Tarix dərsi

 

Hekayə

 

Vaxt zaman kimi səsləndi. Böyük tənəffüsün, istirahətin, sərbəstliyin sonu çatdı. Vaxt tələbələri təkidlə tarix dərsinə çağırırdı. Bu çağırışa biganə qalmaq çətindi. Hamı öz yerini tutmağa tələsirdi. İbrət dərslərini öyrənməyə təşnə olan gənclər qocaman müəllimlərinin xasiyyətinə yaxşı bələd idilər. Vaxt öldürmək aşiqləri, cəhalətin kölgəsində daldalananlar, səbəbsiz gecikənlər sinfə buraxılmırdı.

Ağsaçlı, itibaxışlı, qətiyyətli Zaman müəllim ortada fikirli-fikirli gəzinir, tələbələrinə, yetirmələrinə tarix dərsi keçirdi. Hamı maraqla ona diqqət kəsilmişdi. Dediklərini hava kimi udur, su kimi içirdilər. Bugünkü mövzu Yaxın Şərqdə baş verən hadisələrə həsr olunmuşdu. Zaman müəllim korun-korun közərir, aram-aram danışırdı. Sanki onun çiyinlərinə, ağırlığına zorla tab gətirilən nəhəng bir yük qoyulmuşdu.

Zaman müəllim tarix dərsi keçirdi. Zaman müəllim axıb qurtarmayan qanlı ərəb-İsrail müharibələrindən danışırldı. Zaman müəllim ana vətənindən, isti yuvasından, müqəddəs arzularından danışırdı. Zaman müəllim böyük ərəb dünyasının kiçik İsrail dövlətinin əlində ləlik olmasından danışırdı. Zaman müəllim qardaş ixtilafını ümumi düşmənə nifrətdən üstun tutan, qəddar qəniminə qarşı heç cür birləşə bilməyən qəribə bir millətin acı taleyindən danışırdı. Tarix müəlliminin səsindən heyrət, təəccüb, təəssüf oxunurdu:

- Bir gücölçənin ola, götürüb burum-burum burulan qoç buynuzlarının zərbini ölçəsən. Sonra nəticəsindən dəqiq düstur çıxardasan. Yəqin ki, isbata ehtiyacı olmayan bir aksioma alınacaq: bir qoç zərbəsi on canavar kəlləsini dağıdar. Həqiqətin düsturu isə bambaşqadır. Onun qapısından fərziyyələr, ehtimallar yol tapa bilmir. Qəribədir, qoçda belə bir zərbə qüvvəsi var ikən, üçün bir canavar böyük bir sürüyə dov gəlir?.. Bu yerdə qeyri-ixtiyari, dahilərdən birinin kəlamını xatırlayıram: hiylə ağlın məhsuludur, qüvvə inamın!

Zaman müəllim danışdıqca, Zaman müəllim sual verdikcə xəyal məni keçmişə aparır, yadıma babamın dönə-dönə söylədiyi nağıl qəhrəmanı Murad kişi onun Yelqanad atı düşür

 

***

Bir elatın başçısı, ağsaqqalı sayılan Murad kişi düşmənli idi. Torpağını, hörmətini, qeyrətini, rəiyyətini taptamışdılar. Gecələrin birində Murad kişini yuxuya verən düşmən tərəf qəflətən onun kəndinə hücum çəkmiş, camaatı qılıncdan keçirmiş, qardaşını öldürmüş, arvadı İsmət xanımı, qohum-əqrəbasını əsir aparmışdı. Murad kişi açıq-aşkar sayıqlığı əldən vermiş, qart, hiyləgər düşmənlə döyüşdə basılmışdı. O, bu vuruşmada bərk yaralansa da, ölməmiş, dağ çiçəklərinin dava-dərmanı sayəsində sağalmışdı.

