Əhməd Ağaoğlu – 140
Ulusu sevmək fənni
Əhməd bəy Ağaoğlu
insanı kainatın şüuru, hürriyyəti
şüurun müqəddəs cövhəri, sərbəst
insanlar ölkəsini isə hürriyyətin məbədi
hesab edirdi.
Əhməd bəyin Vətən
məbədində riya və yaltaqlıq ən ağır
günahlardan sayılırdı. Yalançılar bu məbəddən
qovulur, xəbərçilər vətəndaşlıqdan məhrum
edilirdi.
***
"Hürriyyət mələyinin
aşiqi" Əhməd Ağaoğlunu Məhəmməd Əmin
Rəsulzadə "Yaxın Şərqdə avropalaşma hərəkatının
ən səmimi ideoloqu" adlandırmışdı.
XX yüzilin əvvəllərində
türk millətini zəlil olmağa qoymayan milliyyət
düşüncəsinin də ən səmimi
ideoloqlarından biri Əhməd bəydir.
Bakının bir
türk şəhəri olaraq öz milli
varlığını qoruyub saxlaması da hələ siyasi
müşaviri olduğu Qafqaz İslam Ordusunun buralara gəlişindən
on il əvvəl, 1908-ci ildə Peterburqda II Nikolayın vəkillərinə
təpki göstərməyi bacaran Ağaoğlunun siyasi məntiqinin
gücünə
mümkün olmuşdu.
Bizə güllə atanlara bəlkə
də təsəvvüfdən miras aldığımız
gül atmaq adətinə də yurdumuzda "səkkiz guşəli
ana kainatın" bilgəsi Əhməd Ağaoğlu son
qoyub. Erməni məzaliminə qarşı Azərbaycan
türklərinin dirənişini, təşkilatlanmasını
da o təmin edib. Bəlkə də mübahisəli
görünəcək, ancaq mübaligə də deyil, XX
yüzildə erməni barbarlığına qarşı milli
düşüncənin hərbi, silahlı bir güclə
qaynayıb-qarışmasının ilk örnəyini də
"Difai"nin timsalında 1906-cı ildə Əhməd bəy
Ağaoğlu yaradıb.
Əhməd
Ağaoğlu qədim türk yasasını, əcdadımızın
dünyaya yerüzündəki ahəngin qorunmasına cavabdeh
olaraq gəldiyini bilən, ulusu sevmək fənnini, ədaləti
- harmoniyanı qorumaq görəvini fəhminin parlaq qüdrəti
və qələminin ecazıyla "Tanrı
dağı"nda mənəvi borc olaraq mənisməyən ərmiş
insanlarımızdan biriydi.
Qarabağ türklərinin səsini
Avropanın elmi çevrələrinə, Sarbon
auditoriyalarına, Londonun xitabət kürsülərinə
duyuran, yansıdan ilk avropalı Azərbaycan aydını da
odur.
XX yüzilin əvvəllərində
Osmanlı səltənətinin timsalında sülalə təfəkkürünə
söykənən dövlət şüurunun nə qədər
uğursuz və urvatsız olduğunu sosioloji-elmi-məfkurəvi
təhlilləriylə isbatlayan cərəyanın
başında həm də Əhməd bəy dayanır.
***
Təqvim sırası bu gün elə bir insanın doğumunun 140, haqqa qovuşmasının 70-ci ildönümünə gəlib çatdı ki, milli varoluşun zamanına görə ən dürüst və sağlam yollarını özünün zəngin elmi təfəkkürü, açıq siyasi bəsirəti ilə müjdələyənlərin birincilərindəndi.
Yeni çağda,
XX əsrdə milli mürşid adlandırılmağa
haqqı çatan nadir və əziz şəxsiyyətimiz
olan Əhməd Ağaoğlu millətə ruh kirinin vücud
kirindən daha ağır olduğunu duyurmaq üçün
şamanlarcasına cəzbəli bir mücadilə verdi,
yeniyetməlik illərində Qarabağda ruhunu qapsayan milli vəcdini ölənəcən tərk
etmədi. Maltadan Qarabağ aşırımlarına,
İstanbuldan Tanrı dağlarına boylandı.
