Məmməd
Cəfər – 100
Ədəbi-nəzəri
fikrimizin patriarxı
Hər
bir şəxsiyyətin tarixi dəyəri onun öz xalqı
qarşısında etdiyi xidmətlərlə
ölçülür. Mənsub olduğun xalqın
bağrından qopmadan xalqın tarixinə daxil olmaq
mümkün deyil. Xalq elə bir qüdrət,
elə tükənməz bir enerji mənbəyi, elə
müdrik filosof və elə saf insaniyyət nəhridir ki, onun
varlığına yalnız istedadlılar, yalnız
güclülər və əlbəttə, yalnız səmimilər
daxil ola bilir. Dəniz çirkabı, xalq saxtalıq və
xəyanəti qəbul etmir. Tarix həqiqəti, ədaləti
və səmimiyyəti qoruyanları qəbul edir. Bu il may ayının 9-da anadan olmasının şərəfli
100 illiyi tamam olan akademik Məmməd Cəfər Zeynalabdin
oğlu Cəfərov qədim və ulu Azərbaycan
xalqının bağrından qopub öz Allah vergisi olan
istedadı və sədaqətli qələmi ilə həqiqəti
yazmış, ədalətli
danışmış, səmimiyyəti ilə
insanlığın qəlbini fəth etmiş tarixi şəxsiyyət
idi. Əlbəttə, mənim üçün 100 ilin zirvəsindən
bir zamanlar əl-ələ tutub görüşdüyüm,
bir süfrə arxasında əyləşdiyim, həsrətlə
müdrik söhbətlərini dinlədiyim, ədəbiyyat nəzəriyyəsi öyrəndiyim, ən böyük
milli-mənəvi sərvətimiz olan bədii ədəbiyyatı
xalq mənafeləri baxımından tədqiq etmək örnəkləri
aldığım Cəfər müəllimi dəyərləndirmək
çox çətindir. Öz ustadına məftun olmuş
bir şagird ona sevgisini izhar edərkən
boğazı necə tutulursa, mən də indi ustadımın
100 illiyi ilə bağlı bu qeydləri edərkən həmin
psixoloji halətdəyəm. Əslində mən bu gün
AMEA-nın Ədəbiyyat İnstitutundakı iş
otağıma Cəfər müəllimin 20 il rəhbərlik
etdiyi Ədəbiyyat nəzəriyyəsi şöbəsinə
daxil olarkən Məmməd Cəfər müəllimin ruhunu
hiss edir, bu adın məsuliyyətini duyur və elmdə onun
varisi kimi nəzəri-tarixi vəzifələrimi daha aydın
dərk edirəm. Akademik Məmməd Cəfəri hamıdan
yaxşı tanıyan mənim əziz müəllimim
AMEA-nın müxbir üzvü, professor Abbas Zamanov yazıb:
"Xoşbəxt o kəsdir ki, onun məhz şəxsiyyəti
ən gözəl əsəri kimi sabaha, gələcəyə,
bizə yadigar qalır. Məmməd Cəfər
şəxsiyyəti ən gözəl əsəri olan təkrarsız
ziyalımız idi… ədəbiyyatımızın "mən"i,
şəxsiyyəti barədə ən dolğun, ən kamil
kitab da bütövlükdə Məmməd Cəfərin
yaradıcılığıdır". Tamamilə
düz deyir Abbas müəllim. M.Cəfər SSRİ yaranandan
(1922) dağılan günədək (1992) 70 il təkcə Azərbaycan
ədəbiyyatı yolunda yox, həm Avropa, həm Şərq,
həm də rus ədəbiyyatı yolunda namus və vicdanla qələm
işlədib. Lap bu günlərdə alim haqqında dərc
olunmuş yazıların birində deyilir ki, indi, müstəqillik
dövründə Məmməd Cəfərin əsərlərini
müəyyən ixtisarlarla çap etmək
mümkündür. Bu fikirlə qəti razılaşmaq olmaz.
