Bugünnamədən

 

Dördlüklər

 

Təzadlar

 

Bir torpaq üstündə eyni torpaqdan

Nəşvü-nüma tapıb haqq da, nahaq da!

Qalmışıq xeyirlə şər arasında,

Haqq nahaqdan bezib, nahaq da haqdan.

 

***

Eynən bu münvalla xeyir , şər

Bir kökdən boy atıb cücərdi Yerdə.

Təbiət büründü ağa-qaraya,

İnsan da bölündü mərdə, namərdə.

 

***

Bu təzadlar, bu mərtəbə insandan da uzaq deyil,

Bir atanın, bir ananın övladıydı Habil, Qabil.

Biri mələk tinətliydi, biri iblis niyyətliydi,

Sözləri çəp düşdü, oldu biri məqtul, biri qatil.

 

***

Vətən tək bu torpaq, bu dağ-daş deyil,

Vətən qəlbdə nisgil, gözdə yaş deyil.

Vətən cəmi millət, mən, sən, el-oba,

Vətəni sevməyən vətəndaş deyil.

 

***

Hər ürəkdə insaf bitməz, hər buludda leysan yoxdur,

Hər dərədə sel şütüməz, hər ormanda aslan yoxdur.

İnsaf - dürrdür, az tapılar, az tapılan dürr saf olar,

Daşda məgər insaf olar, insaf yoxsa - insan yoxdur.

 

***

Gör-götür dünyasıdır dünya, ibrətxanadır.

Bir kəndi abadandır, bir kəndi viranədir.

Qəribə işləri var, inana bilmir adam,

Bir gündə xanı nökər, nökəri xan edir.

 

***

Adam özü-özünə elədiyin - yığışa

Külli-aləm gələ, eləyə bilməz, haşa!

Adama gizli-açıq düşmən elə özüdür,

Özünü yıxa-yıxa ömrünü vurur başa.

 

***

Toxların qarnı toxdur, düşünən yox acları,

Köməksiz olanların artıb ehtiyacları.

İşıq bahalaşandan həyat ucuzlaşıbdı,

Yumaq dolaşıq düşüb, tapılmır ip ucları.

 

***

Üçü rəvan, biri sərt, cəmi - dörd misra

Qoşa dəmiryol xətti kimi - dörd misra.

Dörd misraya sığışıb bu gün sərasər,

Hər misranın sevinci-qəmi - dörd misra.

 

***

Şeytan əməlidi bu - çoxbölümlü serial,

Yumşaq divanda əyləş, başını qat, seyrə dal!

Həm qızıl vaxtın getsin, həm hirslən, əsəbləş,

Ömrünü yelə sovur, yerində say, geri qal!

 

 

Yaxşılığın tərifi

 

Doğru deyib atalar, çiy süd əmibdi insan,

Adamı tanımaqçın gərək yaxın olasan.

Adam var, dar ayaqda sənə əl tutar - susar,

Adam da var, əl tutur, sonra deyir - borclusan!

 

***

Adam var, yaxşılığı böyük şan-şöhrət bilər,

Zərrəcə yaxşılığa ümmanca tərif dilər.

"Sağ əlin verdiyini, sol əl bilməsin" - gərək!

Bu - aləmə car çəkər, lovğalanar, fəxr elər.

 

***

Əvəzini göylərdən ummalıdır xeyirxah,

Onun elədiyini ucadan görür Allah.

Tutduğun hər əməldə xeyir olsa, şər qaçar,

Ömrünə nur saçar gün, xeyrə açılar sabah.

 

***

Türkə beşik olubdu Dəclə-fərat arası,

Anayurd eləyibdi sonra da Kür-Arazı.

Türküstan-Ceyhun-Seyhun, Altay-Bəysu-Xatunsu,

Türkün şəcərəsidir, Qoşa çaylar sırası.

 

***

Türk - dil açıb, sözləri səslənməkçün ələyib,

Yarpaq xışıldayanda səsi təqlid eləyib.

Çayı görüb - "Ağsu", gölü göy görüb - "Göygöl",

İlk dəfə Ay görəndə, heyrətindən "Ay!" - deyib.

 

 

Yuxu haqqında

 

Uşaq yuxusudur qoca yuxusu,

Saçaq-saçaq, param-parça - yuxusu.

Qoca oyandımı, həmən dağılar,

Kimsəyə gərəkməz bica - yuxusu.

 

***

Qocanın gördüyü zərif yuxular,

İsti sac üstünə yağmış yuxa-qar.

illah eləsən səhərə qalmaz,

Sübh erkən əriyər, tamam yox olar.

 

***

Qoca yuxusunun yaddaşı olmaz,

Göz ağlayar - gözdə göz yaşı olmaz.

Burdakı çəmənin otu göyərməz,

Burdakı buludun yağışı olmaz.

 

 

Ümid

 

Ümid - susuz çöldə burulan ilğım,

Nədənsə ilğıma inanmır ağlım.

Əgər ilğım yoxsa, onda gərək mən

Özüm ilğım olum, çölə dağılım.

 

***

Ümid - qarşı dağdan gələn həzin səs,

O səsə can atır ümidli hər kəs.

Ümidsiz yaşayan insan yaşamır,

Onda ürək var, eşq, həvəs.

 

***

Ya türk olsun, ya fars olsun, ya ərəb,

Gecə-gündüz, leylü-nahar, ruzi-şəb.

Hərə öz dilində göyə üz tutub

Çağırır: - Ya Tanrı, ya Xuda, ya Rəbb.

 

***

Ucaltdığı bina pul tələsidi,

Becid varlanmağa çox tələsidi.

Sement əvəzinə qum işlətdi o,

Onunçün insan da qum dənəsidi.

 

***

Dən varsa - mütləqa, xırman tapılar,

Dərd varsa - hardasa dərman tapılar.

Nəyəsə arxayın dolanır nəsə,

fərd varsa - sürməyə dövran tapılar.

 

***

Yalnız arsız ilə cahil bu dünyadan razı gedir.

Bu iki zümrəyə - dünya tamaşadır, əyləncədir.

Vay o kəsin halına ki, qanır - dədəsi yanır,

Sən onun gözüylə bax, gör bu dərd yurdu - Dünya nədir.

 

***

Bu fındıqdır, bu qozdur, bəs, bu girdəkan nədir,

Kasıblar məhləsində bu zəngin dükan nədir?

Varlı ədəb-ərkanı pulunda görür ancaq,

Kasıb binadan bilir ədəb , ərkan nədir.

 

***

Can candan ayrıdır, bilsin kübar,

Kasıbın ürəyi bağlayıb qubar.

Kübar sevinməkdən bezib, yorulub,

Kasıb sevinməyi etməyib nübar.

 

***

Bu key o keyə deyir: - "okey",

O key bu keyə deyir - "okey".

Beş gün xaricə gedib-gəlib,

Doğma dilinə baxır ögey.

 

 

Fikrət SADIQ

 

Ədəbiyyat qəzeti.-2009.-15 may.-S.7.