Yazışmalar, fotoşəkillər...
555 saylı şəxsi
fonddakı sənədlərin
elmi siyahısını
diqqətlə nəzərdən
keçirərkən Məmməd
Əkbərin yüksək
səviyyəli yaradıcılıq
yolu, onunla görüşlərim bir
daha məni keçmişə baxmağa
vadar etdi. "Sənədləri
- məktubları elə
bilin ki, dünən onun ömür gün yoldaşı Səyyarə
xanımla birlikdə seçib, qəbul etmişik. Səyyarə xanımın: "Məmməd Əkbər heç bir kağız atmazdı, xoşuna gəlməyən
yazılarını isə
cırardı, sonradan
heyifsilənərdi…" Bakıdakı
məşhur "Vaqif-30” yazıçıların
binasında olan söhbətin şirinliyini,
Səyyarə xanımın
Məmməd Əkbərə
yazdığı cavab
məktublarındakı sədaqətliliyi
çözələyə-çözələyə seçdiyimiz
yadıma düşdü.
XX yüzilliyin yaradıcı
şəxsiyyətlərinin M.Əkbərə yazdığı
məktublar da bu gün bizi
xüsusilə kövrəldir,
xatirələr qoynunda
1920-1960-cı illərə
aparır…
"Ordubad klubunun halı" adlı məqaləsi ilk dəfə 1924-cü ildə
"Yeni fikir" qəzetində dərc olunanda Məmməd Əkbərin 15 yaşı
var idi. Naxçıvanda Pedaqoji texnikumu bitirib. "Kəndli qəzeti"ndə müxbir işləyən M.Əkbər
1929-cu ildə "Kommunist"
qəzetinə dəvət
olunur. "Dəvət
olunur" deyəndə
onun özünəməxsus
yazılarını oxuyandan
sonra qəzetin rəhbərliyinin müxbiri
dəvət etmək məsələsi o illər üçün çox əlamətdar bir hadisə idi. Sonralar Məmməd
Əkbər özünün
kövrək xatirələrində
həmin günləri
xatırlamışdı.
1930-cu illərdən başlayaraq
ədəbi-bədii yaradıcılığını daha intensiv davam
etdirir. "Kommunist",
"Kəndli qəzeti",
"İnqilab və mədəniyyət". "Hücum"
və s. qəzet və jurnallarda dərc etdirdiyi hekayələrindən
ibarət 1932-ci ildə
ilk kitabı çapdan çıxır.
O, "Ədəbiyyat qəzeti" yaranan gündən vaxtaşırı
bədii yazılarını
dərc etdirir, ümumiyyətlə, Azərbaycan
Yazıçılar Birliyinin
bütün orqanlarında
dərc olunur.
1944-1959-cu illərdə isə
"Ədəbiyyat qəzeti"nin məsul katibi vəzifəsində
çalışır.
M.Əkbər tərcüməçiliklə
də məşğul
olmuş, V.Titovun
"Ölümün acığına"
adlı povesti ayrıca kitab kimi 1971-ci ildə onun tərcüməsində
“Azərnəşr” tərəfindən
nəşr edilmişdir.
22 iyun 1941-ci ildə Məmməd Əkbər cəbhəyə yola düşdü.
İllər keçdi… 1974-cü ildə M.Əkbər dünyasını dəyişdi. Həyat yoldaşı Səyyarə xanım uzun illər üfürə-üfürə yığıb saxladığı kağızları 1976-cı ildə mənəvi xəzinəmiz olan indiki S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivnə səliqə ilə təhvil verdi, 555 saylı şəxsi arxiv fondu yarandı. İndi M.Əkbərin anadan olmasının 100 illiyi tamamında həmin sənədlərdən bir neçəsini oxuculara təqdim edirik. Zəngin arxiv sənədləri arasında M.Əkbərin yazışmaları, xatirələri, əlyazmaları, fotoşəkilləri də diqqəti cəlb edir. Yazışmalarından nümunələri oxuyanda həm də qələm sahibi kimi M.Əkbərin zəhmətkeşliyinə, əsl vətəndaşlıq mövqeyinə bir daha şahid oluruq.
