Ədəbiyyat ruhun inkişafına kömək edir

 

Müsahibimiz dünya şöhrətli cərrah, görkəmli alim Cavad Heyətdir

 

- Doktor Cavad Heyət adı hər bir azərbaycanlı üçün əzizdi. Qırx ildən çoxdur ki, siz insanların sağlamlığı keşiyində ləyaqətlə dayanmaqla yanaşı, yorulmadan ədəbiyyatımızı, dilimizi təbliğ edirsiniz. Hələ 1962-ci ildə İran mühiti üçün böyük uğur hesab olunan açıq ürək, 1968-ci ildə böyrək köçürmə əməliyyatı məhz sizin əlinizlə həyata keçirilib. 1963-cü ildən Beynəlxalq Cərrahlıq Akademiyasının üzvüsünüz. Ən başlıcası, böyük azərbaycanlısınız. Bir neçə il öncə diktafondan çıxışınızı köçürərkən heyrət edirdim ki, siz Azərbaycan dilində necə də aydın, səliqəli, duyumlu danışırsınız. Bilirik ki, Azərbaycana olan sevginiz tükənməzdi…

- Bu, təbiidi, mənim Azərbaycana olan sevgim hədsiz-hüdudsuzdur. Çünki uşaqlıqdan bütün varlığımla Azərbaycana bağlı olmuşam.

- Daha çox hansı səbəblərə görə?

- Birincisi, Azərbaycan mənim ana yurdumdu. Hər kəs ana yurduna təbii olaraq bağlıdır. Bu bağlılığın ikinci səbəbi ana dilimdi. Sonra gəlir adət-ənənələrimiz, milli dəyərlərimiz. Mən bunların vasitəsiylə dünyanı tanımışam, tanınmışam, böyüyüb boy atmışam. Uşaqlıqdan evdə doğmalarımla, eşikdə vətəndaşlarla anlaşmam bu dildə olub. Sonra ədəbiyyatımızın mənə təlqin etdikləri dilimizə, mənəvi dəyərlərimizə olan münasibətimi təkmilləşdirdi. Bu saydıqlarımın sayəsində milli düşüncəmin formalaşması məni Azərbaycana, xalqıma və ana dilimə bütün varlığımla bağlamışdır.

- Lap yaxın günlərdə xalq yazıçısı Qılman İlkin söhbət əsnasında mənə danışanda ki, böyük xeyriyyəçiliyi ilə əfsanələşmiş Hacı Zeynalabdin Tağıyevi görüb, onun dəfnində iştirak edib, az qala heyrətimdən içimi çəkdim, özümü səksən, doxsan il bundan əvvəlki aurada hiss etdim. İnsanı duymaq, insanpərvərliyi önə çıxarmaq ənənəsindən söhbət düşəndə o kişinin adı ilk çəkilənlərdən olur. Maraqlıdı, Azərbaycanı sizə sevdirən, azərbaycançılıq düşüncəsini sizə təbliğ edən şəxsiyyətlərdən söhbət düşərsə, ilk olaraq kimi xatırlayardınız?

- Hər kəsdən əvvəl öz atamı! O, böyük bir azərbaycanlı idi. Onun üçün o taylı-bu taylı Azərbaycan bütöv, bir idi, seçməzdi, ayırmazdı. Hər iki tərəfə ürəkdən, candan bağlıydı. Atam hüquqşünas idi. Ali məhkəmənin sədri, ədliyyə naziri işləmişdi, İran ədliyyəsinin qurucularından biri kimi tanınırdı. Ondan sonra mən Məhəmməd Əmin Rəsulzadəni oxuyub dərk edə-edə sevmişəm Azərbaycanı, eyni zamanda, o böyük insanın özünə də valeh olmuşam. Təəssüf ki, onun taleyi gətirmədi, arzularını tam gerçəkləşdirə bilmədi. Bu sıradan mən rəhmətlik Heydər Əliyevin adını böyük məhəbbət hissiylə çəkmək istəyirəm. Heydər Əliyev böyük rəhbər, Azərbaycana bütün varlığıyla bağlı bir insan idi. O, sarsılmaz dözümü, iradəsi hesabına Azərbaycanda sabitliyi bərpa etdi, əmin-amanlıq yaratdı, Azərbaycanı xaricdə müstəqil bir dövlət olaraq tanıtdı, eyni zamanda, ölkə daxilində də böyük işlər gördü. Yadımdadı, mən Qarabağ olayları ilə bağlı göz yaşları içində Türkiyənin sabiq prezidenti Süleyman Dəmirələ bir məktub yazmışdım. Həmin məktub barəsində unudulmaz şair Bəxtiyar Vahabzadə Heydər Əliyevə danışmışdı. Görkəmli həkim Nurəddin Rzayevin qonağı olduğum günlərin birində zəng olundu və mən Bəxtiyar Vahabzadə ilə birlikdə Heydər Əliyevlə görüşə getdim. Unudulmaz anlar idi. Çox şeydən danışdıq - Qarabağ olaylarından, xalqımızın ikiyə bölünmüş taleyindən, beynəlxalq aləmin ikili münasibətlərindən, Azərbaycanın gələcək perspektivlərindən. Çox müdrik dövlət başçısı, unikal şəxsiyyət idi. Mənim üçün demək mənəvi borcdur ki, o böyük insanın layiqli varisi, Azərbaycanın Prezidenti İlham Əliyev atasının dövlət quruculuğu işini ləyaqətlə davam etdirir. Yaxşı haldır ki, o, dövlət quruculuğu işləriylə yanaşı mədəniyyətin, ədəbiyyatın inkişafına da lazımi diqqət yetirir. Mən bütün bunların şahidi olduqca, Bakının mədəni həyatındakı yüksəlişi gördükcə mənəvi rahatlıq tapıram.

