Sənətin hüdudsuzluğu

 

Azərbaycan Dövlət Gənclər Teatrının yaradılmasından 20 il keçir. İlk dəfə 1989-cu il Beynəlxalq Teatr günündə - martın 27-də Yusif Səmədoğlunun "Qətl günü" romanı əsasında səhnələşdirilmiş eyni adlı tamaşa ilə dünyaya göz açan teatrın bu illər ərzində hazırladığı əsərlərin sayı 110-dan çoxdur. Bu mədəniyyət ocağı Azərbaycan səhnə sənəti tarixində öz dəst-xətti, təkrarsız rejissor üslubu olan, əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin layihəsi və başçılığı ilə yaradılmış, o, ömrünün son gününə - 2006-cı ilin aprel ayına kimi kollektivə başçılıq etmişdir.

Teatrın kollektivi yubiley ərəfəsində Abbasmirzə Şərifzadə adına Aktyor evinin səhnəsində beş əsərlə - Əli Əmirlinin "Kişi və qadın", Qriqori Qorinin "Herostratı unudun", Rəhman Əlizadənin "Dünyanın axırı", "Əbləhlərin toyu" və Əziz Nesinin "Bir az gəlirmisiz" pyeslərinin tamaşaları ilə öz pərəstişkarlarının görüşünə gəldi. Beş tamaşadan üçü kollektivin özünə müəllim bildiyi, elə o adla ona müraciət etdikləri Hüseynağa Atakişiyev tərəfindən tamaşaya qoyulmuşdu.

Gənclər teatrının açılışı ərəfəsində mətbuata verdiyi açıqlamalarında Hüseynağa Atakişiyev öz teatrının konsepsiyasını da elan etmişdi. O deyirdi ki, mənim müəllimlərim Mehdi Məmmədov və Vaqif Abbasov olmuşlar. Eyni zamanda o bildirirdi ki, bizim teatr realist teatrdır. Ardınca da söyləyirdi. "Vaxtanqov deyirdi ki, realizmin imkanları sonsuzdur".

Elə Aktyor evində göstərilən tamaşalar da incəsənətdəki imkanların sonsuzluğuna nümunədir.

"Kişi və qadın" səhnə həyatını ilk dəfə 2004-cü ildə tapıb. Ötən illər ərzində dəfələrlə nümayiş olunub. Amma təravətini itirməyib. Tamaşanın ekspoziyası - seyrçiləri gələcək hadisələrə alışdırma anı departament müdiri Əvəzin (Elşən Çarhanlının) şirkətin prezidenti Cəmilin (Sərvər Əliyevin) kabinetinə gəlib, onun stolunun üstündə öz arvadının fotosu sandığı şəkli görməsi ilə bitir. Əslində bu foto prezidentin yeni vəfat etmiş, hələ qırxı çıxmamış arvadı Emmanın şəklidir. Arvadının ölümündən sonra Cəmil - Sərvər Əliyev qəm-qüssə dəryasına qərq olub, heç cür özünə yer tapa bilmir. Əmindir ki, bir daha səadətli günləri qayıtmayacaq, yeganə çıxış yolunu o dünyada arvadı ilə görüşməsində görür. Bu anda Əvəzin öz məşuqəsi ilə xaricə getmək naminə onu yola gətirmək üçün içəri daxil olması, stolun üstündəki şəkli öz arvadına oxşatması situasiyanı, vəziyyəti dəyişdirir. Arvadına oxşar qadın Cəmildə də maraq oyadır və hadisələr düyün düşür. O andaca Hüseynağa Atakişiyev teatrının imkanları açılır. Komik tamaşalar üçün xarakterik olan dinamik hərəkət Emma - Nəsibə Eldarova ilə Cəmil - Sərvər Əliyevin oyunu üçün xarakter hal alır. Artıq Cəmil - S.Əliyev əvvəlki kimi qüssəli deyil, qol-qanadı açılıb. Axı necə də açılmasın. Ədəbi materialdan gələn diktə, təsadüf, Emmanın onun eyni adlı arvadına həm zahiri, həm də xaraktercə bənzəməsi, hətta keçmiş arvadı kimi ona solaxay şillə vurması Cəmilin kefini duruldur.

Cəmilin şirkəti hesabına öz məşuqəsi ilə xaricdə əylənən Əvəzin ezamiyyətini uzatması, ərinin mənəvi cəhətdən Emmaya layiq olmaması tamaşaçı marağını öz arxasınca aparır. El dilində desək, başqalarının taxta qapısını döyən Əvəzin - Elsən Çarhanlının burada dəmir qapısının döyülməsini tamaşaçılar qanunu hal, həyatın layiqli cəzası kimi qarşılayırlar.

