək qiymətləndirmiş Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Koroğlu eposuna həsr edilmiş beynəlxalq simpozium keçirilirdi. Həmin vaxt bu dahi insanla söhbət etmək mənə müyəssər oldu. Biz söhbət zamanı yalnız “Koroğlu” dastanından deyil, dünya ədəbiyyatı, türkologiya məsələləri, türk dünyasının möhtəşəmliyi barədə fikir mübadiləsi edirdik. Müdrik rəhbərin bu məsələlərdə dərin biliyi, möhkəm hafizəsi, ədəbiyyata fəlsəfi baxışları, gözəl təhlil etmək bacarığı, Azərbaycan ədəbiyyatı ilə yanaşı, dünya ədəbiyyatı barədə yürütdüyü fikirlər, sözün əsl mənasında, məni tamamilə valeh etmişdi. Özlüyümdə Heydər Əliyevin universitetin ədəbiyyat fakültəsini çox yaxşı bitirdiyini zənn edirdim. Amma sonralar Heydər Əliyevin ixtisasca tarixçi olduğunu eşidəndə bir anlığa çaşıb qaldım, təəccübümü ifadə etməyə söz tapa bilmədim.
Tarixdə Heydər Əliyev kimi güclü şəxsiyyətlər az yetişir. Uzaqgörənliyi, siyasi məsələlərə tez reaksiya verməsi, hadisələri qabaqlaması kimi keyfiyyətlər Heydər Əliyevi bütün dünyada tanıtdırdı, güclü şəxsiyyət, siyasi xadim, müdrik və təcrübəli dövlət başçısı olduğunu sübuta yetirdi.
Heydər Əliyev bu keyfiyyətləri ilə bərabər, yüksək mədəniyyətə, hərtərəfli dünyagörüşə malik rəhbər kimi həmişəlik mənim xatirimdə qalmışdır.
Həmin görüşdə mən ədəbiyyatın müxtəlif sahələrini əhatə edən və türkologiyaya dair bir neçə kitabımı dövrünün böyük siması olan Heydər Əliyevə hədiyyə verdim. Bu, bizim son görüşümüz olsa da, mən Heydər Əliyevi indi də yaddan çıxara bilmirəm. Çünki Azərbaycan tarixində, dünya siyasətində dərin iz buraxmış Heydər Əliyev yaddan çıxarılası şəxsiyyət deyildir.
Atasının daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevlə də Strasburqda, Avropa Şurasının iqamətgahında keçirilmiş tədbir zamanı tanış olmuşam. Aramızdakı qısa söhbətdən sonra möhtərəm Prezident İlham Əliyevin yüksək mədəniyyətə, geniş dünyagörüşə malik olduğunu hiss etdim.
İren Melikof
Ədəbiyyat qəzeti.-2009.-8
may.-S.2.