Xəlil Rza Ulutürk təbəssümü
Varlığımda bahar, saçlarımda
qış,
Qanımda duyuram sel qüdrətini.
Təbiət bəlkə də könlümdən almış
Əzəli, əbədi təravətini…
Əlbəəl görünür ki,
bu, azadlıq nəğməkarı Xəlil
Rza Ulutürkün avtoportretidi - ömrü boyu körpə fidanları əzizləmək
təşnəsi olan,
çocuq təbəssümlü,
qasırğa təbiətli
xalq şairinin. O, şeirlərində gənclərin coşqun vətənpərvərliyini, həyatı
gözəlləşdirən əməyini, Vətən
və xalq qarşısındakı mənəvi
borc duyğusunu, hər cür çətinlikləri dəf
etmək əzmini tərənnüm etmişdi.
Görkəmli şairin
vəfalı ömür-gün
yoldaşı, Xəlil
Rza Ulutürk irsinin cəfakeşi Firəngiz xanım Ulutürk 2009-cu ilin beynəlxalq Uşaq ili elan olunduğunu
nəzərə alaraq
şairin uşaq şeirlərini yenidən
nəşrə hazırlayaraq
çap etdirmişdir. Onu da qeyd etməliyik
ki, şairin bu kitabları 2009-cu ilin Beynəlxalq Uşaq ili elan
olunması ilə əlaqədar olaraq məktəblərə və
uşaq bağçalarına
paylanmışdır. "Marallar da duz
yeyərmiş" və
"Daşdan çıxan
bulaq" ("Beşik
nəşriyyatı" - 2009) adı altında işıq üzü görən bu kitablarda görkəmli şairin balaca vətəndaşlara, məktəblilərə,
ana təbiətə həsr edilmiş şeirləri toplanmışdır.
Onun balaca qəhrəmanlarının
bütün sevdikləri
gözəlimiz Azərbaycanla
bağlıdı. Təbiidi
ki, bu körpə
vətəndaşlar üçün
dünyanın ən böyük şairi Nizami, ən qəhrəman sənətkarı
Nəsimi, ildırım
sürətli atı Qırat, ən qaynar və qısa həyatı C.Cabbarlı həyatıdı.
Eyni zamanda:
- Dünyada ən gözəl səs?
- Xanın, Bülbülün
səsi.
- Ən doğma, yaxşı ölkə?
- Azərbaycan ölkəsi!..
Bu şeirlərdə hər
şey işıqlıdı,
başdan-başa günəşə
bələnib. Alalhın
arı evi, balı-pətəyi belə:
Şan üstündə arılar
Hazırlayar şan balı.
Dad-tamına, ətrinə
Günəş qarışan balı.
Ulu babalarımızın şərəfli,
zəhmətkeş ömür
yolu X.Rzanın şeir diliylə nəql olunur, yaddaşlarda təzələnir.
Bu şeirlərdə
adi ox da,
yaba, dəryaz tiyəsi də tarixin bir parçasıdı:
Heç bilsən nələr deyir
Bu oxlar, bu yabalar?
Ömrü boyu tər töküb
Ayaqyalın babalar.
…Yaraqları - kəmənd, ox,
Şeşpər, mizraq, ya tələ.
Ürək dönüb məşələ
Bir ov keçincə ələ.
Halal bir ruzi üçün
Yer qazıb, dağ yarıblar.
Daşdan çörək çıxarıb,
Daşdan od çıxarıblar…
Xəlil Rza Ulutürk "İlk rəqsi dalğalar yaradıb" müşahidəsində, "Musiqiyə beşikdir Azərbaycan torpağı" həqiqətində, ən böyük mətləbləri ifadə edən sazda səma genişliyi olması qənaətində haqlı olduğundandı ki, onun şeirləri öz təbiiliyi, lakonikliyi ilə seçilir, yadda qalır.
Hər iki kitaba görkəmli şairin müxtəlif illərdə məktəblilərlə görüşlərini əks etdirən şəkillər, nəşr olunmuş kitabları, tərcümə kitabları, dissertasiya və elmi əsərləri, barəsində yazılanlar, elmi-tarixi memuarları haqqında bilgilər daxil edilib.
S.Aranlı
Ədəbiyyat qəzeti.-2009.-22
may.-S.8.