“Ədəbi İrəvan” hekayətləri
"Andranikin
xislətində qəddarlıq və hiyləgərliklə
yanaşı, riyakarlıq da var idi. O, buqələmun kimi
şəraitə uyğunlaşırdı. Qatı millətçi
S.Şaumyanın "ətəyindən əli üzülən",
Sovet Rusiyası ilə əməli əlaqə qura bilməyən
Andranik indi də ingilis, fransız, Amerika muttəfiq
qoşunlarının baş komandanı general-mayor B.M.Tomsonun
himayəsinə sığınmışdı. "Erməni
məsələsi"ni onun köməyi ilə həll edəcəyinə
ümid bəsləyirdi…"
Bu
sətirlər professor Teymur Əhmədovun "Ədəbi
İrəvan" toplusunun yeni sayına daxil edilən "Erməni
xəyanəti" məqaləsindən
götürülüb. Məqalə boyu erməni
daşnaklarının, onların üzdəniraq
havadarlarının xalqımızın başına gətirdikləri
müsibətlər tutarlı faktlarla oxuculara təqdim edilib. Oxuduqca
görürük ki, erməni məkri, erməni həyasızlığı
kökdən gəlir. Müəllif oxucu nəzərini
"Şeypur" jurnalının 14 noyabr 1918-ci il tarixli
sayında dərc edilmiş məqaləyə çəkir:
"Həyasız adamdan hər nə desən baş verər…
Bu həyasızlardan biri Ermənistan hökumətinin baş
komandanı Andranik kirvədir ki, yenə də Qarabağda
baş qaldırıb müsəlmanları qırmağa
başlamışdır. Ermənistan hökuməti də
gözlərini yumub əli ilə işarə eləyir… Bu
hökumət deyir ki, Qafqazda Gürcüstan və Azərbaycan
ola bilməz".
Kitaba
daxil edilən ədəbi nümunələrin kökündə
erməni vandallarının bu məkrli niyyətlərini həyata
keçirmək uğrunda apardıqları iyrənc siyasətin
nəticəsində xalqımızın
yaşadığı ağrı-acıların poetik ifadəsi
durur. Və bu məqamda Paşa Qəlbinurun "Diri-diri
döyüşəndə uduzduq - Ruhlar kimi yağaq
Qarabağa!" çağırışı günün
vacib çağırışı kimi səslənir. Onun
topluya daxil edilən "Yağaq Qarabağa", "Hər
gecə", "Makar" şeirlərinə də bu ruh
hakimdir.
Telli
Pənahqızı, Vahid Əziz, Bilman Qüdrət,
Alqayıt, Yaşar Azərtürk, Firəngiz Bayramova, şəhid
şair Ülvi Bünyadzadə, R.C.Çələbi, Bilal Ənsər,
Eldar Həsənli, Eldar İsmayıl, Elnur İrəvanlı,
Əvəz Lələdağ, Fərhad Haqqoğlu, Sultan
Orucoğlu və başqalarının topluda yer alan şeirlərində
vətən, yurd ağrısı üst qatdadı.
Sənətsevərlər
Səyyad Aranın "Külçə" hekayəsi,
Vidadi İsayevin "Ağ işıq" povesti ilə də
toplunun yeni sayında tanış ola biləcəklər.
Toplunun
"Publisistika" bölümündə Qədir Aslanın
"Deportasiya", akademik Budaq Budaqovun "Həzrəti Əli
(ə) dünyası", Yasin Balıyevin
"66-cılar", Aynur Bəşirlinin "Oğuldan əvvəl
ana var", akademik Qərib Məmmədovun "Tarixə
kölgə salmaq mümkün deyil", Səfalı Nəzərlinin
"Ləmbəlilərin körpə lüğəti", Flora
Xəlilzadə və Elnur Niftəliyevin "Sözün
keşiyində", Sənubər Sarallının
"Sarallının şəhadət yolu", Əhməd
Vedilinin "Bizimdir", professor İsmayıl Vəliyevin
"Ədəbiyyatda yeni mərhələ: Türkiyə - Azərbaycan
ədəbi əlaqələr işığında",
millət vəkili Musa Urudun "Erməni məsələləri
və ikili standartlar", İnqilab Vəlizadənin
"Acı taleli insan" məqalələri də yer
alıb.
Publisist
Sərtib İslamoğlunun ümummilli lider Heydər Əliyevin
dövlətçilik fəaliyyətindən bəhs edən
"Xalqımızın Tanrı payı", akademik Abel Məhərrəmovun
böyük elm xadimi Budaq Budaqovun anadan olmasının 80
illiyinə həsr etdiyi "Görkəmli alimin ibrətamiz həyat
yolu", AMEA-nın müxbir üzvü, millət vəkili
Nizami Cəfərovun Əli Vəkilin 70 illik yubileyilə
bağlı "Yaradıcılıq yollarında",
professor Şahlar Əsgərovun Talıb Musayevin 100 illik
yubileyinə həsr etdiyi "İlk tanışlıq" məqalələri
isə toplunun "Yubileylər" bölümündə
verilib.
"Ədəbi
İrəvan"ın ötən nəşrləri ilə bağlı
Həsən Ağacanın və professor Kövsər
Tağıyevanın qeydləri isə "Rəylər"
bölümündədi.
Toplayanı,
tərtib və redaktə edəni Əli Vəkil olan toplu
unudulmaz sənətkarlarımız Üzeyir bəyin, Natəvanın
və Bülbülün erməni vandallarının əliylə
güllələnmiş büstlərinin
fotogörüntüləri ilə qapanır. Onlar bu
görüntüdə ulu ozanımız Dədə Qorqudla
üzbəüzdülər. Elə bil ki, indicə yeni bir
tarix dərsi başlanacaq.
Sərvaz
Ədəbiyyat qəzeti.-2009.-22
may.-S.8.