Əsrin gileyi
Dünyayla zarafat nəyə lazımdı,
Udam, ya uduzam mən bu oyunda.
Çıxsa orbitindən bu Yer kürəsi,
Görəsən haraya düşəcək onda?
Əzəldən sirlidir dünyanın işi,
Bir az uydurmadır, bir az həqiqət.
Bizi kim sevəcək özümüz kimi,
Əgər özümüzdə yoxsa məhəbbət.
Narahat bir ömür yaşayırıq biz,
Hər an ömrümüzün səksəkəsi var.
İndii bir düymənin basılmağıynan
Dünyanın dağılmaq təhlükəsi var.
Bizə "çor" deyənin qurbanı olluq,
Hələ başına da dolanarıq biz.
Təki orbitindən çıxıb getməsin,
Təki öz yerində qalsın kürəmiz.
Eh, necə gəldisə yaşamayaq biz,
Çalışaq dünyanın dərdini çəkək.
Elə yapışaq ki, Yer kürəsindən
Bizi məhv etməsin hər əsən külək.
Kiminin gözündə böyükdən böyük,
Kiminin gözündə çox balacadır.
Hələ yaşamaqdan doymayıb dünya -
Min dəfə desək də dünya qocadır…
Deyirlər hardasa bir planetdə
Canlılar yaşayır, çox-çox uzaqda.
"Uçan boşqab"lara minib gəzirlər,
Bir az fikirləşək onların haqda…
Onların ağlına həsəd aparıb,
Onların işiylə fəxr edirik biz.
Sakit yaşamırıq Yer kürəsində,
Görəsən axı nə istəyirik biz.
Daha fəxr etməyək, arxayın olaq,
Hər şeyi düşünsək ar olacaqdır.
Başqa planetdən gələcək onlar,
Bizi təhlükədən qurtaracaqdır.
Bizdən ağıllıdır, bizdən güclüdür,
Çox yazsam qorxuram ağ ola birdən.
Onlar salmayacaq nəzərdən bizi
Qoymazlar bu dünya dağıla birdən.
Ey qansız, sakitcə otur yerində,
Onlar dünyamızı qoruyacaqdır.
Əlini uzatsan düyməyə sarı,
Əllərin yerində quruyacaqdır.
Kəlbəcər
Güllü yaylaqların yuxuma gəldi,
Gördüm hər yan təzə-tərdi, Kəlbəcər!
Küləklər güllərin ləçəklərini
Qoparıb üstünə sərdi, Kəlbəcər!
Yoluma sərmisən min gül, min çiçək,
Anatək vermisən məhəbbət, istək.
Mehriban qoynuna qalmışam həsrət,
Çəkəmmirəm belə dərdi, Kəlbəcər!
Sazımı qürbətdə çalmışam sənsiz.
Həsrətdən kövrəlib, dolmuşam sənsiz,
Əlləri qoynunda qalmışam sənsiz,
Qəlbim heç kirimir, kürdü, Kəlbəcər!
Sən məni böyüdüb yetirdin ərsə,
Balanam - qayıdım verək səs-səsə.
Yolların açılmır, düşübdü tərsə,
Bu necə sehrdi, sirdi, Kəlbəcər?!
Əyilməz, basılmaz səngərli qala,
Başında əzəldən varımış bəla.
Nəsibi salmısan dözülməz hala -
Sinəsi təşnədi, pirdi, Kəlbəcər!
Bağışlamaz dağlar məni
Dağlar bəlkə balam deyib,
Həzin-həzin ağlar məni!
Öz qoynuna dönmək üçün
Ümid verib saxlar məni.
Çox keçərəm qınağına,
Həsrətəm od-ocağına.
Haraylayır qucağına
Ötən dövran, çağlar məni!
Yurd-yuvasız qaldım xəstə,
Günüm keçir qəmli səsdə.
Bir dağ çəkər sinəm üstə,
Özü boyda dağlar məni.
Uçurulan qalaların,
Perik ruhu babaların,
Viran qalan obaların
Ahı-ünü oxlar məni!
Qartalıyla ötüşməsəm,
Çeşməsiylə öpüşməsəm,
Harayına yetişməsəm,
Bağışlamaz dağlar məni!
Bir sönmüş ocaq var o yurd yerində
Bir sönmüş ocaq var o yurd yerində,
O ocaq başına kimsə yığılmaz!
Oğul oğul olsa öz yurd yerində
O ocaq dağılmaz, o yurd dağılmaz!
Niyə ürəyimə dammadı onda?
Boylanıb baxmadım həyətə sarı.
Bəs niyə bağrıma basmadım onda,
O köhnə çəpəri, köhnə hasarı?
Düşüb bir arzunun dalıyca getdim,
Bilmədim ocağım dağılar mənim!
Nə biləm yurd-yuvam viran olacaq,
Yurduma od vurdu yağılar mənim!
Getdim, uzaq çəkdi mənim səfərim,
Getdim heç demədim bu yurd boş qalar!
Bülbül gülüstanın həsrəti oldu,
Qızılgül üstünə qondu qarğalar!
Bir yoxluq içində donub nə vaxtdır
Sönən ocaqların istisi gəlməz!
Payızı da keçər, qışı da düşər,
Buxarılar yanmaz, tüstüsü gəlməz!
Bilsəydim son dəfə bağrıma basıb,
Öpərdim o doğma köhnə dam-daşı!
Ordan ayrılanda vidalaşmadım,
Odur ki, göynəyir bağrımın başı!
Divarına dəyən yad əli görüb
O hasar göynəyər,
Orda həyətimdə tut ağacının
Yarpağı göynəyər,
Düşüncələr
Nə ay həmin aydı, nə gün həmin gün,
Görən qayıdarmı o yol, o cığır?
Sənin baxışına rast gəlmək üçün,
Mənim fikirlərim yollara çıxır.
Mənim fikirlərim yollara çıxır,
Dönmür inadından, qayıtmır geri.
İtir sonsuzluqda ümman içindən,
Donur bir qadının soyuq əlləri.
Donur bir qadının soyuq əlləri,
Nə alov gətirir, nə od gətirir.
Nə bir nəfəs verir, nə bir incə səs,
Nə də ki, uçmağa qanad gətirir.
Nə də ki, uçmağa qanad gətirir,
Dünyanın zülməti çökür gözümə.
Düşürəm torpağa halsızlar kimi,
İnana bilmirəm özüm özümə.
İnana bilmirəm özüm özümə,
İnsanın inamı aza bilərmiş.
Yanağımdan axan göz yaşlarını
Tökülən yarpaqlar yuyub, silərmiş.
Yarpaqlar silərmiş göz yaşlarımı,
Təbiət bir anlıq avazıyarmış.
Təskinlik verərmiş payız yağışı,
Yağışın nə gözəl avazı varmış.
Yağışın nə gözəl avazı varmış,
Damlası bir dünya gətirə bilər.
Sevgi dünyasının ağırlığını
Sevənlər çiynində
götürə bilər.
Nəsib Nəbioğlu
Ədəbiyyat qəzeti.-2009.-15
may.-S.7.