Səkkizliklər

 

İllər ötüb keçdi - Qarabağ əsir,

Deyirlər - sülh ilə verilsin gərək!

Torpaqlar viranə, insanlar yesir,

Belə haqsızlığa cavab verək?

Yaxşı ki, gecələr yuxular varmış,

Sinədə yurd dağı oda qalanır.

Yuxular təsəlli, ümid olarmış,

Torpaqlar verilmir -

torpaq alınır!

 

                         ***

 

 

Atam Həsənbəyin əziz xatirəsinə

 

Görən soy-kökünü, adını ata,

Doğrulda bildimmi, oğul kimi mən?

Sənin gözlərinlə baxdım həyata,

Ata məhəbbəti keçdi qəlbimdən.

Oğulun öz yeri, qızın öz yeri,

Mən övlad borcunu vermək istədim.

Yaşatdım imzamla Əliyarbəyləri,

Tanrıdan cəsarət, kömək istədim.

 

                    ***

 

 

Ehsan bulağı çəkən qonşumuz Vidadiyə təşəkkürlər

 

Çinarlar əkdilər qədim zamanda,

Çinar buludlarla göz-gözə baxır.

Yolumun üstündə, evin yanında.

Bir ehsan bulağı şırhaşır axır.

Mərmər daşlar ilə bəzənmiş bulaq,

Sinəsi üstündə yazı, lövhə var:

"Çinar əkənlərə ehsan bulağı" -

Çinarlar əkərlər - bu bulaq qalar.

 

                    ***

 

Cəsarət - insanı dağa qaldırar,

Hünər ehtiyacdan yaranar ancaq.

Onda sarsılmayan möhkəm inam var,

Göylər yarılacaq, şimşək çaxacaq.

Cəsarət Adəmi cənnətdən qovdu,

Dünya məhvərinə düşdü elə bil.

İnsan ağa oldu, insan qul oldu, -

Torpaq insanları ayıran deyil!

 

                 ***

 

Mənəvi qidadır kitab insana,

Bizi güclü edir, qüdrətli edir.

Oxudum, öyrəndim - borcluyam ona,

Sirli dünyamızı hikmətli edir.

Bəzən qayğılardan ayırır bizi,

Təskinlik tapırıq ürəyimizə.

Nağıl aləminə çağırır bizi,

Şirinlik qatırıq çörəyimizə.

 

 

Fəridə Əliyarbəyli

 

Ədəbiyyat qəzeti.-2009.-22 may.-S.4.