Olacaqmış

 

Sən demə bu dünyada hər şey olacaqmış,

Hər zurnanın axırda adı ney olacaqmış.

 

Bir gül kimi alim başı var əldə oyuncaq,

Şahmar ilanın zəhri dönüb mey olacaqmış.

 

Qoç buynuzu tək bığları burma bu matahlar

Hardan biləsən sonda gəlib key olacaqmış.

 

Əvvəldə durub, hər sözəyox, yoxdeyən oğlan,

Bir vaxt baş əyib hər sözü ləbbeh olacaqmış.

 

fikrət, qocalar göz yaşını qəlbə axıtdı,

Göydən ələnib göz yaşımız şeh olacaqmış.

 

 

Sonra da deyirlər

 

Təslim olmuşam zamana, vaxta,

Yaşayırıq bir otaqda.

Televizor, buz dolabı,

Maşın yuyur qabı.

Paltar yuyan da

Maşındı, arvad deyil.

Yaşayırıq dedim,

vallah, bu da bir həyat deyil.

Yox, yox bu fəryad deyil,

Abad deyil, bərbad deyil.

Arvad ya maşını sürür,

ya da məni,

sürücüdü -arvad deyil.

Sonra da deyirlər

Qadınlar azad deyil.

 

 

Tək-tənha

 

Qocalmışam,

atam ölüb,

anam ölüb,

övladlarım

ev-eşik olub, qocalıb.

Təkcə qarım qalıb,

O da gecə-gündüz

Allaha ibadətdədi.

Mən tək-tənha qalmışam,

Elə bir görünməyən insanam,

eşidilməyən sözəm.

Axı mən Allah deyiləm,

belə tənhalığa dözəm.

 

 

A günlər...

 

Sel kimi basırsınız,

Yel kimi əsirsiniz,

Hara tələsirsiniz,

A günlər, aylar, illər?

 

Gözlər ürəkdən baxır,

Sözlər bulaqdan axır.

Zaman hara darıxır,

A günlər, aylar, illər?

 

Nalə neyə yaraşır,

Lalə göyə yaraşır.

Görəm niyə yarışır

Bu günlər,aylar, illər?

 

Zaman əlimdən uçdu,

Aman vermədi, qaçdı.

Qaldım mən gözü yaşlı,

A günlər, aylar, illər.

 

 

Qocalıq

 

Heç bilmirsən,

qocalıq hardan, zaman gəlir.

Görürsən telefon zəngləri seyrəlir,

Qapı zənginə

yanını basa-basa, deyinə-deyinə gedirsən.

Bir duyuq düşürsən ki,

Toydan çox yasa gedirsən.

Gözəlliyə, ya da bir gözələ

baxa-baxa mürgüləyirsən.

Hərdən yol gözləyə-gözləyə,

Lap ürəyin darıxa-darıxa mürgüləyirsən.

Hərdən ağrıya-ağrıya,

İçində ürəyin ağrıya-ağrıya

ərinirsən danışmağa.

Adam yox anlaşmağa

gərək var lüzumsuz söhbəti açmağa.

Ruha iynə vurmurlar,

həb içirmirlər.

Ürəyə, gözə eşq köçürmürlər,

Bir dönən deyil

Ağzının əvvəlki dadı.

Həkimə getmə,

Qocalıqdı bu xəstəliyin adı.

 

 

Sərhədçilər

 

Qalam, sərhəd, səngərim,

Döyüşən ilk əsgərim.

Oğlum, qardaşım, ərim,

Göz qırpmaz keşikçidi.

 

İstər tufanlar olsun,

Şaxta, boran, qar olsun.

Sərhədçilər var olsun,

Göz qırpmaz keşikçidi.

 

Vətən, arxayın çalış,

Dincəl, işlə, gül, danış.

Sərhədçilərə alqış,

Göz qırpmaz keşikçidi.

 

Vətən sevgisi gözdə,

Dağda, düzdə, dənizdə.

Adları qəlbimizdə,

Göz qırpmaz keşikçidi.

 

***

Sovet quruluşunun vahiməsi islam dininin üstündən götürüləndən sonra insanlar acgözlüklə namaza başladılar. Xüsusilə, qadınlar. O zaman yarı zarafat, yarı gerçək belə bir şeir yazmışdım:

 

vaxt arvadı istədim,

Gördüm ki, namaz üstədi.

 

Bu iki misrada millətin azalması qorxusu vardı. Sonra rayonlarımızı gəzəndə gördüm ki, maşallah, hər həyətdə toyuq-cücəyə qarışıb bir dəstə uşaq dənlənir. Səhfimi başa düşüb bu mövzuya yenidən qayıtdım:

 

Xanımlar hər namazda

O məkana varırlar,

Allaha yalvarırlar.

Tale öz bildiyi tək

Arzu-kama yetirir.

Qadın ruzi istəyir,

Leylək uşaq gətirir.

 

 

Yazıq əzrayıl

 

Biganəlik gəlir,

Bir-birimizə qarşı biganəlik.

Hardan atılıb

Bu düşmən daşı - biganəlik,

Timsahın göz yaşı biganəlik.

Əlbət ki, döyülənlə döyüllmək olmur

Ölənlə ölmək olmur,

Gedənlə getmək olur,

Ölünü göz yaşı ilə diriltmək olmur.

Dayanıb olanlara

maddım-maddım baxmaq,

Yalanlara

sakit-sakit qulaq asmaq,

Addım-addım

ölüm kürsüsünə qalxmaq,

Qardaşını dar ağacından asmaq,

Sonra boyunu ölçüb

sakitcə qəbir qazmaq,

Bu gördüyün işləri

səliqə ilə yazmaq,

Allah yaradanlardan

biri olanın işi deyil.

İnsan sayılanın,

ruhu diri olanın işi deyil.

Biganəlik - gözü var, - görmür,

Qulağı var - kardı,

Dili var - laldı,

İnkarı inkardı,

Qəribə haldı,

Cavabsız sualdı.

Sonra da deyirik:

Əzrayıl qanımızı aldı...

Yazıq əzrayıl.

 

 

Bahar gəlir

 

Yarpaqlar dolmalıq olub,

qızlar yeməli.

oturmusan evdə, ay dəli!

1959

 

 

Boyuncadı

 

Bu dünya bir oyuncaqdı,

Sevinci doyuncadı,

Kədəri doyuncadı.

Sevinci , kədəri ,

Hər kəsin öz boyuncadı.

 

 

Fikrət Qoca

 

Ədəbiyyat qəzeti.-2009.-15 may.-S.6.