***
…Tarixdəki
yeri və rolu hələ də kifayət qədər öyrənilməyən
Əhməd bəyin bioqrafiyası əslində XX yüzil
türk düşüncəsinin tərcümeyi-halı
mislindədir. Əhməd Ağaoğlunun iştirakı olmadan yeni
dövr tarix qafiləmiz nə Bakıdan, nə də
İstanbuldan yola çıxa bilərdi. Çünki
"dünya yola düşərkən yol üstündə
yatılmaz" əxlaqını mənimsəmiş bu tarix
qafiləsi Bakıda "Həyat"ın,
"İrşad"ın, "Tərəqqi"nin,
İstanbulda Türk ocaqlarının… xeyir-duasını
almalıydı. Əhməd bəy yoldakı ideoloji
çal-keçidləri hamarlayan fəzilət ərkanımızın
cərgəsində öncül şəxsiyyətlərdən
biriydi.
***
XIX əsrin
sonlarında "elm aşiqi Əhməd bəy xudadan olan
istedadi-fitriyyəsinin şövqü ilə firəngistana"
(Ömər Faiq Nemanzadə)
getdi. 1888-1894-cü illərdə Parisdə - Sarbon Universitetində
Renan, Darmesteter… kimi dünya şöhrətli alimlərdən
dərs aldı. Hələ o zaman Fransanın yüksək elmi
elitasının diqqətini çəkən Ağaoğlu
Londonda Şərqşünaslar Konqresində toxunduğu
problemin sosioloji, fəlsəfi, tarixi mahiyyətini və
qaynaqlarını incələmək baxımından indi də
bənzərinə çətin rast gəlinən "Şiə
məzhəbində məzdəki inanclar" mövzusunda məruzə
etdi və bu əsər Kembric Universitetinin dəstəyi ilə
bir çox Qərb dillərində dərc olundu.
Əhməd bəy
araşdırmasında məzdəki inancla islam
düşüncəsinin İranda necə və hansı yolla
uzlaşdırıldığını, Sasani sülaləsinin
Salman Farsi, Şəhrəbanu
amillərindən necə yararlandığını, Məzdəki
ənənəsinin, tutaq ki, Novruz sferasında islam dəyərlərinə
necə adaptasiya olunduğunu yüksək elmi metodla tədqiqata cəlb
etmişdi.
…"Nəhəng
xəstə vücud"unu Seyid Cəmaləddin Əfqaninin
sağaltmaq istədiyi İslam coğrafiyasının, Əli
bəy Hüseynzadənin ağ ciyər
adlandırdığı İran qismində milli ruh Əhməd
bəyin təbirincə məzhəbi bir cərəyanla möhkəm
və ayrılmaz təmasa girmişdi… (İstanbulla Hicaz,
başla ürək arasındakı damarlara doluşmuş
ingilis mikrobunu, islam Leylasının sasani atəşlərinin
tüstüsündən tıncıxmış ciyərindəki
mərəzin diaqnozunu Mirzə fətəlidən sonra
üç nəfər - Seyid Cəmaləddin Əfqani, Əli
bəy Hüseynzadə və Əhməd bəy Ağaoğludan daha yaxşı bilən başqa bir
doktorumuz o dövrdə demək olar ki, yoxdu).
Əhməd bəy Qarabağda - Qafqaz Azərbaycanında islamı və türklüyü haldan salan məzhəb qovğalarını dayandırmağa cəhd etdi. Azərbaycanı farslaşdırmaq istəyən iraniliyin (Yusuf Akçura) qarşısına Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov ilə birgə və çox geniş bir ölçüdə Əhməd Ağaoğlu da çıxdı.
Avropada neçə yüz ildən bəri islam dəyərlərinə və Hz. Məhəmmədə qarşı yönəlmiş ədəbi-ideoloji sistemin də ilk elmi tənqidini 1901-ci ildə "İslamlığa görə və İslamda qadın" əsərini yazaraq Əhməd bəy gerçəkləşdirdi.
***
Şərq-Qərb sivilizasiyalarının bütün qütblərinə, Budda-Brəhmən mədəniyyətinə, hind, çin, yapon… uyğarlıqlarına, İslam və Xristianlıqdakı bütün məzhəb və sektaların etiqad yollarına, yaşadığı zamanının sosial mahiyyətinə, Qərb amilinin mədəni və siyasi sferasına, müqəddəs mətnlərin teoloji təfsirinəcən... ümumiyyətlə, ən cüddi mətləblərə vaqif bir zehniyyətin əsəri olan "Üç mədəniyyət" müasir fikir tariximizin ana kitablarından biridir.