- Azərbaycana olan sevginiz öz yerində, bəs sizi Bakıda yaşamağa çəkən hansı duyğudu?

- Məni Bakıya bağlayan azərbaycançılıq, Azərbaycana olan sevgidi.

- Qəzetimizə verdiyi müsahibəsində tanınmış müğənni Yaqub Zorofçu da daha çox bu məqam üzərində dayanırdı. Deyirdi ki, Almaniyada, Amerikada qərar tuta bilmədi, Bakı çəkdi onu. Ancaq bir əndişəsini də gizlətmirdi ki, Bakı get-gedə öz ilkinliyini, unikallığını itirir

- Bilirsinizmi, inkiaşfı qəbul ediriksə, istər-istəməz avropalaşacağıq. Bu, təbiidi. Bu prosesdə ən önəmlisi odur ki, mədəniyyətimizi, milli dəyərlərimizi itirməyək, adət-ənənələrimizi qoruyaq. Biz Avropadan, Qərbdən mümkün qədər sivilizasiya almalıyıq, ancaq daha çox özümüzə lazım olanları. Çalışmalıyıq ki, öz kökümüzü, tariximizi, milli kimliyimizi unutmayaq. Bir az əvvəl də dedim, bu sahədə Azərbaycan Prezidenti məqsədyönlü iş aparır. Heydər Əliyev fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın da mədəniyyət sahəsinə diqqəti dərin hörmət doğurur. Azərbaycanda Muğam Mərkəzi yaradıldı, Beynəlxalq Muğam festivalı keçirildi, aşıq sənətinin tanıdılması ilə bağlı YUNESKO çərçivəsində iş aparılır. Bütün bunlar mədəniyyətimizin gələcək inkişafına qoyulan özüllər kimidi. Musiqimiz, folklorumuz milli kimliyimizin aynasıdır. Xalqın milli şüuru buradan qaynaqlanır, buradan gəlir.

- Doktor, ötən ilin əvvəllərində bizim redaksiyaya təşrif buyurmuşdunuz. Vaxtilə "Ədəbiyyat qəzeti"ndə dərc edilmiş məqalələrinizin surətini çıxarmaq lazım idi. Bu iş mənə həvalə olunduğuna görə əlaqə saxlamaq üçün telefon nömrəmi balaca bir vərəqə yazıb cibinizə qoydunuz. Düzü, mənə elə gəldi ki, o zaman adi bir vərəqə yazdığınız telefon nömrəsini bir o qədər qeydinizin içindən tapmaq sizin üçün çətin olar. Ancaq düz bir həftə sonra siz həmin nömrəyə zəng edib məni soruşanda heyrətimdən donub qaldım. Mən həyatımda bu dəqiqliyi, diqqəti nadir adamlarda görmüşəm. İşə bu cür diqqətli münasibətiniz haradan qaynaqlanır?

