Ədəbiyyat qəzetəsi
Ədəbiyyat
qəzeti”… ədəbiyyatımızın görkəmli
fütuhatındandır. Gəncliyinə baxmayaraq o,
bütün respublikamızda özünü
tanıtmış, ədəbiyyat maraqlılarının diqqətini
cəlb etmişdir. Yeni başlayanlarla işin ilk təşkilatçılarından
olmuşdur. Yazıçıların tanınmasında və
ədəbiyyat qələbələrimizin möhkəmləndirilməsində
böyük rol oynamışdır.
Lakin
ədəbiyyat hərəkatımızın həqiqi təşkilatçısı
olmaq üçün “Ədəbiyyat qəzeti” çox
işləməlidir.
…Xalqımıza
layiq həqiqi doluqanlı sənət əsərləri
yaradılması uğrunda çalışmalıdır. Sənətin
nüfuzunu qaldırmağa çalışmaqla öz
nüfuzunu da artırmalıdır.
Mir CƏLAL
("Ədəbiyyat qəzeti",
18 aprel 1937-ci il)
Müasir
zəmanədə qəzetsiz yaşamaq musiqisiz yaşamaq kimi
bir şeydir və mən deyərdim ki,
qeyri-mümkündür. Başqa sözlə, qəzetsiz
ömür sürmək mürəkkəb, ziddiyyətli,
çoxhadisəli dünyamızdan xəbərsiz olmaq, onun
sevinc və dərdlərini, zəfər və
uğursuzluqlarını bölüşdürməmək deməkdir.
Qəzetlər
çoxdur, müxtəlifdir. İnsanlar kimi, onların da
öz profilləri, “ixtisasları” var. Şəxsən mənə,
bəstəkar olduğum üçün “Ədəbiyyat və
incəsənət” qəzeti daha çox yaxın və əzizdir.
O, mənim və mənim kimi yüzlərlə sənətkarın
dostu, tənqidçisi, məsləhətçisidir; musiqi mədəniyyətimizin
təbliğatçısı, tədqiqatçısıdır.
Başqa
sahələrin mütəxəssisləri kimi, biz bəstəkarların
da “Ədəbiyyat və incəsənət” qəzetinə
xüsusi hörməti var. Hər şeydən əvvəl
ona görə ki, o bizim öz qəzetimizdir,
yaradıcılıq müvəffəqiyyətlərimizin
aynasıdır.
Qara Qarayev
("Ədəbiyyat və
incəsənət", 8 dekabr 1968-ci il)
…Mən
həmişə bu əqidədə olmuşam ki, maddi və
mənəvi sərvətlər imkanlarının ən vacib
şərtlərindən biri xalqın əsrlər uzunu
toplanmış təcrübəsinə, zamanın
sınaqlarından çıxmış böyük ənənələrə
əsaslanmaqdır, onlardan qidalanmaqdır. Azərbaycan ədəbiyyatı
və incəsənətinin tarixi dərinliklərinə
kök atmış bu cür ənənələri Xaqani,
Nizami, Əcəmi Naxçıvani kimi dühaların
yaratdığı qranit bünövrə üstündə
ucalmışdır və bizim qəzetimiz illər boyu bu
böyük irsi öyrənmək, onu düzgün qiymətləndirmək
kimi şərəfli işdə az əmək sərf etməmişdir.
Əlli
yaşını qeyd edən qəzetimizə, onun əməkdaşlarına
və geniş yaradıcı müəlliflərinə yeni
uğurlar olsun!
Mirzə İbrahimov
("Ədəbiyyat və
incəsənət", 6 yanvar 1984-cü il)
Ədəbiyyat qəzeti.-2009.-22
may.-S.1.