Hər kitab bir dünyadır

 

Filologiya elmləri namizədi Xalidə Qafqazlının AMEA-nın Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunmuş "Kitabi-Dədə Qorqud" mövzusu türk ədəbiyyatşünaslığında" kitabında 1916-cı ildən sonra Türkiyədə bu böyük mədəniyyət abidəsi haqqında nəşr edilən əsərlər tədqiq edilir. İbrahim Zəki Budurlu, Zahid Öztelli, D.Üysal, Saim Sakaoğlu, Fəxrəddin Kırzıoğlu, Ceyhun Atif Kansu, Hikmət Duzdaroğlu, Orxan Şaiq Gökyay kimi tanınmış qorqudşünas alimlərin məqalələri də kitabda yer alıb. Müəllif türk araşdırmaçısı M.Erginin aşağıdakı fikrini haqlı olaraq önə çıxarır: "Dədə Qorqud kitabı" tamamilə Azəri ərazisinin - sahəsinin əsəridir. İçində olan yer və qəbilə adları bunu açıqca göstərir… Kitabın yalnız qrammatik quruluşu deyil, üslubu da Azəri havasını daşıyır".

X.Qafqazlının "Qaracaoğlan" ("Əli Nəşriyyat evi", Bakı - 2009) monoqrafiyasında isə türk aşıq şerinin inkişaf edib zənginləşməsində böyük rol oynamış Qaracaoğlanın (XVII əsr) həyat yaradıcılığından bəhs olunur. Müəllif göstərir ki, Qaracaoğlan aşıq ədəbiyyatına məxsus olan müsbət xüsusiyyətləri öz əsərlərində yaşatmış, inkişaf etdirmiş xalq təfəkkürünün mənəvi ehtiyaclarını ödəmədə mühüm rol oynamışdır.

 

 ***

Gənc tədqiqatçı Müşfiq Babayevin "Con Steynbek yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə müqayisəli kontekstdə" ("Elm və təhsil", 2009) kitabı Amerika-Azərbaycan ədəbi əlaqələrinə yeni bir töhfədir. Monoqrafiyada V.M.Vatın "Orta əsr Avropasına islamın təsiri" kitabından gətirilən belə bir fikir önə çıxarılır ki, "…Şərq alimlərinin tədqiqatları olmasaydı, Avropada elm və fəlsəfə belə sürətlə inkişaf edə bilməzdi".

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin elmi redaktorluğu ilə nəşr edilən monoqrafiyada XX əsr Amerika ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri, Nobel mükafatı laureatı Con Steynbekin yaradıcılığı Nəriman Nərimanov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, Anar, Əkrəm Əylisli, Elçin kimi görkəmli Azərbaycan yazıçılarının yaradıcılıq nümunələri ilə əlaqəli şəkildə araşdırılır. Q.Paşayev kitaba yazdığı ön sözdə vurğulayır ki, tədqiqatın əsas məqsədi yazıçının yaradıcılığını monoqrafik hüdudlarda araşdırmaq, Azərbaycan ədəbiyyatı ilə müqayisəli kontekstdə təhlil etmək, Steynbeki Azərbaycan ədəbi mühitində daha geniş tanıtmaq, yaradıcılığının bədii-fəlsəfi nailiyyətlərini milli-ədəbi düşüncəmizin axarına yönəltməkdir.

Bu kitab bütün yaradıcılığı boyu insanın mövqeyində duraraq "ictimai faciəni hazırlayan təbii fəlakəti məhz fəlakətzadələrin dili ilə təsvir edən" böyük bir yazıçının yaradıcılığına layiqincə işıq tutur, onu oxucuya müxtəlif yönlərdən təqdim edir

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.-2009.-15 may.-S.8.