Rejissor ədəbi materialdan gələn tapşırığı məharətlə canlandıra bilir. Təmkinlilik, ciddilik, məhəbbət məsələlərində sadəlövhlük Sərvər Əliyevin ifasındakı Cəmil obrazında özünü nə qədər büruzə verirsə, ikiüzlülük, yalançı çılğınlıq, çeviklik, ağlından çox hiylələrinə arxalanan Əvəz - Elşən Çarhanlının oyununda bir o qədər üzə çıxır.

Emma - Nəsibə Eldarovanın ifası üçünsə rejissor düzgün istiqamət seçib - çaşqınlıq. Amma bu çaşqınlıq xəttində paklıq, təmizlik var. Vəzifəsindən, pulundan, hətta zahiri görkəmindən belə asılı olmayaraq Emma - Nəsibə Eldarova Cəmilə qarşı təslimçilik mövqeyi nümayiş etdirmir. Hətta onun silləsi də xala xətrin qalmasın üçün deyil. Nəsibə xanımın, Hüseynağa Atakişiyev teatrının öz laiyqli qiymətini hələ də almamış bu aktrisanın ifasındakı çaşqınlıqda, Cəmildən fərqli olaraq sadəlövhlük yoxdur. Bu da dramatik münaqişənin sonuna - konfliktə gedən yolu, mübarizəni gücləndirir. Dramaturq əsərin sonunda Emmanın Cəmilə və yaxud Əvəzə layiq olmasını tamaşaçının öhdəsinə buraxsa da, Nəsibə xanımın seçdiyi ifa tərzi son sözünü gizlətmir. Bu oyun tərzi hər ikisinə - heç birinizi - deyir. Emmanın nə şirin sözlə, nə hər gün gətirilən gül-çiçəklə ələ almaq asan deyil. Tamaşaçı inanır ki, bir dəfə aldadılmış, qəlbi sındırılmış Emma artıq oyanmışdır. Hadisələrin açılışı - əri Əvəzin iştəklərinin, fırıldaqlarının üzə çıxması zamanı əriylə Cəmil arasında dayanıb sözlərini coşqunluqla, aramsız istehza ilə deməsi, Emmanın - N.Eldarovanın qəlbindəki qəzəbinin pırtlayıb üzə çıxmasıdır. Elə əsərdən də gələn nəticə budur. Əvəzin əlində xoşbəxtliyin açarı ola-ola o, macəralar axtarır, əməllərinin girdabına isə özü düşür.

Tamaşada riyakarlıq nümunəsi kimi verilən, özlərini camaata yaxşı göstərməyə çalışan, amma bütün hallarda çox ustalıqla müdirlərə "işləyən" katibələrin nümunəsi olan Xalidə Əliməmmədovanın Ofası, özünə kişi axtaran, hər dəfə Cəmilin biganəliyi ilə qarşılaşan, əslində Cəmilin xarakterinin açılması üçün əsərə gətirilən Zəriş obrazını ifaçısı Zümrüd Hüseynovanın oyunu da diqqəti çəkir.

"Kişi və qadın" əsərində qurluşçu rejissor, demək olar ki, musiqidən imtina edib. Əsas fikrini aktyor oyunu üzərində cəmləşdirib. Bu əsər kolliziyaların, cəmiyyətdəki müxtəlif qüvvələrin bir-biri ilə vuruşması üzərində deyil, intiriqaların üzərində qurulmuşdur. Kolliziyalar döyüşünə isə biz teatrın ikinci tamaşasında, Elçin Hüseynbəylinin tərcüməsində Qriqori Qorinin "Herostratı unudun" pyesinin nümayişində rast gəlirik.

Kimdir Herostrat? Tarixdə qalmaq üçün yunanların Efes şəhərində 120 ilə tikdiyi müqəddəs Artemida məbədini yandıran əclaf. Bir vaxtlar özünə qarşı edilən vicdansızlıqdan nəticə çıxarıb əclaflara qarşı vuruşmaq əvəzinə o özü ən böyük dələduza, əclafa çevrilir. O, yaxşı bilir ki, cəmiyyətdəki qanunlar zahirən əclaflara qarşı mübarizə aparsa da son nəticədə cəzalanan vicdanlı insanlar olur.