Maarif TEYMUR
***
Əzizim Səyyarə! Sağ və salamat varam, ümidvaram siz də sağ
və salamat varsınız. Rəşt
şəhərindəyəm. Məndən nigaran qalmayın. Bizə ürəyiniz istədyi qədər yaxşı baxırlar, heç bir şeydən korluğumuz yoxdur. İşimiz də rahatdır. Yorulmuram və işin öhdəsindən gəlirəm.
Səyyarə,
mənim əzizim, bununla artıq yeddinci məktubdur ki, sənə yazıram. Ümid edirəm məktublarım
yetişmişdir. Sizdən
xəbərsizəm. Məni
sıxan və düşündürən yalnız
sizdən xəbərsizlikdir.
Son məktublarımda
öz adresimi yazmışam. Sənə
tapşırdığım kimi, öz məktublarını
arası kəsilmədən
günaşırı həmin
adresə yazıb göndər. Məktubların
üstündə "Voyinskiy"
sözünü yazmağı
unutma.
Səyyarə,
görmədiyim və
eşitmədiyim yerləri
gəzib nəhayət
Rəşt şəhərinə
gəlib çıxmışam.
Rəşt Bakıya çox yaxındır. Buradan paraxoda minib Kaspi dənizi
ilə 18 saata Bakıya gəlmək olar. Siz dənizin
o tayındasınız,
biz bu tayında…
Bizi bir-birimizdən ayıran bir tərəfdən Xəzər dənizi, o biri tərəfdən
Araz çayıdır.
Rəşt yaşıllıqlı şəhərdir. Hər yer meşədir. Burada limon, portağal, nar boldur. Düyü də boldur. Lakin çox bahadır. Ağalar hər gün sədri düyüsündən plov yeyirlər, kasıblar isə gün çörəyinə möhtacdırlar.
Mənim əzizim, təkrar xatırladıram ki, məndən qətiyyən nigaran qalma...ı
Hörmət və ehtiramla, sənin M.Əkbərin.
14 oktyabr 1941
Adresim:
Poçtovo-polevaya stansiya ¹255, ştab Kavdivizin liter "A"
Akperovu Mamedu
***
Əzizim Səyyarə!
Biz bu gün Təbrizdən Rəştə yola düşdük. Biz həmişəlik orada olacağıq. Oradan kağız yazacağam. Salamatlıqdır. Nigaran qalmayın. Uşaqlara salam.
29/IX-41
Təbriz
***
...Səyyarə! İndi sevinməli günlərdir. Cəbhədə işlərimiz gündən-günə yaxşılaşır. Görüşümüz lap yaxındır. Məndən mənim ürəyimə yaxın adamların hamısına çox-çox salam. Qorxmazın, Solmazın, Almasın üzündən mənim əvəzimdən öp və elə öp ki, səsini burada - Rəşt şəhərində eşidim.
Kamal və ehtiramla,
sənin M.Əkbərin. 16 dekabr 1941
***
Məmməd Əkbər yoldaş!
Professorun bu məqaləsini mütləq S.Rəhmana oxutdur və onun fikrini bil! Mütləq! Ona görə ki, Sabit teatr tarixini çox yaxşı bilir. Əyər Sabit lazım bilsə, məqalənin nəsihət və məruzə yerlərindən yenə bir qədər ixtisar et. Sonra Sabitdən soruş gör. "Qırt-qırt" necə əsər olub?
Qoy bu məqaləni redkollegiya hamısı oxusun sonra burax.
Hörmətlə,
M.Cəfər
***
Əzizim Mamed!
15 səhifədir. Çox da ixtisar edilsə, "suyunun suyu" qalar. Baxın görün… Yenə deyirəm: Yaxşı olar ki, başqa məqalə verəydiniz, sabah bir ağzı göyçəyin biri deyəcək ki, iki yerdə… bu da "eşşək gətir, mərəkə yüklə…"
Xudavəndə, öz birliyin xatirinə, sən öz sadiq bəndələrini mərəkə şərindən hifz eylə… (Mamed, bilirsən bu "mərəkə" nə sözündəndur. Deyirlər Bakı tacirləri keçmişdə "Almaverə" mərəkə deyirmişlər, elədi?
M.Cəfər
Ədəbiyyat qəzeti.-2009.-8
may.-S.5.