Azərbaycanın ləyaqətli təmsilçisi
Nəsib Nəbioğlunu otuz ildən artıqdır ki, tanıyıram. Bakıda - M.F.Axundov adına Rus dili və
Ədəbiyyatı İnstitutunda
(indiki Bakı Slavyan Universitetində) təhsil aldığı
illərdə (1975-1980) tez-tez
görüşər, dərdləşər,
bir-birimizə yeni şeirlərimizi oxuyar, ədəbi söhbətlər edərdik.
Hələ o vaxtlar hiss edərdim
ki, yaşıdım və eloğlum Nəsibin çox qaynar bir iç
dünyası, yerə-göyə sığmayan
romantikası, böyük
arzuları və bütün bunların fövqündə dayanan polad iradəsi var.
Erkən yaşlarından
atasını itirən
Nəsib taleyin acığına, bir də anasının ömrünü uzatmaq xatirinə ikinci ali təhsil almaq, tanınmaq, ədəbi aləmdə müəyyən mövqe
qazanmaq qərarına
gəlib Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu
bitirib (1985) elə bu nəhəng paytaxt şəhərində yaşamalı,
yaratmalı oldu. Bu illər ərzində həm Bakıda, həm də Moskvada Nəsibin kitabları - "Ürəyim
yurd yeridir", "Dua eləyən bulaq" (rus dilində), "Sizə sözüm var", "Bağışlamaz dağlar
məni" və s. işıq üzü görməyə
başladı. Bir şair kimi o, özünün oxucu çevrəsini yaratdı. Xatırlayıram ki, onun "Gənc şairin ilk kitabı" seriyasından buraxılan
"Ürəyim yurd
yeridir" adlı şeirlər kitabının
redaktoru mən olmuşdum və bu kitab 80-ci illərdə "Yazıçı"
nəşriyyatında nəşr
olunarkən çox maraqla qarşılanmışdı.
Nəsibin bulaq suyu kimi dupduru
şeirləri, bu şeirlərdəki səmimiyyət, canlı xalq dili, folklor
metaforaları poeziya həvəskarlarının, söz
sərraflarının diqqətini
çəkmişdi. Bu cəhətdən
həmin kitabda verilmiş "A nənəmin
cəhrəsi" şeri
müəllifə xüsusi
uğur gətirmişdi.
Çünki gənc
şairin tapıntısı
olan bu mövzu
onun poetik leksikonuna məxsus tapıntı səviyyəli
ifadə və ibarələrlə də
zəngin idi:
Kələflərin içində boya-başa
çatmışam,
Dükcələr qucağımda şirin
yuxu yatmışam.
Elə bilmə mən səni unutmuşam, atmışam -
Hələ də yadımdadır naxışının düyməsi,
A nənəmin cəhrəsi.
Gənc nəslin adını belə bilmədiyi bu kustar toxuculuq aləti - cəhrə indi məişətimizdən
demək olar ki, tamam kənarlaşdırılıb,
lakin yaddaşlardan silinməyib. Şair həmin şeri dərin bir təəssüf duyğusu
ilə bitirir:
İşindən ayırdılar, yolundan
döndərdilər,
Üzünü görmədiyin maşına
mindirdilər.
Səni təmtəraq ilə muzeyə göndərdilər,
Köhnə əsrin bu əsrə
hədiyyəsi, töhfəsi,
A nənəmin cəhrəsi.
Bu şeir N.Nəbioğlunun
ilk qələm təcrübələrindən biridir. 1976-cı ildə yazıb. Moskva mühiti, görkəmli ədəbiyyat
xadimləri ilə təmas təbii ki, Nəsibin ədəbi taleyində ciddi dəyişiklik yaratmalıydı və yaratdı da. Onun şeirlərinə ictimai pafos, fəlsəfi dünyaduyumu
gəldi. Lakin yenə də
əsas mövzularını
qoynunda boya-başa çatdığı Kəlbəcər
torpağından, o torpağın qaynar bulaqlarından, dəli çaylarından, zümrüd
meşələrindən, al-əlvan çəmənlərindən
və zirvəsi qartallı əzəmətli
dağlarından aldı.