Elə ona görə də Herostrat - həbsxanada kefindədir. Onun "qəbuluna" kimlər gəlmir ki… Qeyrətsiz Efes əmiri Tissafern, onun əxlaqsız arvadı Klementina, Sələmçi Krissip… Minlərlə yunanlı yandırılmış Artemida məbədini bərpa etməklə məşğul olanda bu dələduzlar həbsxanada sövdələşmədə, alverdə, yaranmış vəziyyətdən öz xeyirləri üçün istifadə etmədədirlər. Xalq müqəddəs sandığı Artemida məbədinin timsalında Allahlara, müqəddəs saydığı amallara xidmət etmədə, zülmkarlar isə arxada öz əclaflıqlarındadır. Bu ideyanın bütün dövrlər üçün aktual, müasir olduğunu bilən quruluşçu rejissor Hüseynağa Atakişiyev Herostrat rolunu teatrın ən təcrübəli aktyorlarından birinə, ciddi, monumental rolların ifaçısı kimi diqqəti cəlb edən Qurban İsmayılova həvalə edib. Aktyorun ifasında (görünür bu həm də rejissor tapşırığından irəli gəlir) Herostrat ciddi, zəkalı, dünyanın "cikini-bikini" bilən əclafdır. Onun törətdiyi cinayət ağılsızlığından yox, təfəkkürünü ləyaqətsiz əməllərə yönəldiyindən irəli gəlir. Ona görə də onun ətrafında Efes əmiri Tissafern də (Sərvər Əliyev), onun arvadı Klementina da (Nəsibə Eldarova), sələmçi Krissip də (Ədalət Əbdülsəmədov), məbədgah xidmətçisi Erita da (Xalidə Əliməmmədova) gülünc görünür. Bəşəriyyətin bu əbədi faciəsini tamaşaçı satirik, acı ironiya ilə qarşılayır.

Tamaşanın uğurunda dövrlər arasında əlaqə yaradan Teatr adamı rolunun ifaçısı Ayşad Məmmədovun da, üzündən sadəlövhlük yağan, amma ehtiyac üzündən rüşvət almaqdan çəkinməyən keşikçi - Elşən Hacıbabayevin də xidmətləri az deyil. Biz buraya Aydın Ağasıyevin yığcam musiqisini də, rəssam Vüqar Əlinin işini də əlavə edərdik.

Əsərin sonunda Herostrat Efes əmirinin verdiyi xəncərlə gözətçini öldürüb aradan çıxır. Bəs hara? Bu sualın cavabını teatr sonrakı tamaşasında, Rəhman Əlizadənin pyesi əsasında hazırlanmış "Əbləhlərin toyu" komediyasında verir.

Saqqallı obrazından başqa bu əsərin qəhrəmanlarının hamısı deyəsən Herostratın burnundan düşüb. Özü də ondan da əclafdırlar. Çünki Herostratın qəlbində heç olmasa tarixdə qalmaq, yaşamaq arzusu çırpınırdı. Bu əbləhlərin isə bir istəyi var. Kim-kimi necə bacarırsa eləcə də hərifləsin, aldatsın. Ata oğula, qardaş bacıya, ana ataya inanmır. Gəlin adaxlısına kəf gəlməyə çalışır. Molla ilə keşiş ölü üstə savaşır. Polis, həkim, xidmətçi, aşıq, xalq şairi, müxbir hamısı öz xeyrini güdür, başqasından nəsə çırpışdırmaq arzusundadır. Əsərin sujeti elə də mürəkkəb deyil. Əvvəl özündən 10-15 yaş böyük olan Saqqalı ilə kef çəkən Qızxanım - Hüsniyyə Əhmədova, indi də özünü 10-15 yaş kiçik, xəstə Bəybalaya - Anar Səfiyevə sırımaq arzusundadır. Toy da elə onlarındır. Bəybala nişanlısının elə toy günü keçmiş aşnası ilə mazaqlaşmasının şahidi olur. Amma 3 otaqlı ev ona namusundan üstündür. Bu toyda hamısı bir-birindən nəsə qoparmağa çalışır. Xala (Nəsibə Eldarova) Generalı (Natiq Aslanı) tovlamaqla məşğuldur. Onun əqidəsinə görə qadının aşiqinin general olması şan-şöhrətdir. "General" da az aşın duzu deyil. Əslində kəndin çobanıdır. Xəstə generalın paltarını geyib gəlib. Qardaşxan - Elşən Hacıbabayev bacısının toyuna gələnlərin cibinə girməklə məşğuldur. Ona görə gözü çantalarda, ciblərdədir. Namusdan dəm vuranda isə komik situasiya güclənir.

