Deyilən söz yadigardı
Mövlud Teymur: "Rəsul
Rza demişkən".
"Şirvannəşr" - 2008
Ustad şairimiz Rəsul Rza şeirlərinin birində yazırdı ki, hansı misram, hansı sözüm yaşayacaq məndən sonra - mən bilmirəm, eldən soruş…
Bütöv bir el duyğusunun, el münasibətinin əks-sədası kimi səslənir Mövlud Teymurun "Rəsul Rza demişkən" kitabında yazılanlar. Bu yazılanlarda böyük şairin bənzərsiz şəxsiyyətinə, ölməz sənətinə, unikal şəcərəsinə, vəfalı ömür-gün yoldaşı, xalq şairi Nigar xanım Rəfibəyliyə dərin hörmət hissi, vətəndaş sevgisi sərgilənib. Bütün yazılanlarda R.Rza, N.Rəfibəyli şəxsiyyətinə, yaradıcılığına olan məftunluq, heyranlıq hissi üst qatdadı. Gəncəli qızla göyçaylı oğlanı qoşa çinar mislində səciyyələndirən müəllif kitab boyu bu iki qüdrətli sənətkarın örnək olan ömür yolu haqqında ən səmimi duyğularını dilə gətirir. Qürurla yazır ki, bu böyük, Azərbaycan tarixində xüsusi yeri olan nəslin varisləri də çinar ömrü yaşayır və şəxsiyyət ucalığı ilə sayılıb-seçilirlər. Kitabda R.Rzanın hər bir Azərbaycan oxucusuna əziz və tanış olan obrazına doğma bir baxış əksini tapıb:
O, belə bir şair idi,
…Başdan ayağa fəxr idi,
qürur idi!
Kür kimi dəli-dolu,
Araz kimi gur idi.
Qanmaza ağır bir daş,
Qanana qul idi.
Bir sözlə,
Vətən, el qeyrətli oğul idi..
Yaddaşlarda, xatirələrdə belə qalıb, belə yaşayır ustad sənətkar. Hər kəs ona olan
sönməz duyğusunu
bir cür - öz intellekti, istedadı səviyyəsində
ifadə edir. Əsas olanı odur ki, R.Rzaya
olan el sevgisi sevgidir, böyük sənətkarın özünün
yazdığı kimi:
"Sadə.. yaxşı".
S.Əsgərli
Ədəbiyyat qəzeti.-2009.-22
may.-S.8.