Məmməd Cəfər tənqidimizin, ədəbi-nəzəri
fikrimizin klassikidir, onun bir cümləsinə də əl dəymək
olmaz. Sovet dövrü bizim tariximizdir və biz
onu taleyimizdən kəsib ata bilmərik. İkincisi də bir
neçə məqaləsindəki formal sitat və tezislər
nəzərə alınmaqla M.Cəfər heç vaxt
totalitar ideologiyaya boyun əyməmiş, konyukturaya uyub əsər
yazmamışdır… Həqiqətən də Məmməd Cəfər
adının özü ədəbiyyat haqqında ən
böyük kitabdır. Onun şəxsiyyəti bizim ədəbi
tale kitabımızdır
Gəlin
çox müxtəsər təəssüratlarla Məmməd
Cəfər şəxsiyyətinin mənbələrinə
qayıdaq. Mən belə hesab edirəm ki, şəxsiyyət
üçün üç müqəddəs mənbə
var: ana qucağı, ata ocağı və təhsil
ocağı. M.Cəfər 9 may 1909-cu ildə qədim və
ulu, Naxçıvan torpağında, Naxçıvan şəhərinin
Anbar məhəlləsində dərzi ailəsində
dünyaya təşrif gətirib. 1919-cu ildə M.Cəfər
dünyada güvəndiyi iki əziz adamını - 30
yaşlı anasını, 40 yaşlı atasını itirir.
Beş nəfərdən ibarət ailə 10 yaşlı
uşağın ümidinə qalır. 1920-ci ildə o,
atasının dostları sayəsində "Qızıl
ordu" üçün paltar tikən dərzixanaya şagird
qəbul olunur. Az sonra bu ştat ləğv edilir və onu
"kuryerliyə" qəbul edirlər. Buradan alınan
maaşla ailəni saxlamaq mümkün
olmadığını görəndə nənəsi onu
şatır-çörəkçi qohumlarının
yanında kündəgirlik işinə düzəldir. Beləliklə,
11-13 yaşlarında iynədən tikib birləşdirməyi,
kündələrin taleyində yanıb-bişməyi öyrənir.
Bu yerdə böyük sufi Mövlanə Cəlaləddin
Ruminin məşhur "Çiy idim, yandım - bişdim"
hikməti yada düşür. Azərbaycan ədəbiyyatında
memuar janrının dəyərli nümunəsi olan "Xatirələr"
əsərində M.Cəfərin uşaqlıq təəssüratlarını
oxuyan, akademikin ləyaqətli yetirməsi, AMEA-nın
müxbir üzvü Yaşar Qarayev ustadı haqqında
yazdığı "Bir ömrün işıqları"
(1979) monoqrafiyasında bu anları belə mənalandırır:
"Dərzi iynəsi və xəmir kündələri
balaca Cəfərin "oyuncağı", təndirdə
sayrışan odlu qığılcımlar isə
uşaqlıq xəyallarının torpaqdan qalxıb havaya səpələnən
ulduzları olur… "Alov məktəbi" və
"çörək dərsləri" şəxsiyyətinin
və mənəvi təbiətinin
işığı və istisi şəklində gələcək
mütəfəkkir alim və tənqidçinin
varlığını daha heç zaman tərk etmir: bu atəş
xalqa və sənətə bəslənən məhəbbətə
çevrilir, mənəvi vicdanın və həqiqət
duyğusunun rəmzi və ifadəsi kimi
bütünlükdə onun ruhunda və varlığında həmişə
yanır. Bu gün də Məmməd Cəfərin ən
yaxşı məqalələrindən, çörək ətri
və "alov əxlaqı"nın rayihəsi gəlir".
Yeniyetmə M.Cəfərdə kündəyə məhəbbət
o qədər müqəddəs idi ki, bir az sonra o, öz
şeirlərini "Məmməd Cəfər Kündəgir"
imzası ilə yazmağa başladı.
M.Cəfər
qonşusu, süd anası Zəhra xalanı özünün
ilk "bədii söz müəllimi" adlandırır.