Dahi Əli bəy Hüseynzadənin məşhur üçlü tiradasında nisbətən çətin dərk olunan avropalaşmaq qanadının doğurduğu "nə üçün və necə avropalaşmaq?" sualına "Üç mədəniyyət" qədər qapsamlı, sosioloji və fəlsəfi bir cavabı başqa kitablarda müşahidə etmək bəlkə də heç mümkün deyil, ancaq buna rəğmən, üstündən yüz ilə yaxın bir zaman keçsə də "zavallı Ağayevin insafsız ittiham"ı (C. Meric) - "Üç mədəniyyət" opponentlərinin aramsız tənqidinə hədəf olur…
Əhməd Ağaoğlunun qərbçiliyi əslində antişərq müstəvisində cərəyan edən təslimçi ideologiya deyil. Türk varlığının, o cümlədən Şərqin qlobal təhdidlərə, Məhməd Akif demişkən, tək dişi qalmış mədəniyyət canavarının (Qərb mənasında) pəncəsinə düçar olduğu o darmacalda Əhməd bəy tutaq ki, Sədinin padşaha mütləq itaət təlim edən ehkamçı baxışlarının əvəzinə Monteskyönün "Qanunların ruhunu"nu mənimsəməyi daha uyğun görürdü. İtaət, qənaət, təvəkkül, təslim, dözüm modelinə söykənən dərviş əxlaqi prinsiplərinin yerinə Russonun "İctimai müqavilə" nəzəriyyəsini öyrənməyi tövsiyə edirdi.
Əhməd bəyin milli və insani oyanış təlimlərinin kitabxanasında Şiraz və İsfahan Roma və Yunanıstanla üz-üzə gəlirdi. Burada cəmiyyətə Parisi dağıdan soytarı dərvişin tilsimlərindən imtina, əvəzində isə Avropanı inkvizasiya məhşərindən xilas edən Lüter düşüncəsinin ibrət dərsləri öyrədilirdi. Şərq mistisizminin qarşısına Roma hüquq məktəbi çıxırdı və Əhməd bəyin qənaətinə görə, tutalım Roma hüquq məktəbi İslamın əsaslarına İran ənənələrindən daha məhrəm və daha uyarlıydı. Yenə də həmin sistem üçün ən münbit zəmini Əhməd bəy xristianlıqdan daha çox islamın simasında görürdü. Ancaq öz təbiriycə desək, əyrü-üyrü yollardan sərf-nəzər edirdi, Adam Smitlə Nizamüddövlənin, Spenserlə Nəsrəddin Tusinin görüşlərini bir-birinə qarışdırmamağı, yolun ən konkretini, mükəmməlini və ahəngdarını seçməyə çağırırdı…
Beləliklə, Əhməd bəy Qərbi təlqin edirdi, ancaq autodafelər dövrünü yaşamış, Allahın yaratdığı sərbəst düşüncəli insanları Papanın əmri ilə tonqallarda yandıran Qərbi deyil, fransız İnqilabından sonra doğulmuş yeni Qərb dəyərlərini təlqin edirdi. Bu təlqinləri o, yenə də "Sərbəst insanlar ölkəsi"ndə, yenə də qurultay və hürriyyətin (demokratiyanın) nə olduğunu əcdadlarından öyrənmiş türk fərdinin dilindən ifadə edirdi…
***
Əhməd bəy sülalə, nəsil, soy təəssübünə söykənən hakimiyyətin milli dövlət halına gələ bilməyəcəyini iqrar edirdi. fatehdən sonra türk təməlindən uzaqlaşan Osmanlının son çağlarında şəxslərə, fərdlərə deyil, dövlətə bağlı olanların idarəetmə sistemindən qovulmasındakı və mücahidlərin sürgünə, Aramyanların rəyasətə sövq edilməsindəki mənanı da dövlətin yox, sülalə hakimiyyətinin qorunması şəklində belə izah edirdi: "Üç yüz ildən bəri iş başına keçmiş olan dövlət adamlarının sicilləri incələnərsə aralarında yüzdə iyirmisinin belə türk olmadığı anlaşılır. Böyük bir qism o qullardır ki, dövləti qurmuş olan ünsürlə ilgili olmayıb sırf padşahlara qarşı göstərdikləri rəzilcə bağlılılıq sayəsində çeşid-çeşid hiylələr, üküzlülük və cinayətlərlə mövqe və məqam sahibi olmuşlar. Türkü anlamamışlar. Türkün sevincinə qatılmamışlar və fəlakətli zamanlarda türkü tərk edib getmişlər ki, bu da çox təbiidir. Çünki onları dövlətə bağlayan tək şey padşahın təvəccühüdür".