- Uşaqlıqdan alışmışam. Hər şeyin kökü diqqətə söykənir. Diqqət olmasa öyrənməyin, axtarmağın heç bir mənası olmayacaq, əldə etdiklərin də unudulub gedəcək. Dünyada olan bütün kəşflərin kökündə diqqət dayanır, bütün kəşflər diqqətdən olmuş. Bax, yaxın günlərdə cənab İlham Əliyev Yazıçılar Birliyinin, "Ədəbiyyat qəzeti"nin, Bəstəkarlar İttifaqının yetmiş beş illiyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Sizcə, diqqət olmasa bu sərəncamın imzalanması mümkündümü? Bu cür diqqətin yaradıcı insanların fəaliyyətinə müstəsna təsiri olur. Belə bir diqqət dövlətin ədəbiyyata, mədəniyyətə olan münasibətinin ifadəsidi, cəmiyyətə mesajıdı. Diqqətdən kənar qalan şey nə qədər parlaq olur-olsun, get-gedə öz əhəmiyyətini, rəngini itirir, adiləşir, ölgünləşir.

- Doktor, siz Azərbaycan ədəbiyyatına dərindən bağlı olan, dilimizi yetərincə tədqiq etmiş görkəmli bir şəxsiyyətsiniz. Şimali Azərbaycan ədəbiyyatıyla ilk tanışlığınız haqqında bilmək istərdik…

- Mənim bu taylı ədəbiyyatla ilk tanışlığım "Hophopnamə"dən başlayır. Lap uşaqlıqdan oxumuşam. Sonra gəlir Hüseyn Cavid, Süleyman Rüstəm, Rəsul Rza, Bəxtiyar Vahabzadə yaradıcılığıyla olan tanışlığım. Xüsusilə, Süleyman Rüstəmin Cənub şeirləri ilə olan tanışlıq. O şeirlərin milli azərbaycançılıq düşüncəmizin oyaq qalmasında xüsusi xidmətləri olub. Süleyman Rüstəmin "Gözümdə yaş görməsən qınama, qardaş, məni, Ürəyimin gözüylə ağlayan şairəm mən" misralarının məna yükünü gərək içdən daşıya biləsən. Rəhmətlik mənə şeir həsr etmişdi:

 

Qardaş! Qanımız bir, canımız bir, dilimiz bir,

Hicranın əlindən sonu yox nisgilimiz bir.

Lakin bu uzun yolda ümidsiz deyiləm mən,

Əvvəlki kimi sən səsimə səs verəcəksən.

fəxr etməliyik, çünki gözəl millətimiz var,

Çox yaxşı ki, dostluqda Cavad Heyətimiz var.

"Varlıq"dakı solmaz bağına, bağçana əhsən,

Vahid anamız, doğma Azərbaycanımız var!..

 

Təsəvvür edirsinizmi, bu sətirlər sovetlər dönəminin ən güclü, qılıncının dalı da, qabağı da kəsən vaxtda yazılıb, çap edilib. Bu sətirlər gör mənim üzərimə nə qədər yük qoyur… Daha bundan sonra mən bu xalqın ədəbiyyatına necə xidmət etməyə, ömrümü verməyə bilərəm? Süleymanın bu şeri əslində tək mənə yox ey, bütün millətə xitab, oyadıcı mesaj idi - yəni qanımız, canımız, dilimiz birdi, nisgilimiz birdi, ümidsizliyə qapılmaq olmaz, vahid anamız, doğma Azərbaycanımız uğrunda birləşməliyik, bir olmalıyıq. Bu çağırış bu günün özündə belə aktualdı. Onun Şəhriyara, Səhəndə yazdığı məktubları da eyni fikrin, eyni məramın daşıyıcılarıdı…

- Yeri gəlmişkən, ustad Şəhriyarla, Səhəndlə bağlı xatirələrinizi eşitmək xoş olardı

- Şəhriyar Azərbaycanın bütöv heykəli, təcəssümü idi. Aramızda 60 illik dostluq dururdu. Hər baxımdan ondan ilgilənirdim. Düz altı ay onu ailəsi ilə birlikdə Tehranda, Heyət küçəsindəki evimdə qonaq saxlamışam. Şəhriyarı yenidən ana dilində şeir yazmağa mən təşviq etmişəm. Böyük şair idi. Səhənd də eləcə. O, "Dədə Qorqud" dastanları əsasında ana dilimizdə "Sazımın sözü" adlı poema yazdı, iki cilddə nəşr etdirdi. Ədəbi sahədə Səhəndlə bir yerdə işləyir, birlikdə çalışırdıq. Şah zamanı onu çox himayə etdim, qorudum. Heyif ki, qəflətən vəfat etdi. Onun ölümü bizim üçün böyük itki oldu. Şəhriyardan, Səhənddən sonra mənim ən böyük həmsöhbətim Bəxtiyar Vahabzadə idi. Onu mənə doğmalaşdıran azərbaycançılıq, türkçülük düşüncəsinin böyük olmasıydı. Mən böyük Mövlanəni də bu düşüncə tərzinə görə sevmişəm. Bir şerində yazır ki:

 

Biganə megirid merə zin kuyəm,

Dər kuyi şumə hanei hod micuyəm.