M.Cəfərin sevdiyi ilk yazıçı Maksim Qorki idi. Bəlkə
də ona görə ki, M.Qorki də çörəkçi
olmuşdu. Bəlkə ona görə də M.Cəfər ilk
məqalələrini rus ədəbiyyatı klassikləri
haqqında yazmağa başladı və bu yazılar "Rus ədəbiyyatı
tarixi oçerkləri" (1939), "A.İ.Gertsen" (1954),
"Azərbaycan-rus ədəbi əlaqələri tarixindən"
(1964), "Rus klassikləri" (1964), nəhayət,
üç cildlik "XIX əsr rus ədəbiyyatı"
(1970-75) kimi fundamental əsərlərə çevrildi. Bu əsərləri
ilə akademik M.Cəfər Azərbaycanda
rusşünaslığın əsasını qoydu…
"Kündəgir"
imzası ilə şeir yazmağın M.Cəfərə
mühüm bir xeyri oldu. Məmməd Cəfəri Hüseyn
Cavidin böyük qardaşı Məhəmməd Rasizadə
evində orta məktəbə hazırlamışdı. Lakin
M.Cəfər nə qədər cəhd edirsə, onu orta məktəbə
qəbul etmirlər. Belə olanda 1928-ci ildə 19 yaşlı
Məmməd Cəfər xalq maarif komissarı Ruhulla Axundova
şeirlə uzun bir ərizə yazıb oxumaq istədiyini
bildirir. R.Axundov Naxçıvana göstəriş verir ki, bu
cavanı istədiyi məktəbə qəbul edin. O, 20
yaşında Naxçıvan Pedaqoji Texnikumuna qəbul olunur,
texnikumun son kursundan birbaşa V.İ.Lenin adına Ali Pedaqoji
İnstitutun dil-ədəbiyyat fakültəsinə göndərilir
(1931-35). Buranı bitirərkən o ilk böyük əsərini
- H.Nəzərlinin rəhbərliyi ilə XVIII əsrin
böyük maarifçi filosofu Volterin ədəbi-nəzəri
görüşləri haqqında diplom işini yazır.
Komissiya üzvü o dövrün məşhur tənqidçisi
Əli Nazimin təkidi ilə ona "əla"
yazılır. Bununla belə Ə.Nazim onu tənqid edir, deyir
ki, sən Volterin ictimai-tarixi və fəlsəfi
görüşlərinə daha çox yer vermisən, halbuki
ədəbi-nəzəri görüşlərinə əsas
yer verməli idin. Beləliklə də, "Yanlış da
bir naxışdır" xalq deyimi gənc alimin
yaradıcılıq taleyində özünü doğruldu, fəlsəfi
təmayül onun tənqid və nəzəri
görüşlərinin əsas istiqamətini müəyyənləşdirir.
M.Cəfər çox gec - 40 yaşında - 1949-cu ildə
"Mirzə fətəli Axundovun ədəbi-tənqidi
görüşləri" mövzusunda namizədlik
dissertasiyası müdafiə edib. İbrətlidir ki, bu vaxta qədər
onun üç kitabı, yüzdən artıq məqaləsi
çap olunmuşdu.
XX əsrin 50-ci illərində artıq müasir tənqid
sahəsində Məmməd Arif, nəzəri-estetik sahədə
Məmməd Cəfər qüdrətli qoşa qanad kimi ədəbi-tarixi
prosesi irəli aparırdılar. Əlbəttə, biz bununla o
zaman öz tədqiqat sahələri üzrə böyük nüfuza malik f.Qasımzadənin,
M.Rəfilinin, C.Xəndanın, Ə.Sultanlının,
M.İbrahimovun, Mir Cəlalın, K.Talıbzadənin, Ə.Mirəhmədovun,
Ə.Ağayevin xidmətlərini də ehtiramla qiymətləndirir,
qədirşünaslığımızı bildiririk.
M.Cəfər professional tənqidə gələndə bəziləri
onun müəllimi olmuş ən yaxşı tənqidçi
və ədəbiyyatşünaslar - Əli Nazim, Bəkir
Çobanzadə, Mustafa Quliyev, Əmin Abid, Hənəfi
Zeynallı, Salman Mümtaz, Məmmədkazım Ələkbərli,
Atababa Musaxanlı… repressiya qurbanı olmuşdular. B.Çobanzadə və
S.Mümtazdan başqa yerdə qalanlar M.Cəfərin
yaşıdları idi. Onların həbsi və
amansızcasına güllələnməsi M.Cəfərin
gözü qarşısında baş vermişdi. O, bilməmiş
deyildi ki, ədəbi tənqid çox təhlükəli bir
işdir, ondan ötrü adamı aparıb 15-20 dəqiqəlik
"məhkəmənin" - Matuleviç, Jiqur və
Zaryandan ibarət hərbi üçlüyün hökmü
ilə güllələyirlər. Bəs bütün bunlara
baxmayaraq M.Arifi, M.Rəfilini, M.Cəfəri tənqidə gətirmiş
cəsarətin gücü nədədir? Bəlkə, M.Cəfər
həmin o qanlı repressiya illərində ona görə rus ədəbiyyatından
yazdı ki, ona dəyməsinlər? M.Cəfərin 1939-cu ildə
çap olunmuş ilk kitabı "Rus ədəbiyyatı
tarixi oçerkləri" idi… Akademik Məmməd Cəfərin
zəngin yaradıcılığı çoxcəhətli
idi. Bu cəhətləri təxminən
aşağıdakı tərzdə xülasə etmək
olar:
1. M.Cəfər
təxminən 60 il ərzində (1932-1992) Azərbaycanda cari
(və canlı) ədəbi prosesi izləmiş professional tənqidçi
idi.
