Bəzən istəyirəm
Bəzən istəyirəm neçə
nəğməmi
Verəm küləklərin ixtiyarına,
Dolaşa cahanı, tuta aləmi
Sarıla günəşin şüalarına.
Bəzən istəyirəm neçə
nəğməmi
Bəxş edəm dərədə çağlayan selə,
Aşıqlar sazında bulaq başında
Bir yeni məhəbbət bəxş edə elə.
Bəzən istəyirəm neçə
nəğməmi
Tapşıram nəğməkar ötən
bülbülə,
Sovuşduqca günlər, ötdükcə
aylar…
Nəğməmi ötürə çiçəyə,
gülə.
Çağlayan suyun da, ötən quşun da
A dostlar, bilirəm ömrü gödəkdir,
Nəğməmi ellərə bağışlasam mən
Qəlbində can kimi hifz edəcəkdir.
Ömrümün xəzanı yaxınlaşsa da,
Vəfalı dostlarım məni salamlar.
Yarımçıq şerimi illər ötsə də,
Sözə dəyər verən ellər tamamlar.
Dözümlü
olduq
Dindi ağır toplar, yağdı mərmilər,
Səngərə daş-kəsək, qəlpə də doldu.
Soyuq qazmalarda yorğanım şinel,
Dəmir dəbilqələr balıncım oldu.
Uzanıb torpağa gündə yüz kərə,
Əlimdə qumbara tankları pusdum.
Arxamda göy meşə, önümdə dərə,
Qollarım üstündə yaralı dostum.
Döyüşdə yox oldu ölüm qorxusu,
Atıldım alova, atıldım oda.
Ağrıtdı gözümü barıt qoxusu,
Bəzən tapılmadı içməyə su da!
Alovlar göylərə dirəndi dil-dil,
Gecələr anama məktub da yazdım
Bir əlimdə silah, bir əlimdə bel
Ölən dostlar üçün məzar da qazdım.
Keşikdə dayandım gecə sübhədək
Qış günü üst-başım yağış, qar dolu.
Bir səhər sevinclə döyüldü ürək,
Açıldı qarşımda Berlinin yolu!
Şad xəbər dolaşdı kəndi, şəhəri;
Gəldi zəfər günü - arzuma çatdım.
Qoynuna sindiyim nəmli səngəri
Köhnə libas kimi çıxarıb atdım.
Qəhrəman şöhrəti qazanmasam da,
Gözümdə parladı zəfər arzusu.
Davanın cəhənnəm alovlarına
Mən də tullamışam ovuc-ovuc su!
Hərbi əsirlər
O kimdir, yad eldə olmaya ası,
O kimdir, ölümdən qaça, yayına?!
Bu zalım dünyanın min bir bəlası
Sovet əsirinin düşdü payına!
Stalin bizləri satqın çağırdı,
Hitler diri-diri atdı alova:
Acı kədərimiz dağdan ağırdı,
Bizi parçaladı it qova-qova.
Qayıtdıq vətənə, sevinsin ürək,
Dedik ki, çatmışıq xoşbəxt bir günə.
Etibardan düşmüş artıq adam tək
Qovdular Sibirə - uzaq sürgünə.
Hərəyə qoyuldu ləkəli bir ad,
Əsgər sayılmadı yaralımız da.
Ərindən boşandı kəbinli arvad,
Üzüyü qaytardı nişanlımız da!
1947
Geri qaytarım
Yenə seyr edirəm doğma yurdumu.
Oxşayır ruhumu ana təbiət,
Günlərim sovuşur işıqlı, nurlu,
Bəşər övladına qəlbimdə ülfət.
Bülbüllər ötüşür bağça-bağımda,
Əlimdə səslənir kamanım, tarım.
Sevgi şeirləri yazacağam mən
Gənclik illərimi geri qaytarım.
Baxıram Xəzərin mavi hüsnünə,
Mən də bu torpağın vətəndaşıyam
Ömrümü uzadan şair adımı
İstərəm həyatda məğrur daşıyam.
Gözümdə cənnətə bənzəyir cahan,
Getdikcə bəzənir azad diyarım.
Sevgi şeirləri yazacağam ki,
Gənclik illərimi geri qaytarım.
Göylərə ucalır zəfər bayrağım,
İstərəm dolaşıb gəzəm aləmi.
Nəvəm şeir deyir Vaqif dilində,
Mən də unuduram qüssəni, qəmi!
A dostlar, sevincim ümman qədərdi,
Əlimdən çıxmayır qazancım, varım!
Sevgi şeirləri yazacağam mən
Gənclik illərimi geri qaytarım!
Əlihəsən
Şirvanlı
Ədəbiyyat.-2009.-22
may.-S.4.