Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ictimaiyyət üçün açılışı oldu

 

Dünən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əsaslı təmirdən sonra ziyalılar və geniş kütlə üçün açılış mərasimi keçirildi.

Mərasimi muzeyin direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Rafael Hüseynov açaraq dedi: "Bu gün bu əlamətdar mərasimə dəvət olunanlar Azərbaycan ədəbiyyatının, Azərbaycan mədəniyyətinin çox seçmə, işıqlı insanlarıdı. Mən istədim ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin həyatında başlanan yeni bir mərhələnin iştirakçıları bu işıqlı insanlar olsun. Bu, lentin də, muzeyin də yaddaşında qalsın. 1941-ci ildə dahi şairimiz Nizami Gəncəvinin anadan olmasının 800 illiyi qeyd ediləcəkdi. O zaman qərara alınmışdı ki, Azərbaycanda, eləcə də, keçmiş Sovet İttifaqının hər yerində Nizami Gəncəvinin təntənəli yubileyi keçirilsin. Tarix elə gətirdi ki, bu bayramı keçirmək bizə qismət olmadı. İkinci Dünya müharibəsinin dalğası Sovet İttifaqına və Sovet İttifaqının tərkib hissəsi olan Azərbaycana da gəlib çatdı. Amma artıq 1939-cu il noyabrın 1-də Nizami muzeyinin yaradılması haqqında qərar çıxmışdı. Burada daha çox Nizaminin ev muzeyinin yaradılması nəzərdə tutulurdu. Bununla bağlı eksponatlar yığılır, hazırlıq işləri gedirdi. Beləliklə, əslində muzeyin doğum tarixi həmin vaxtdan başlayır. Azərbaycanın çox görkəmli rəssamları, çox böyük alimləri bu işə cəlb olunmuşdu. Burada gördüyünüz naxışların çoxu silinmişdi, bərbad vəziyyətdə idi. O naxışların hamısının müəllifi yalnız bir nəfərdi - sadəcə, o naxışları çəkmək üçün məxsusi olaraq Lətif Kərimovu dəvət etmişdilər. Həmid Araslının vəzifəsi tamam başqa idi - o, muzeyin ekspozisiyasının mətnini yazmalı idi. Bir başqası başqa işi görürdü. Yəni ən böyük alimlər, Azərbaycanın ən seçmə sənətkarları bu ümumi millət evinin, milli söz ocağının yaradılmasına cəlb edilmişdi. O zaman - 1941-ci ildə Nizami Gəncəvinin təntənəli yubiley mərasimi məlum səbəb üzündən yalnız bir məkanda - o vaxtkı blokadada olan Leninqradda, Ermitajda keçirildi və bu, böyük bir tarixi hadisə idi. Bu binanın yaşı 160-a çatır. Təmirə başlayanda sanki bir möcüzəylə binanın xilas olduğunu gördük. Çünki bu boyda binanın vur-tut iyirmi santimetr bünövrəsi vardı. Divarların suvağı söküldükcə görürdük ki, tamam qəza vəziyyətindədi. Binaya üç metr enində təzədən təməl töküldü".

Natiq sonra binanın yenidən təmiri ilə bağlı işlərdən danışdı. Bildirdi ki, muzeyin bu səviyyədə, dünya standartlarına uyğun, arzu olunan, zövq səviyyəsində yenidən təmir olunması, xalqa təqdim edilməsi Nizamisevərlərə böyük hədiyyədi: "Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə çox böyük quruculuq işləri aparır. O, milli, dövlət quruculuq işləriylə, Azərbaycanın dünyada təbliğiylə, Bakının simasının tamamilə yeniləşməsiylə məşğuldu. Onun bu çərçivədə gördüyü işlərdən ən qiymətlilərindən biri də, belə düşünürəm ki, məhz Nizami muzeyidi. Mən bu səhər televiziyaya verdiyim müsahibədə də qeyd etdim ki, son illərdə xeyli gözəl körpü salınıb, amma o körpülərin hamısından da Nizami Gəncəvi adıyla bağlı olan bu körpü daha vacib idi. Bütün Azərbaycan boyu nə qədər yollar çəkilib - o yolların ən vacibi Nizami Gəncəvi adına Muzeyin yoludu. Bütün Azərbaycan boyu cənab Prezidentimiz minlərlə məktəb binaları tikdirib. O məktəblərin ən vacibi Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyidi. Çünki ən böyük körpünün uzunluğu olar 50 metr, 100 metr, iki-üç, beş kilometr. Amma Nizami Gəncəvi adına Muzey bir körpüdür ki, Azərbaycanı üç min il əvvəlki ədəbiyyatı, mənəviyyatı və bütün gələcəyi ilə birləşdirir. Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi bir yoldur ki, o, Azərbaycan ədəbiyyatının, Azərbaycan mədəniyyətinin bir neçə min illik keçmişdən başlanan, sonu bilinməyən və gələcəyə uzanan tarixini nümayiş etdirir. Bu muzey bir məktəbdir ki, buradan bütün Azərbaycan ziyalılığı keçib, öyrənib, gələcəkdə də belə olacaq. Bu gün hər bir azərbaycanlının, millətimizin bayramıdır və bu, bizə, millətimizə cənab İlham Əliyevin çox böyük hədiyyəsidir. Bu xidmət unudulmazdır. Əgər unudulmaz Heydər Əliyev Cavidin nəşini Sibirdən Azərbaycana gətirdisə, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin də əsaslı təmirdən sonra istifadəyə verilməsinə şərait yaratmaq məhz həmin böyük xidmət səviyyəsindədir".