2. O, Azərbaycanda
rusşünaslığın əsasını qoymuş rus ədəbiyyatı
tarixçisi idi.
3. M.Cəfər
klassik Azərbaycan bədii və estetik fikrinin tədqiqatçısı
idi.
4. M.Cəfər Azərbaycan romantizmşünaslıq elminin banisi idi.
5. M.Cəfər müasir sənət və estetika nəzəriyyəçisi, tənqidşünas alim idi.
6. M.Cəfər nizamişünaslığın və füzulişünaslığın yaradıcılarından idi.
7. Nəhayət o, Azərbaycanda ədəbiyyat nəzəriyyəsi elmini formalaşdırmış nəzəriyyəçi idi.
Bu sahələrin hər birində Cəfər müəllim ən nüfuzlu söz sahibi, sayılan ehtiram sahibi olan mütəxəssis hesab olunurdu. Sonralar dövrün ən böyük mükafatını almış - Sosialist Əməyi Qəhrəmanı ulduzunu gəzdirən xalq yazıçıları arasında belə bir fikir var idi: əgər Məmməd Cəfər tənqid edibsə, deməli düzgün tənqid edib!
M.Cəfər 37-ci il repressiyalarından sonra ədəbi tənqidə ikinci növ ədəbiyyat kimi baxan, redaksiyalarda tənqidi məqaləni "…və başqaları" qovluğunda saxlayan yazıçılara və naşirlərə sübut etdi ki, ədəbi tənqid çox çətin sənətdir. Yazıçı yalnız özündən, öz ovqatından, tənqidçi isə həm özündən, həm də bədii əsərdən, həm də zəmanənin estetik zövqündən asılı peşə sahibidir.
S.Vurğunun dəqiq ifadəsi ilə desək, M.Cəfər "filosof tənqidçi" idi. Bəs bu tənqidin nüfuzu, onun fəlsəfəsi nədə idi, haradan qaynaqlanırdı bu fəlsəfə?! Bunun üçün ilk növbədə ümumi şəkildə də olsa M.Cəfər tənqidinin tarixi və estetik mənbələrini göstərməliyik. Bunlarsız onun tənqidi və nəzəri görüşlərinin özünəməxsusluğunu açmaq olmaz. XX əsrin unikal hadisəsi olan Məmməd Cəfər tənqidinin estetik mənbələrini aşağıdakı kimi təsnif etmək olar:
1. XVIII əs Avropa (xüsusilə fransa) maarifçi estetikası.
2. XIX əsr rus inqilabçı demokratik tənqidi.
3. M.f.Axundzadənin ədəbi-tənqidi və nəzəri-estetik irsi.
4. Orta əsrlər Azərbaycan nəzəri-estetik fikri.
5. Azərbaycan ədəbiyyatının poetik fəlsəfəsi.
Artıq qeyd etdik ki, M.Cəfər ilk böyük əsəri olan beş fəsildən ibarət diplom işini fransız maarifçi filosofu Volterə həsr etmişdi. Məhz Volter gənc tədqiqatçını Avropaya apardı və o, təbii ki, bütövlükdə maarifçi estetikanın nəzəri prinsiplərini mənimsədi.
M.Cəfər rus inqilabçı demokrat tənqidi, xüsusilə Gertsen haqqında monoqrafiyalar yazdı. 40-50-ci illərin tənqidçiləri - M.Arif, M.Cəfər, M.Rəfili, C.Cəfərov, Ə.Ağayev həm XIX əsr rus inqilabçı demokratik tənqidini, xüsusilə Belinski, Gertsen, Dobrolyubov, Çernışevski və s. əsərlərini sistemli şəkildə dilimizə tərcümə edir, həm də onlar haqqında portret monoqrafiyalar yazırdılar. Bu baxımdan C.Cəfərin üç cildlik "XIX əsr rus ədəbiyyatı" klassik nümunə hesab oluna bilər. M.Cəfər bu kitablarla böyük bir xalqın ədəbiyyatını Azərbaycana gətirdi. Rus ədəbiyyatının ən qüdrətli dövrünün bədii söz və nəzəri-estetik fikir sərvətini Azərbaycan gənclərinin ixtiyarına verdi.