Düşman neyem, hərçən ki, düşman rüyəm,

Əslim türkdür, əgərçi hindi guyəm.

 

Yəni, "sanmayın ki, mən bu eldən, bu səmtdənəm, sizin səmtdə öz doğma ocağımı aramaqdayam. Düşmən görünüşlüyəmsə də, düşmən deyiləm. Hindcə, yəni farsca qonuşuramsa da əslim türkdü". Görürsünüzmü, Mövlanə öz milli kimliyini necə böyük duyğularla, israrla bəyan edir?.. Onun vəfatından neçə yüz illər keçib. Ancaq bu qədər köklü türkçülük savaşı aparan, bizim olan neçə türk kişisinin adını çəkə bilərik? Təsadüfi olaraq demirlər ki, türk varlığının oluşmasında, təməldən zirvəyə qədər Mövlanənin xidməti ən üst mərtəbədə tutulmalı, Yunus İmrə ilə qiyas olunmalıdı. Eləcə də Şəhriyarın, Səhəndin, Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün. Biz öz milli varlığımızı qorumalı, tariximizi dərindən öyrənməliyik. Atam vaxtilə məni təhsil almaq üçün Türkiyəyə yola salanda ciddi olaraq tapşırdı ki, tibbi elmlərlə yanaşı, türk xalqlarının ədəbiyyatını, tarixini və dilini də dərindən öyrənim.

- Doktor, elə bayaq haqqında böyük sayqılarla söz açdığınız Bəxtiyar Vahabzadə barədə Süleyman Rüstəmin yazdığı dostluq şarjında yazılırdı: "Qatlayıb dizinin altına qoyar, - Alim Bəxtiyarı şair Bəxtiyar". Siz necə, həkimliyə, yoxsa dil araşdırmaçısı, ədəbiyyat bilgiçiliyinizə daha çox önəm verirsiniz?

- Bu, cismlə ruhu birləşdirmək kimi bir şeydi. Təbabət cismi xəstəliklərdən qoruyur, ədəbiyyatsa ruhun keşiyindədi. Hər kəs həkim olmaya bilər. Ancaq hər kəsin ədəbiyyatdan bir payı olmalıdı. Bunsuz insanlıq mümkün deyil. Çünki ədəbiyyat ruhun inkişafına xidmət edir. Əlbəttə, cərrahlıq, təbabət mənim peşəmdir. Bütün ömrümü ona həsr etmişəm. Ancaq ədəbiyyat mənim ruhi qidamdı, həm də xalqıma lazım olan bir dərsdi. Hər bir kəs bu dərsi keçməlidi. Xüsusən bəşəri, eşqi, irfani ədəbiyyatın dərsini. Təbabət elmində, cərrahlıq sahəsində bir adam bütün ömrü boyu üç yüz, dörd yüz adama xidmət edə bilər. Ancaq ədəbiyyat işi milyonlara xidmətdi. İnsanın bir çox tərəfləri var, o, bütün tərəflərini inkişaf etdirmək qayğısına qalmalıdı. Bu işdə ədəbiyyatın müstəsna imkanları var. Elm həyatda daha çox texnologiya, ədəbiyyat isə daha çox ictimai-sosial şərtlərə bağlıdı. Düzdü, ədəbiyyatı daha çox şəxslər yaradır, ancaq o şəxslər mühitinin seçilmiş övladları olan şəxslərdi. Elm təcrübəyə, əqlə söykənir. Ədəbiyyat isə daha çox hisslərlə bağlıdı. İnsanda hər ikisi olmalıdı. Ağılla hissin vəhdəti təkamül yaradır, rezonans doğurur. Mən iki cildlik "Azərbaycan ədəbiyyatı tarixinə bir baxış" əsərimi bu duyğularla baş-başa yazıb çap etdirmişəm.

- Yeri gəlmişkən, siz həm də "Ədəbiyyat qəzeti"nin redaksiya şurasının üzvüsünüz. Yetmiş beş il ədəbiyyatımızı ləyaqətlə təbliğ etmiş, tanıtmış qəzetlə bağlılığınızın uzun illərin etibarlı əməkdaşlığına söykənən tarixi var.

