Məmməd Əkbər-100

 

Məmməd Əkbərin rəvan, sadə, aydın, şirin nəsr üslubu vardır. O, ən sadə mətləblərdən yazanda da öz qələminin xüsusiyyətini saxlayır. Publisistika ilə yanaşı onun hekayələrində oçerklərində incə bir yumor vardır. "Məstəli" adlı hekayədə qazancının azlığından şikayət edən bir əyyaş təsvir olunur. Məstəli deyir:

..."Maaşdan başqa ayda on manatlıq da butulka satıram, yenə dolana bilmirəm".

Bu dialoqa heç bir izah əlavə lazım deyildir. Diqqətli oxucu bu bir cümlədən lazımsa dərk edir.

"Kağız" hekayəsində qızını ali məktəbə düzəltmək üçün Bakıya gələn avam qadın Leyla xalanın portreti verilmişdir. Bu qadını inandırıblar ki, uşağı ali məktəbə qoymaq üçün pul lazımdır. Leyla xala da həmin təsəvvür ilə şəhərə gəlir. Leyla xala burada öz yerlisi, məşhur həkim Nərimanzadə ilə görüşür. Qızını səylə hazırlaşdırır. Qızı Tibb institutuna müvəffəqiyyətlə imtahan verir. Qadın sonra dərk edir ki, həqiqi təhsil inkişaf üçün rüşvət deyil, səy gərgin əmək lazım imiş.

"Yadigar" adlı hekayədə Vətən müharibəsinin ağır günləri, sovet adamlarının siyasi-mənəvi birliyi təsvir olunur. Burada oxucu əldə silah vuruşan döyüşçülərlə yanaşı, arxa cəbhə adamlarını iztirab çəkən, məhrumiyyətlərə uğrayan, lakin ləyaqətini saxlayan evdar qadınları görür.

Mövzudan asılı olmayaraq Məmməd Əkbərin bütün oçerk hekayələrində həyat həqiqəti, canlı, real xalq məişəti lövhələri, sadə, sıravi insanlar inandırıcı təsvir olunur.

Oxucu bu hekayələr oçerklərdə hər şeydən əvvəl həyat həqiqətini, zəhmət adamlarının ləyaqətini, inkişafını, həyatımıza mane olan köhnə cəmiyyət qalıqlarının ibrətli aqibətini görəcəkdir. Şübhə etmirik ki, Məmməd Əkbərin hekayələri rəğbət maraqla oxunacaqdır.

 

Mir CƏLAL

 

 

Məmməd Əkbər əlli ilə yaxın müddətdə mətbuat səhifələrində öz oçerklərilə, məqalələrilə, tərcümələrilə iştirak etmişdir. Mən şəxsən onu 1925-ci ildən tanıyırdım…

Məmməd Əkbər çox səmimi, təvazökar bir insandı, xoş əhval, şirinsöhbət bir adamdı.

 

Süleyman Rüstəm

 

 

Məmməd Əkbərin yazdıqlarının hamısı həyatdan gəlmədir… Onları sadəcə "oxudum" demək azdır, maraqla oxudum. Bunlardakı əhvalatların sadəliyinə, mənəvi-təbiyəvi təsir gücünə heyran qaldım və inandım ki, Məmməd Əkbər yaşamaq və yaratmaq əzmi ilə yazıb-yaratmış, onun ürəyi həmişə insanları xoşbəxt görkəmk arzusu ilə çırpınmışdır.

 

Abbas Zamanov

 

 

…O, mətbuatda çalışdığı qırx ildən artıq müddətdə bir dəfə də olsun oxucular qarşısında, ədəbi ictimaiyyət qarşısında, öz sənət yoldaşları qarşısında başıaşağı olmamış, zəngin təcrübəsi və ustalığı ilə hamının hörmətini, məhəbbətini qazanmışdır. O, həmişə narahat, həmişə diqqətcil və qayğıkeş idi… Qəzetçi Məmməd Əkbərlə yazıçı Məmməd Əkbər bir gün də olsun bir-birindən ayrı düşməmişdir.

 

Yusif Əzimzadə

 

 

1942-ci ildə Üzeyir bəyin zəngi və arzusu ilə Radio Komitəsində işə düzəldim, çox gənc idim. O illərdə haqqında çox xoş sözlər eşitdiyim Məmməd Əkbər müəllimlə orada tanış oldum.

M.Əkbərin zahirən çox sakit görkəmi vardı. Həqiqətən belə təsir bağışlayırdı ki, elə bil ətrafdakı hadisələrə onun o qədər də dəxli, təsiri yoxdur. Amma öz daxilinə qapanan şəxslərdən idi. Yəni hər şeyi o içəridə çəkirdi və bütün münasibətlərdə çox az danışırdı. Böyük yumor hissinə malik idi.