R.Hüseynov sonra bildirdi ki, 2009-cu il aprel ayının 14-də Prezident İlham Əliyevin təşəbbüsü və qayğısı ilə əsaslı təmir aparılmış Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində oldu və görülmüş işləri yüksək qiymətləndirdi.

"Lakin muzeyin geniş kütlələr üçün açılışını biz mayın 14-nə təyin etdik.

Bunun tarixi mənası var. Muzey Azərbaycan hökumətinin qərarı ilə 1939-cu il noyabr ayının 1-də yaradılıb, bir neçə il ərzində qurulub, ekspozisiya yaradılıb, elmi tədqiqat işləri gedib. Lakin əvvəl də qeyd etdiyim kimi, İkinci Dünya müharibəsinin başlanması muzeyin geniş kütlə üçün açılışına imkan verməyib. Muzey qapılarını tamaşaçı üzünə 1945-ci il mayın 9-da qələbə elan edildikdən 5 gün sonra - mayın 14-də açıb.

Beləliklə, bu il rəsmən muzeyin 70 yaşı tamam olacaq və bu yubiley oktyabr-noyabr aylarında qeyd ediləcək. Amma mayın 14-də də muzeyin ekspozisiyasının tamaşaçı üzünə ilk dəfə açılması tarixi kimi həmişə qeyd ediləcək. Ona görə də biz əsaslı təmir və yenidənqurmadan sonra ikinci həyatını başlayan Nizami muzeyinin kütlələr üçün bu dəfəki açılışını da həmin rəmzi tarixə təyin etdik.

Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin binası 1850-ci ildə birmərtəbəli karvansara kimi tikilmişdir. Həmin bina 1915-ci ildə ikinci mərtəbə artırılaraq "Metropol" mehmanxanasına çevrilmişdir. 1918-1920-ci illərdə bina ilk Azərbaycan Demokratik Respublikasının Nazirlər Kabinetinin həm iş, həm yaşayış yeri olmuşdur. 1920-30-cu illərdə burada Azərbaycan Həmkarlar İttifaqı yerləşdirilmişdir. 1939-cu ilin noyabrında Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Nizami muzeyinin yaradılaraq həmin binada yerləşdirilməsi məqsədi ilə memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsi ilə əsaslı təmir aparılmış, fasaddakı heykəllər quraşdırılmış, daha 2 mərtəbə əlavə edilmişdir.

1939-cu ildən sonra binada əsaslı təmir və yenidənqurma işləri aparılmamış, yalnız cari təmirlər həyata keçirilmişdir.

2004-cü il dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muzeyə gəlişindən sonra 2005-ci ilin yayında hazırlanan layihələr əsasında əsaslı yenidənqurma və təmir-bərpa işləri başlanmışdır.