Əhməd bəy məmurlarının sədaqət dərəcəsinin yalnız padşahın təvəccühünə (rəğbətinə) bağlı olmayan milli və demokratik dövlətin qurulmasında maraqlıydı və elə bu səbəbdən də qərbçi Abdulla Cövdətdən fərqli olaraq, Ağaoğlu onun təmənnasındaydı ki, törəsi əsil, eli nəcib bir millətin təmiz qanı gərək özgə qanlara qarışmasın, qarışarsa kölə ellərin adətinə, törəsinə calanarıq, əfəndilik ərşə çəkilər, əfəndi millətin ocağı sönər…
***
Əhməd bəy düşündüyü kimi yazdı, yazdığı kimi yaşadı, "sanki Tanrının rəsuluymuş. Ölmüş damarlara can verdi" - deyə dəyərləndirdiyi məfkurə dostu Atatürkün böyük təvəccöhlərinə rəğmən onun hökumətini də tənqid etməyi bacardı. Atatürk bir universitet professorunun, hələ üstəlik Ağaoğlunun müxalif mövqedə dayanmasına dözə bilmirdi, Əhməd bəy isə bir məclisdə Atatürkə "rejim və iqtidar qüvvətli isə bir kimsənin həm darülfünunda professorluq etməsi, həm də müxalif olması heç bir zərər doğurmaz. Əgər rejim və iqtidar zəif isə bunun təhlükələri vardır" - demişdi. O, belə bir Ağaoğlu idi. Böyük türk millətinin və dövlətinin naminə yaşamaqdan zövq alırdı. Bu yolda hətta Atatürkün də rəğbətini itirmək onu sarsıtmırdı…
***
Əhməd bəy siyasi oyunlarda iştirak edə bilmirdi, səmimiyyətinin aşırılığı onun gizli siyasətlərə qatılmasına imkan vermirdi. Atatürkün rəhbərlik etdiyi Xalq partiyasına guya müxalif kimi yaradılmış Sərbəst firqənin qurucularından biri olan Əhməd bəy gözlənilmədən mətbuatda hər şeyi açıb ağardır və: "Firqəyə hər kəs üzv ola bilər, fəqət unutmamalı ki, bu firqənin də başında Qazi vardır, Cümhuriyyəti quran Qazidir. Binaənəleyh Qaziyə qarşı olanlara mövqe verəməyiz" - deyə yazırdı.
Belə yazırdı, çünki xalis və uca şəxsiyyəti vardı. "Sərbəst insanlar ölkəsi"ndə uydurduğu utopik cəmiyyətin yasalarına, "Tanrı dağı"nda eşitdiklərinə (yazdıqlarına) ömrünün bütün mərhələlərində hamıdan qabaq özü əməl etdi. Bu da onun sözlərindəndir ki, kişi Tanrının kainatdakı eşidir…yalan bilməz, riya sevməz, yaltaqlıq etməz…
(Və o da çox diqqətçəkicidir ki, Tanrını kişinin eşi kimi ədəbi mətnə gətirərkən Ağaoğlu Kontun o zaman dəbdə olan pozitivist fəlsəfəsinə deyil, qədim türk-yakut mifoloji mətninə istinad edirdi).
