Nəcib insan, yaxşı qonşu

 

Məmməd Əkbər gənclik illərindən mənim yaddaşıma hopmuş ədəbiyyat adamlarındandı. Onun ədəbiyyata can yandırması, cəfakeşliyi, insanlığı və qonşuluğu haqqında bilgim kifayət qədərdi. Bir müddət bir yerdə işləmişik və uzun illər yaxın qonşu olmuşuq.

1954-cü ildə mən Moskva şəhərində Ali Ədəbiyyat kursunda təhsilimi tamamlayıb Bakıya qayıtmışdım. Xeyli vaxt işsiz qalandan sonra "Ədəbiyyat qəzeti" redaksiyasına ədəbi işçi götürüldüm. Qəzetin baş redaktoru, görkəmli şair Süleyman Rüstəm idi. Məmməd Əkbər redaksiyanın məsul katibi vəzifəsində çalışırdı. İşlərin əsas ağırlığı, məsuliyyəti də məhz məsul katibin üzərinə düşürdü. Qəzetin maketini tutmaq, hansı yazını hansı səhifədə vermək, materialın məna və məzmununa, siyasi-ictimai siqlətinə görə yerini düzgün seçmək, bir sözlə, qəzeti uyğamlı düzüb-qurmaq, gözəgəlim etmək o qədər də asan deyildi. Yüksək qəzetçilik zövqü və səriştəsi lazım gəlirdi. Hələ burası da vardı ki, müəlliflər razı salınmalı idi. Elə müəlliflər (xüsusən tanınmışlar) olurdu, yazısının neçənci səhifədə - yuxarıda, ya aşağıda getməsinə fikir verir; əksər halda rəncidə qalırdılar. Hətta imzaların necə verilməsi də əlavə söz-sova səbəb olur, qanqaralığı yaradırdı.

Süleyman Rüstəm texniki işlərə əsla qarışmırdı. Qəzetdə dərc olunacaq materialın bədii keyfiyyəti, məzmunu, dəyəri ilə maraqlanır, nəzarət edir, çapına icazə verirdi. Onların da hamısını oxumurdu, elə-belə gözdən keçirirdi. Çox vaxt redaksiyaya gəlmirdi, növbəti nömrədə gedəcək yazıları evinə apartdırır, dərkənar qoyurdu. Qəzetin xırdadan tutmuş böyüyə qədər bütün zəhməti də, cavabdehliyi də məsul katibin boynunda qalırdı. Nömrədə getmiş bəzi səhvlərə, diqqətsizliyə görə də Məmməd Əkbərin üzü danlanır, qanı qaraldılırdı.

O, təbiətcə çox həlim, sakit, dinib-danışmaz adam olduğu üçün səsini çıxartmırdı. Başını köksünə əyib susurdu. Haqsız danlağa, müəlliflərin qaraqışqırıqlarına da etirazını bildirmir, heç kəslə söz güləşdirmirdi. Sadəcə, əlini yellədib işini görürdü.

Həmin dövrdə çap texnikası çox geri idi. Tipoqrafiyada işlərin əksəriyyəti əl ilə görülürdü. Hərflər mazutlu lövhəciklər içindən bircə-bircə seçilir, yerli-yerində çap mətninə düzülürdü. Bu iş həm çox vaxt aparır, həm də yığıcıların əlləri, üst-başları, sir-sifətləri çirk içində, qara ləkələrlə dolu olurdu, zənciyə oxşayırdılar. Məmməd Əkbər də onlardan az fərqlənirdi. Çünki bu ağır zəhmətə onlarla bərabər qatlaşırdı. Düzəlişlər edir, hərf yerləri dəyişir, təshih aparırdı. İşin xatiri üçün ona heç bir aidiyyəti olmayan adi fəhlə zəhmətindən də yaxasını qırağa çəkmirdi. Qəzet çıxan günləri biz - redaksiya əməkdaşları növbətçi olurduq. Səhifələrin oxunmasına, düzəlişlərə kömək və nəzarət edirdik. Məmməd Əkbərdən diqqətimi yayındırmırdım.

Qəzet yaxşı çıxanda, üz ağardanda Məmməd Əkbərin də qaraşın üzü sanki ağarırdı, xoş əhvaldan nurlanırdı. İşinin bəhrəsindən ləzzət alır, ürəkdən sevinirdi. Həmin gün onun üçün bayrama çevrilirdi. Belə kefi kök, damağı çağ vaxtlarında da sakit təbiətinə sadiq qalırdı. Heç kəslə işi yox idi. Özünə qapılıb, dodaqaltı, pəsdən-pəsdən zümzümə eləyirdi.

Sonralar mən ayrı yerlərdə işlədim. Başqa-başqa vəzifələrdə çalışdım. Amma Məmməd Əkbər müəllimdən uzaqlaşmadım. Qismət elə gətirdi ki, biz onunla qonşu olduq. Yazıçılar üçün tikilmiş binanın eyni blokunda və eyni mərtəbədə yaşadıq. Mən bu qonşuluqda da artıq xeyli yaşlaşmış, qocalmış Məmməd Əkbər müəllimi əvvəlcə tanıdığım kimi tanıdım. Ev şəraitində, ailə içində, uşaqlarına münasibətində, qonşularla rəftarında da sakit, sadə, xoşqılıq gördüm. Xanımına, yaxud uşaqlarına qışqırdığını, hirslə danışdığını, dava-qalmaqal saldığını eşitmədim.

Onun xanımı Səyyarə bacı da çox yaxşı insan, mehriban qonşu idi. Sözü açıq və düz deyən, qohum-qonşu təəssübü çəkən qadın idi. Bacardığı köməyi, lazımi qayğını heç kəsdən əsirgəməzdi. Vacib olanda yüyürüb özünü haraya yetirərdi. Oğru-əyrilərlə qarşılaşmaqdan belə çəkinməzdi. Ayrı mərtəbələrdə, bloklarda haray-həşir qopanda da Səyyarə xanımın təskinedici, barışdırıcı səsi oradan gələrdi. Şəxsən mənim özümə, ailə üzvlərimə də qayğı ilə yanaşıb. “Hay” deyəndə hayımıza, “hoy” deyəndə hoyumuza çatıb. Səyyarə bacının köməyinə güvənib, ona arxayın olub, günlərlə ezamiyyətə, həftələrlə kurortlara getmişəm. Evə qayıdanda həyat yoldaşım bu halal qonşudan bol-bol razılıq edib.

Məsəl var: "Ərlə arvadın torpağı bir yerdən götürülüb" - deyirlər. Mən bu müdrik məsəlin doğruluğuna, həyatiliyinə Məmməd Əkbər müəllimlə Səyyarə bacının timsalında bir daha inandım, canlı şahidi oldum. Allah dünyasını dəyişmiş yaxşılarımıza qəni-qəni rəhmət etsin. Pislərimizin də ürəklərinə insaf işığı salsın ki, müqəddəslərdən ibrət dərsi alsınlar.

 

 

Vidadi Babanlı

 

Ədəbiyyat qəzeti.-2009.-8 may..-S.5.