Payız bağları
Budaqlar titrəyir həzin küləkdən,
Salxımlar özünü asıb tənəkdən.
Quzular sıçrayıb keçir
xəndəkdən,
Yenə cərgələnir payız
bağları.
Zığzığlar bu yerdə hakimdir yenə,
Qarğalar qoz gəzir hey dönə-dönə.
Təbiət bürünüb sarı bir dona,
Yenə sərgilənir payız bağları.
Səs-küy bu yerlərdən
baş alıb gedib,
Payızın havası bağı məst edib.
Qurqurəng, bildirçin hardasa itib,
Yenə sərçələnir payız
bağları.
İki arzu
Səhərdir… gedirəm meşə
arası,
Görünür günəşin yalnız
parası.
Nə göydə bir səs var, nə
də ki, yerdə,
Bir sükut hökmü var göy meşələrdə.
Yarpaqlar başımın üstə
görüşür,
Boynuma bir damla zərli
şeh düşür.
Durub düşünürəm: bu
necə yerdir,
Hər tərəf elə bil canlı şeirdir.
Deyirəm nə ola, meşə,
ay meşə,
Mənim bu sözlərim dillərə düşə;
Sənin yarpaqların saralmayaydı,
Mənim də saçımı qar almayaydı.
Qara qovaq
Bir vaxt mənə doğma idin,
Ey möhtəşəm qara
qovaq.
Deyirdim ki. yetirərsən
Məni bir gün yara, qovaq.
Heyif indi nə sən varsan,
Nə o çağlar, nə o dövran.
Bəs o günlər, bəs o zaman
Uçub getdi hara, qovaq?
Yaşayırsan diləyimdə,
Ağır yüksək kürəyimdə.
Bu gün mənim ürəyimdə
Olmusan bir yara, qovaq,
Ey ünvansız qara qovaq!
Gülə-gülə ölürəm
Yarımçıq həftəyəm mən,
Həmişə kefdəyəm mən.
Bişməmiş küftəyəm mən,
Gülə-gülə ölürəm,
Ölə-ölə gülürəm.
Zəifləyib dizlərim,
Sözə baxmır sözlərim.
Yaxşı görmür gözlərim,
Gülə-gülə ölürəm,
Ölə-ölə gülürəm.
Dəyirmanda çaxçağam,
Yanı açıq bir bağam.
Neçə dərdə ortağam -
Gülə-gülə ölürəm,
Ölə-ölə gülürəm.
Tacəddin
Şahdağlı
Ədəbiyyat qəzeti.-2009.-22
may.-S.4.