Millətin həm yaralarını, həm də onun qüdrət və cəlalını göstəməkdə XIX əsr rus ədəbiyyatı həqiqətən qibtə edilən bir ədəbiyyat idi". Belə bir düzgün metodoloji başlanandan da o Puşkin, Lermontov, Qoqol, Gertsen, Belinski, Çernışevski, Dobrolyubov, Turgenev, Qonçarov, Ostrovski, Nekrasov, Saltıkov-Şedrin, Dostoyevski, Tolstoy, Çexov kimi ədib və tənqidçilərin irsini təhlil edir, sənətə gətirdikləri yenilikləri açır, onların ədəbi-tarixi mövqelərini təyin edirdi. M.Cəfər təkcə dünya şöhrətli dahilər - M.f.Dostoyevski və L.Tolstoy haqqında yazsaydı belə rus ədəbiyyatı üzrə görkəmli mütəxəssis kimi məşhur ola bilərdi. Yeri gəlmişkən qeyd edək ki, ümumiyyətlə M.Cəfər dünya ədəbi-tarixi prosesinin diktə etdiyi nəzəri-estetik meyarlarla düşünən, doğma ədəbiyyatı ilə dünya klassik irsi arasında səsləşmələr axtaran tənqidçi idi.
Sovet ədəbiyyatşünaslığı, sosializm realizmi adı altında rusçuluğun tüğyan etdiyi dövrdə o, ədəbi əlaqələr probleminə ən düzgün yanaşan tədqiqatçı idi. M.Cəfər dinməz-söyləməz ədəbi əlaqələri "böyük" ədəbiyyatın kiçik ədəbiyyata nəinki təsiri, hətta müəllimlik etməsi kimi izah edən mövcud yanlış konsepsiyaya qarşı yeni termin "ədəbi səsləşmə" anlamını tətbiq edir. Burada nəinki birtərəfli, hətta qarşılıqlı ədəbi-bədii təsirdən belə söhbət getmir. M.Cəfər belə bir universal fikrində tamamilə haqlı idi ki, ədəbi-tarixi inkişafın vüsətinə görə rus XIX əsrinə Azərbaycan XX əsri uyğun gələ bilər. XX əsr Azərbaycan ədəbiyyatının və nəzəri-estetik fikrinin milli intibah dövrü, milli-bədii və mənəvi-tarixi özünüdərk epoxası idi. Bütün bunlardan sonra belə bir sual vermək yerinə düşər: Əcəba, nə idi Məmməd Cəfər tənqidinin sirri və möcüzəsi?
Bu tənqidin çox qüvvətli klassik bədii-fəlsəfi və nəzəri-estetik arsenala malik olması. M.Cəfər Nizamidən yazarkən Nizami ilə, V.Hüqodan yazarkən Hüqo ilə, Belinskidən yazarkən Belinski ilə dialoqa girməyi, həmsöhbət olmağı bacarır, onların ən yaxşı fikirlərini öz tənqidinin materialına çevirməyi bacarırdı.
Məhz bu keyfiyyətləri sayəsində də M.Cəfər 50-ci illərdə "konfliktsizlik" nəzəriyyəsinin bataqlığında çabalayan, sürüşkən meyarlarla ədəbiyyata şişirdilmiş qiymətlər verən tənqiddə ciddi nəzəri-metodoloji reformalar apardı. Azərbaycan ədəbi tənqidi tarixində təsvir tənqidindən təhlil tənqidinə, analitik-fəlsəfi tənqidə keçidin nəzəri zəminini hazırladı. 60-cı illərdən etibarən Məmməd Cəfərin başçılığı ilə ədəbi tənqid bu yolla getdi, onun K.Talıbzadə, Y.Qarayev, A.Əfəndiyev, Elçin, A.Hüseynov kimi nümayəndələri formalaşdı. M.Cəfər ədəbiyyata hazır nəzəriyyədən gəlmir, ədəbiyyatın öz nəzəriyyəsini hasil edir, "hər bir dahi yazıçı öz yaradıcılığında bir həqiqət axtarır" - deyə həmin həqiqəti kəşf edir, onu tənqid formaları, tənqid üslubu ilə ifadə edirdi.