Keçmiş polis işçisi, indi hansı hamamdasa kisəçi, yaxud massajist işləyən Atakişidə - Qədirhüseyn İsmayılovda sistemdə işlədiyi dövrdən təkcə tamahkarlıq miras qalmayıb, aktyorun təqdimatında o heç adam kimi də danışa bilmir. Sözləri heca-heca, amma sürətlə deyir. Səsinin bu tonu insanı deyil başqa bir canlını yada salır. Simpatiyalı aktyor Elşən Çarhanlıda "Herostatı unudun" tamaşasındakı ciddi hakim Kleondon əsər-əlamət qalmayıb. Aktyor indi başqa ampuladadır. Adı xalq, amma özünü düşünən şairlərin iç üzünü açıb tökür. Masabəyi - Məhərrəm Musayev keyfindədir, bəlağətli sözləri növbəti dəfə üyüdüb tökür. Onun üçün qarşısındakının dediyi sözlərə layiq olub olmadığı əsas deyil. Aktyorun ifasında sözü nüfuzdan, urvatdan salanlar biabır olur. Dilarə fərəcullayevanın inzibatçısı döşü-başı ilə oynayır. Aşıq - Sərvər Əliyev özünü gözə soxmağa, görünməyə çalışır. Aktyor oynadığı rolun prototipinə, həyatdakı nümunəsinə yaxşı bələddir. Həkim (Zümrüd Hüseynova), Xidmətçi (Asya Atakişiyeva), Polis və Keşiş (Ədalət Əbdülsəmədov) hərə öz şəxsi aləmindədir. Əməkdar artist Qəmər Məmmədovanın ifasında Anaxanım öz qızının və oğlunun eyiblərini düzəltməklə yox, örtməklə məşğuldur. Bir sözlə bütün ifaçılar komik əsərin tələbinə uyğun olaraq hərəkətdədirlər. Quruluşçu rəsam Nazim Bəykişiyev səhnənin önünü də ifaçıların ixtiyarına verib. Quruluşçu rejissor isə aktyorlara daha geniş imkan açıb. Tamaşaçı salonu ilə ifaçılar arasında çəpəri aradan götürüb. Onun mizanı əsasında əbləhlərin ifaçıları tamaşaçı salonundan da, onun qapılarından da istifadə edirlər. Hüseynağa Atakişiyev teatrı danışır. Sanki deyir. Baxın, əbləhlər sizin aranızdan səhnəyə çıxır. Bu tamaşanın mayası məzhəkə üzərində qurulan xalq oyun tamaşalarının, ictimai hadisələrdən, siyasi mübarizələrdən yaxasını kənara çəkməyən Brext teatrının, realizm üçün geniş imkanlar axtaran Baxtanqovun səhnə estetikasının elementləri əsasında yoğrulan, amma özünün orijinallığı ilə seçilən, yeni keyfiyyətlər əxz edən Hüseynağa Atakişyiev teatrıdır. "Əbləhlərin toyu"na tamaşasına teatr bütün truppa ilə çıxıb. İfaçılar komik vəziyyətlərlə yoğrulmuş dialoqları bir-birinə elə aramsız ötürürlər ki, tamaşaçı gülüşü bir an belə ara vermir. Bir tənqidçi dostumun sözləri ilə desəm bu əsər öz tamaşaçılarını intizarda saxlayan futbol oynuna bənzəyir. Özünə güldüyünü isə bir çoxu tamaşa bitdikdən sonra biləcək.

Sovet dönəmində, hər işdə Moskvadan nümunə götürmək şərəf-şan olduğu dövrdə bütün teatrların tamaşaları üslubca bir-birinə bənzəyir, onlar hazırladığı əsərləri paytaxtın tamaşaları üslubunda, onlara oxşar və onlar səviyyəsində qurmaqdan həzz alırdılar. Amma Leninqraddakı Qorki adına teatr, kiçik Tartu şəhərindəki Vani-Muni teatrı, Şəkidəki Azərbaycan teatrı heç kimə bənzəməməyə çalışırdı.

Şəki teatrının yaradıcılarından biri və baş rejissoru Hüseynağa Atakişiyev idi. O zaman sosialist ölkələri arasında, ittifaq səviyyəsində nadir müsabiqə olardı ki, onun mükafatlarından Şəki teatrına pay düşməsin. Hüseynağa Atakişiyev teatrının səhnəsində almanlar da, bolqarlar da, rumınlar da öz əsərlərini görməkdən qürur duyurdular. Çünki bu teatrın səhnəsində gördükləri quruluşlar onlar üçün gözlənilməz idi. H.Atakişiyev Bakıya gəldikdən sonra öz teatr ənənələrini burada - Dövlət Gənclər Teatrında yaşatdı. Bu ənənəni qoruyub saxlamaq, teatrın yeni imkanları genişləndirmək hamının borcudur.