Murad kişi elat içinə çıxmağı qeyrətinə sığışdırmırdı. Xəcalət təri onu boğurdu. Gözləri kölgələnmişdi, başını qaldırıb uşağın da üzünə baxa bilmirdi. Arxayınçılıq ona baha oturmuşdu. Gecə-gündüz gözlərinə yuxu getmirdi. İntiqam hissiylə alışıb-yanır, əlverişli məqam gözləyirdi.

Həmişə baməzə görünən Murad kişinin xoş sifəti qaşqabaq bağlamış, şaqqıldayan gülüşləri sovulmuşdu. Həyət-bacada qaradinməz hərlənir, dərdini, sözünü ancaq Yelqanad atına deyirdi. Yelqanadın belində o, çox cəbhələr yarmış, alaylar pozmuşdu. At deyildi, igid arxası idi. At deyildi, insan kimi dil bilirdi. Vəfası aşıqların sazında, sözündə dastana çevrilmişdi. Yelqanad dəfələrlə Murad kişini dardan - ölümün ağzından qurtarmışdı.

Bu saat Murad kişinin gözlərinə heç görünmürdü. Kömək deyə, arxa deyə ətrafına boylananda, göz gəzdirəndə ancaq Yelqanada ümidi gəlirdi. Məhz buna görə vəfalı atını hamıdan çox istəyirdi. Hünərini, cəsarətini, qeyrətini onda görürdü. Bir an da osla, Yelqanad onun nəzərindən yayına bilməzdi. Özü minər, özü düşər, özü otunu-alafını verər, özü suyunu içirər, özü tumarını çəkərdi. Murad kişi hərdən Yelqanadın boynunu qucaqlayıb qulaqlarına isə sirli, odlu-alovlu sözlər pıçıldayardı.

Bir gün Murad kişi əyri qılıncını belinə qurşadı, zağlı tüfəngini çiyninə aşırdı, qara tüklü papağını düyünlü qaşlarının üstünə endirdi. Ayağını üzəngiyə qoymaqla Yelqanadın belinə qonmağı bir oldu. At kişnəyib şahə qalxdı. Sonra yerində eşim-eşim eşindi. Sanki sahibinin niyyətini başa düşmüşdü. Gözlərinə, ürəyinə, beyninə, yüyəninə, ayaqlarına intiqam havası çökmüşdü. Hərəkətilə sahibinin göyə qalxan qamçısını peşiman elədi. Şimşək kimi çaxıb yerindən qopdu. Ayağının altından ətrafa sıçrayan çınqıllarda qığılcım oynayırdı. Murad kişi qət etdiyi ali məqsədinə doğru çapırdı. Onun niyyətindən xəbərdar olan kənd igidləri at belinə qalxdılar. Hamıdan qoçaq olan Murad kişi hamıdan öndə çapırdı. Yelqanad qanad açmışdı. Murad kişi çapdı, məqsəd yaxınlaşdıMurad kişi çapdı, məqsəd yaxınlaşdı

Məqsədə çathaçatda yolun gərginliyinə dözməyən atın ürəyi çatladı. Yelqanad ayaqlarını uzatmışdı. Bədəni titrəyirdi. Burun pərləri oddan düşmüş dəmirçi körüyü kimi getdikcə sönürdü. Yaşla dolu gözlərini, boynunu yana-yana qucaqlayan sahibinin üzündə saxladı. Öz ölümünü unutdu, baxışları ilə Murad kişiyə yalvardı: "Məqsəd uzaqlaşmamış özünə ayrı at tap! Mənə yas saxlamağın, mərsiyə deməyin vaxtı deyil. Mən bunu atlığımla başa düşürəm, ey…"

Yelqanad həyatla vidalaşdı. Murad kişinin dünyası dağılmışdı. Vəfalı dost, sədaqətli qardaş Yelqanad əldən getmişdi. Ona bir-birindən gözəl, bir-birindən oynaq at gətirdilər. Murad kişi əlini yelləyib, başını buladı. O, sevimli Yelqanadının üstündə göz yaşı töküb şivən təpirdi.