M.Cəfər Nizami yaradıcılığına hələ 40-cı illərdə üz tutmuşdu: "Nizami yaradıcılığında humanizm" (1947). Bu o dövr idi ki, Ə.Nazim və M.Rəfilinin Şərq intibahı haqqındakı ideyaları yasaq olunmuşdu, əksinə gürcü Nutsibidzenin və erməni Çaloyanın gürcü və erməni renessansı haqqında kitabları yenicə çap olunmuşdu. Nizaminin humanizmi əslində Şərq intibahının fəlsəfi əsası, Nizami isə Ömər Xəyyam, Ə.Firdovsidən - Ə.Nəvaiyə və M. Füzuliyə qədər gələn bu intibahın zirvəsi demək idi. Düz 35 ildən sonra 1982-ci ildə Şərq İntibahı problemini öz yetirmələri A.Hacıyev, A.Rüstəmova və Y.Qarayevlə birlikdə ədəbi-nəzəri fikrin mərkəzinə "Nizaminin fikir dünyası" monoqrafiyası ilə məhz akademik Məmməd Cəfər gətirdi. M.Cəfər ehtiraslı və olduqca təmkinli bir adam idi. Bu cəhət onun tənqidi üçün də səciyyəvidir: ağır və cazibədar. Onun tənqidində Belinskiyə məxsus coşqunluq, Dobrolyubova xas soyuq mühakimə var. Onun ağırlığı fikirlərində, ehtirasları isə üslubunda təzahür edir. Cəfər müəllimin bütün əsərləri - 30 kitabı, 300-dən artıq məqaləsi bizim tənqid dərsliyimiz, tənqid tariximizdir. Bununla bərabər mən onun dörd məqaləsini klassik tənqid nümunəsi hesab edirəm: "Füzuli sevir" (1941), "Səni kim unudar" (1942), "Mütəfəkkirin şəxsiyyəti" (1962), "Hünərvər şair" (1962), - Füzuli, M.Hadi, M.F.Axundzadə və M.Ə.Sabir! Göründüyü kimi bu yazıların ikisi 40-cı, digər ikisi isə 60-cı illərin məhsuludur və bu iki rəqəm arasındakı 20 il əslində M.Cəfərin tənqid üslubunun, ümumən ədəbi-nəzəri görüşlərinin formalaşdığı dövrdür. Biz məhz bu məqalələri ona görə fərqləndirdik ki, onlarda həm gənc tənqidçinin, həm də müdrik ədəbiyyat nəzəriyyəçisinin ehtirasları və xalqın fəlsəfəsi qabarıq şəkildə öz ifadəsini tapıb.
Monoqrafik füzulişünaslığımızın əsasını qoymuş ən yaxşı əsəri də - "füzuli düşünür" (1959) monoqrafiyasını da iyirmi il sonra məhz Məmməd Cəfər yazdı.
Akademik Məmməd Cəfər ən yaxşı nəzəri əsərlərini öz zəmanələrinin böyük mütəfəkkirləri - Nizami, füzuli, M.F.Axundzadə, H.Cavid, C.Məmmədquluzadə, M.Sabir, M.Hadi, C.Cabbarlı, S.Vurğun və b. haqqında yazıb. Bu imzalar əslində min illik bütöv bir Azərbaycan ədəbiyyatı deyilmi?!
Hələ 20-ci illərdə C.Cabbarlı öz böyük sələfi M.F. Axundzadə haqqında məqaləsində yazırdı: "Mirzə fətəli bir ədib və bir şair olmaqdan daha artıq bir cəmiyyətçi, bir əməlpərvərdir. Onu yazıçılığa təhrik edən də bədii zövqündən daha artıq ictimai məfkurələri idi. O, ədəbiyyatı öz məfkurələrini həyata keçirmək və yaymaq üçün bir vasitə bilirdi". C.Cabbarlının müşahidə etdiyi bu cəhət Azərbaycan ədəbiyyatı üçün xarakterikdir. Nizami intibah, füzuli təsəvvüf, Nəsimi hürufi, Mirzə fətəli maarifçi, Mirzə Cəlil realist, H.Cavid romantik məfkurələri təbliğ və tərənnüm edirdi. Azərbaycan ədəbiyyatının poetik vasitələri həmin məfkurələri ifadə etmək vəzifəsini icra edirdi. M.Cəfərin tənqidinin əsasında məhz belə bir poetik fəlsəfə-məfkurəçilik dayanırdı…
