Sakit dəryalar kimi

 

Mayın 14- Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı Məmməd Əkbərin anadan olmasının 100 illiyinə həsr edilmiş anım mərasimi keçirildi. Tədbiri AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca açaraq dedi: "Bu gün tanınmış yazıçı, səmimi mehriban bir insan olan Məmməd Əkbərin anadan olmasının yüz illik yubileyini qeyd edirik. Bir adam ki, mənəvi ömür baxımından yüz il yaşaya bilib, deməli onun ölməzliyinin sübuta ehtiyacı yoxdur. Bilirəm ki, hər kəs buraya öz səmimi ürək sözləriylə baş-başa gəlib. Bu da təbiidi. Ona görə ki, o, elə bir insan idi, həmişə adı çəkiləndə sifətlərə təbəssüm qonur. Məmməd müəllim bənzərsiz bir insan, böyük vətəndaş idi. O, repressiya qurbanları haqqında olan xatirələrini heç nədən çəkinməyərək danışırdı, bu yolla onların talelərinin qaranlıq tərəfinə işıq salır, yaddaşlara köçürür, xəyallarda bərpa edirdi. Burada danışılacaq xatirələrdə Məmməd Əkbərin öz canlı büstünün qoyulacağına da əminəm. O, ləyaqətlə yaşadı, mədəniyyətimizə ləyaqətlə xidmət etdi, yurdunda layiqli övladlar qoyub getdi".

Tədbirin aparıcısı, xalq şairi Nəriman Həsənzadə vurğuladı ki, Məmməd Əkbər çox həssas insan idi: "Onun həyat yoldaşı Səyyarə xanım mənim üçün ana-bacı qədər əziz idi. Biz qonşu idik. Məmməd Əkbər olduqca işıqlı, təbii bir şəxsiyyət idi. Rəhmətlik Əlfi Qasımov onun haqqında olan lətifələri qələmə almışdı. Ədəbiyyat bizi mənəvi qohumlara çevirmişdi. Məmməd Əkbər işinə çox məsuliyyətlə yanaşan əmək qəhrəmanı idi. Əsl insanların yeri bəzən cəmiyyətdə gec görünür. Ancaq zaman sübut edir ki, Məmməd Əkbər kimi insanlar heç vaxt unudulmurlar".

AYB-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, şair Abbas Abdulla da M.Əkbərin çox təbii, işinə böyük əmək sərf edən bir insan olduğundan söz açdı: "Vaxtilə çalışdığım "Ədəbiyyat qəzeti" redaksiyasında bir otaqda oturardıq. İndinin özündə mən hər dəfə əlimə hər hansı qəzeti alıb oxuyanda istər-istəməz Məmməd Əkbəri xatırlayıram. İndi anadan olmasının yüz illiyini qeyd etsək , əslində o, dünyadan çox tez getdi. Hələ qədər yazılmamış əsəri, görüləsi işləri var idi…"

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Ayaz Vəfalı da Məmməd Əkbərlə bir yerdə işlədiyi günlərdən, təəssüratlarından söz açdı: "Məmməd Əkbər müəllim tez-tez bizə Süleyman Rüstəmlə, Məmməd Cəfərlə bir yerdə işlədiyi günlərdən danışar, o böyük insanların həyatını bir kitab kimi təqdim edərdi. Təbii yazmağı xoşlayardı. Onun oçerkləri belə hekayə kimi oxunurdu. Məmməd Əkbərin günü uşaqlarıyla, onlara qayğıyla başlayırdı. O, öz ömrünü zahirən sakit başa vurdu - dərya kimi. Əslində isə daxilən çox təlatümlü bir həyat yaşadı".

Yazıçı-publisist Nahid Hacızadə mərasimdə çıxış edərək dedi ki, Məmməd Əkbər mənim yaddaşımda ən tanınmış jurnalist kimi qalıb: "Bəlkə onun jurnalistlik fəaliyyətini ali məktəblərdə ayrıca bir bölüm altında öyrənmək, tədris etmək lazımdı. Azərbaycan cəmiyyətində Məmməd Əkbərin övladlarının tutduğu layiqli yer sübut edir ki, o, həm yaxşı bir yazıçı, həm də ailə başçısı, yaxşı tərbiyəçi olmuşdur. Övladlarının əldə etdikləri nailiyyətlər onun verdiyi tərbiyədən irəli gəlir. Məmməd Əkbər öz dövründə "Ədəbiyyat qəzeti"ndə işləyən gənclərə böyük qayğıyla yanaşardı. O, sənayenin müxtəlif sahələrində çalışan insanların həyatını məhəbbətlə qələmə alardı…"

Tanınmış şair Fikrət Sadıq unudulmaz sənət dostu haqqında xatirələrini dilə gətirdi: "Hər dəfə onu görəndə elə bilirdim ki, bu dəqiqə Mirzə Cəlilin, Sabirin yanından gəlir. Hər dəfə işə gedib-qayıdanda rastlaşıb görüşərdik. O, əvvəllər gördüklərindən, mən bu gündən danışardım. Bir az köhnəfikirli adam təsiri bağışlamağı var idi. Ancaq bu köhnəlik yaxşı mənada kökə bağlılıqdan, milli dəyərlərə sadiqlikdən, milli qürurdan irəli gələrdi. Yaxşı işlərə qəlbən sevinərdi…"

S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat İncəsənət Arxivinin müdiri Maarif Teymur öz çıxışında bildirdi ki, Məməd Əkbər "beş" rəqəmini çox sevərdi. Ona görə ki, mayın beşində dünyaya göz açmışdı. "Onun şəxsi fondunda isə bu beşlərin sayı sıralanıb - 555. Bu özü bir qismət, bir duyum faktıdı".

Yazıçının qızı Səidə Qocamanlı atası haqqında unudulmaz xatirələrindən söz açdı: "Məmməd Əkbər hər şeydən çox millətini, Azərbaycanı sevirdi. O, ömrünün sonuna kimi Kommunist Partiyasına üzv olmadı. Ancaq həmişə daxili insanlığını, vüqarını qorudu. Bizə deyərdi ki, kitab oxuyun. Ömrünün son günlərində mənə saralmış bir kağız verdi. Burada Müsavat partiyasının 41 üzvünün adı göstərilmişdi ki, atam da onların sırasında idi. Cəfər Cabbarlıdan, Üzeyir bəydən başlamış ən görkəmli oğullarımızın adı o siyahıda yazılmışdı. Bircə əlaqələndirici Dostuxanımın adından başqa. O, Məmməd Sadıq Sidqinin qızı idi. Cəfər Cabbarlıyla atamı məfkurə, əqidə birliyi bağlayırdı. O, öz xalqını, onun dilini çox sevirdi. Anam məni rus məktəbinə yazdıranda atamın evə gəlib necə bir qırğın saldığı indi yadımdan çıxmır".

Şair Ramiz Rövşən M.Əkbərlə olan görüşlərindən, xatirələrindən söz açdıqdan sonra ona həsr etdiyi şerini oxudu.

Şairlərdən Oqtay Rza, Ramiq Muxtar, yazıçının əmisi nəvəsi Səmilə xanım, qızı Gülşən Əkbərova unudulmaz sənətkarla bağlı xatirələrini dilə gətirdilər.

Mərasimin sonunda yazıçının oğlu Rövşən Əkbərov atasının adını uca tutanlara, Yazıçılar Birliyinin rəhbərliyinə, tədbirdə iştirak edənlərə öz dərin təşəkkürünü bildirdi.

 

 

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.-2009.-15 may.-S.5.