***
Əhməd bəy 1908-ci ildə Bakıdan getdi, ömür yolu böyük sarsıntılarla, çilələrlə, məhrumiyyətlərlə, mübarizələrlə müşayiət olundu. Əli bəy Hüseynzadə, Yusif Akçura, milli şair Məhməd Əmin Yurdaqulla çiyin-çiyinə verib Türkiyənin ilk türkçü təsisatlarını - Türk dərnəyi, Türk Yurdu, Türk Ocağını yaradanlardan biri oldu. 1916-cı ildə Millətlər Birliyinin Konqresində Türkiyədən Lozana gedən nümayəndə heyətinin tərkibində Azərbaycanı təmsil etdi. Amerika Prezidenti Vilsona ünvanlanmış tarixi məktuba Akçura, Abdurrəşid İbrahim, Əli bəy Hüseynzadə ilə birgə o da imza atdı. 1918-ci ildə Nuru Paşanın siyasi müşaviri kimi Azərbaycana gəldi, Azərbaycan Cümhuriyyətinin təşəkkülündə xidmətlər göstərdi, Parlamentin üzvü kimi bitərəf fraksiyasında təmsil olundu. (Əhməd bəy yeganə adamdı ki, eyni dövrdə iki ölkədə - Azərbaycanda və Türkiyədə millət vəkili olmuşdur). Malta sürgünlərində əsirlik aqibətini yaşadı, Türkiyədə əvvəlcə Osmanlı Məclisi-Məbusanında, sonra Böyük Millət Məclisində vəkil, İstanbul və Ankara Universitetlərində professor, "Tərcümani-həqiqət", "Akın" qəzetlərinin başyazarı oldu, Türkiyə Cümhuriyyətinin mətbuat müvəkkili kimi fəaliyyət göstərdi. Hindistandakı milli azadlıq hərəkatını, etrusk mədəniyyətini, İran inqilabını… araşdırdı. Və ömrünün bütün mərhələlərində və son nəfəsinəcən böyük türk aydını, mütəfəkkir Ağaoğlu Qarabağın xiffətini çəkdi… Maltada sürgündəykən içdiyi bir stəkan çayın ləzzətini Yusif Vəzir Çəmənzəminlinin yaxın əqrabalarından olan ömür-gün dostu Sitarə xanıma yazdığı məktubda belə paylaşırdı: "Bilsən o bir bardaq çay mənə nə qədər zövq verdi: Xatirəm ta uzaqlara, gənclik zamanıma, Qarabağa, qalanın o gözəl dağlarına, Başıucaya, Daşaltına, Heydər düzünə, Şahnəçiyə və Dəlikdaşa, o yerlərdəki gəzmələrə getdi! Bütün keçmişlər, bütün əqrabalar, dostlar, evimiz, sokaklar, baxçalarımız birər-birər önümdən keçdi! Və sonra sizi andım, bu günkü halınızı düşündüm, o qədər mükəddər oldum ki…"
***
Həyatını iztirab, sıxıntı, üzüntü içərisində yaşadı. 19 yaşında Parisə getdi, Qarabağda atası dünyasını dəyişdi. 49 yaşında Nuru Paşanın siyasi müşaviri kimi Gəncəyə gəldi, İstanbulda evi yandı, 51 yaşında Maltaya sürgün olundu, ailəsi ehtiyac içərisində qaldı… Nisbətən asudə çağlarında universitetdəki professor görəvindən uzaqlaşdırıldı, redaktoru olduğu qəzet qapadıldı… Ancaq dözdü. Çünki məfkurəçiydi. Çünki sürgün arkadaşı və yaxın dostlarından olan Ziya Gökalp haqqındakı məqaləsində yazdığına özü hamıdan daha çox inanırdı: "Məfkurəçiliyin təbii nəticəsi nikbinlikdir".
***
…Uzun illər Əhməd Ağaoğlunun adı Azərbaycanın elmi-ictimai çevrələrində anılmaz oldu, şərəf qaynağımız olan Ağaoğlu imzası canından artıq sevdiyi məmləkətində qadağan edildi, Vorontsovun təqiblərini Stalinin yasaqları əvəz elədi…
Ağaoğlunun fikir, düşüncə yeri boş qaldı, boş qaldığı üçün də Qarabağ dünyanın qurnaz siyasətlərinə duruş gətirə bilmədi…
Kim bilir, Qarabağın işğaldan azad edilməsi də bəlkə Əhməd Ağaoğlu irsinin fikir, düşüncə və ruh şəklində bütövlükdə Vətənə qayıtmasına bağlı bir məsələdir. "Həyatımda yazdığım məqalələr, hamısı bir araya gətirilsə, Bakıdan İstanbula qədər geniş bir yol meydana gələr" - demişdi.
Hürriyyət məbədinə doğru uzanan məfkurə yollarımızın həm də Əhməd bəy Ağaoğlunun yazdıqlarına istinad etməsi nə qədər zəruridir, bunu Ağaoğlusuz yaşadığımız zaman bir daha təsdiqlədi…
Azər Turan
Ədəbiyyat qəzeti.-2009.-22 may.-S.4.