Məmməd Cəfər Azərbaycan romantizmşünaslığının banisidir. Ona nəzəriyyəçi kimi nüfuz qazandıran, onu ədəbi-nəzəri fikir tariximizə nəzəriyyəçi kimi daxil edən füzulişünas və romantizmşünas olmasıdır. Bu iki "şünaslıq" arasında daxili bir əlaqə var. O, romantika və romantizm arasındakı münasibətləri aydınlaşdıraraq yazırdı: "romantik keyfiyyət, romantik üslub, romantik manera yalnız romantizmə aid olmayıb, ümumiyyətlə bədii yaradıcılığa xas olan ümumi estetik bir keyfiyyətdir; bədii yaradıcılığın təbiətinə aid olan ümumi xüsusiyyətlərdən biridir; daha dəqiq desək, bədii yaradıcılığın əsrlər boyu sınaqdan keçmiş imkanlarından biridir". 1937-ci ildən cəmi beş il sonra 1942-ci ildə M.Cəfər XX əsr Azərbaycan romantizminin görkəmli nümayəndəsi, talesiz şair M.Hadi haqqında "Səni kim unudar!" məqaləsini yazdı. Bu əslində ədəbi-tarixi prosesə, romantizmi ədəbiyyatda idealizm təzahürü kimi qadağan edən, hələ də Moskvada Yazıçılar İttifaqının baş qərargahından bütün Sovet ədəbiyyatına rəhbərlik edən "Doloy Şiller!" - Rədd olsun romantizm - deyən A.Fadeyevlərin mühitinə bir mesaj idi. Onun üçün cəsarət lazım idi. 20-30-cu illərdə nəzəri fikirdə məsələ belə qoyulurdu. "Realizm - materializm, romantizm - idealizm". M.Cəfər 1960-cı ildə, siyasi bəraətdən (1956) cəmi 4 il sonra "Hüseyn Cavid" monoqrafiyasını çap etdirdi. M.Cəfər bu barədə yazır: "Cavid haqqında əsərimiz, qəti sözümüz də yox idi. Bu vəzifəni öhdəmə götürüb Cavidi öyrənməyə başlayanda mən ikinci və daha çətin bir problemlə qarşılaşdım. O da XX əsr ədəbiyyatımızda romantizm problemi idi.
M.Cəfər XX əsr Azərbaycan romantizmini bütöv bir hərəkat kimi araşdırmaya cəlb edərək sübut etdi ki, o, "Azərbaycan həyatının xüsusi şəraitinin doğurduğu ədəbi hadisələrdən biridir". Başlıcası isə M.Cəfər Azərbaycan romantizminin Şərqlə bədii-fəlsəfi əlaqələrini öyrənməyə, onun ümumi-universal xüsusiyyətləri ilə bərabər, həm də regional xüsusiyyətlərini açmağa nail oldu. Başqa sözlə desək, M.Cəfər Azərbaycan romantizminə hazır Avropa qəliblərini tətbiq etmək yolu ilə getmədi, onu özünəməxsus tarixi və nəzəri-estetik xüsusiyyətləri olan bədii-fəlsəfi cərəyan kimi təhlil etdi. M.Cəfərin romantizm təlimində diqqəti cəlb edən cəhətlərdən biri də bu idi ki, o, cüzi istisnalara bizim milli romantizmin mütərəqqi və mürtəce qollara ayrılmadığını sübut etdi.
M.Cəfər Mirzə Cəlilin və M.Ə.Sabirin simasında XX əsrin güclü fikir cərəyanı olan tənqidi realizmin tarixi-estetik mahiyyətini ümumiləşdirirdi. O, Mirzə Cəlilin bütöv Azərbaycan idealına xüsusi önəm verir, faktiki olaraq bir məfkurə kimi azərbaycançılığı müdafiə edirdi.
Müasirləri haqqında yazanda da o, fəlsəfi mühakimələrlə təhlil aparır və fəlsəfi nəticələr çıxarırdı. Məsələn, rus tənqidçisi Dobrolyubov Qonçarovun Oblomovunu təhlil edib "oblomovçuluq" adı ilə ümumiləşdirdiyi kimi, Məmməd Cəfər də "Açıq kitab" (1945) məqaləsində Mir Cəlalın eyni adlı romanının qəhrəmanı Gəldiyevi təhlil edərək "gəldiyevçilik" fəlsəfəsini müəyyənləşdirirdi.
M.Cəfər müasirlərindən İ.Hüseynov və B.Bayramov, Əbülhəsənin "Müharibə", H.Abbaszadənin "Keneral" romanları haqqında məqalələr, Qabilə "Ünvansız məktub" yazıb onların əsərlərini obyektiv tənqid edir, əslində bu yazıçılara bədii həqiqətə gedən yolu göstərir. Onun S.Vurğunun "Aygün" və İ.Əfəndiyevin "Körpüsalanlar" əsərləri haqqında məqalələri prinsipial tənqid nümunələridir.
