Təqdimat
Sırağagün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda dramaturq və yazıçı, fəlsəfə elmləri doktoru Firuz Mustafanın "13 hekayə" və "Dəniz köçü" kitablarının təqdimat mərasimi keçirilmişdir. Yığıncağı Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu açmışdır.
Tədbirdə filologiya
elmləri doktoru Bədirxan Əhmədov, millət vəkili Nazim Məmmədli, yazıçının qələm
dostları İlyas Tapdıq, Nahid Hacızadə, Musa Ələkbərli, Ələddin
Əsədov, Ağalar
İdrisoğlu, Aydın
İbrahim, Abuzər Bağır, Dayandur Sevgin, Oqtay Rza,
tənqidçilərdən Bəsti Əlibəyli,
Hicran Hüseynova, mədəniyyətşünas Məleykə Əliqızı,
əməkdar artist Hicran Nəsirova, “Zirvə” ziyalılar təşkilatının sədri
Minayə Munis və başqaları çıxış edərək
Firuz Mustafanın
dramaturgiyasından, onların
səhnə təcəssümündən
söhbət açmış,
onun yazılarının özünəməxsusluğunu
qeyd etmişlər. Çıxışçılar onu hekayə və pritça müəllifi kimi də dəyərləndirmişlər.
Qeyd etmişlər ki, çox məhsuldar işləyən Firuz Mustafa yaradıcılığa
başladığı ilk
illərdə şair
və jurnalist kimi tanınmışdı.
Lakin sonrakı illər o, ədəbi
növün digər sahələrində də
qələmini sınadı.
Dram əsərləri
ilə yanaşı romanları, povestləri,
hekayələri də
diqqəti çəkdi.
Eyni zamanda, onun fəlsəfi esseləri maraqla qarşılanır.
Çıxışçılar 20-dən çox kitabın müəllifinin "Teatr
meydanı", "Qara
qutu", "Yaltaqlar
qurultayı”, "Tabut"
və s. bədii əsərlərindən
söhbət açdılar,
"Dəniz köçü"
kitabının bədii
məziyyətlərini qeyd
etdilər.
Məclisin sonunda çıxış
edən Firuz Mustafa tədbirə
toplaşanlara təşəkkürünü
bildirməklə yanaşı,
həyat və sənət haqqında düşüncələrini də
bildirdi.
Ədəbiyyat qəzeti.-2009.-15 may.-S.5.