Dağ kəndlərinin
yaşam tərzi;
hana toxuyan qızlar, quzu otaran uşaqlar, at çapan cavanlar, arı saxlayan müdrik qocalar, bayatılı-dastanlı, sazlı-sözlü kənd gecələri və s. Nəsibin uşaq yaddaşına yazıldığına görə
sözünün yaddaşından
silinmədi:
Haralarda boy atsam,
Sənindir nə yaratsam.
Daşa dönüm unutsam,
Yarpız-nanəli kəndim,
Qoca nənəli kəndim.
("Kəndim")
İllər boyu Kəlbəcərdən uzaqda - Moskvada yaşasa da, Nəsib doğma yurda bütün varlığı ilə bağlı oldu. Hər yay demək olar ki, bu gözəllik diyarına yolunu salan, uşaqlıq xatirələri ilə baş-başa qalan, Tərtərin, Tutqunun dəli kükrəyişində, Yüzbulağın zümzüməsində, İstisuyun hərarətində, el-obanın məhəbbətində özünün poetik aləmini "quran" Nəsib bu möcüzələr torpağından doymadığını dəfələrlə etiraf etdi:
Elə ürəkliydim, elə qorxmazdım,
Səsimi sıldırım qayaya yazdım,
Min dəfə dumanda, çiskində azdım,
Doymadım yurdumun gözəlliyindən.
Sevdim bənövşəni, sevdim nərgizi,
Küskün baxışlını, lalə bənizi,
Məni məst elədi çiçək dənizi,
Doymadım yurdumun gözəlliyindən.
("Doymadım yurdumun gözəlliyindən")
1993-cü ildən sonra bu "gözəlliklər" Nəsib üçün də, elə hamımız üçün də əlçatmaz, ünyetməz oldu. Kəlbəcər işğal olundu. Daha doğrusu, xəyanətin qurbanı oldu. Bəy balası kimi firavan yaşayan gözəl güzəranlı kəlbəcərlilər didərgin ömrü yaşayıb əcnəbi yardımına möhtac qaldı. Bu dərdlərin ağırlığı hamıdan öncə kəlbəcərli yazarların çiynindən basdı. Bəhmənin, Sücaətin, Qəmkeşin, Şamilin ürəyi dözmədi yurd həsrətinə… Nəsibin də şeirlərinə Kəlbəcər həsrətinin hüznü çökdü, o torpağın dərdi ələndi:
Adın ürəyimdən silinməz qəti,
Sən mənə vermisən bu məhəbbəti.
Əyildi Nəsibin sənsiz qaməti,
Dözmürəm dərdinə, düzü, Kəlbəcər.
Bu mövzuda şairin saysız-hesabsız yanğılı şeirləri yarandı. Ancaq, el demiş, içimiz özümüzü yandırdı… Nəsib əvvəlcə Kəlbəcəri itirdi, sonra (bu yaxınlarda) Kəlbəcər həsrətli anasını…
Moskvada yaşadığı bu illər ərzində N.Nəbioğlu dünyanın bir çox ölkələrində olub, Rusiya nümayəndə heyətinin tərkibində rəsmi səfərlərə qatılıb. Aldığı təəssüratlardan maraqlı publisistik və poetik yazıları meydana çıxıb. Əsas budur ki, Nəsib Moskvada doğma Azərbaycanı ləyaqətlə təmsil edən, məmləkətimizin adına şərəf gətirmək yolunda ürəyini, istedadını və gücünü qoyan qeyrətli soydaşımızdır.
O, Rusiya Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibidir. Azərbaycan diasporunun formalaşmağında, ardıcıl fəaliyyətində bir ziyalı kimi Nəsib Nəbioğlunun dəyərli xidmətləri danılmazdır.
Moskvada yaşayan tələbə yoldaşım, dostum, tanınmış jurnalist, diasporumuzun fəallarından olan Cəfər Sadıqdan aldığım məlumata görə bu yaxınlarda Nəsibin 55 yaşı tamam olub. Şair dostumu bu münasibətlə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları və Kəlbəcərli günlər arzulayıram.
Adil Cəmil
Ədəbiyyat qəzeti.-2009.-15
may.-S.7.