- Elədi. "Ədəbiyyat qəzeti" ilə tanışlığımın yaşı çoxdu. Mən həmişə bu qəzetin oxucusu olmuşam, əməkdaşlıq etmişəm. Xüsusən, Azərbaycan müstəqilliyini əldə edəndən sonra. "Ədəbiyyat qəzeti" həmişə o tayla bu tay arasında körpü olub, əlaqələndirici vəzifəsi daşıyıb. Arazın o tayındakı ədibləri bu taya, bu taydakıları o taya tanıdıb, təqdim edib, xalq bu ədibləri daha çox "Ədəbiyyat qəzeti"nin vasitəsiylə tanıyıb. Mən baş redaktoru olduğum "Varlıq" dərgisini də bu istiqamətdə çıxarmağa cəhd etmişəm. İndi hərdən götürüb bu qəzetin ötən saylarını vərəqləyirəm. Cənub ədəbiyyatı səhifələri az qala yarıbayarı təşkil edir, Şəhriyarın, Səhəndin, Səməd Behrənginin, Biriyanın tanış, doğma simalarını, imzalarını görüb ilgilənirəm. Yaxın sayda Balaş Azəroğlunun müsahibəsini, Qulamrza Səbri Təbriziyə açıq məktubunu oxudum. Kaş görəydiniz ki, hansı hissləri, duyğuları keçirdim. Təəssüf ki, mən Pişəvəri hərəkatı illərində, inqilab günlərində İstanbulda təhsil alırdım, vətəndən uzaqdaydım. Mən o hadisələrdən altı-yeddi il sonra İrana qayıtdım. Ancaq hadisələrin xarabalıqlarına gəlib çıxmışdım. O hərəkatda Pişəvəriyə hər tərəfdən xəyanət etdilər. Təkləndi. Sovetlərə söykənmək, ümid bəsləmək səhv idi. Yabançılara söykənmək xətadı… Böyük aldanış oldu. Aldanıb yaşamaqdansa, şəhidlik yaxşıdı. Onu deyirdim axı, Balaş Azəroğlunun o müsahibəsi, açıq məktubu bu xatirələri yenidən oyatdı könlümdə. Qılman İlkin də xatirələrində həmin hadisələrdən bəhs etmişdi. Deməli, tarix unudulmur. "Ədəbiyyat qəzeti" həmişə bu tarixə sayğılı olub. Yaxşı haldır ki, Yazıçılar Birliyinin sədri Anar bəy də, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Ayaz Vəfalı da milli adamlardı. "Ədəbiyyat qəzeti" şəxsi bir adamın mətbu orqanı kimi yox, milli ədəbi bir qəzet kimi çıxır, tarixi, ədəbi haqları, çağdaşlığı özündə ehtiva edir. Yaxşı haldır ki, dövlət səviyyəsində bu qəzetə böyük dəstək var. Fikrimcə böyük bir millətin ədəbi həyatının mərkəzində dayanan bir qəzetin araya-ərsəyə gəlməsində əməyi olanlar yaxşı şəraitlə təmin olunmalıdırlar ki, onlar daha vüqarla çalışa bilsinlər. Ədəbiyyat adamları xalqın ruhi qidavericiləridi. Bu sahə həmişə diqqətdə saxlanılmalıdı. Çünki gənc nəslin tərbiyəsi ədəbiyyatdan başlayır. İndi tez-tez uşaqlıq illərində necə acgözlüklə mütaliə eləməyim yadıma düşür. Altıncı sinifdə oxuyarkən ədəbiyyat müsabiqəsində üçüncü yerə çıxmışdım. Hafizin şeirlər kitabını bağışlamışdılar. Anam tez-tez o kitabdan fal açdırardı. Bu faktın özü ədəbiyyata olan inamın, marağın ifadəsidi. Mənim ədəbiyyatla yaxınlığım o vaxtdan davam edir.

- Adətən gənclik illərində özümüzü hər hansı bir ədəbi qəhrəmanın yerində görmək istəyirik. Siz necə, hansı obraz sizə daha doğmadı, özünüzü hansı obrazın yerində görmək istərdiniz?

- Atamın obrazında… Ən çox atama oxşamaq, onun kimi olmaq istəmişəm.

- Heç şeir yazdığınız oldumu?

- Yazmadım, ancaq şeriyyətlə dolu bir ömür yaşadım…

 

 

S.HÜSEYNOĞLU

 

Ədəbiyyat qəzeti.-2009.-22 may.-S.1, 2.