Dünyanın böyük şəhərləri və mədəniyyət mərkəzləri ilə müqayisədə isə Bakıda teatrların sayı o qədər də çox deyil. Dövlət Gənclər Teatrı isə paytaxtımızdakı teatrların yalnız kəmiyyət artımının nümunəsi deyil. Bu mədəniyyət ocağı Şərq teatrının bir çox atributlarını özündə birləşdirir və yaşadır. Bu gün bu teatrın yaradıcısı dünyasını dəyişsə də, onun qoyduğu ənənələr yaradıcı heyətin səyi ilə yaşayır. Elə yubiley ərəfəsində göstərilən əsərlərdən ikisi də onun vəfatından sonra səhnəyə gətirilən və onun səhnə estetikasını yaşadan tamaşalardır. Bunlardan biri bu gün teatrda baş rejissor işləyən, Hüseynağa Atakişiyevin məslək dostu Rəhman Əlizadənin "Dünyanın axırı", digəri isə məşhur türk satiriki Əziz Nesinin "Bir az gəlirmisiniz" əsəridir. Birinci əsərə müəllif özü, ikinci əsərə isə Hüseynağa Atakişiyevin tələbəsi, hazırlanan tamaşalarda uzun müddət müəllimə kömək etmiş, istedadlı aktyor və bacarıqlı rejissor Sərvər Əliyev səhnə həyatı vermişdir. Atakişiyev ənənələrini yaşadan bu əsərlərin təhlili ayrıca bir məqalənin mövzusudur. Amma biz onu xatırlatmaq istəyirik ki, Dövlət Gənclər Teatrında Hüseynağa Atakişiyev yaradıcılığından bəhrələnən sənətkarlar təkcə onun teatrında çalışanlar deyil. Əgər Gənclər Teatrı vaxtında yaradılmasaydı Əli Əmirli, Firuz Mustafa, Elçin Hüseynbəyli, İmir Məmmədli kimi dramaturqlarımızın əsərləri ən azından indikindən az olardı. Mən inanıram ki, onlar əllərinə qələm alıb pyeslərini yazanda Hüseynağa Atakişiyevin zövqünü və tələbkarlığını nəzərə alıblar. Onu da yaxşı biliblər ki, onların əsərləri bu rejissoru təmin edərsə teatrın qapısından naümid geri dönməyəcəklər.

Şəki teatrında, eləcə də Milli Dram Teatrında Hüseynağa ilə yaradıcılıq əlaqələri saxlayan Vaqif Səmədoğlu və Rəhman Əlizadə 90-cı illər yazdığı pyesləri çox güman ki, məhz Hüseynağa tərəfindən tamaşaya qoyulacağını bildikləri üçün qələmə almışalr.

Bu gün respublikanın müxtəlif teatrlarında çalışan, tamaşaçılar tərəfindən sevilən aktyorlarımız - Sənubər İsgəndərli, Füzuli Hüseynov, Rəfael İsgəndərov, Coşqun Rəhimov, Məleykə Əsədova, Sevinc Əliyeva, Abbas Qəhrəmanov və başqaları ilk yaradıcılıq sevinclərini bu səhnə ocağında dadmışlar. Sərdar Fərəcov teatr bəstəkarı kimi özünü Hüseynağa Atakişiyev teatrının yetirməsi sayır. Xəyyam Mirzəzadə, Fərəc Qarayev, Cavanşir Quliyev, Aydın Əzim Kərimoğlu və digər bəstəkarlar Hüseynağa Atakişiyevlə işləməkdən həzz alırdılar. Onların müxtəlif tamaşalara yazdıqları musiqilər bu istedadlı rejissorun yaratdığı ansamblla səsləşirdi.

Bu gün Hüseynağa Atakişiyev həyatda yoxdur. Onun hüdudsuz sənət fantaziyasını, sərhəd tanımayan yaradıcılıq ənənələrini yaşadan sənətkarlar var. Onların yaradıcılıq taleyi, gələcək səhnə mədəniyyəti tariximizin bir fəsli də bu sənət ocağı ilə bağlıdır.

Bu yazı nəşrə hazırlanarkən Dövlət Gənclər Teatrı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı birləşdirildi. Biz inanmaq istərdik ki, yeni birləşmiş teatrda H.Atakişiyevin hazırladığı tamaşalar repertuarda saxlanılmaqla yanaşı, gələcək əsərlərdə də onun üslubu, teatr estetikası qorunub saxlanılacaq.

 

 

Atababa İSMAYILOĞLU

 

Ədəbiyyat qəzeti.-2009.-15 may.-S.6;7;8.