20 santimetrlik bünövrə üzərində dayandığından bütün divarları güclü çat vermiş, real uçub-dağılmaq təhlükəsi qarşısında olan binanı gücləndirmək məqsədi ilə perimetr üzrə eni və dərinliyi 3 metr olmaqla etibarlı təməl atılmış, binanın bütün divarları döyülüb tökülmüş, armaturlarla toxunaraq təzədən 14 min kvadratmetr olmaqla keyfiyyətli şəkildə suvanmışdır. Binanın bütün naxış, bəzək və mürəkkəb yapma elementləri kəsilib götürülmüş, hər element üçün düzəldilən qəliblər əsasında təzədən hazırlanmış, 4500 kvadratmetrə qədər sahəsi parketlə, o cümlədən, mürəkkəb mozaik naxışlarla işlənərək döşənmişdir. Təmirdən əvvəl tam dağılmış vəziyyətdə olan keyfiyyətsiz parket örtüyü isə 2 dəfə az sahəni əhatə edirdi. Binanın tam yararsız vəziyyətdə olan bütün qapı (500 kvadratmetrə yaxın) və pəncərələri (900 kvadratmetrə yaxın) bərk ağac materialından hazırlanmaqla təzədən düzəldilmişdir. Binanın damı yenidən qurulmuş, 2700 kvadratmetrə yaxın sahəsi olan dama müasir metal-kirəmit örtük çəkilmişdir. Binanın fasadı, o cümlədən şpilləri və ətrafı əsaslı təmir edilmiş, muzeyin çevrəsinə, həyətinə, pilləkənlərinə qranit və mərmər örtük çəkilmiş, mükəmməl drenaj və kanalizasiya sistemi qurulmuşdur. Bina üçün ayrıca transformator binası tikilmiş, generator, 2 çiller, qazanxana quraşdırılmış, yarandığı gündən bəri ventilyasiya, kondinsioner, sabit tempratur rejimi olmayan binada daimi ventilyasiya, isitmə və soyutmanı təmin edən ən müasir sistemlər quraşdırılmışdır...

Ekspozisiya tamam yenidən qurulmuş, bütün heykəl və rəsmlər restavrə edilmiş, rəsm əsərlərinin hamısı xarici ölkələrdə istehsal edilən ən nəfis çərçivələrə salınmışdır. Muzeyin 120 mindən artıq eksponatının yenidənqurmadan öncə ekspozisiyada 1000 elementi göstərilirdisə, yeni ekspozisiyada 25 mindən çox eksponat yer alır. Bütün zallar kompyuterləşdirilmiş, tamaşaçıların müstəqil işləmələri üçün zallarda ayrıca montiorlar quraşdırılmış, 3 dildə informasiya bazası yaradılmış, audio-video materialları seyr etmək üçün 14 monitor və dinləmə qurğularıyla təmin edilmiş xüsusi böyük zal təşkil edilmişdir. Muzey fondları zəruri texnika və avadanlıqla təmin edilərək keçmişdəki heç bir təlabata cavab verməyən, eksponatların daimi təhlükədə olduğu vəziyyətdən xilas edilmiş, ən müasir dünya tələbləri səviyyəsinə çatdırılmışdır. Min kvadratmetr sahəni əhatə edən inzibati korpus zövqlə təmir edilmiş, rahat mebel və avadanlıqla, zəruri texnika ilə təmin edilmiş, kompyuterləşdirilmişdir.

Binanın daxili və xarici işıqlandırılması, bütün ekspozisiya və inzibati korpusun daimi video-nəzarət sistemi yaradılmışdır. Muzeydəki tədbirləri, mədəniyyət tariximizlə bağlı süjetləri şəhər sakinlərinə mütəmadi çatdırmaq üçün muzeyin xaricində xüsusi səsli monitor quraşdırılmış, muzeyin əvvəllər müxtəlif ticarət obyektlərinin yerləşdiyi birinci qatındakı vitrinləri ədəbiyyatımızın klassiklərini və onların seçmə fikirlərini əks etdirən, şəhər əhalisi və qonaqların artıq daimi diqqət dairəsinə daxil olmuş dekorativ banerlərlə bəzənmişdir.

200-dən çox əməkdaşı olan muzeydə işçilərin istirahəti üçün zəruri avadanlıqlarla təmin edilmiş 2 mətbəx düzəldilmiş, muzeyin həyəti istirahət, müxtəlif tədbirlər keçirmək üçün zövqlə, səma altındakı açıq ekspozisiya kimi tərtib edilmişdir.

Beləliklə, təyinatı etibarı ilə yalnız yeni müstəqillik əldə etmiş ölkələr sırasında deyil, Yaxın və Orta Şərqdə, eləcə də Avropada yeganə Ədəbiyyat muzeyi olan bu mədəniyyət ocağı Azərbaycan dövlətinin qayğısı sayəsində bir bina və bir muzey kimi mövcud olduğu bütün zamanlarda olduğundan müqayisəedilməz dərəcədə yüksək səviyyəyə çatmış, tamamilə yeni bir həyat qazanmışdır.

Muzeyə gələn qonaqlara Azərbaycan, ingilis, rus, fars və s. dillərdə izahatlar veriləcək, qonaqların ədəbiyyat tariximizlə bağlı ayrı-ayrı xronikaları və bədii süjetləri seyr etmək imkanı olacaqdır".

Sonra tədbir iştirakçıları R.Hüseynovun bələdçiliyi ilə muzeydə aparılmış əsaslı yenidənqurma işləriylə tanış oldular.

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.-2009.-15 may.-S.3, 4.