Mənim ailə vəziyyətimdən, valideynimdən xəbərdar olduğundan hər hansı bir hadisədə ürəyimə toxunan bir kəlməyə belə çox incə yanaşardı. Gözəl mövqedə idi.

Müharibədən sonrakı illərdə rastlaşanda səmimi görüşürdük, uzun-uzadı söhbətlər edir və o illəri, hadisələri də xatırlayırdıq. İnsanları çox gözəl xarakterizə edə bilirdi Məmməd Əkbər müəllim.

Kazım Ziya ilə çox yaxın idi. O zaman bu şəxslər görüşəndə əsas danışıq mövzusu sənət idi, ədəbiyyat idi. Onların görüşlərində biz də hadisələrin şahidi olurduq. Gördükləri tamaşalarımı, hadisələrimi, əsərlərə münasibətlərinimi çox gözəl bölüşürdülər. Fikirləri bizə sanki məktəb idi.

 

Turan Cavid

 

 

Məmməd Əkbərlə 1945-ci ildən tanışam. Səhər tezdən saat 8-də evdən çıxar, axşam 8-də evə qayıdardı. Bütün ömrü-günü "Ədəbiyyat qəzeti"ndə keçərdi. O, redaksiyanın kökü idi, gələnə də, gedənə də cavabdeh o idi. İşinə məsuliyyəti onu hamıya elə tanıtdırmışdı. Hər işə yarayan adam idi.

Qələminə gəlincə, Azərbaycanın o zamankı qəzetlərini vərəqləsək, hamısında Məmməd Əkbərin oçerklərini, tərcümələrini görəcəksiniz.

Təmiz, nəcib, təvazökar adam kimi hamının qəlbinə yol tapmışdı M.Əkbər.

 

Əziz Mirəhmədov

 

 

Məmməd Əkbər əla qəzetçi idi. Bu cəhətdən onun öz zamanında tay-tuşları arasında tayı-bərabəri yox idi. M.Əkbərin "Ədəbiyyat qəzeti"nin təşkilatçılarından, aparıcı xadimlərindən biri olması, bir də hamıdan vacib M.Əkbər müəllimin böyük hərflərlə yazılan istedadlı insan olması idi.

Mən gözümü açıb redaksiyaya gedib-gələndə, əlimdə yazım "Ədəbiyyat qəzeti"nin astanasından içəri girəndə mənim qabağıma çıxan, özünə xas mehribanlıqla qarşılayan, dərdimə, oduma yanan, yazımı qəbul edən, vaxtaşırı qəzetin səhifələrində dərc eləyən məhz Məmməd Əkbər müəllim olub.

M.Əkbəri o zaman cavan müəlliflərin, daha doğrusu, stipendiya ilə dolanan tələbə-müəlliflərin xeyirxahı kimi tanıyırdıq. Yəni o bilirdi ki, bu, inkişafdır, bu, qələmin itiləşməsidir, bu, təcrübənin çoxalmasıdır - bu cür növbətçi sözlər öz yerində, bu cavanlar əgər bu idarəyə gəlib-gedirlərsə, deməli, bunların ehtiyacı var onlara kömək etmək lazımdır. Bax, o köməyi biz birinci növbədə Məmməd Əkbər müəllimdən görərdik.

 

Bəkir Nəbiyev

 

 

Şəxsiyyətinə, isnanlığına, qələminə ehtiramla yanaşdığım Məmməd Əkbər müəllim çox nadir adamlardan idi. Yazıçılar İttifaqında beş adamın hər biri beşini də tərifləməzdi dünyada. İkisini tərifləyərdi, birinə deyəcəkdi belə, o birisinə başqa cür… Amma M.Əkbər müəllimi Yazıçılar İttifaqının nə qədər üzvü varsa, soruşsan hamısı tərifləyəcək. Bu yeganə adamdır! Elə adam olmaq çətin şeydir. Ona görə həyatda yaxşılar qalib gəlir ki, yaxşılar azdır, yaman çoxdur. Yaxşı mənən çoxdur, daxilən güclüdür. Yaman da çoxluğuyla birlikdə tək bir yaxşı üstünə gələndə qorxa-qorxa gəlir. Çünki bilir ki, yamandır özü. Bu mənada Məmməd Əkbər müəllimi bir yazıçı, xeyirxah insan kimi xatırlayanlar çoxdur. Bu qədirbilənlər çox sağ olsunlar!

 

Fikrət Qoca

 

 

Ədəbiyyat qəzeti.-2009.-8 may.-S.5.