M.Cəfərin tənqidi canlı, həyati və fəlsəfi məzmunlu tənqiddir. Onun dostlarından və müasirlərindən biri, akademik K.Talıbzadə deyirdi ki, tənqidçi ilk növbədə həyatşünas olmalıdır. Cəfər müəllim sözün həqiqi mənasında həyatşünas insan idi. O, zahirən qaraqabaq, nadir hallarda gülən, ağır xasiyyətli, ağır taxtalı saytal bir kişi idi. Heç kim deməzdi ki, satirik-yumoristik hekayələrdən ibarət "Əntiqə adamlar" kitabını Məmməd Cəfər yazıb. Onun ehtirası və gülüşü içində idi. Onun XX əsrin böyük milli dramaturqu C.Cabbarlı haqqında "Unudulmaz sənətkar", N.Nərimanov haqqında "Ədib, ictimai xadim", "Cavid yaradıcılığının sənətkarlıq xüsusiyyətləri", Mirzə Cəlilə həsr olunmuş "Azərbaycanın böyük siyasi xadimi", "Azərbaycan ədəbi-bədii dilinin bəzi məsələləri haqqında", "Rəsul Rza" Mirzə İbrahimov haqqında "Əməlpərvər ədib", Süleyman Rəhimovdan bəhs edən "Romanlar müəllifi", İ.Hüseynovun eyni adlı əsərindən bəhs edən "Doğma və yad adamlar" kimi məqalələri 60-70-ci illər tənqidimizin dəyərli nümunələridir.
1949-cu ildə çap olunmuş "Sidqi Ruhulla" kitabçası, "Teatr sənəti və teatr tənqidi", "Vaqif", "İntizar" tamaşası haqqında" və s. kimi məqalələri Cəfər müəllimdən professional bir teatrşünas kimi də bəhs etməyə imkan verir.
Cəfər müəllim təmənnasız və təvazökar adam idi. Sufilər kimi onun da dünya malında gözü və nəfsi olmamışdır. İstedadlı yetirmələrindən biri, xalq yazıçısı, professor Elçin Əfəndiyev "Cəfər müəllim" məqaləsində yazır: "Onun təvazökarlığı dərk olunmuş təvazökarlıq idi, yəni müdrikliyin, anlamağın doğurduğu təvazökarlıq, çox şey edib hələ heç nə etməmək hasilatından gələn əqidənin yaratdığı və hər cür gizli iddiadan azad təvazökarlıq, mənəvi rahatlıq təvazökarlığı idi". Elçin ona məxsus bir cəhəti də çox dəqiq müşahidə edir: "bizim aramızda elmi əməkdaşlıq yox idi, əgər belə demək mümkünsə elmi dostluq var idi". Cəfər müəllim öz yetirmələri ilə dostluq edirdi və mən xoşbəxtəm ki, 14 il onun belə dostları sırasında olmuşam. Onun əsərlərində elmiliklə emosionallığın vəhdətinin sirrini soruşan müxbirə Cəfər müəllim belə cavab verib: "mən yazılarında birinci növbədə məntiqə, məntiqi ardıcıllığa fikir verirəm". Ədəbi mühakimədə Məmməd Cəfər məntiqi! - görünür biz Azərbaycan nəzəri fikrinə belə bir istilah da daxil etməliyik.
Haqqında yazdığı ədəbi hadisə və ədəbi şəxsiyyətin genealogiyasından başlamaq, ədəbi tarixi fikrin ənənələrini mənşə kimi öyrənmək, ədəbi-nəzəri təkamülün məntiqini açmaq Məmməd Cəfər tənqidinin ümdə xüsusiyyətləridir. O ədəbiyyata xalq və millətin taleyinin bədii ifadəsi kimi baxırdı.
XX əsrin böyük tənqidçisi F.B.Köçərli yazırdı: "Doğru və salamat fikirli adamların kamalı həmişə aydın, açıq və düzgün olur". Akademik Məmməd Cəfər Cəfərov - bizim əziz Cəfər müəllim belə bir doğru və salamat fikirli böyük ziyalı idi.
Nizaməddin
ŞƏMSİZADƏ
Ədəbiyyat qəzeti.-2009.-8
may.-S.4.