Danla
Arxamca bu qədər gileylənmə sən,
Qəlbini yandırır həsrət
yanğısı.
İndi yalqız dolan, - o çöl, o çəmən, -
Sənsə yetim qalmış yalqız bir quzu.
İslanmış baxışla baxma
sən belə,
Peşiman olsan da, faydası yoxdur.
Əlim sığal çəkmir daha o telə, -
Məhəbbətdə küçə qaydası yoxdur.
Ətirli bağçada yalqız dolan, gəz,
Təqsirkar özünsən, danla özünü;
Demə ki, taleyim gətiribdi nəhs, -
Sən özün tapdadın sevgi sözünü.
İndi gecə-gündüz etmə gileyi,
Özün günahkarsan, özünü danla.
İtirdin nədənsə, gülüm, hər şeyi, -
Başqasını gəzən gözünü danla.
Küsmüşəm
Gülüm, külək icazəsiz-filansız
Saçlarını darayanda küsmüşəm.
"Sevirsənmi?" soruşmuşdum axı mən,
Sən başını bulayanda küsmüşəm.
Hey soruşdum, verən olmadı soraq,
Tapmaq üçün aldım əlimə çıraq.
Səni görcək külək coşub-daşaraq
Ağ sinəni yalayanda küsmüşəm.
Gəlişimi, görüşümü saymayıb,
Hər gün məni incitməkdən doymayıb;
Aşiqini danışmağa qoymayıb,
Sözü-sözə calayanda küsmüşəm.
Dəvət etdim neçə dəfə çəmənə,
Təəssüf ki, cavab vermədin yenə
Ehtiyatla söz deyəndə mən sənə,
Tikan kimi dalayanda küsmüşəm.
Meyar
Bu azğın fələyin min oyunu var,
Gülmə özgəsinin faciəsinə.
Səni də kökündən bir gün qoparar,
Kim tuş olmayıbdır ondakı kinə?!
Gülmə özgəsinə...
Günahdır, qardaş,
Həyatın enişi, yoxuşu bəlli,
Bir gün bostanına atılacaq daş,
Tutma bu dünyanı sən iki əlli.
İnsan taleyindən daim xəbərsiz,
Dünyanın işini axı kim bilir?
Tufanlı dəryada yol gedirik biz,
Kimisi ağlayır, kimisi gülür.
Sevin, əzizləyin xeyirxahlığı,
Təbiət təmizdir ağ qarı ilə;
Əməlin gətirsin qoy üzağlığı,
Yaşayaq insanlıq meyarı ilə.
Qayıtmalı olsan...
Dedim ki, sübh çağı yapış əlimdən, -
Ətirli bağlarda dolandır məni;
Demədim, həsrətin intizarında
Bir dağ çayı kimi bulandır məni.
Demədim qəlbimi yandır atəşə,
Məni tüsdüləndir bir ocaq kimi;
Salmısan yenə də sən məni işə,
Yurdumda yaşaram bir qaçaq kimi.
Hardasan? Gəzirəm mən dağı-daşı,
Soraq verən yoxdur, yerin bilinmir;
Yenə də sızlayır qəlbimin başı,
Sevgi bağçasından yoxdur səs-səmir.
Qayıt tüstülənən arzularımla,
Dəniz sahilinə külək tək qayıt;
Bircə xahişim var, sən bunu anla:
Qayıtmalı olsan ürəklə qayıt.
Görünməz
Yenə dağ başını alıbdır duman, -
Uca zirvəsində qarı görünməz;
Şaxta tərk eləmir bağları bir an, -
Alması, heyvası, narı görünməz.
Çöllər vida deyib kədərə, qəmə,
Min bir möcüzəsi var imiş demə;
O zümrüd meşə də oxuyur nəğmə, -
Əfsus, sinəsində tarı görünməz.
Torpaqdan güc alıb o yaşıl zəmi,
Baxanda insanın yox olur qəmi;
Tufana düşəndə yelkənsiz gəmi
Nə qədər baxsan da doru görünməz.
Günəş şəfəqiylə əridər qarı,
Vardır sədaqəti, saf etibarı;
Qacar da boylanar dağlara sarı,
Nə üçün bəs onun yarı görünməz?
Getdi
Çəkdim bu dünyanın dərdi-sərini,
İllər saçlarımı ağartdı getdi,
Axtardım dünyanın xoş günlərini,
Həftələr ömrümə daş atdı getdi.
Fələyin cövründən çəkmişəm nələr?
Mənə hicran verdi türfə gözəllər;
Yazdım adlarına şeir-qəzəllər, -
Hər biri xatirə yaratdı getdi.
Yollarımı kəsdi elə çən, duman,
Gözümü açmağa vermədi aman;
Xəbərim olmadı, sovuşdu zaman.
Günlər ürəyimi qanatdı getdi.
Yaz gəzdim zamanın qarlı qışında,
Binəsib olmadım söz yarışında;
Öz dili var imiş qara daşın da,
Qacara qəlbini boşaltdı getdi.
Həqiqət
Dörd gözlə gəzirəm həqiqəti mən -
O, mənim həyatım, mənim varlığım.
Ayağım altında dağ-daş, çöl-çəmən,
Bəhrə verəcəkdir əzmkarlığım.
Həqiqət elə bir qiymətli daş-qaş,
Həmişə gizlənib ümman içində;
Onu sən dayazda axtarma, qardaş,
Varsa bir damla da - güman içində.
Haqqı, ədaləti daim gəzirəm, -
Torpağam, havayam, odam, suyam mən.
Əgər həqiqəti kəşf edə bilsəm -
Dünyanın ən böyük varlısıyam mən.
Mərkəz Qacar
Ədəbiyyat qəzeti.-2009.-22 may.-S.4.