Dedilər:

- Yelqanad olmasın, kəhər at oslun. Tez ol, düşmən uzaqlaşır!..

Murad kişi cavab vermək əvəzinə əlini dizinə çırpdı:

- Vay!.. Vay!.. Bir Yelqanadın belinə qalxmayacağam! Yerişinə, duruşuna tamaşa eşitməyəcəyəm!

Dedilər:

- Düşmən ilan deyil ki, hədəfə gəlsin. fürsət sayıq adamın qılıncıdır. Fürsət sayıq adama qələbə gətirir.

Murad kişi cavab vermək əvəzinə başına döydü:

- Vay!.. Vay!.. Bir Yelqanadın kişnərtisini eşitməyəcəyəm!

Dedilər:

- Gecikmək ölümə bərabərdir! Sevimli arvadınız İsmət xanım, elin qız-gəlini düşmən əlindədir. Əmr elə, atlanaq!

Murad cavab vermək, tədbir görmək, qeyrət göstərmək əvəzinə ney kimi yanıqlı nalə çəkdi:

- Mən gərək düz bir il sərasər Yelqanada matəm saxlayam. Gecə-gündüz ağlayam, göz yaşı tökəm. Son nəfəsinə kimi o mənimlə çiyin-çiyinə vuruşdu. Belə tezliklə heç onu unutmaq olarmı?

Çox dedilər. Murad kişini fikrindən döndərməyə çox cəhd göstərdilər. Lakin Murad kişi deyilənləri eşitmir, ölmüş atın üstündə aramsız göz yaşı axıdırdı. Nəsihəti, yalvarışın yersiz olduğunu yəqin edənlər fikirlərindən əl çəkdilər. Sözündən dönməyən Murad kişi Yelqanadın meyidindən əl çəkmədi. O, bir gün olsun, Yelqanadsız yaşaya bilməzdi. Onsuz dəli-divanə olub çöllərə düşərdi, başına hava gələrdi. Birdən Murad kişinin gözlərində təsəlli dalğası, ümid qığılcımı göründü:

- Yelqanadı əlimdən alan düşməni sevinməyə qoymaram. Ancaq qeyrətsiz adamlar nankor ola bilər. Yelqanadı heç bir qüvvə məndən ayıra bilməz. Onun dərisini soyub başımın üstündən asacağam!

Bəli, düşməni doğramaq üçün itilənmiş xəncər Yelqanadın dərisini soymalı oldu.

Kişi atın dərisini çiyninə atıb kor-peşiman geri döndü. Xeyli yol getdi. Yükü ağır olduğundan dizləri taqətdən düşmüşdü. Gün batana yaxın təpəyə qalxdı. Doğma evlər göründü. Yelqanad otlayan örüşlər göründü. Ürəyini dərin bir kədər bürüdü. Özünü tox tutmağa çalışdı. Bacarmadı. Qəhər yenidən onun boğazına tıxandı. Göz yaşları selləndi. Baxışlarını Yelqanadın otladığı örüşlərdən çəkmədən köksünü ötürdü. Ağır, sallaq dərini bir çiynindən çətinliklə o birinə atıb dilləndi:

- olaydı, doqqaza çatanda Yelqanad birdən kişnəyə-kişnəyə qabağına çıxaydı

Dərini çiynindən yerə qoymayan Murad kişi yorğun, mürgülü gözlərini Yelqanadın gəlişi məlum olmayan yoluna dikmişdi.

Amma

Yelqanad ölmüşdüDüşmən yaşayırdı

 

  ***

 

- …Düşmən yaşayırdı

Yoxsa qulaqlarım səsə düşmüşdü?! Mənə elə gəldi ki, tarixin dərsini danışan Zaman müəllim həmin sözləri təkrar edir.

 

 

Qərib Mehdi

 

Ədəbiyyat qəzeti.-2009.-22 may.-S.4, 5.